Kiçik dünyanın böyük mənəvi konstruksiyaları:
Zemfira Məhərrəmlinin
nəsrində etik diskurs,
insan və taleyin
poetikası
Müasir
Azərbaycan nəsrində
insanın daxili aləmi, mənəvi
seçimləri və taleyin fərdi şüurda
yaratdığı etik gərginlik və dramatizm getdikcə
daha çox ön plana çıxır. Bu baxımdan Zemfira
Məhərrəmlinin nəsri "kiçik dünya"
kimi təqdim olunan, fərdi insan müstəvisində
formalaşan, lakin mahiyyət etibarilə geniş fəlsəfi
və əxlaqi anlamlar daşıyan bədii mətnlər məcmusu
kimi seçilir. Yazıçının əsərlərində
adi həyat situasiyaları, məişət detalları və
lokal insan taleləri böyük mənəvi
konstruksiyaların daşıyıcısına çevrilir;
insanın vicdanla münasibəti, məsuliyyət hissi, taleyə
qarşı passiv itaəti və ya daxili üsyanı poetik
bir sistem daxilində təqdim olunur. Zemfira Məhərrəmlinin
nəsrində etik diskursun formalaşma xüsusiyyətləri,
insan-tale münasibətlərinin bədii-poetik ifadə
imkanları və mənəvi problematikanın əsasını
təşkil edən estetik mexanizmlər diqqəti çəkən
başlıca yaradıcılıq məziyyətləridir.
Müəllifin "Çox kiçikdir
bu dünya..." adlı povest və hekayələr
toplusu müasir Azərbaycan nəsrində etik
problematikanın narrativ struktur daxilində ardıcıl və
dərin şəkildə işlənməsi baxımından
xüsusi elmi maraq doğuran bədii mətnlər sistemidir.
Burada "kiçik dünya" anlayışı yalnız
metaforik semantika daşımır, eyni zamanda mətndaxili poetik
prinsip kimi çıxış edir və hadisələrin,
talelərin, insan münasibətlərinin
sıxlaşmış məkan-zaman koordinatlarında təqdimini
şərtləndirir. Yazıçının narrativ
dünyasında insan taleləri bir-birindən izolə olunmuş
şəkildə deyil, etik və psixoloji əlaqələr vəhdətində
mövcuddur.
Kitaba daxil edilən əsərlərin hər birinin bədii
strukturu antropoloji mərkəzliliyi, insan faktorunu önə
çəkən estetik yönü ilə səciyyələnir.
Burada hadisə yox, insan ön plandadır; daha dəqiq desək,
insanın mənəvi seçimi hadisəni
formalaşdırır. Bu baxımdan Zemfira Məhərrəmlinin
nəsri klassik süjet istiqamətli deyil, etik-semantik
yönümlüdür. Hadisələr səbəb-nəticə
zəncirindən çox, vicdanın daxili impulsları ilə
hərəkətə gəlir. Məhz bu keyfiyyətinə
görə "Çox kiçikdir bu dünya..."
kitabında toplanan mətnlərin poetikasını etik narrativ
prinsiplər prizmasından izah etmək zərurəti
yaranır.
Yazıçının "Anam niyə gəlmədi?"
hekayəsi etik narrativin mərkəzi nümunəsidir. Burada
pandemiya yalnız tarixi-sosial fon rolunu oynamır, həm də
insan münasibətlərini deformasiyaya uğradan qlobal faktor
kimi çıxış edir. Hekayənin baş qəhrəmanı
Ləman obrazı psixoloji realizm baxımından
çoxqatlı planda işlənmişdir. Onun daxili
monoloqları, tərəddüdləri və qərarları
Freyd sonrası psixoloji ədəbiyyatşünaslığın
"daxili konflikt" anlayışı ilə izah oluna biləcək
səviyyədə dərinlik daşıyır. Ləman həm
ana, həm həkim, həm də sosial subyektdir və bu rollar
arasında yaşanan gərginlik povestin əsas dramatik
enerjisini təşkil edir.
