Arzu və Yusif
dastanı
Sevgililər gününə
Tarix üzrə fəlsəfə doktoru, tanınmış şair Arzu Nehrəmlinin indiyəcən bir neçə şeir kitabı işıq üzü görüb, amma onun "Bir gecəlik yuxu" kitabı onun vaxtilə oxuduğum "Tənha qu nəğməsi" və "Unutmağı öyrənirəm" kitablarından fərqlənir. Bu kitabların hər üçündə mövzu, məzmun, ideya eynidir - müəllif öz şeirlərini Birinci Qarabağ savaşı şəhidi, hərbi təyyarəçi, həyat yoldaşı, qızı Zübeydənin atası Yusif Vəliyevin xatirəsinə həsr eləyib. Kitabın adı - "Bir gecəlik yuxu" - metaforik baxımdan çoxqatlıdır: burada yuxu unudulmaq deyil, əksinə, oyanmaq üçündür; ölüm son deyil, bir gecəlik fasilədir. Şairin poetik düşüncəsində Yusif Yaquboğlu nə torpağa tapşırılmış keçmişdir, nə də əlçatmaz mif - o, sözün içində yaşayan canlı xatirədir:
Gözümün yaşını sıxıb bir yerə,
Göylərdən kim isə deyir, deyirəm.
Səndən qalanları yığıb bir yerə,
Sonra da
adına şeir deyirəm.
"Bir
gecəlik yuxu"nu oxuyanda anlayırsan ki, bu kitab sadəcə
şəhid haqqında yazılmayıb - şəhidin yoxluğunda
yaşamağın poeziyasıdır. Və bu poeziya oxucunu təkcə
kədərləndirmir, onu düşünməyə,
xatırlamağa, susaraq dərk etməyə vadar eləyir:
Qınamışam
çoxu kimi,
varmı
kimi, yoxmu kimi,
bir gecəlik
yuxu kimi
görməmiş
yozmuşam səni.
Bu misralar
"Bir gecəlik yuxu" kitabının daxili
dramaturgiyasını açan əsas məqamdır. Burada
şair artıq təkcə itkinin ağrısını yox,
insanın öz vicdanı qarşısında mühakiməsini
səsləndirir.
Arzunun son
kitabındakı şeirlər öz bədii-estetik səviyyəsi,
metafizik-fəlsəfi siqləti, dilinin cilası
baxımından öncəkilərdən fərqlənir,
özü də ciddi surətdə fərqlənir və bu səviyyədə
köklü fərq hər müəllifə nəsib olmur.
Arzu bədii
yaradıcılığa 80-lərdə başlayıb, ilk dəfə
özünü ictimaiyyətə 1984-cü ildə
televiziyanıın "Ozan" proqramında səslənən
"Ana" şeiriylə təqdim eləyib və
tamaşaçı kütləsinin diqqətini çəkib.
O gözəl, əlçatmaz keçmiş zamanların adəti
üzrə Arzuya minnətdarlıq dolu tamaşaçı məktubları
da gəlib. Amma əgər tale Yusifi ona rast gətirməsə,
Qarabağ savaşı olmasa, yəqin ki, o tamam başqa bir
şair olacaq və bəlkə də, heç olmayacaqdı.
Onu indi hamımızın tanıdığı Arzu Nehrəmli
eləyən, ona bütün şairlər arasında
özünəməxsus, təkrarsız imic qazandıran
Qarabağ savaşı və bu savaşda Yusifin şəhadəti
olub.
Bəlkə,
bu da təsadüfi deyil ki, Yusif 1968-ci il fevralın 14-də
dünyaya gəlib. Onlar bir məktəbdə oxuyublar. Orta məktəbi
bitirən Yusif Riqa Ali Hərbi Təyyarəçilik məktəbini
də bitirib, yüksək ixtisaslı təyyarəçi
kimi vətənə qayıdıb. Arzuya sevgisini ən romantik
məhəbbət filmlərində belə, rast gəlmədiyimiz
bir yolla bildirirmiş - təyyarədən sevdiyi qızgilin həyətinə
içində məktub olan gül dəstələri
atırmış... Öncə tərəddüd eləyən
Arzu bu eşqin böyüklüyü qarşısında geri
çəkilib - ailə qurublar. Sonra Yusif Qarabağ
savaşına yola düşüb və övladları
Zübeydə dünyaya gəlməmiş şəhadət xəbəri
gəlib. Şəhidin dəfnində el atası, ulu öndər
Heydər Əliyev cənabları şəxsən özü
iştirak eləyib, körpə Zübeydəni bağrına
basıb. Zübeydə də bu məhəbbətin
qarşılığını neçə illər sonra ulu
öndərə həsr elədiyi "Əbədi ümidimiz"
kitabı ilə verib.
