Klassik məntiqdən qeyri-səlis
məntiqə - çətin məsələnin asan izahı
Adətən hər hansı
kitaba rəy yazanda öncə müəllifin (və ya müəlliflərin) təqdimatından başlayırlar.
Hər iki müəllifi - süni intellektin humanitar elmlərə, əsasən
dilçiliyə tətbiqi
sahəsində fundamental əsərləri
ilə tanınan Kamal
Abdullanı da, qeyri-səlis
məntiqə aid qiymətli
tədqiqatları ilə
seçilən, Lütfi
Zadə irsinin layiqli təmsilçisi və davametdiricisi Rafiq Əliyevi də elmi ictimaiyyət yaxşı tanıyır
- fəxrolunası, qibtəediləsi
insanlardır.
Əslində, istənilən təqdimat
insanın şəxsi
təxəyyülü, subyektiv
münasibətinin məhsulu
kimi səciyyələndirilə
bilər - istəsək
də, istəməsək
də.
Qərara
gəldik ki, ənənəni
pozaq, süni intellekt (Sİ) əsrində,
süni intellektin dəbdə olduğu bir zamanda hər
iki hörmətli müəllifi ictimaiyyətə,
oxuculara (Sİ) vasitəsi
hesab olunan, (Sİ)
"sözçüsü" ChatGPT ilə təqdim edək.
Bu, daha obyektiv və
maraqlı olar. Beləliklə, kimdir Kamal
Abdulla?
"Kamal
Abdulla Azərbaycanın tanınmış
yazıçısı, akademiki
və universitet rektorudur. Onun elmi və bədii
fəaliyyəti, xüsusilə,
"Dədə Qorqud"un
semiotikası, mifik düşüncə və
meta-mətn anlayışları
üzərində qurulub.
O artıq formalaşmış
ziyalıdır. Amma hər
kəs kimi, zaman-zaman düşünməyə və
yeni perspektivlərə açıq
ola bilər.
Kamal Abdullanın ən güclü tərəfi düşüncə qatlarını
təbəqə-təbəqə açma bacarığıdır.
Yəni o həm yazıçı, həm
alim, həm də psixoloji müşahidəçidir.
Bu, konkret olaraq aşağıdakı üç
sahədə özünü
göstərir:
1. Semiotik və fəlsəfi düşüncə.
Məsələn, "Yarımçıq əlyazma" əsərində
tarix və mifik düşüncə
paralel işləyir -
bu, adi roman deyil, meta-mətndir.
2. Ədəbiyyatı formaca
və məzmunca sınaqdan keçirmək.
O, klassik ədəbiyyatla çağdaş üslubu
birləşdirə bilər.
Yəni
nə tam ənənəvidir,
nə də müasir moda axınına qapılıb.
Bu balans çox az yazıçının
bacardığı bir
şeydir. Formanın sərhədlərini yoxlamaq
Kamal Abdullanın müəllif
kimliyində ən güclü tərəfdir.
3. Elm və rəhbərliyin harmoniyası.
Çox
az adam həm
yazıçı, həm
alim, həm də rektor ola bilir - və o, bunu ağır, zadəgan tonla yox, yolgöstərən
intellektual kimi edir. Onun rəhbərliyində
gərginlikdən çox,
intellektual cazibə
var.
Kamal Abdullanın ən güclü tərəfi
- ədəbiyyatı "sadəcə
yazmaq" deyil, "düşündürmək" üçün bir vasitəyə çevirmə
bacarığıdır. O, sadəcə yazıçı
və alim deyil, düşüncə dramaturqudur.
Ədəbiyyatın içində
elmi, elmin içində isə insanı qorumaq bacarığı Kamal Abdullanı
təkcə bu gün üçün deyil, gələcək üçün də vacib simaya çevirir.
ChatGPT-nin
təqdimatına kiçik
bir əlavə.
