Onun poeziyası...
Mana Ağayinin “Gecə monoloqu” kitabına
Ön söz
Bu günlərdə istedadlı gənc şair və tərcüməçi Məhəmməd Nurinin fars dilindən tərcüməsində Mana Ağayinin "Gecə monoloqu" seçmə şeirlər toplusu Azərbaycan Yazıçılar Birliyinin "Beyt Poetry" seriyasında "Zərdabi Nəşr"də işıq üzü görüb. Əslən qaşqay türkü
olan Mana Ağayi 1973-cü ildə İranda, Buşehr liman
şəhərində dünyaya gəlib. 1987-ci ildən
Stokholmda yaşayır, ailəsi ilə birlikdə
İsveçə mühacirət edib. Mana xanımın
atası Şirzad Ağayi şairdi, bir neçə kitabı
çap olunmuşdu; şairənin ata tərəfdən
babası Qulamhüseyn Ağayi və ulu babası da şairdilər,
qaşqay türkcəsində divanlar yaratsalar da, təəssüf
ki, həmin əsərlər günümüzə qədər
gəlib-çatmayıb. Şeirlərinin birində şairə
yazır: "Babam Rza xanın tüfəngiylə
öldürüldü. Qaşqa atın belində, qarlı
bir aşırımda, kürəyi ancaq günəşlə
isinəndə. Atamı yetmiş doqquzun inqilabı
öldürdü..." Mana Ağayi tam orta təhsilini
İsveçdə tamamlayıb. Uppsala Universitetindən
İran dilləri üzrə bakalavr və magistr dərəcələri
alıb. Hal-hazırda həmin ixtisas üzrə doktorantura
oxuyur. Bir müddət nəşriyyat redaktoru kimi, sonra isə
Stokholm şəhərində təsis etdiyi tərcümə
bürosunda tərcüməçi kimi fəaliyyətə
başlayıb. Şairənin indiyədək üç
şeir kitabı - "Ölümdə sənin dodaqların
olsaydı" (2003), "Özümün oğlu İsayam mən"
(2007) və "Qış mənim sevgilimdir" (2012) məcmuələri
işıq üzü görüb. O, bədii tərcümə
fəaliyyəti ilə də məşğuldur: Çin,
Yaponiya və Cənubi Koreyadan şairlərin əsərlərini,
Nobel mükafatı laureatı Tranströmerin şeirlərini/haykularını
tərcümə edib. "Yıllar sonra" adlı toplusu
2024-cü ildə Türkiyədə çap olunub. Şeirləri
ingilis, alman, isveç, çex və fransız dillərinə
tərcümə edilib, müxtəlif antologiyalarda yer
alıb. Toplu üzərində Emil Camalov, Məlahət Qənbərova
çalışıblar. İş adamı Məhəmməd
Məhəmmədovun dəstəyi ilə çap olunan
"Gecə monoloqu"nun naşiri Elman Qasımovdur.
"Ədəbiyyat qəzeti"nin oxucularına kitabın
redaktoru şair Səlim Babullaoğlunun Ön söz yazısını
təqdim edirik.
Səlim BABULLAOĞLU
O,
"şeirmərkəzçi Şərq" cəmiyyətinin,
İran (ədəbi) mühitinin yetirməsidir. Qaşqay
türküdür. Farsca yazır. Avropada yaşayır.
Atası Şirzad Ağayi dövrünün görkəmli
şairlərindən olub. Deyilənə görə, ata tərəfdən
babaları da türkcə, klassik üslubda və
ölçülərdə şeirlər yazıb,
"Divan" bağlayıblar. Artıq on-on iki
yaşlarında ümumşərq, fars poeziyasının
ölçülərini, avazı və ritorikanı mənimsəyib;
minə yaxın şeiri əzbər öyrənibmiş ki,
şairlik yoluna qədəm basan, şəyirdliyə
başlayanların klassik Şərq təcrübəsini
öz bioqrafiyasında təsdiqləyib. 1987-ci ildə
atasında Parkinson xəstəliyi aşkarlayıblar və o
dövrdə İran-İraq müharibəsinə görə
müvafiq tibbi-müalicə imkanları əlçatmaz
olduğundan, üstəgəl, atasının solçu siyasi
meylinə görə ailəsi ilə birgə İsveçə
köçməyə məcbur olublar. Mühacirət onun
şəxsiyyətinə və sonradan, təbii ki,
yaradıcılığına, poetik üslub və ifadə tərzinə
ciddi təsir edib.
