Araz Dadaşzadə unudulmazlığı
Ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, Azərbaycan Sovet Ensiklopediyasının baş
redaktoru, Əməkdar
elm xadimi Araz Dadaşzadə ədəbi-tənqidi
fəaliyyətə 1956-cı ildə başlamışdı.
Hekayələrini çap
etdirmişdi. Bir çox
bədii və sənədli filmlərin ssenari müəllifiydi. Dünya ədəbiyyatından
tərcümələr etmişdi.
Fundamental monoqrafiyaları nəşr
olunmuşdu.
Dünya
fəlsəfi fikrinə,
dünya ədəbiyyatına
və musiqisinə mükəmməl şəkildə
bələd idi. Onun mükəmməl alim
ömrü daha böyük hədəflərə
hesablanmışdı. Yaşasaydı...
Yaşayaydı kaş!
Yaşasaydı, ən azından
90 illik yubileyini qədirbilən dostları,
əzizləri, çoxsaylı
fikirdaşlarıyla bir
arada qeyd edəcəkdi. Amma lap gənc
yaşlarından dünyanın
hər üzünə
bələd olan Araz Dadaşzadə ustad Cəfər Cabbarlının dil əzbəri olan aşağıdakı misralarından
da xəbərsiz deyildi:
Ölmək, o geniş körpüdən
hər kəs keçəcəkdir,
Bir badə ki, ondan bütün aləm içəcəkdir.
Hər süslü çiçək
sonda saralmış, solmuş,
İnsan
da nədir? Əvvəli
torpaq, sonu torpaq.
Həyatın bu üzünə
də aşina olduğundan məramını,
həyat fəlsəfəsini,
dərk etdiyi həqiqətləri gələcək
nəsillərə daha
mükəmməl şəkildə
çatdırmağa çalışdı
və nail oldu. Qısa bir ömür
daxilində qibtəediləcək
ədəbiyyat abidələrinə
imza atmağın xoşbəxtliyini yaşadı.
Unudulmaz
alimin 90 illiyi münasibətilə bir araya gələn dostları, ailə üzvləri və ruhdaşları da onun bu əbədiyaşar xoşbəxtliyindən dərin
qədirbilənliklə söz
açdılar.
Əvvəlcə Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar və AYB-nin birinci katibi,
Xalq yazıçısı
Çingiz Abdullayev başda
olmaqla, bir qrup qələm adamı ikinci Fəxri Xiyabanda görkəmli ədəbiyyatşünas
alimin məzarını
ziyarət etdilər.
Xatirə
mərasimi AYB-nin Natəvan klubunda davam etdirildi.
Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar
dedi: "Böyük
bir ziyalının, böyük bir insanın xatirəsini yad edirik. Araz Dadaşzadə
mənim ən yaxın dostum və olduqca böyük ziyalı idi. O, hərtərəfli
inkişaf etmiş şəxsiyyət kimi yetişmişdi. Mən həyatımda onun qədər əhatəli
biliyə malik, mükəmməl
insan görməmişəm.
Musiqidən tutmuş ədəbiyyatşünaslıq elminə, fəlsəfi fikir tarixinə, dilçilik elminin incəliklərinə qədər
bütün sahələr
onun üçün mükəmməl araşdırma
sahəsiydi. Mənim üçün Araz Dadaşzadənin xatirəsi
çox əzizdi..."
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli
də görkəmli alimin ədəbiyyatşünaslıq
elmi sahəsindəki xidmətlərini eyni fikir ucalığından dəyərləndirdi: "Mən
Ədəbiyyat İnstitutunun
aspirantı olduğum
illərdə Araz Dadaşzadəni tez-tez görkəmli yazıçımız
Elçinlə bir arada görürdüm. Arazda zəngin yumor hissi vardı.
O, XVIII əsr Azərbaycan
ədəbiyyatının gözəl
tədqiqatçısıydı. Araz Dadaşzadə ilk dəfə olaraq XVIII əsr Azərbaycan ədəbiyyatı tarixini
sistemləşdirib. Əsrin
ədəbi-mədəni-tarixi mənzərəsini bir kitabda cəmləşdirib.
Bu, xüsusi bir modeldir və mübahisəsiz olaraq Araz Dadaşzadəyə məxsusdur. O, Molla Pənah Vaqif yaradıcılığını əsaslı şəkildə
araşdırıb. Ona qədər
vaqifşünas alimlər
Vaqifi yalnız nikbin şair kimi təqdim edirdilər. Sovet ədəbiyyatşünaslığı və ideologiyasına şairin bu cür təqdim edilməsi xoş idi. Vaqifin nikbin
obrazı sovet ideologiyasını təmin
edirdi. Ancaq Araz Dadaşzadə ilk dəfə olaraq Vaqifin və onun müasirlərinin alt qatını, əsərlərindəki
ictimai kədərin mənzərəsini ortaya
qoydu. Şairin
"Bayram oldu...", "Bax"
kimi əsərlərinin
ictimai motivi, obrazı Araz Dadaşzadə tərəfindən
incələndi.
