Qəbir ünvanı
Hekayə
Bu günə
kimi hər zaman qəbiristanlıqdan xoflandığına
gülümsədi özü-özünə.
Başını dik tutub, öz əli ilə
basdırdığı qəbrin ziyarətinə gedirmiş
kimi irəlilədi.
Durdu və duruşuna elə güvənli bir jest verdi, sanki əhli-qüburun
hamısına şərikli bir salavat göndərmək
halındadır.
- Axı mən o qəbrə
salavat göndərməyə gəlməmişəm ki?! Gəlmişəm
öz gözümlə o qəbrin var olduğunu görüm;
bax, bu şəhərdə, bir İmamiyyə qəbiristanında.
Ünvanı yazdığı kağız
qırığını
çantasından çıxarıb sezilməz bir şəkildə
ona göz gəzdirdi:
- İndi
hansı tərəfə
dönməliyəm?
Gözünün bucaqlarındakı baxışları
ilə, yazdığı adreslə
durduğu mövqeyi yoxlamağa çalışdı.
Öyrəndiyi nəm-nişanlarla qəbirlərin arasında
dolanmağa başladı, adres verən tanış
demişdi:
- O daş bina var haa... Ondan on
sirəm avtovağzala sarı gedərsən. - getdi. - oradan on
iki sirəm günbatana sarı, - getdi - başı günbəzli,
dəmir çərçivəli bir qəbrin qonşusudur. -
baxdı. O cür qəbirlər çox idi. - qəbrin
dövrəsində ağac-zad yoxdur. Təkcə Firudinin qəbri
üstündə böyük bir ağac var...
Əlbəttə ki, hər kəs
ziyarətinə gəldiyi qəbrin yerini yaxşıca
tanımalıdır. Bəs bu axtarış nə deməkdir?
Özü də avara-avara, bu kökdə, qəbirlərin
arasında gicəlib qalmaq lap şəkkə salandır.
Oturduğu qəbrin başından ayağa qalxdı.
Qalxa-qalxa da girəcəyə sarı baxdı:
- Yox, o qədər də
papey deyil məmurlar. Hanı, bə, hardasan, anamın
nişanlısı?
***
"Məşrutə
xiyabanı" deyib minmişdi taksiyə.
Taksi azər ayının susqun xəzəlləri arasından yol
açaraq irəlilədi. Xiyabandakı qaraqabaq adamlar qələmələrin
gümüşü gövdəsi ilə birlikdə tovlu-tovlu
gözünün qabağından ötüşürdülər.
Damarlarının səsini eşidirdi, buz büllurlarının
üstünə qaynar su tökülürsə, necə olur?
Eləcə idi damarlarının səsi: "çıq...
çıq... çıq..."
- Görəsən adamlar eşidirlər damarlarımın səsini?!
- Bağışlayın, öz
əlimdə deyil. Öz əlimdə
deyil.
Başını qaldırıb camın
bucağından göyə baxdı,
altmış yaşlı bir sükut bayrağının
ucqarında dalğalanan gövdələr idi
gözünün qabağında. Boz buludlar göydə
iç-içə çitənmişdi. Hava
"yağım-yağım" deyirdi. Xiyabanda səf
çəkən bu çinarlar, qələmələr,
köhrələr, kök salmış qocaman sükutlar idi
sanki. Altmış il boyunca göyərdikcə başları
qırılıb atılmışdı. Lakin zaman
ötdükcə, başdan qırıldıqca dərinlərə
doğru kök ataraq sarmaşıqlanıb, zoğ atıb,
torpağa doğru, dərinə doğru göyərə-göyərə
özlərini gətirib bu günə yetirmişdilər.
Anası gənc yaşlarında ikən Milli Hökumət dövründə
bir il Pişəvərinin makinaçısı olmuşdu.
Firqə basıldıqdan sonra asdı-kəsdi
düşdükdə, xiyabanlarda dar ağacları
qurulmuşdu. Güllələnmələr
başlanmışdı. Firqəçiləri xiyabanlarda
çinarlara, qələmələrə bağlayıb
güllələmişdilər.
- Həmin çinarlar, həmin qələmələr.
- Məşrutə xiyabanıdı,
xanım!
***
Qaraqabaq
adamların, qaraqabaq maşınların tüstülü
siqnalları arasından adlayaraq keçdi xiyabanın o tay əlinə.
Gənc
qızın nişanlısı
onun hələlik Arazın o tayına
keçməsini məsləhət görmüşdü:
- Sən get, mən burda
qalmalıyam. Hər şey tezliklə düzələcək.
Qayıdacaqsan, evlənəcəyik.
Araz qırağında beləcə
vidalaşmışdılar və gənc
qız canlarını götürüb qaçanlara
qoşulub keçmişdi Arazın o tayına.
- Özündən muğayat
ol ha! Mən də özümdən bərk-bərk
muğayat olacağam.