Əsərdə qəhrəmanın qızına
ünvanladığı məktub narrativ
baxımdan xüsusi funksiya daşıyır. Daxili əzabla qələmə
alınan sətirlər 7 yaşlı qızcığaza
ünvanlanıb: "Ölənlərin sayı çoxalanda
burda elə ağrı-acılı anlar yaşanır ki... Bəlkə
də bütün olanlar barədə sənə nahaq yerə
yazıram. Sənin kiçik yumruğun boyda olan ürəyin
bu üzüntülərə tab gətirməz. Kövrəlsəm
də, məktubu yaza-yaza özümü qınayıram. Belə
həssas dönəmdə həyat eşqini gərək itirməyək."
(Məhərrəmli Z. Çox kiçikdir bu dünya...,
Bakı: Vektor, 2022, s.7.) Məktub epistolyar janr elementi kimi mətndə
yalnız emosional vasitə deyil, həm də etik mövqeyin
verbal manifestasiyasıdır. Burada qəhrəmanın daxili məsuliyyət
hissi, vicdanla üzləşməsi və taleyə münasibəti
diskursiv şəkildə ifadə olunur. Məktubun diktə
etdiyi "burda olmalıyam, çünki xəstələr məni
gözləyir" məntiqi fərdi hisslə ictimai məsuliyyət
arasında qurulan dəyər iyerarxiyasını açıq
şəkildə göstərir. Bu məqamda müəllif fərdi
faciəni ortaq, kollektiv məsuliyyət kontekstində təqdim
edir və oxucunu etik empatiya mövqeyinə dəvət edir.
Zemfira Məhərrəmlinin nəsrində
diqqəti cəlb edən əsas cəhətlərdən
biri də etik konfliktin yalnız süjet hadisəsi kimi deyil, mətnin
strukturunu müəyyən edən ontoloji prinsip kimi
çıxış etməsidir. Burada etik seçim nə
epizodik xarakter daşıyır, nə də yalnız finalda həll
olunur; əksinə, etik dilemma mətndə
başlanğıcdan sona qədər davam edən semantik gərginlik
yaradır. Bu xüsusiyyət müəllifin nəsrini klassik
realizmdən fərqləndirərək onu etik realizm kontekstində
xarakterizə etməyə imkan verir.
Ədəbiyyatşünaslıqda etik realizm insanın sosial
reallıq içindəki davranışlarını əxlaqi
ölçülərlə təhlil edən poetik sistem kimi
qavranılır. Zemfira Məhərrəmlinin mətnlərində
bu sistem aydın şəkildə müşahidə edilir.
Onun qəhrəmanları "yaxşı" və
"pis", "müsbət" və "mənfi"
kimi qütbləşdirilmir; əksinə, etik qeyri-müəyyənlik
vəziyyətində qərar verən insanlar kimi təqdim
olunur. Bu yanaşmanı "Anam niyə gəlmədi?"
hekayəsində də qabarıq şəkildə
görürük. Ləman obrazı
ideallaşdırılmış bir qəhrəman deyil, lakin mənəvi
cəhətdən məsuliyyətli subyektdir. Onun
"qızımı qucaqlamaq istəyirəm" arzusu ilə
"xəstələr məni gözləyir"
düşüncəsi arasında qaldığı anlar etik
subyektin parçalanmasını nümayiş etdirir. Xəstələrini
müalicə edərkən, özü də koronavirusa yoluxan
gənc həkm-ana - Ləman qızdırma içində bir
tərəfdən, xəstələrini və virusa yoluxan tibb
bacısı Sara xalanı düşünürsə, bir
yandan da, azyaşlı qızı üçün narahat olur:
"Ən çox yadına düşən isə qoca
anasının ümidinə qoyduğu əziz balası idi.
Qızcığaz bir an xəyalından
çıxmırdı" (yenə orada, s.10). Pandemiya şəraitində
gənc həkim-ananın düşüncələri peşə
məsuliyyəti ilə analıq duyğusu arasında
parçalanmış şüurun dramatik tablosunu yaradır.
Bu parçalanma yalnız psixoloji yox, həm də epistemoloji
xarakter daşıyır: qəhrəman hansı məntiqlə,
hansı dəyər sistemi ilə qərar verdiyini özü
də tam müəyyənləşdirə bilmir. Məhz bu məqam
mətni didaktik çərçivədən
çıxararaq elmi interpretasiya üçün
açıq hala gətirir.