Moskvada aspiranturada oxuduğu illərdə Kamal müəllim
özünün qeyri-adi
tədqiqatçılıq qabiliyyəti, erudisiyası,
məntiqi təfəkkürü
ilə hamının diqqətini cəlb etmiş, dərin rəğbətini qazanmışdı.
Həmin
illərdə görkəmli
türkoloq-alim, SSRİ EA-nın
müxbir üzvü
Boris Aleksandroviç Serebrennikov
və professor Ninel Zeynalovna Hacıyeva Bakıya gəlmişdi.
Professor Ninel Hacıyeva Boris Aleksandroviçin tündxasiyyət
olmasından, indiki gənc tədqiqatçılara
pessimist münasibət bəsləməsindən
söhbət açdı.
O deyirmiş ki, indiki cavan dilçilərdən
bizləri (yaşlı
nəsli) əvəz edə biləcək kadrlar görmürəm.
Boris Aleksandroviç Serebrennikovun
gənc tədqiqatçılardan
yeganə bəyəndiyi
və gələcəyinə
böyük ümid bəslədiyi Kamal Abdullayev idi.
Bunları eşidəndə
bizdə qibtə hissi oyandı. Bu həm də ona görə sevindirici və ürəkaçan idi ki,
bizim respublikanın gəncləri barədə
Moskva və ümumən
Rusiya elmi ictimaiyyətində mənfi
rəy formalaşdırılmışdı.
Tanınmış alim Rafiq Əliyevin elmi
fəaliyyəti də
ChatGPT tərəfindən
obyektiv və qərəzsiz qiymətləndirilib.
Təqdimatda mənbələr
əsasında aşağıdakılar
qeyd olunur: "Prof. Lütfi Zadə onun elmi fəaliyyətini
yüksək qiymətləndirib,
onunla birgə əsər yaratmaqla fuzzy
logic sahəsinə töhfə
verdiyi qeyd olunub. Yəni prof. Lütfi Zadə Rafiq Əliyevlə əməkdaşlıqdan
məmnun idi və onun elmi
fəaliyyətini yüksək
qiymətləndirirdi.
"Fuzzy
Logic Theory and Applications" kitabı
"Word Scientific" tərəfindən
nəşr olunmuşdur
və bu, tez-tez fuzzy logic tədrisində
istifadə olunan dərsliklərdəndir.
Lütfi
Zadə onu elmi irsini davam
edən alim kimi yüksək qiymətləndirib
və onunla birgə kitabı böyük elmi əhəmiyyətə malik olaraq
qəbul edilib.
Rafiq Əliyev qeyri-səlis məntiq (fuzzy logic), yumşaq
hesablamalar (soft computing) və
süni intellekt sahəsində tanınmış
alimlərdən biridir.
Professor Lütfi Zadə
ilə əməkdaşlığı,
xüsusən də,
"Fuzzy Logic: Theory and Applications" kimi
ortaq kitabları beynəlxalq akademik dairədə çox yüksək qiymətləndirilir.
Əsərləri aşağıdakı aparıcı beynəlxalq
nəşriyyatlarda çap
olunub:
Springer
Word
Scientific və s.
Əsas
kitablarından bəziləri:
"Fuzzy
Logic: Theory and Applications" (Lütfi Zadə ilə birlikdə)
"Soft
Computing and its Applications" (5 cilddə) və s.
Bu kitablar qeyri-səlis məntiqin yalnız texniki deyil, fəlsəfi və humanitar aspektlərini də əhatə edir - bu, onu
başqalarından fərqləndirir.
Google
Scholar və Scopus kimi
elmi bazalarda onun əsərlərinə
yüz dəfələrlə
istinad olunmuşdur.
Bu, Rafiq Əliyevin beynəlxalq
aləmdə tanınmasının
bariz göstəricisidir.