Pişəvərinin baş prokuroru olan
nişanlısı, Arazın bu tayından o tayına
bağırıb bunu da əlavə etmişdi sözlərinə.
Hər gün, hər həftə edam xəbərləri
canlarını götürüb qaçanların dilində
Arazdan keçib gedirdi o taya. Dəstə-dəstə edamlar,
güllələnmələr... Bir gün də gənc
prokurorun edam xəbəri Arazdan keçib getdi.
Qəbiristanın hər iki qapısında dayanmış beş-altı
silahlı məmur, arxayın-arxayın danışıb
gülürdülər. "Əsli qapıda duran məmurlar
daha ciddi və sərt ola bilərlər", deyə
düşündü. İkinci qapıya yönəldi. Bu
ikinci qapı, əslində qapı deyil, divarda qapı kimi
açılmış bir girəcək idi. Nə isə, hər
iki qapı qəbristanın içərisinə görə
bir az yüksəkdə olduğundan bütün qəbirlərə
müsəllət durumda idilər.
- Görəsən bu məmurlar məni izləməyələr
içəridə?!
Yeriyə-yeriyə qırmızı qərənfilləri
çantasına yerləşdirməyə
çalışdı. Gülab şüşəsini taksidə
ikən yerləşdirmişdi.
- Bura bax ey, niyə bunları
gizlədirəm? Bilmirəm, heç özüm də bilmirəm.
Qəbir üstə gedən adamın əlində elə belə
şeylər olar da. Nəyimə şəkk eləyəcəklər?
Başımı salıb aşağı saymaz-saymaz
qabaqlarından sovuşacağam.
- Saat çənde xanom? (farscadır: Saat neçədir
xanım?) - məmurlardan birisi şitlənə-şitlənə
soruşduqda diksindi. Özünü qıvraq ələ
aldı. Qondarma təəssüflə sol əlini tərpədib
- saatım yoxdur - dedi.
Başını dik tutub həmişə gəldiyi qəbiristan
imiş kimi, arxayın addımlarını məmurların
gözünə çəkmək istədi. Nə
üçün gəldiyini bir daha xatırladıqda
arxayın addımları daha qayımlandı.
Girəcəyin üç aralı
pilləkənini enirkən içində
bir çeşid qürur, bir çeşid ənginlik duydu:
- Anamın ilk sevdası bax,
burda yatıb. Bu qəbiristan tarix kimi bir şeyə
dönüb. Elə ziyarətinə gəldiyim bu qəbir də
tarixdir da, amma tarixin danılmış dilimi. Belə də
şey olar? Dünyanın harasında qəbir ziyarətinə
gizlin gedərlər?
***
Qəbir
daşlarının yazılarını oxuya-oxuya
üzünü elə çevirdi ki, qapıda duran məmurları
da rahatcasına görə bilsin. Bir az o yana, bir az bu yana irəliləyib
göz dolandırdı.
- Hə, odur ha, orda dövrəsinə
yaşıl bez çəkilmiş bir qəbir var.
Yaxınlaşdı. Yox, bu deyil, bu da deyil, burda da yox.
Neçənci dönə daş binanın qabağına
qayıdıb başdan başladı. On sirəm... on iki sirəm...
on beş...
- Bu yaxınlardasan, bilirəm...
Sənə anamın vərindən bir cüt
qırmızı qərənfillə qızılgül ətri
gətirmişəm. Di qaldır başıvı, bir tərəfdən,
məni səslə! Mən sevgilivin qızıyam... Sevgilivin.
Bundan öncə qəbristandan xoflandığına gülümsədi
özünə bir daha.
- Mənə bax ey, niyə xoflanırmışam? Burda nə
var ki?! İndi necə də qorxmuram, necə də rahat-rahat
dolanıram qəbirlərin arasında. Demə,
dünyanın ən gözəl yeri elə qəbiristan
imiş.
Bir daha başdan başladı, bir daha, bir daha... Axırda, verilən
nişanlardan vaz keçib, başladı birbəbir qəbirlərin
yazısını oxumağa. Bu yox, bu yox. Bu da yox, heç
biri. Heç biri...
- Amma burdasan, bilirəm. Bax, elə
bu torpağın altında. İndi səksən yeddi
yaşın olmalıdır. Düz altmış il o gündən
keçir. Nə olur, qalx bir tərəfdən ayağa,
şax-şax de ki, mən diriyəm və hələ də
iyirmi yeddi yaşındayam.
Qəbir
sirrə çıxıb
yerə girmişdi sanki. Qəbiristan səssiz
bir unudulmuşluq nənnisində başını daş
balışlara atıb yatmışdı.