"On iki yaşın sevinci" hekayəsi isə narrativ perspektivin
dəyişməsi baxımından diqqətəlayiqdir. Hekayə
ayaq altında diyirlənən boş araq şüşələrinə
nifrətlə baxan yeniyetmə oğlanın "Ata, nə
olar, az iç bu zəhrimarı!" cümləsi ilə
başlayır. Bu başlanğıc epizodda ailədaxili
zorakılıq və sosial deqradasiya məişət detalı
səviyyəsində təqdim olunsa da, boş araq
şüşələri simvolik semantika qazanaraq mənəvi
boşluğun və ata fiqurunun etik iflasının vizual
ekvivalentinə çevrilir. Yeniyetmə oğlanın
replikası yalnız situativ reaksiya deyil, uşaqlıqdan məhrum
edilmiş bir şüurun erkən yetkinliyini və ailə
institutunun dağılması fonunda formalaşan travmatik təhkiyə
mövqeyini açan açar mətn vahidi kimi
çıxış edir. Burada hadisələr uşaq
şüuru prizmasından təqdim olunur ki, bu da
"etibarsız nəqlçi" anlayışına
yaxın, lakin mənəvi baxımdan yüksək güvən
və etimadı ehtiva edən spesifik narrativ model yaradır.
12 yaşının tamam olmasına bir gün qalmış parkda xəzəllərin
arasından bahalı telefon tapan, elə o andaca onu satmaq
haqqında düşüncəyə qapılan hekayə qəhrəmanı
qəfil həmin telefonun ekranında görünən
"Anamın zəngi" yazısından diksinir. Burada sosial
yoxsulluq fonunda formalaşan uşaq vicdanı müəllif tərəfindən
idealizə edilmir, əksinə, daxili mübarizə içində
təqdim olunur. Tapılan telefon epizodu etik dilemmaya
çevrilir: maddi ehtiyacla mənəvi seçim
qarşı-qarşıya qoyulur. Telefon ekranında
"Anamın zəngi" yazısının görünməsi
burada semantik detal kimi çıxış edir. Bu detal təsadüfi
deyil; ana obrazı burada uşağın vicdanının vizual
simvolu, arxetipi səviyyəsinə yüksəlir. Uşaq
üçün bir ana səsi maddi ehtiyacdan daha güclü
etik çağırışdır. Bu məqamda müəllif
etik qərarın rasional yox, emosional-intuitiv mexanizmlə
verildiyini göstərir. Qızı üçün narahat
olan ananın telefon zəngi əsas obrazın qərarına
sirayət edir və bütünlükdə hadisənin gedişatını
dəyişir. Ümumiyyətlə, Zemfira Məhərrəmlinin
nəsrində ana obrazı xüsusi semantik statusa malikdir. Ana
yalnız ailə institutu çərçivəsində təqdim
olunmur, eyni zamanda etik arxetip funksiyasını yerinə yetirir.
Bu keyfiyyəti "On iki yaşın sevinci" hekayəsində
aydın müşahidə etmək olur.
Hekayənin semantik quruluşunda
maraqlı cəhətlərdən biri də
zaman faktoru ilə bağlıdır. Hadisə qısa zaman kəsiyində
baş versə də, uşağın daxili monoloqları
zamanın psixoloji genişlənməsinə səbəb olur.
Bu, Henri Berqsonun "daxili zaman" anlayışı ilə səsləşən
narrativ üsuldur. Uşaq üçün bir neçə dəqiqəlik
tərəddüd bütöv bir mənəvi təcrübəyə
çevrilir.
"Dünya gör necə dardır..."
hekayəsində isə müəllif məkan
poetikasını ön plana çəkir. Burada coğrafi məsafələr
mənəvi yaxınlıqla kompensasiya olunur. Uşaq evləri,
yad ölkələr, fərqli dillər mətndə
ayrılıq elementi kimi deyil, insan talelərinin ümumi
trayektoriyasını göstərən fon kimi təqdim edilir.
