O dünyada
cənnətliyəm birbaşa...
Musa Ələkbərli ayrılığına
ağı
Azərbaycan
ədəbiyyatının əvəzolunmaz nümayəndəsi,
şair Musa Ələkbərli 76 yaşında haqq
dünyasına qovuşdu. Məkanın uca olsun, ustad!
Onun 76 illik ömrünün 40
ildən çoxu bizim dostluğumuzun əhatəsində
keçib. İllərini onunla dostluq, yoldaşlıq
mühitində keçirəsən, üstəlik də, bu
adam şair ola, sən onu illərin o başından şair
kimi sevəsən, sonradan yoldaş olasan və indi də
haqqında danışasan... Bir az duyğuludu, bir az həzin
xatirələri var, ən əsası da, illərdir
poeziyasına vurğun olasan. Misralarını
addımbaşı xatırlayasan. Musa Ələkbərli mənim
üçün məhz belə bir doğmadır.
Musa Ələkbərli mənim
üçün məhz belə bir
doğma olub.
Bir adam bir şey
haqqında çox məlumatlı olanda, danışanda
karıxır. Karıxır ki, hardan başlasın, harda
qurtarsın. 90-ci illərdə Sabir adına Mərkəzi
şəhər kitabxanasında Musa Ələkbərlinin rəhbərlik
etdiyi "Pərvanə" ədəbi məclisinin yetirməsi
kimi də onun haqqında danışanda hardan
başlamalıyam? - sualı qarşısında adam bir az
karıxır. Ona görə ki, onun
yaradıcılığı, şəxsiyyəti, yaşam tərzi
haqqında istənilən məqamdan yapışıb
danışmaq olar.
Adam başdan-başa səmimiyyətdir,
sevgiyə bələnmişlərdəndir.
Onunla ünsiyyətdə olanda saflaşırsan, durulursan.
Çünki çoxlarından fərqli olaraq onun ürəyində
qeybətə yer yoxdur. Bütün yamanlardan, şərdən-xatadan
qoruna bilən şair təkcə o ülvi hissdən -
böyük sevgidən - qoruna bilmirdi.
O
hansı gözəldi heyran olduğum,
Gözündən, könlündən pünhan
olduğum,
Qorumur heç zaman qurban
olduğum,
Qorumur bu gözəl bəladan məni.
Musa
Ələkbərli bütün şeirlərinə,
xüsusilə, Vətən, torpaqla bağlı əsərlərinə
sözün şəhdini-şirəsini qoyur. Mən onun qədər
torpaq yanğısı haqqında şeirlər yazan şair
az tanıyıram. Hamısını da Yaradanın diktəsi
ilə yazır. Özü dediyi kimi:
Mən
kiməm ki, nə uydurum, nə yazım,
Tanrı
mənə söyləməsə
yazmaram.
Təbii
ki, Musa Ələkbərlini daha çox sevgi şairi kimi
sevmişik. Amma bir məqama burda hökmən toxunmaq
lazımdır. Biz onu, sadəcə, sevgi şairi kimi yox,
sözün böyük mənasında sevgi şairi kimi
sevmişik. Bütün yazılarını sevgi ilə yazan
şair kimi sevmişik. Tam səmimiyyətlə deyirəm,
Musa Ələkbərlinin ən ilahi sevgisi onun Vətənlə,
torpaqla bağlı şeirlərindədir.
Hələ Qarabağ savaşının
başladığı ilk illərdə
yazdığı şeirlərində Musa Ələkbərli
deyirdi:
Nə dərin
quyuya atıldı bu daş,
ATƏT-in
həmsədri dəyişdi
yenə.
Allahın yanına çıxsaq
da, qardaş,
Bu yolun son ucu
döyüşdü yenə.
Musa
Ələkbərli yaradıcılığında Qarabağ
həqiqətləri, Azərbaycan həqiqətləri
vaxtaşırı olaraq öz əksini tapırdı:
Yuvasından
perik düşən elim var,
Bu ocaqda kösöylənən
əlim var.
Bu dünyada bir şərəfli ölüm var -
Qarabağdı, Qarabağdı, Qarabağ!
"Vektor"nəşriyyatında
Elçin İsgəndərzadənin xeyirxahlığı ilə
çap olunan "Sən elə bir sevdasan ki"
kitabındakı şeirlərin yarıdan çoxunu Musa
müəllimin Vətən sevdalı, Qarabağ sevdalı
şeirləri təşkil edir.