- Edam olunduğun səhərin
axşamından hamamlanıb hazırlanmışsan, anam
deyirdi. Qara pencək-şalvarını geyinib
qırmızı papyon taxmışsan. Sol döşün
üstə bir qanad qırmızı qərənfil
sancmışsan. Gəlib səni səhərin ala toran
gözündə dustaqdan aparıblar Gülüstan
Bağının qabağına. Elə şəstli-bəstli,
elə dik-dik gedirmişsən ki! Gərdək otağına
hazırlaşan bəy kimi gedirmişsən. Qürurun,
utancının altında şinliyini ört-basdır eləyən
bəy kimi... eləsinə gedirmişsən dar
ağacına... adıvı qızıma
götürmüşəm, Firudin! Firudin! Firudiiiin...
Özüvü göstər mənə. Səsin bir yannan gəlsin!
Adıvı qızıma götürmüşəm heeey...
Eşit bunu, Firudiiiin!
***
- Tapa bilməsən, Müseyib
adlı qəbirqazan var, elə qəbiristanın
keşikxanasında oturar, ondan soruş. Amma o da hər adama deməz,
- demişdi, qəbrin adresini verən tanış.
- Firudinin qəbri hardadır, əmi?
- Firudin? Tanımıram.
- Firudin İbrahimini deyirəm. Köhnə qəbirdir,
altmış il bundan qabağın qəbri.
- Tanımıram dedim, qızım...
- Altmış ildir onu axtarıram, əmi. Nəm-nişanın
burda veriblər mənə. Nişanlısıyam, - demək
istədi Müseyib əmiyə. Deyəsən dedi də.
Müseyib əmi gözlərini qıyıb altdan-yuxarı
süzdü onu.
Qız dönüb uc-bucağını
güclə təxmin edə bildiyi qəbiristanda
avara baxışlarını sahmana salmağa
çalışdı.
- Nişanlısıyam?! - bu sözdən
özü də diksinmişdi. - Haradan gəldi ağlıma
bu söz? Mən hara, altmış il bundan öncə
asılan Firudin hara?.. özü də anamın
nişanlısı.
Sonsuz qəbirlərin arasında
gicəlib qalmışdı. Yarpaq kimi əsirdi,
payız budağından asılmış yarpaq kimi.
Çantasını açıb baxdı.
- Pay gətirmişəm ey sənə,
sənə sevgi, analıq, qadınlıq, bacılıq gətirmişəm.
Necə qaytarım bunları bir də özümnən?! -
Əlini boğazının altına sürtdü, -
boğuluram. Niyə burda durmuşam? Asılmış Firudinin
sallaq ayaqlarının altında durmuşam?
Baş örtüsünün düyününü
boğazının altında
boşaltdı. Başının üstündə edam kəndirlərinin
ilgəkləri ləngərlənirdi.
Sərilib torpağa ovuc-ovuc
başına sovurmağa başladı,
hıçqıra-hıçqıra dedi:
- Gərək sovuram, bu torpağı gərək başıma
sovuram... Gedirəm saat qabağına... Saat qabağına...
Əli gedib çantasının
içindəki qərənfilləri
sıxıb əzdi. Gülab şüşəsini
çıxarıb çırpdı qabağındakı qəbir
daşına. Bir daha qəbirlərin yazısına göz gəzdirdi.
Canı soyuq tərdən gizildəyirdi:
- Qəbri yoxa çıxarmış olsalar,
necə eləyim?
Başını yığdı çiyinlərinin
arasına. Titrədi. Dünya boyda bir
düyün içində pırtlaşıq
düşmüşdü. Sıxılmadığı
torpağı təpdi ağzına. Qabağındakı qəbrin
başında oturub, üzünü söykədi daşa:
- Həmin bu daşın
altındasan, hə? Bu daşın altındasan, bilirəm. Nə
fərqi var? Bu torpağın, ya altında, ya üstündə
gəzirsən. Mənim kimi. Hamı kimi. Elə bu qəbirlərin
hamısının altında sən yatıbsan.
Ağzı qupquru idi.
Ağzındakı torpağın dadı, ölü dadı
idi. Başladı qaçmağa. Məşrutə
xiyabanına doğru qaçdı. Əynində bir
gözünə gəlinlik donu var idi, bir gözünə
qıvrıq çinli kəfən. Maşınları,
maşınların tüstüsünü basa-basa
xiyabanın o biri əlinə adladı. Budaqlardan
qopmamış yarpaqlar lam-lam dayanmışdı. Külək
əsmirdi. Hava gərgin idi. Canını qırmızı bir
əsinti titrədirdi. Bir maşın təmirçisi
qabağında təmirçi kişiyə "Firudin sənsənmi?"
deyə bağırdı.
Ayaqlarını yerə çırpıb,
başını dükanların
içinə uzadıb bağırırdı:
"- Mən gəlinəmmm...
Firudinin gəlini. Firudin ölməyib..."
Gülüstan Bağının qabağında
idi. Nəfəsi çiynindən
çıxırdı. Xiyabanın o biri əlindən gedən
taksiyə əl qaldırdı:
- İmamiyyə qəbiristanı...
Nigar XİYAVİ
Təqdim
etdi: Əli Çağla
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.12.