Hekayədə narrativ struktur talelərin kəsişməsi
üzərində qurulur. Bu mətn dünya ədəbiyyatında
geniş yayılmış "qarşılaşma
narrativi" modelinə uyğun gəlir. Yetimlik, identiklik və
milli mənsubiyyət problemləri burada individual deyil, kollektiv
yaddaş kontekstində təqdim olunur.
Moskvada yaşayan azərbaycanlı
ailənin evinə soyuducu təmir etməyə
gələn Dima obrazının təmiz Azərbaycan dilində
"Bakı mənə də doğmadır" deməsi
yalnız nostalji ifadə kimi səslənmir, həm də
milli-mədəni identikliyin transsərhəd xarakterini göstərən
semantik açar funksiyası daşıyır. Dimanın
soyuducu ustası kimi gəldiyi, isti
qarşılandığı bir ailəyə
danışdığı həyat hekayəsi, öz
ata-anasının onu yetimxanaya atdığı halda, azərbaycanlı
ailənin - Niyaz dayı və arvadı Məsumə
xalanın onu sevgiylə böyütməsi, dəfələrlə
Azərbaycana qonaq gəlməsi obrazın Azərbaycan
sevgisinin köklərini açıb göstərir.
Dimanın müxtəlif coğrafi məkanların
insanları arasındakı mənəvi bağlılıq
haqqında yaratdığı təəssürat mətndə
kimlik məsələsinin sentimental deyil, ontoloji aspektdə təqdim
olunduğunu göstərir.
Bu hekayədə talelərin
kəsişməsi təsadüf yox,
narrativ determinizm prinsipi ilə izah olunur. Dünya burada
kiçikdir, insan taleyi öz keçmişindən qaça
bilmir, çünki keçmiş insanın ontoloji tərkib
hissəsidir və ondan ayrılmazdır. Bu yanaşma XX əsr
Avropa və Amerika nəsrində sıx rast gəlinən
"geri qayıdan yaddaş" motivi, təsadüfi
görüşlər üzərində qurulmuş
strukturlarla səsləşir. Lakin Zemfira Məhərrəmlidə
qarşılaşma nostalji deyil, identiklik problemi ilə əlaqələndirilir.
Burada keçmiş sentimental xatirə deyil, insanın ontoloji
təməli kimi təqdim olunur. Bu yanaşma onu postmodern təsadüf
estetikasından uzaqlaşdırır,
yazıçının mətnlərini lokal mövzudan
çıxarıb ümumbəşəri kontekstə daxil
edir.
"Bir qaranlıq gecədə"
hekayəsi sosial realizmin etik diskursla
sintezini nümayiş etdirir. Əri qəzada həlak olandan
sonra övladlarını min bir əzabla, təkbaşına
böyüdən dul qadın Güldəstə obrazı
gender baxımından deyil, mənəvi mövqeyinə
görə mərkəzə çəkilir. O, sosial cəhətdən
nə qədər zəif təsir bağışlayırsa,
mənəvi keyfiyyətlərinə görə bir o qədər
güclü xarakter kimi dolğun görünür. Ailəsinin
yeganə dolanışıq qaynağı,
övladlarının ruzusu olan qoyunlarını gecəyarı
tövlədən aparan oğrular qarşısındakı cəsarəti
bu obrazın ana məsuliyyətinin sosial qorxu üzərində
qələbəsini simvolizə edir. Güldəstənin sərgilədiyi
davranış instinktiv deyil, dəyər əsaslıdır.
"O heyvanları ancaq meyitimin üstündən apara bilərsən"
cümləsi narrativ kulminasiya nöqtəsidir və burada
qorxu ilə ləyaqət, həyatla ölüm
arasındakı sərhədi etik mövqeyin son həddi kimi
müəyyənləşdirir. Bu məqamda qorxu artıq
bioloji instinkt deyil, mənəvi baryer kimi aşılır.
Qoyunlarını oğruların əlindən alıb geri
qaytaran qadının gecə qaranlığında
işığa doğru getməsi mətndə simvolik xarakter
daşıyır və etik seçimin metaforik ifadəsinə
çevrilir. Bu hekayədə qadın obrazı passiv qurban
deyil, etik subyekt kimi diqqəti çəkir.