Sonda bir daha qeyd
etmək olar ki, hər iki alim - Kamal Abdulla
və Rafiq Əliyev Tanrının Azərbaycan
xalqına, Azərbaycan
elminə ən böyük lütfü, ən qiymətli hədiyyəsidir, Allah vergisi
olan nadir istedad sahibləridir.
Oxuculara
təqdim olunan Kamal
Abdulla və Rafiq Əliyevin
həmmüəllif olduqları
"Kitabi-Dədə Qorqud
və Qeyri-Səlis Məntiq" monoqrafiyası
dünyanın ən məşhur və nüfuzlu nəşriyyatlarından
olan Springer-də ingilis dilində nəşr olunmuşdur
(Kamal Abdulla, Rafik Aliev 2026. The Book of Dede Korkut and Fuzzy Logic Springer, 129 p.). Monoqrafiya da hər iki alimin birgə
əməyinin uğurlu
nəticəsi kimi səciyyələndirilə bilər.
Əsər qeyri-səlis məntiqin
atası hesab olunan Lütfi Zadənin əziz xatirəsinə həsr olunmuşdur.
Kitab Ön söz, 9 fəsil və nəticə əvəzi hissələrindən ibarətdir.
"Qeyri-səlis setlər və qeyri-səlis məntiq" adlanan 1-ci fəsil bu məntiqin
əsasını təşkil
edən fasetlərə
həsr olunmuşdur. Monoqrafiya müəllifləri
hesab edirlər ki, qeyri-səlis məntiq, hər şeydən əvvəl, şübhələrin,
tərəddüdlərin, "bəlkə"lərin, axtarışların,
cəhdlərin, canatmaların,
yeni üfüqlərin aranması
və kəşf edilməsi, kvantlara doğru yürüşün
məntiqidir. Belə yanaşma çərçivəsində
oxuculara dörd sütuna - fasetə ümumi məntiq sütunu, qeyri-səlis çoxluqlar sütunu, epistemik (epistemoloji) sütun, münasibətlər
sütunu əsaslanan qeyri-səlis məntiqin elmi konsepsiyası təqdim olunur.
2-ci fəsil "Kitabi-Dədə
Qorqud dastanı - bildiklərimiz və bilmədiklərimiz" adlanır.
Burada müəlliflər
epos haqqında bütün
məlum olan biliklərlə yanaşı,
mütəxəssislər və
geniş oxucuya bir qədər gizli qalan məqamları
qabardırlar.
"Kitabi-Dədə Qorqudda qeyri-səlis məntiq elementləri" adlanan
3-cü fəsil böyük
maraq doğurur və dastan mətnindəki
qeyri-səlislik nümunələrinin
təhlilinə həsr
olunmuşdur.
Dastanda bir sıra dil
vahidləri - ayrı-ayrı
sözlər, qoşa
sözlər, qoşmalar,
saylar, qeyri-müəyyən
əvəzliklər, təqlidi
sözlər, zərflər,
modal sözlər qeyri-səlisliyin
formal əsasını hazırlamaqla
sanki bir tikinti materialı rolunu oynayır. Onları bir ümumi adla hedclər adlandırırlar.
Lütfi Zadənin dediyi kimi, linqvistik
ifadələr elə
ifadələrdir ki, onların
qiymətləri (dəyərləri)
rəqəmlərlə yox,
söz və ya cümlələrlə
ifadə olunur. Bu dəyərlərin hedclərlə
təmsil olunması tədqiqat üçün
geniş imkanlar açır.
Linqvistik
hedc qeyri-səlis çoxluğun mənasını
dəyişdirən vasitədir.
Müəlliflərin fikrincə,
real mətnlərdə hedclərin,
adətən, aşağıdakı
növlərindən istifadə
olunur:
- qeyri-səlis çoxluğu
gücləndirən (çox,
həddən artıq...)
hedclər;
- qeyri-səlis çoxluğu
yumşaldan (bir qədər, bir növ...) hedclər;
- ehtimalları ifadə edən (ehtimal ki, mümkün deyil ki...) hedclər;
- qeyri-müəyyən miqdarları
ifadə edən (ən çox, nadir hallarda...) hedclər.