Maraqlıdır
ki, Arzu bir neçə kitablıq şeir həsr elədiyi
Yusifin adını şeirlərində bircə yerdə də
çəkmir. Görəsən, niyə? Çünki bu ad
Arzu üçün qutsaldır, Tanrının gizli adı
kimi toxunulmazdır, bu adın üstünə tabu qoyulub, bu
adı çəkmək yasaqlanıb.
Yusif
Arzunun şeirlərinin təkcə mövzusu, məzmunu, ali
qayəsi, baş qəhrəmanı, yeganə subyekti deyil.
Buludların üstündən, dumanlı-çiskinli xatirələrdən,
ağ-qara şəkillərdən, bir də qranit məzar
daşından boylanan gülümsər üzlü təyyarəçi
gənc həm də bu şeirlərin həmmüəllifidir.
Arzu Nehrəmli tarix üzrə fəlsəfə doktorudur və
bu fakt onun şeirlər kitabının məzmununa, ruhuna da
sirayət edir. Onun şeirlərində zaman xronoloji deyil, fəlsəfi
kateqoriya kimi işləyir, keçmiş, bu gün və gələcək
bir-birindən ayrılmır. Şairin bədii yozumunda şəhidin
ölümü bitmiş hadisə yox, varlığın davam
edən halıdır. Şair üçün Yusif
Yaquboğlu bir xatirə deyil - varlığın başqa mərhələsinə
keçmiş bir mövcudluqdur. O, "Şəhidlər
ölməyib" fikrinin canlı təcəssümüdür.
O, varlığın başqa halına keçərək
yaşayır və bu şeirlərin yazılmasında
birbaşa iştirak eləyir:
Yenə
baş-başayam şeirlərinlə,
Halına
yanıram yazdıqlarımın.
Mən bu
şeirləri tək yazmıram ki,
Yarısı
sənindir yazdıqlarımın.
Yusifin
şəhadət xəbərini xanımı səhər erkən
alıb və o andan gənc qadının dünyasında cəmi
iki nəfər qalıb - bir Yusif, bir də onun yadigarı
Zübeydə. Övladı ilə sevgisinin, analığı
ilə qadınlığının, həyatla
ölümün, torpağın üstü ilə
altının arasında - neytral zonada qalan Arzu yazır:
Ölüm
ömürün qəsdində,
İki
can qalıb şəstində.
Balası
torpaq üstündə,
Atası
torpaq altında.
Məcnunu
itirmək Leylini, Hamleti itirmək Ofeliyanı, Cəlalın
ölümü Humayı qeyri-şüuri ölümə
sürüklədiyi kimi, sevdiyi şəxsin yoxluğu Arzunu
dünyaya özgələşmə sindromu ilə
üz-üzə qoyur. Bu onun gözündə zamanı,
dünyanı və insanı yadlaşdırır; şeirlərinə
amansız, ekzistensial soyuqluq gətirir, bir sözlə, kitaba dərin
psixologizm aşılayır:
Hər
düşəndə gecə yaddır,
Hər
söküləndə dan özgə.
Nə
ölümdür, nə həyatdır,
Yaşadığım
zaman özgə.
Gördüyümüz
röya deyil,
Guya budur,
guya deyil.
Bura bizim
dünya deyil,
Bəs,
onda haradır dünya?
Bu həsrəti
tapşırmağa
Necə
tapım adam, Allah!
Axı, mən
bu adamlara
Neçə
ildir yadam, Allah!
Lakin Arzu
nə Leyli, nə Ofeliya, nə də Humaydır, o elə Arzudur!