Kitabdakı bütün mətnlərdə
qadın obrazlarının fəal narrativ
mövqedə olması müəllifin antropoloji
yanaşmasının göstəricisidir. Kişi obrazları
isə çox zaman daxili zəiflik, tərəddüd və
peşmanlıq içində təqdim olunur. Bu
qarşılaşdırma ideoloji deyil, etik xarakter
daşıyır və müəllifin əsas
meyarının insanın mənəvi mövqeyi olduğunu
göstərir.
Yazıçının üslubu
minimalist poetika ilə xarakterizə olunur.
O, emosional təsiri maksimal dərəcədə yığcam
ifadə vasitələri ilə yaradır. Bu nəsrdə
artıq söz, təsadüfi detal yoxdur. Hər epizod mənəvi
yük daşıyır. Daxili monoloqlar, məktublar və
qısa dialoqlar mətndə psixoloji dərinlik yaradan əsas
narrativ vasitələrdir. Zamanın axını xronoloji olsa
da, hadisələrin semantik çəkisi retrospektiv
düşüncə ilə artır. Mətnlərdə
simvolika açıq şəkildə təqdim edilmir, lakin dərin
semantik qatlar yaradır. Bu xüsusiyyət
yazıçının nəsrini postrealist poetikaya
yaxınlaşdırır.
Zemfira Məhərrəmlinin nəsrində
diqqət çəkən mühüm cəhətlərdən
biri də susqunluğun semantikasıdır. Personajlar çox
zaman uzun monoloqlarla yox, qısa cümlələrlə, hətta
susaraq danışırlar. Bu, mətndə "sükut
poetikası" yaradır və oxucunu aktiv interpretator
mövqeyinə gətirir. Sükut burada zəiflik yox, etik
düşüncə formasıdır.
Zemfira Məhərrəmlinin nəsrini
dünya ədəbiyyatı kontekstində
dəyərləndirdikdə, onun mətnlərinin heç bir
konkret ədəbi məktəbin mexaniki davamı
olmadığı, lakin bir sıra aparıcı poetik
tendensiyalarla daxili səsləşmə təşkil etdiyi müşahidə
olunur. Bu səsləşmə birbaşa təsir və ya
intertekstual sitat səviyyəsində deyil, etik
problematikanın bədii təşkili, narrativ minimalizm və
insan antropologiyasına yönəlmiş baxış
bucağı səviyyəsində özünü göstərir.
Məsələn, Zemfira Məhərrəmlinin hekayə və
povestlərində müşahidə olunan hadisə qənaətcilliyi
və süjetin daxili gərginlik üzərində
qurulması Anton Pavloviç Çexovun "süjetsiz
süjet" prinsipini xatırladır. Lakin bu oxşarlıq
formal deyil. Çexov nəsrində hadisənin arxa plana
çəkilməsi daha çox ekzistensial boşluq və
insanın daxili passivliyi ilə bağlıdırsa, Zemfira Məhərrəmlidə
hadisənin yığcamlığı etik məsuliyyətin
ön plana çıxarılması ilə şərtlənir.
Burada sükut və pauza insanın laqeydliyini deyil, əksinə,
daxili qərar anının ağırlığını
ifadə edir. Bu mənada, Məhərrəmlinin "susqunluq
poetikası" Çexovvari neytrallıqdan fərqli olaraq mənəvi
gərginlik daşıyır.
Digər
tərəfdən, "Anam
niyə gəlmədi?" hekayəsində
pandemiya fonunda təqdim olunan insan taleləri Albert Kamyunun
"Taun" romanındakı kollektiv fəlakət motivi ilə
müəyyən paralellər yaradır. Lakin Kamyuda xəstəlik
daha çox fəlsəfi-absurd düşüncənin ifadə
vasitəsi kimi çıxış etdiyi halda, Zemfira Məhərrəmlidə
pandemiya etik seçimi kəskinləşdirən sosial
reallıq funksiyasını daşıyır. Ləman
obrazı Kamyunun doktor Ryö tipi ilə müqayisə oluna
bilsə də, burada qəhrəmanlıq ideyası deyil,
vicdanın səssiz məsuliyyəti ön plana çəkilir.