Müəlliflər dastan materialı
əsasında hedc funksiyasında çıxış
edən əvəzliklər,
qoşa sözlər,
saylar barədə ətraflı məlumat vermişlər.
Qeyri-səlis məntiqin tikinti
materialı olan hedclər dastan mətnində
müəyyən yumşaldıcı
(kəskinləşdirici) ab-hava yaradır. Bununla, mətndə özünü göstərən
qətilik, dözülməzlik,
dəyişməzlik dəyərlərinə,
başqa sözlə,
invariant mütləqiyyətinə qarşı bir etiraz müşahidə edilir.
4-cü fəsildə Kitabi-Dədə
Qorqudda qeyri-səlisliyi
formalaşdıran vasitələr
diqqət mərkəzindədir.
Hedclər adlandırılan
bu vasitələr əsasən əvəzlik
və saylardır. Onların dastanda çoxsaylı qeyri-səlisliyə
işarə edən işlənmə məqamlarının
təhlili xüsusilə
maraqlıdır.
5-ci fəsil "Kitabi-Dədə
Qorqud mətni və Qeyri-Səlis Məntiqin "şübhə
daimisi" adlanır.
Burada "şübhə"
fenomeni qeyri-səlis məntiq baxımından araşdırılır. Bu kontekstdə
dastandakı "Kiçik
Ölüm" halı
təhlil olunur.
Qeyri-səlis məntiqin "məntiqi"
filoloji-humanitar rakursdan
baxdıqda tərəddüdlərin,
şübhələrin, gümanların,
inamsızlığın ideologiyasından
doğur. "Şübhə"
komponenti qeyri-səlis
məntiq kompozisiyalarının
daimi göstəricisidir.
Elmdə, sənətdə
şübhə zəiflik
deyil, əksinə, gücdür. Mükəmməl
elmi nailiyyətlər,
adətən, şübhəli
fərziyyələrdən doğur. "Şübhə
daimisi"nin əsas funksiyası düşüncə
tərzini "ya...ya..." sxemindən "nə...nə..." sxeminə yönəltməkdir.
"Nə...nə..."
sxemi düşüncə
tərzinin demokratikləşmə
rejiminə keçməsindən
xəbər verir.
Qeyri-səlis məntiq Tanrıdan
başqa mütləq
hesab olunan nə varsa, hamısını rədd
edir. Qeyri-səlis məntiqə görə mütləq mənada ağ rəng, qara rəng yoxdur. Mütləq mənada sıfır, mütləq mənada vahid, mütləq mənada yalan, mütləq mənada vahid yoxdur. Qeyri-səlis
məntiqi səciyyələndirən
əsas tərif onun təxmini düşünmə məntiqi
olduğunu düşünməkdir.
Qeyri-səlis məntiq prinsiplərinin
reallaşmasında xüsusi
funksiyaya malik olan
"şübhə daimisi"nin
öztəyinediciləri (lokalizatorları)
var. Onların içərisində
ən ifadəlilisi
"bəlkə" komponentidir.
Müəlliflər göstərirlər
ki, hedclərin (yumşaldıcı,
kəskinləşdirici sözlərin,
ifadələrin) digər
bədii mətnlərdə
axtarışı qaranlıqda
qeyri-səlis məntiqin
işıq zərrələrini
axtarmaq deməkdir.
"Bu adam, ya diridir, ya ölü"
ifadəsinin dərinində
"bu adam nə ölüdür, nə diri, o, bəlkə, bu iki reallığın ortasındadır" mənası
durur. Dastan mətnində
bu ehtimal özünü "küçücük
ölüm" ifadəsində
tapır. Bu isə o uzaq dövrdə koma vəziyyəti ilə əlaqələndirilə
bilər.