Gəldiyi qənaət bu
idi ki, bu yurdun Mübariz kimi
oğulları var. Belə oğulların Vətəninin dilbər
guşəsi düşmənin soyuq nəzərləri
altında sıxıla bilməz. Necə ki, bunu illər
öncə demişdi:
Gözümdən-könlümdən
axan dolu var,
Yurdun Təbrizləşən neçə
qolu var...
Torpağı gedənin bircə
yolu var,
Yaşayıb ölmək yox,
ölüb yaşamaq.
Və
2020-ci ildə Azərbaycan ordusunun yazdığı şərəfli
tarix, 30 il düşmənin soyuq baxışları
altında inləyən torpaqlarımızın azad olması
Musa Ələkbərlinin də içindəki torpaq
ağrısının üstünə su səpdi.
Musa Ələkbərlinin torpaq,
Vətən ağrılı şeirlərində
sanki bir ardıcıllıq var. Şuşa sevincini, qələbə
sevincini bizə yaşatmaq üçün şəhidlik zirvəsinə
ucalan Xudayar kimi igidlərimizin fədakarlığı Musa
müəllimin şeirlərində ana xəttə çevrildi.
Qoy məndən
uzaqda göynəsin qələm,
Ocaqda qoymusan əlimi, oğul.
Nə desin, nə yazsın, neynəsin qələm,
Nəğmən öldürdüsə ölümü, oğul?!
M.Ələkbərlinin
poeziyası haqqında bir çox dəyərli qələm
adamları öz fikirlərini bildiriblər. Bu baxımdan
professor, millət vəkili, Azərbaycan Milli Elmlər
Akademiyasının müxbir üzvü Nizami Cəfərovun
fikirləri xüsusilə ibrətamizdir: "Musa Ələkbərli
daha çox sevgidən yazırdı... Ancaq bu sevgi "öz
içini yiyə-yiyə duran", yaxud "tərki-dünya
bir aşiqin subyektiv yaşantıları" deyildi, təbiətin
özü qədər təbii, mükəmməl bir kəndli
balasının yüz illər ərzində
formalaşmış mərdanə istəyi, kişiliyin zərif
məxluq qarşısındakı tarixi məsuliyyəti
idi".
Böyük şairimiz İlyas Tapdığın
Musa Ələkbərli poeziyası haqqında fikirləri də
çox maraqlıdır: "Dünyanın
ikiüzlülüyü, qismətlərin bərabərsizliyi
Musa Ələkbərlinin nifrət hədəfinə
çevrilir. Və onun istəyi, öz oxucusuna sözü nədir?
Mən nə
istəyirəm, qayğı bolluğu,
Daima çırpınan, göynəyən
ürək.
Var-dövlət sanıram bu yoxsulluğu,
Deyirəm, bəsimdir bir tikə çörək..."
...Bu da
Musa Ələkbərlinin halallıq içində bulunmuş
76 illik bir zaman kəsiyində tamamlanan ömrü. Bu zaman kəsiyində
Musa Ələkbərlinin qazancı - "Məndən
şeir istə", "Ürəyimin
işığında", "Bəlkə bir də
görüşdük", "Gözlərim yol çəkir",
"Aydanım - ay işığı", "Sevgi
bulağı", "Gözümdə ağlayan bulud",
"Dünya sevgidən doğulub", "Tanrı mənə
söyləməsə, yazmaram", "Gəlir
türkün səadəti", "Ata sevgisi",
"Ürəyimin qapısından keçənlər" və
"Sözün qiyaməti qopan yerdəyəm" adlı
kitabları, bir ailəlik sevgi dünyası, canından
artıq sevdiyi vətəni və sadiq oxucularıdır. Musa
müəllim bu qiymətli sərvəti atası, el şairi
olmuş Məlik müəllimin ocağında
aldığı saflığın, canındakı sevginin -
böyük sevginin gücünə toplayıb.
İstəyin
odur ki, dinməyə, susa,
Bu xəbər çatmaya elə-ulusa.
Elə arxayınsan, elə bil Musa,
Sən olan dünyaya bir də gələcək.
Musa
Ələkbərli o zirvədə elə qərar tutub ki,
heç bir də gəlməyə ehtiyac olmayacaq.
Çünki o zirvədən getmək yoxdur. Orda əbədilik
var. Neçə ki, bu dünya məhvərindən
çıxmayıb, onun kimi şairlərin sevilmək
haqqını heç kim əlindən ala bilməz. Şair
xoşbəxtliyi unudulmayan keçmişdədir.
Zamanından, yerindən asılı
olmayaraq harda Azərbaycan poeziyasından
söz düşsə, Musa Ələkbərlinin adı ordan
qırmızı xətlə keçəcək.
Məkanın cənnət olsun,
ustad!
Vasif SÜLEYMAN
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.13.