Bu fərq Z.Məhərrəmlinin nəsrini ekzistensial fəlsəfədən
çox, etik realizm müstəvisinə
yaxınlaşdırır.
Yazıçının hekayələrində
gündəlik həyat
içində verilən kiçik, lakin taleyüklü qərarların
bədii təqdimatı Kanada yazıçısı Elis
Munronun nəsr estetikasını da xatırladır. Munroda
olduğu kimi, burada da hadisələr böyük dramatik
partlayışlarla deyil, psixoloji dönüş nöqtələri
ilə inkişaf edir. Lakin Munronun mətnləri daha çox fərdi
qadın təcrübəsinin zaman içində
transformasiyasına fokuslanırsa, Zemfira Məhərrəmlidə
fərdi təcrübə ictimai-mənəvi biçim
qazanır. "On iki yaşın sevinci" hekayəsində
uşağın verdiyi qərar yalnız şəxsi davranış
aktı deyil, cəmiyyətin mənəvi vəziyyətini
ölçən göstəriciyə çevrilir.
"Bir qaranlıq gecədə"
hekayəsində sosial mühitlə mənəvi
müqavimətin toqquşması rus realizminin klassik nümunələri,
xüsusilə, Şoloxov yaradıcılığının
ilk dövrünə aid olan hekayələrin qadın
obrazları ilə (Dunyatka - "Çoban", Nyurka -
"Əyri tikiş", Anna - "İki ərli",
Marinka - "Qaloşlar" və s.) müqayisə oluna bilər.
Lakin Şoloxovda sosial konflikt daha çox tarixi-sinfi zəmində
inkişaf etdiyi halda, Məhərrəmlidə konflikt etik və
insani ölçüdə lokallaşır. Güldəstə
obrazı ideoloji mübarizənin yox, şəxsi ləyaqətin
daşıyıcısıdır, bu xüsusiyyət Z.Məhərrəmli
nəsrini sosial realizmdən etik realizmə doğru yönəldir.
Beləliklə, Zemfira Məhərrəmlinin
"Çox kiçikdir bu
dünya..." kitabında toplanan əsərlər dünya nəsrində
mövcud olan bir sıra aparıcı estetik meyillərlə
dialoq halındadır, lakin bu dialoq imitativ xarakter
daşımır. Müəllif qlobal ədəbi modelləri
milli-mənəvi təcrübənin süzgəcindən
keçirərək, özünəməxsus etik-narrativ
sistem yaradır. Onun mətnləri nə yalnız milli çərçivədə,
nə də ümumbəşəri abstraksiyada qalır; fərdi
talelər vasitəsilə universal mənəvi suallar
formalaşdırır.
Nəticə etibarilə, "Çox
kiçikdir bu dünya..." kitabı
müasir Azərbaycan nəsrində etik diskursun, narrativ
strategiyanın və insan antropologiyasının uğurlu
sintezidir. Bu povest və hekayələrdə dünya
kiçikdir, çünki insanın mənəvi seçimi
qlobal nəticələr doğurur. Zemfira Məhərrəmli
oxucunu hazır cavablarla deyil, etik məsuliyyətlə
düşünməyə sövq edən açıq mətnlər
yaradır. Bu baxımdan kitab yalnız bədii deyil, həm də
yüksək elmi-analitik potensiala malik ədəbi yeniliyi ilə
maraq doğurur. Müasir Azərbaycan nəsrində etik
düşüncənin bədii təcəssümü kimi
meydana çıxan bu mətnlər oxucunu emosional təsirlə
yox, mənəvi məsuliyyətlə üz-üzə qoyur.
Dünya burada kiçikdir, çünki insanın verdiyi hər
bir qərar başqa bir insanın həyatına toxunur. Zemfira
Məhərrəmli insanı hadisələrin kölgəsində
yox, etik seçimin mərkəzində təqdim edir və
bununla da müasir ədəbiyyat üçün əhəmiyyətli estetik
model yaradır.
Təranə Turan
RƏHİMLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.10-11.