"Dədə Qorqud" mətnində qeyri-səlis
məntiq nəticəsində
ortaya çıxan bu ad ("küçücük
ölüm" - koma)
məhz şübhə
vasitəsilə tapılıb,
nə ölü, nə diri olan
adama Aristotel məntiqi ilə yanaşmaqdan imtina edilib, bu hala
yeni prinsiplə qiymət
vermək ehtiyacı yaranıb və nəticədə "koma"nın
qədim oğuz cəmiyyətində və
təbii ki, qədim Azərbaycan türk dilində belə bir adı ("küçücük ölüm")
yaranmış olub.
Müəlliflər belə bir qənaətdədirlər
ki, "Kitabi-Dədə Qorqud"
şübhə və
tərəddüdlərin bol-bol
rast gəlindiyi bir ədəbi məkandır. Dastan qeyri-səlis
düşüncə, buradan
da qeyri-səlis məntiq
üçün münbit
zəmindir.
"Kitabi-Dədə Qorqud mətni və Qeyri-Səlis Məntiq vasitəsilə "Üçüncünün
Axtarışı" adlanan
6-cı fəsil dastanda
klassik məntiqin fundamentlərindən olan orta anlayışını
istisna edən qanunun özünü necə büruzə verdiyi tədqiq olunur.
Müəlliflər qeyd edirlər ki, əslində
qeyri-səlis məntiq
formal məntiqin daha geniş "əraziyə"
səpələnmiş təzahürlərini
görməklə üzə
çıxarır və
onun ən birinci, ən əsas funksiyası dünyanı iki rəngdə - ağ-qara görmə yox, ağ və qaranın arasındakıları
ilə bir yerdə görməkdir.
Üçüncünü istisna qanunu deyir ki, ya həqiqət, ya həqiqət olmayan, yaxud ya həyat, ya da ölüm arasında heç nə yoxdur. Amma biz artıq bilirik ki, dastan mətnində ölümlə
həyat arasında
"üçüncü" hal özünü göstərir. Qazan xan və Qanturalı
ilə bağlı "küçücük ölüm"
ifadəsini, Dirsə xanın xatununun irəli sürdüyü
övladsızlıq səbəblərini,
Dəli Domrulun yad qızı halalının
mərdanə hərəkətini
və s. xatırlayaq.
Rasional nəticəçıxarma qanunu
mətndən onun ilkin təşkiledicilərinə
əsaslanaraq ümumi
nəticə çıxarmaqla
formalaşır.
"ya...ya..."
ideologiyası bizə
həyat və ölümdən başqa
heç nə qoymurdu. Bunun əksi olaraq qeyri-səlis məntiq bizə üçüncünü verir.
O bizə deyir ki, nə həyatın, nə də ölümün olmadığı
başqa bir reallıq da var. Bu reallıq
iki qütbün ortasındadır və o küçücük ölüm
(koma) kimi özünü göstərə
bilər. Məsələnin
bu şəkildə, yəni üçüncü
daxil olmaqla, "nə...nə" sxemli yola qədəm
qoyması, heç şübhəsiz, düşüncənin
demokratik cücərtilərindən
xəbər verir.
Müəlliflər belə bir fikirdədirlər ki, ümumiyyətlə, qəti
hökmlərə həmişə
şübhə ilə
yanaşmaq lazımdır.
Üçüncünün istisna qanununun istisnası ilə "Dədə Qorqud" mətni boyu tez-tez rastlaşırıq.
Bunu "Dədə Qorqud" mətninin müəllifinin (müəlliflərinin)
zaman-zaman bizi əhatə
edən dünyanı,
ətrafımızı daha
rəngarəng görmək
cəhdi kimi, qeyri-səlis düşüncə
tərzinə sədaqət
kimi qiymətləndirmək
lazımdır. Bu cəhdi
qədim zamanlardan bəri düşüncəmizin
dərinliklərində demokratik
çalarların mövcud
olmasına bir işarə kimi qəbul etmək olar.