O kədərləndirir, amma ağlatmır. sentimentalizm ona
yaddır. Bu kitabda qadın səsi zəiflik yox, mənəvi
dayanıqlıq formasıdır.
Arzunun
şeirlərində Yusifdən sonra ikinci əsas obraz
ömürlük ayrılıq, həsrət, dərddir. Lakin dərdin çəkilməzliyi,
şiddəti onun səciyyəsini şüuraltı olaraq dəyişir
- o uzaqdan yaxına, mənfidən müsbətə,
düşməndən dosta, ağrıdan nəşəyə
çevrilir. Dərd dərdi çəkilən adamla eyniləşir
və odur ki, dərdə münasibət ikiləşir.
Şair bir yandan, ondan qurtarmaq, xilas olmaq istəyir, bir yandan da,
ən əziz adamı kimi gecələr onun üstünü
örtür, onun görüşünə əldə bir dəstə
gül gedir, neçə illərdir ki, onu uşaq kimi
böyüdür:
Mənzilə
yetməyən iz böyüdürəm,
Ruhumda
sevgi var, dilimdə öyüd.
İllərdir
bir yetim qız böyüdürəm,
Gəl
görüm, indi də yetim dərd böyüt.
Bu ikiləşmə
Arzunun şeirlərində silsilə paradokslar yaradır.
Ümumən, məncə, paradoks olmayan yerdə şeir
yoxdur. Çünki fakta hamıdan fərqli şair
baxışı, bədii kəşf paradoks olan yerdə
meydana çıxır.
Arzu Nehrəmli
Yusifin xatirəsi ilə bağlı duyğularını həyat
yoldaşına həsr elədiyi "Bir igid var idi..."
poema-dastanında ümumiləşdirib. Şeir və nəsrin
bir-birini əvəzlədiyi, lirik-epik üslubda
yazılmış "Bir igid var idi..." poemasında məhəbbət
və qəhrəmanlıq motivləri birləşir. Bu, fərdi
və ümummilli taleyin birləşməsi kimi
anlaşılır. Lakin bura Arzunun şeirlərindən də
qırmızı xətlə keçən
üçüncü bir motiv - bəxt, tale, alın
yazısı, bir sözlə, ilahi-metafizik qat da əlavə
olunur:
Gözün
Vətən görür, hayana baxsan,
Ağrıya-acıya
şahidliyin var.
Özün
də bilirdin, bəlkə nə vaxtsa,
Alnına
yazılan şəhidliyin var.
"Bir
gecəlik yuxu" kitabındakı şeirlərin bir qismi
Qarabağ zəfəri və turançılıq
ideallarına həsr olunub. Bu bir daha göstərir ki, bu
kitabdakı şeirlər təkcə şəxsi
ağrının poetik ifadəsi deyil. Kitabda fərdi
ağrı milli ağrı ilə eyniləşir, bir ailənin
itkisi xalqın taleyi ilə üst-üstə
düşür. Arzu Nehrəmli ağrını gizlətmir,
amma onu nümayiş də etdirmir. O öz itkisini ümumiləşdirərək
milli yaddaşın bir hissəsinə çevirir. Bu, artıq
şəxsi poeziya yox, ictimai vicdan poeziyasıdır. Bu mənada
"Bir gecəlik yuxu" təkcə sevən bir
qadının elegiyası yox, müharibənin
yarımçıq qoyduğu həyatların poetik
hesabatı, müharibədən sonrakı Azərbaycan
insanının mənəvi durumunu əks etdirən bədii
sənəddir:
Biz onu
qoruduq ürəyimizlə,
Uğrunda
həm ölən, itən varıydı.
Sındıra
bilmədi bizi ayrılıq,
Çünki
içimizdə vətən varıydı.
Folklorşünaslar
deyir ki, dastan yaradıcılığı dövrü
başa çatıb. Amma bəlkə də dastanlar yenə
yaranır, Yusif dastanında olduğu kimi. Bəlkə də,
o dastanlar indi həyatın özündə yaşayır;
Arzunun həm məhəbbət, həm də qəhrəmanlıqdan
ibarət həyatı kimi.
Əsəd
CAHANGİR
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, №5.- S.13.