O, ötən
əsrin əvvəllərində əsası Nima Yuşic
(1895-1960) tərəfindən qoyulan və "əruz-e
azad"/azad əruz, "şe'r-e səfid"/ağ
şeir, "şe'r-e hecai"/heca şeiri kimi növləriylə
pərvəriş tapan "şe'r-e nou"nun - yeni şeirin
başqa bir qolunda, "şe'r-e azad"da - sərbəst
şeirdə parlayan, artıq Avropada da haqqında söz edilən,
bilinən miqyaslı şairdir. Üzü böyük Azərbaycan
şairi Nizami Gəncəvidən bu yana, fars dilində
yazmış, bu gün də yazan qeyri-millətlərin, daha
çox türklərin, o cümlədən, azərbaycanlıların
pleyadasında görünür, sonuncu ad deyil; necə ki,
Əhməd Şamlu, Rza Bərahəni, Nigar Xiyavi, Ziba Kərbasi,
Şəhram Şeydayi, Rəsul Yunan və b. vardı və
var.
O,
modernistdir, amma həmin cərəyanın bir ölkə, bir
coğrafiya hüdudlarındakı təzahürləriylə
deyil; onun haqqında "qlobal modernistdir", demək
doğru olar.
O həm
fin Edit Söderqran (1892-1923) və amerikalı Silviya Platı
(1932-1963) xatırladır. O (onun poeziyası) həm dil mənsubluğu,
həm təmayül baxımından eyni zamanda iki
böyük sələfini - Söhrab Sipehri (1928-1980) və
Füruğ Fərruxzadı (1935-1967) da xatırladır; eyni
qədər güclü və xoş təsir
bağışlayır. Bəzi keyfiyyətlərinə
görə bu iki şairin xəlitəsidir duyğusunu
yaradır; amma poetik stixiyası və mündəricəsinin
oxu nə Fərruxzad qədər subyektivcə içəri
yönəlikdir, nə də Sipehri qədər subyektivcə
fəzaya tuşlanıb və mistikdir.
Onun
şeiri formanın, nitqin başlıca prinsip və elementlərinə,
ahəngə tabe olsa da, ifadəlilik baxımından qiymətli
olan sözlər, vurğu və intonasiyanın diktə etdiyi,
əmələ gətirdiyi ritmik meyarlar/topalar təkrarlansa
da, ölçü baxımından "intizamsız" və
qafiyəsizdir, amma tökmə bünövrə kimi
bütövdür. Bu bütövlüyün ilk təminatçısı,
əlbəttə, daxili yaşantıların, hisslərin
bütövlüyüdür. Amma başqa tərəfdən,
hər bir şeiri yalnız oxuyub bitirəndə, yalnız son
sətirlərdə anlayırsan, necəsə, hansısa sirli
şəkildə bütün bu hissləri və yaşantıları
elə lap əvvəldən vahid bir ideya öz arxasınca
aparırmış ki, bu da şairin ustalığıdır.
Deyirlər ki, ideya şairi (=şeiri) öz arxasınca
ağır vaqonları çəkib aparan, ona, sonra isə həmin
vaqonlardakı sərnişinlərə (= oxuculara) yolun, səfərin
ecazını yaşadan lokomotivdir; onun şeiri bu düsturu təsdiq
edir.
Onun
şeir dili, tonu, tərzi "qeyri-rəsmi"dir, sakit və
yumşaqdır, keçidləri gözlənilməzdir,
oxucunu bəzən minor, bəzən major ovqatda, amma həmişə
gərginlikdə saxlayır. Dərin mənalara çəkib
aparır. Obrazları dəqiqdir, birbaşa poetik təhkiyə
ilə yaddaqalandır, ağılla hiss əl-ələ
addımlayır hər sətirdə, hər şeirdə.