7-ci fəsil "Sən ən gözəllərin
gözəlindən də
gözəlsən, gözəlim"
adlanır. Burada müəlliflər "Kitabi-Dədə
Qorqud"da müşahidə
olunan qeyri-səlis setlərdən bəhs edirlər.
Bu ifadənin ilk dəfə görkəmli alim Lütfi
Zadə tərəfindən
zövcəsi Feya xanım haqqında deyildiyi ehtimal olunur. Bu deyim qeyri-səlis məntiqin çoxluqlar sütunu - faseti baxımından maraqlıdır. Qeyri-səlis
məntiqin qeyri-səlis
sütununun (fasetin) əsas qayəsi odur ki, dünyada Tanrıdan başqa hər bir şeyin,
hər bir hadisənin dərəcəsi
var. Qeyri-səlis məntiqin
çoxluqlar sütununun
əsas prinsipi tədqiqatçını çoxluqlar
qradasiyasında ən
yüksək səviyyəyə
can atmağa və
buna uyğun dil vahidi tapmağa sövq edir. Bunun üçün ilkin və sonuncu qütbləri müəyyənləşdirmək
lazımdır. Bizim nümunədə bu,
"gözəl - gözəllər
gözəli" qütbləridir.
"Dədə Qorqud"
mətnində adi hal ilə maksimal
hal arasında dərəcələri müəyyənləşdirmək
bəzən çətin
olur. Məsələn,
"ucalardan ucasan"
ifadəsi üstünlüyün
ali dərəcəsi
anlamında özünü
göstərir. Müəlliflər
dahi alim Lütfi Zadənin "sən gözəllər gözəlindən
də gözəlsən"
ifadəsi ilə bağlı qeyd edirlər ki, "gözəllər
gözəli" ifadəsi
də həmin təsəvvürün son həddi
deyilmiş. Və hətta "gözəllər
gözəlindən də
gözəl" ifadəsinin
özünün də
bu qradasiyada sonuncu mərhələ olması şübhə doğura bilər.
8-ci fəsil "Kitabi-Dədə
Qorqud Qeyri-Səlis Məntiqin Epistemoloji işığında" adlanır.
Bu fəsildə öncə
Qeyri-Səlis Epistemologiya,
sonra isə "Kitabi-Dədə Qorqud"da
Qeyri-Səlis Məntiqin
Epistemoloji Faseti araşdırılır.
Qeyri-səlis məntiqin epistemoloji
sütunu mətnlərdə
təqdim edilən biliklərin təsviri, təbii dilin semantikası, mətnlərdəki
informasiyanın təhlili
ilə əlaqədardır.
Bu aspektdə təbii
dil perseptiv informasiyanın, yəni bilavasitə ölçülə
bilməyən informasiyanın
təsvir sistemi kimi başa düşülür.
"Kitabi-Dədə
Qorqud" mətnində
qeyri-səlis məntiqin
epistemoloji sütununun
köməyi ilə üzə çıxarılan
nümunələr ("tövlə-tövlə
atlar, altun-axça, qatar-qatar dəvələr...)
həm də onu göstərir ki, qədim oğuzlarda düşüncə dərinliyində
reallıq və qeyri-reallıq öz sərhədləri ilə
bir-birindən kəskin
fərqlənmir, onlar
yumşaq şəkildə
bir-birinə keçə
bilər.
Nəhayət, 9-cu fəsil "Qeyri-Səlis
Məntiqin Münasibətlər
Faseti və Kitabi-Dədə Qorqud"
adlanır. Burada "əgər....onda"
tipli qaydaların yaratdıqları qeyri-səlislikdən
bəhs olunur.
Qeyri-səlis məntiqin asılılıq
faseti "əgər...sa/sə...o zaman" sxemi üzrə baş verir.