Eyni zamanda, Vidadinin də... Görkəmli alimin Ədəbiyyat İnstitunun həyatında
da xüsusi rolu olub. O zaman bədii sahədə olduğu kimi, ədəbiyyatşünaslıq
elmimizdə də
"altmışıncılar" vardı və onlardan biri də
Araz Dadaşzadə idi. O nəsil yaşlı nəsillə
gənc nəsillər
arasında körpü
yaratdı. O körpünü
yaradanlardan biri də Araz Dadaşzadə
idi... Araz Dadaşzadənin "XVIII əsr
Azərbaycan lirikası"
adlı kitabı ölkəmizdə böyük
bir epoxanın ədəbiyyatına həsr
olunmuş ilk ümumiləşdirilmiş
tədqiqat əsəri
kimi böyük elmi əhəmiyyətə
malikdir".
Xalq yazıçısı, AYB-nin
birinci katibi Çingiz Abdullayev yubilyarla
bağlı xatirələrini
dilə gətirdi:
"Yazıçılar Birliyində
katib kimi işə başladığım
ilk günlərin birində
Xalq yazıçısı
Ənvər Məmmədxanlı
ilə tanış oldum. Onunla bərabər
gələn cavan adam isə Araz
Dadaşzadəymiş. Məndən
xüsusi ədayla Anarı soruşdu. Əvvəlcə bu gənc adamın Anarı xüsusi ərklə xəbər alması məni təəccübləndirsə də, sonradan onun Anarla olduqca
doğma münasibətinə
və ensiklopedik savada malik olmasına şahidlik etdim".
M.Füzuli adına Əlyazmalar
İnstitunun direktoru, akademik Teymur Kərimli qeyd etdi ki, "altmışıncı
illər Azərbaycan ədəbiyyatı mədəniyyət
tariximizdə yeni bir oyanış mərhələsidi.
Araz Dadaşzadə bu mərhələnin ilk pionerlərindən biri kimi öz orijinal
mövqeyini ortaya qoydu. Onun kimi
adamlar biryönlü olmurlar. O, geniş erudisiyaya malik insan idi. Az yaşadı, amma vacib olan
işləri gördü,
vacib olanları yazdı. Özü də yaxşı və mükəmməl yazdı. O, ciddi ədəbiyyatşünas idi.
Əsərləri bu gün də oxunur və ədəbiyyatşünaslığımızı
inkişaf etdirir".
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov çıxış edərək
diqqətə çatdırdı
ki, Araz Dadaşzadə
mükəmməl ədəbiyyat
tarixçisiydi. O, əlyazmaları
oxumaq sahəsində olduqca hazırlıqlı
və xüsusi qabiliyyətə malik nadir şəxsiyyətlərdən
biriydi. Ədəbiyyatşünaslıq
sahəsindəki fəaliyyətinə
görə onu daha çox Həmid Araslıyla müqayisə etmək olar. Onun əsas
xidməti müasir dünya ədəbiyyatı
kriteriyaları əsasında
ədəbiyyatşünaslıq elmimizin böyük bir mərhələsini ümumiləşdirməsiydi. Araz
Dadaşzadənin Molla
Pənah Vaqifə münasibəti vaqifşünaslıqda
yeni mərhələdir.
"Azərbaycan" jurnalının
baş redaktoru İntiqam Qasımzadə dedi: "Araz Dadaşzadə ilə ilk tanışlığım Anar
müəllimgilin Vaqif
küçəsindəki evlərində
olub. Onların dostluğuna qibtə edirdim. Eyni zamanda,
onlarla tanışlıq
və dostluğumdan qürur duyurdum. Araz dünyanı bütün qapsamıyla bilirdi. O, olduqca təvazökar idi, heç vaxt böyük miqyasda biliyə sahib olduğunu büruzə verməzdi. Dünya fəlsəfəsni,
ədəbiyyatını mükəmməl
bilirdi. Olduqca səmimi, mehriban insan, elmi düşüncədə
ardıcıl şəxsiyyət
idi".
AYB-nin katibi, yazıçı
Elçin Hüseynbəyli
qeyd etdi ki, elə insanlar var, şəxsən tanış
olmasan da, görməsən
də, onun dostlarının münasibət
və xatirələri
o adamın kimliyini sənə mükəmməl
şəkildə anladır,
eyni zamanda əsərləri. Tanış
olduqca görürsən
ki, o, çox zəngin
bir irs qoyub
gedib. Araz Dadaşzadə bu cür elm adamı olub.