Onun
poeziyası cəsarətli obrazlarla, eyni zamanda zərif və
özünəməxsus səsiylə seçilir, sərbəst
və azaddır, həm də, bayaq dedim artıq,
"şe'r-e-azad", sərbəst şeirdir; gündəlik
təbii nitqin bulağından su içib, o ritmdə, tezlikdədir
ki, çağdaş şairin həyat tərzinə və
nitqinə eyni vaxtda sadiqlik və səmimiliyi,
görünür, başqa cür təzahür etməməlidir.
Modernistlərə xas fraqmentarlığı, adətən
rastlanan ritm qırıqlığına, təng-nəfəsliyə
əsla icazə vermir. Onun şeirləri varlığın əsas
suallarına yönəlməsiylə, həyatın
ağrılı nöqtələrindən bəhs etməsiylə
ekzistensialdır.
Adətən,
birinci şəxsin dilindən danışır, bir adamın
(bəzən həmin adamın çevrəsindəkilərlə
bərabər) "yaşadıqları"nı oxuyurmuş
kimi mütaliə edirsən (hərçənd o bir adamın
yalnız müəllifin özü olduğunu
düşünmək sadəlövhlük olardı) ki, bu
onun şeirinin həqiqilik əyarını artırır.
Gerçək həyatdan metafizik ənginliyə qəfil
çıxış və yol tapan xalis poeziyadır ki, bu
yolda dini/tarixi/folklorik (məsələn,
"Özümün oğlu İsayam mən",
"Aşiqanə" şeirlərində olduğu kimi) mətləblərə
göndərmələrlə müşayiət olunur bəzən.
Yaddaş, itkilər, tale, ağrı - onun poeziyasının
yol nişanlarıdır. Şəxsidə ümumu göstərmək,
ümumda şəxsi təklənmişliyi, tənhalığı
nişan vermək onun şeirlərinin
("Uşaqlıq", "Zəngə cavab" və b. )
məziyyətidir, bütün böyük poeziyalara xas keyfiyyət
kimi.
Onun
poeziyasında iki fəslə - payızın və
qışın payına daha çox gün (gündüz
deyil, məhz gün!) sayı düşüb, Şimal
Qütb dairəsindəki ərazilər kimi; taleyin qəribə
qafiyələri var, şairin bu gün İsveçdə məskunlaşması
kimi. Ölümü çox düşünür (b), bəzən
öz dəfnindən belə danışır şeirlərində
("Ölümdə sənin dodaqların olsaydı",
"Ölümüm", "Min bir gecə"), hərçənd
belə "asan danışmaqlıq" şair dilinin
"yüyrəkliyinə", ya şairin "sonrakı əbədi/rahat
dünyaya hüdudsuz" inamına görədirmi, birmənalı
deyə bilmirsən. Bu mənada gənc şairlərə
"ölümdən yazmayın, ölüm bizim
imtiyazımızda olan sahə deyil" söyləsə də,
öz ölümünü və dəfnini yazan
("Avqust", "Xəstəxanada") böyük
Pasternakla, hər nə qədər fərqli şairlər
olsalar belə, qohumdur o.
Mediativdir,
güclü konsentrasiya nəticəsində faş olan
stixiyaya sahibdir. Anı yaxalamaq cəhdi onun poetik kredosudur;
görünür, haykulara meyli, Tumas Tranströmerin
haykularını farscaya tərcümə etməsi də təsadüfi
deyil; yeri gəlmişkən, adı bu yazı içində
üçüncü dəfə xatırlanan Sipehri də
haykuları və ümumiyyətlə yapon şeirini çox
sevir, 1955-ci ildə "Soxən" ("Söz")
jurnalında yapon poeziyasından tərcümələrini
İran ədəbi mühitinə ilk dəfə təqdim eləmişdi.
İran
modernistlərinin ustadı Nima Yuşic deyirdi ki, bu gün
şeir nəğmə-nəqarat, məlum
ölçünün tanış melodiyası olmaqdan daha
çox, ictimai problemlərin ifadəçisinə
çevrilməlidir və ölçü bizim fikirlərimizin
layiqli əlbisəsi olmalıdır... O bu düstura bənzərsiz
şəkildə əməl edir, inkar və təsdiq edir
sanki: bir tərəfdən gerçəkçidir, amma daha
vacib şeyləri və əbədiyyəti unutmayacaq qədər
realistdir; digər tərəfdən, əbədi mövzularda
yazır, amma gerçək həyatı gözardı eləmir;
bir tərəfdən, gerçəkləri danışmaq istəmədiyini
deyir; başqa tərəfdən, bunu məhz gündəlik həyatdan
bəhs açaraq edir. "Manifest" şeirində "Mənim
manifestim/ dərə üzərindəki körpüdür/
ki, deyir:/ şair nəhayətdə tənhadır" yazır;
"manifest var və yoxdur; lazımdır və
lazımsızdır"ı eyni vaxtda tələffüz elətdirir.