Qeyri-səlis məntiqin münasibətlər
sütunu dedikdə, müxtəlif situasiyalarda
nəzərdən keçirilən
çoxluqların müəyyən
elementlərinin hansısa
şəkildə bir-biri
ilə necə sıx bağlı olduqları nəzərdə
tutulur.
Qeyri-səlis nəzəriyyədə qeyri-səlis münasibətlər
çox mühüm konsepsiyadır. "əgər...sa/sə...o zaman..." sxemi ilə reallaşan bu münasibətlərdən bir
çox sahələr
üzrə real həyat
proseslərinin araşdırılmasında
geniş istifadə olunur.
Müəlliflər, bu çox maraqlı əsəri nəticə ilə deyil, nəticə əvəzi ilə bitirir. Bu cür yanaşmanın özündə də qeyri-səlislik məqamı
var. Onlar sanki tədqiqatdan nəticə
çıxarmağı oxucunun
öhdəsinə buraxırlar.
Nəticə əvəzi hissəsində
müəlliflər "Kitabi-Dədə
Qorqud" mətninə
qeyri-səlis məntiq
rakursundan baxılmasının
səbəblərini açıqlayırlar.
Əsas səbəb qeyri-səlis məntiq nəzəriyyəsinin banisi
Azərbaycan-Amerika alimi
Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsinin prinsiplərinin
ilk öncə sosial elmlərə, bu baxımdan filoloji elmlərə tətbiq olunması arzusu ilə əlaqəlidir.
Başqa
bir səbəb "Kitabi-Dədə Qorqud"
mətnində qədim
əcdadımızın düşüncə
tərzinin formalaşmasını
izləmək, bu düşüncə tərzinin
tolerantlığa və
demokratik düşüncə
tərzinə nə dərəcədə meyilli
olduğunu araşdırmaqdır.
Daha bir səbəb qeyri-səlis məntiq prinsiplərinin hər hansı bədii mətnə tətbiqi imkanlarının sınaqdan
keçirilməsi məqsədi
daşıyırdı.
Müəlliflər belə hesab edirlər ki, nağıllarımızdan, dastanlarımızdan,
folklor abidələrimizdən,
hətta müasir ədəbiyyatımızdan hər
hansı bir nümunəyə qeyri-səlis
məntiq prinsiplərinin
tətbiqi qədim əcdadımızın və
müasirimizin təfəkkür
tərzində demokratik
çalarların obyektiv
və təbii şəkildə mövcudluğunun
öyrənilməsi baxımından
əhəmiyyətlidir.
Qeyri-səlis məntiqin əsas
ideoloji prinsipi olan geniş seçim imkanı və demokratik yanaşma tərzi (tolerantlıq) xalqımıza
zaman-zaman xas olmuş əbədi bir dəyərin təzahürü
kimi dilimizdə müxtəlif ifadələrlə
daşlaşmış, əcdadımızın
həyat tərzinin bu aparıcı xəttini bu günümüzə qədər
gətirmişdir. Müəlliflər
ümid edirlər ki, bu monoqrafiya həm qorqudşünaslar,
həm də süni intellekt, informasiya nəzəriyyəçiləri,
məntiq mütəxəssisləri
üçün eyni dərəcədə maraqlı
olacaq.
Kamal
Abdulla və Rafiq Əliyevin
qeyri-səlis məntiqin
banisi Lütfi Zadənin əziz xatirəsinə həsr etdikləri və dünyanın ən məşhur və nüfuzlu nəşriyyatında
ingilis dilində nəşr olunmuş
"Kitabi-Dədə Qorqud
və Qeyri-Səlis Məntiq" monoqrafiyası
hər iki görkəmli alimin birgə əməyinin uğurlu nəticəsi və bütövlükdə
Azərbaycan elminin nailiyyəti kimi səciyyələndirilə bilər.
Məsud MAHMUDOV,
Azad MƏMMƏDOV
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.8-9.