Ədəbiyyatşünas alim Vaqif Yusifli Araz Dadaşzadəni
1982-ci ildən tanıdığını
qeyd etdi: "Amma ona qədər əsərləri ilə tanış idim. Və bilirdim ki, çağdaş poeziyamıza
münasibətdə Yaşar
Qarayevlə yanaşı
Araz Dadaşzadənin
də xüsusi yeri var. O, deyirdi ki, təhlilçi ardıcıl
axtarışçı, eyni
zamanda da cəsarətli
olmalıdır. Onun Vaqiflə bağlı monoqrafiyası ayrıca bir ədəbiyyatşünaslıq
hadisəsidir".
Ədəbiyyatşünas alim Rüstəm
Kamal çıxış edərək
bildirdi ki, Araz Dadaşzadənin mükəmməl
obrazı ilə Anar müəllimin xatirələri sayəsində
tanış olmuşam.
O, vaqifşünaslığın yaradıcılarından biridir.
Onun Vaqif haqqındakı kitabı klassikadı. Mən yaxın günlərdə
Vaqiflə bağlı
elmi araşdırmalarımı
yekunlaşdırmışam və həmin əsərimi Araz Dadaşzadənin xatirəsinə
ithaf etmişəm.
Araz Dadaşzadənin gəlini
Kəmalə xanım
çıxışında qeyd etdi ki, o, Vaqiflə bərabər onun sələf və xələflərini
də eyni peşəkarlıqla tədqiq
edib. Eyni zamanda görkəmli türkman şairi Məxtumqulu yaradıcılığını
da.
Yubilyarın oğlu Aqşin
Dadaşzadə atası
haqqında unudulmaz xatirələrini dilə gətirdi.
Tanınmış jurnalistlərdən Namiq
Əhmədov və
Tahir Aydınoğlu yubilyarla
bağlı ürək
sözlərini dilə
gətirdilər.
Sonda Araz Dadaşzadənin qızı, sənətşünaslıq
doktoru, professor Zümrüd
Dadaşzadə atasının
xatirəsini əziz tutan insanlara, tədbir iştirakçılarına,
şəxsən Anar müəllimə dərin
təşəkkürünü bildirdi: "Nə deyim, mənim üçün xatirələrə
dönmək asan deyil - sanki yaram
təzələnir, qəlbim
çalxalanır... çox
çətin sınaqdır
bu - çox... dözülməz dərəcədə...
54 yaşında, müdhiş
1990-cı ildə ata itirmək dərdi böyük dərddi.
Atam bir alim kimi Akademiyada
püxtələşdi. Öz
əsas tədqiqatını
da Akademiyada həyata keçirdi. Amma onun yaradıcılığının başqa bir qütbü - müasir ədəbi proses idi. Odur ki, Yazarlar Birliyində də belə bir anım
tədbiri, yəqin, labüd idi.
Əlbəttə, A.Dadaşzadə
böyük vaqifşünas
(Nizami müəllimin
bu barədə xüsusi məqaləsi də yaxınlarda işıq üzü gördü) kimi səciyyələndirildi. İsa müəllim Araz Dadaşzadənin ədəbi
fikir tarixində yerini dəqiq müəyyənləşdirdi. Bu gün Vaqif haqqında tədqiqatını
bitirməkdə olan və bu kitabını
Araz müəllimin ruhuna ithaf edən
Rüstəm Kamalın
dediyi kimi, S.Vurğun Vaqifin
bədii obrazını,
Araz müəllim isə elmi obrazını
yaratmağa müvəffəq
oldu.
T.Kərimli A.Dadaşzadənin
İntibah dövrü
insanlarına xas geniş dünyagörüşünə
nəzər-diqqəti cəlb
etdi. İ.Qasımzadə
alimin araşdırma işində nadir ardıcıllığını
nəzər-diqqətə çatdırdı.
Vaqif Yusifli onun "nikbinlik fəlsəfə"sini vurğuladı.
Anar müəllimin atamla dostluğu xüsusi bir mövzudu. Şostakoviç musiqisinin
mahiyyətinə varmaq
iqtidarını xatırlayaraq
onun zərif musiqi duyumunu da dilə gətirdi... Kamilə xanım - nikbinlik fəlsəfəsi
deyiləndə - gedonizm
deyil, dünyanın nizamını görmək
iqtidarının vacibliyini
söylədi..."
Sərvaz Hüseynoğlu
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.4.