"Azərbaycan
mühacirət ədəbiyyatı
kitabxanası" seriyasının
VIII cildi nəşr edilib
Azərbaycan Milli Elmlər Akademiyası
Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun təsis
etdiyi "Azərbaycan mühacirət ədəbiyyatı
kitabxanası" seriyasının VIII cildi - Məhəmməd
Əmin Rəsulzadənin "Azərbaycan şairi Nizami"
monoqrafiyası "Elm və təhsil" nəşriyyatında
çapdan çıxmışdır. Əsər "Məhəmməd
Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi
haqqında" Azərbaycan Respublikası Prezidentinin 30 dekabr
2023-cü il tarixli Sərəncamına əsasən təsdiq
edilmiş Tədbirlər Planına uyğun olaraq nəşrə
hazırlanmışdır.
İlk nəşrindən təqribən
75 il sonra daha mükəmməl şəkildə yenidən
işıq üzü görən bu monoqrafiya mühacirət
ədəbiyyatşünaslığında orta əsrlər ədəbiyyatımız
haqqında ən sanballı araşdırma olmaqla
yanaşı, dünya nizamişünaslığının
da mühüm nailiyyətlərindəndir. Müəllifin həm
Şərq, həm də Avropa tarixinə, mədəniyyətinə,
ədəbiyyatına, ictimai-siyasi, fəlsəfi-estetik fikrinə
dair ensiklopedik bilik sahibi olması, zəngin mənbələr
əsasında dahi söz ustasının poetik irsini müxtəlif
yönlərdən yüksək elmi-nəzəri səviyyədə
araşdıraraq, Nizami şeirinin dərin qatlarına
nüfuz edə bilməsi əsərin uğurunu şərtləndirmiş
amillərdəndir.
Cildi nəşrə hazırlayanlar
filologiya elmləri doktoru Nikpur Cabbarlı,
elmi işçilər Aysel Əfəndiyeva, Lalə
Paşayeva, məsul redaktoru filologiya üzrə fəlsəfə
doktoru, dosent Zəhra Allahverdiyeva, redaktoru Hülya Cəbiyevadır.
Mətn
nəşrə hazırlanarkən
müəllifin dili və üslubu
saxlanılmış, ilk mənbədəki mətbəə
xətaları düzəldilmiş, bəlli olmayan səbəblərdən
tərcümə edilməmiş farsca bəzi mətnlərin
Azərbaycan dilinə sətri tərcüməsi
verilmişdir.
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.9.