"Heç
vaxt inqilab şairi olmayacağam" şeirində
"Heç vaxt inqilab şairi olmayacağam.// Nədən
ki, şeirlərim / çörək parası və
işçi sinfi əvəzinə / ay parasından,/ liftsiz
binada yaşayan / və xoşbəxtliyi/ bir dibçəyə
su verməkdə görən, / xroniki bel ağrısı olan
qadından bəhs edir" yazır; inqilabın
lazımlığı və lazımsızlığı barədə
eyni vaxtda danışır. "Para" bir dəfə
"pul" kimi, beş söz sonra isə
"yarım(çıq)" (yaxud "aypara") kimi təzahür
edir; bir şeirdə, bütün məzmun götürülərsə
də, ifadələr və sözlər ayrıca baxılarsa
da, ustaca omonimik fəndgirlik nümayiş elətdirir;
şeirlərə və sözlərə bənzərsiz
çoxdiblilik, çoxqatlılıq qazandırır,
xüsusi həzz yaşadır (əlbəttə, bu, eyni zamanda
tərcüməçinin uğurudur).
Axırda
isə yekun vurur: "Mənim şeirlərim iddiasız və
sadədir/ su üzərindəki dairələr misalı və
vəznsizdir yaz çiçəkləritək.// Buna rəğmən
yazarkən onları/ yüngülləşirəm,/ elə
bil yük qoymuşam yerə".
Başqa,
ölməz bir manifest yazır.
Tərcüməçidən
danışmışkən, Mana Ağayi bəxti gətirmiş
şairədir, ən azı bir məsələdə bu dəqiqdir.
Onun şeirlərini Məhəmməd Nuri kimi gənc, amma
usta bir tərcüməçi çevirib, əslində,
çevirməyib, Azərbaycan türkcəsinə sanki elə
bu dildə yazılıbmış kimi qazandırıb.
Xatırlayıram,
təxminən, 7-8 il əvvəl görkəmli şərqşünas
alim və usta tərcüməçi Məsiağa Məhəmmədi
ilk dəfə Məhəmməd haqqında ağızdolusu
danışmışdı, onu şəxsən mənə və
bütün ədəbi mühitimizə nişan vermişdi.
Sonra biz Məhəmməd Nuri ilə "Dostun evi
hardadır?" toplusunda "görüşdük" və
o vaxtlar daha gənc olan tərcüməçinin Jalə
İsfahani, Əhməd Şamlu, Firidun Müşiri, Huşəng
İbtihac Sayə, Simin Behbəhani, Nüsrət Rəhmani, Mənuçöhr
Atəşi, Yədullah Röyayi və Füruğ Fərruxzadın
şeirlərindən uğurlu çevirilərini həmin
kitaba daxil etdik. Daha sonralar Məhəmməd Nuri təkcə
farsdilli poeziyanın deyil, ümumiyyətlə şeirin ən
yaxşı tərcüməçilərindən biri
olduğunu başqa tərcümələri, xüsusən,
rus şair Marina Svetayevadan çevirdiyi poetik mətnlərlə
təkrar-təkrar sübut elədi.
İndi
isə mən həm müəllifi, həm gənc həmkarım
Məhəmmədi təbrik edir, xanım Ağayinin
poeziyası haqqında, onun bu gün oxucuların ixtiyarına
verilən "Gecə monoloqu" toplusu haqda söylənə
biləcəklərin çox hissəsini yenə dəyərli
oxucuların öhdəsinə buraxıram.
19 iyun
2025-ci il
Səlim
BABULLAOĞLU
Ədəbiyyat
qəzeti.- 2026.- 14 fevral, ¹5.- S.10-11.