Qoca Şəkinin gənclik ruhlu
şair oğlu - Qoca Xalid...
Qoca Xalidlə cəmi bircə dəfə görüşdüm...
Qoca Şəkiyə hər gedişimdə olduğu kimi, yenə də əvvəlcə "Ata ocağım"a - Papaqçı Əlövsət kişinin - Əlövsət İslamovun Vərəzət kəndindəki geniş həyətli yurduna baş çəkdim. Bundan bir qərinə - tam 33 il öncə - 1993-də Şəkiyə ikinci səfərim zamanı rəhmətlik Əlövsət əmi, cənnətməkan Humay ana, qardaşım Rasim ilə o geniş həyətə iki ağac əkmişdik. Doğulub böyüdüyüm doğma Ordubadın Üstüpü kəndindəki həyətimizdən rəhmətlik atam Murad müəllimin seçib verdiyi cəviz tingləri Şəkidəki "yeni yerlərini sevmiş", ikisi də yurd sahiblərinin özəl sevgi və qayğılarıyla böyüyüb qocaman ağac olmuşdu... 1993-2013 arasındakı 20 il boyunca o doğma yurda heç addım da qoya bilməmiş, bu əsgər ağacların 20 yaşına dəyərli dostlarım - Şəmil Sadiq, Fikrət Hüseynli, Famil İsayev və Bəhruz Mehdiyev ilə birlikdə getmiş, o ağaclarla da, o yurdun sahibləri olan ağsaqqal Əlövsət ata, ağbirçək Humay ana və Rasim qardaşımla qucaqlaşıb ağlaşmışdıq... Cəviz ağaclarının 21 yaşında isə o yurdda ağsaqqal və ağbirçəyimizin ruhları dolaşırdı... Dostum Şəmil Sadiq və tələbəm Duyğu Oruc bu "qucaqlaşma"ları bir esse ilə bir şeirdə dilə gətirmiş və ədəbiyyatın da yaddaşına yazmışlardı...
Bunları məndən dinlədiyi vaxt heyrətini "Vay bə!" nidası ilə ifadə edib gözləri yaşaran Qoca Xalid haqqındakı bu yazıya belə uzaqdan və "ağac söhbəti" ilə başlamağım təsadüf deyil...
2025-ci ilin 16 avqustunda Qoca Şəkiyə növbəti - səhv etmirəmsə, yeddinci səfərimi etmiş, bu dəfə böyük şairimiz Bəxtiyar Vahabzadənin 100 illiyi münasibətilə getmişdim. Elə Qoca Xalid ilə burada - Bəxtiyarın dünyaya gəlib uşaqlıq illərini keçirdiyi evin cənnətdən bir parça olan həyətində görüşdüm. Bizi tanış edən isə dəyərli ablamız, folklor araşdırmaçısı, alim, şair, jurnalist... Qiymət Məhərrəmli idi. Sazlı-sözlü tədbir boyunca yan-yana oturduğumuz bu xoşsöhbət kişi - çəkik gözlü Qarluq-Qıpçaq qardaşlarımıza - hətta özbək alimi, araşdırmaçı jurnalisti Tahir Kahhara oxşayan Qoca Xalid - Həz.Füzulinin ifadəsiylə "dediklərincə var imiş".
Şair-tərcüməçi Qoca Xalidin təbiət vurğunu pastoral bir şair olması - rəhmətlik Musa Yaqub, tənqidçi Sabir Bəşirov, səlamətlik Ramiz Qusarçaylı, Aydın Murovdağlı kimi söz ustalarımızın şəhərdənsə kənddə yaşamağı seçdikləri kimi - öncəliklə, onun doğulub böyüdüyü yurdda yaşamasından da bəllidir. Doğma təbiətlə iç-içəlik, yovşan və kövşən iyli şeirlər yazan şairin öz seçimidir:
Boyu balacadı sətrinə görə,
Bununçün kiməsə bir işi düşməz.
Mənim şeirlərim ətrinə görə -
Heç kəsin şeirilə dəyişik düşməz;
kövşən iyi gəlir şeirlərimdən.
"Şeir - şairin yolu" olduğundan onun hər misrası özüdür həm də. Özündən narazılar - özünə arxayın olanlardır. Gözü-könlü tox şair - biz kiçik adamlar olduğumuzdan böyüklərə işimiz düşməz. Özümüzdən-sözümüzdən kövşən iyi gələr. Bu iy, bu qoxu isə bahalı parfümlər kimi süni-kimyəvi deyil, təbii qoxudur, təbiətin öz qoxusudur. Yarandığımız, üzərində yaşadığımız və ölüncə də dəfn edildiyimiz torpağın qoxusudur. Burada sanki Çingiz Əlioğlunun:
Kənddə doğulmuşuq, nəyi gizlədək,
Bizim ki təmizdir hər niyyətimiz.
Köhnə daxmaların tirləri kimi
Bir az da köntöydür xasiyyətimiz
- misralarını eşitmiş kimi oluruq.
Eyni şeirin başqa bir bəndində isə Qoca Xalid deyir:
Kəsir qabağımı küləklər bəzən,
Saçımdan yapışır, dizimə döyür.
İş elə gətirib sevdiyim gözəl
Şeirimi oxuyub gözünü döyür;
kövşən iyi gəlir şeirlərimdən.
Şeirin bu bəndindən Səməd Qaraçöpün də səsi gəlir:
Vermişəm azımı, çoxumu, neynim,
Vermişəm varımı, yoxumu, neynim?!
Bir qızın eşqinə yazırdım səni...
O da yazdığımı oxumur,
neynim,
Nəyimə lazımsan şeir,
ay şeir?!
Burada Səməd Qaraçöp
sanki Qoca Xaliddən daha şanslı, Qoca Xalid isə Səməddən daha mutsuzdur, çünki Səmədin sevdiyi qız şeiri oxumamaqda dirənir, oxusa anlayacaqdır. Qoca Xalid isə
qəhrəmanına kövşən
qoxan şeirini oxutmasına baxmayaraq, ona heç nə anlada bilmir...
Qoca Xalidin adsız şeirlərindən birində
belə bir bənd var:
Bütün səfərlərdən məni az qala
Həmişə saxlayar torpağa
sevgim.
Ömrüm tükənsə də,
tükənməz qalar
Ağaca,
budağa, yarpağa sevgim...
Dördlüyün ilk iki misrası
mənə 2008-ci ildə
Krımda şahid olduğum bir hadisəni xatırlatdı:
18 may 1944-dən bəri Özbəkistana...
sürgün edilən
on minlərlə türk
ailələrdən birinin
balası olan Nəriman 1990-ların başında
Özbəkistandakı böyük
ev-eşiyini buraxıb
Krıma gəlmiş,
ailəsiylə birlikdə
çadır qurub vətəndə yaşamağı,
bir neçə il bu şəkildə yaşamağı tərcih
etmişdi. Onu Türkiyə və Kıbrısda düzənlənəcək
olan iki nüfuzlu konqresə dəvət etdiyimizdə isə, təşəkkür
edib gələ bilməyəcəyini söyləmiş,
səbəbini soruşduqda
gözlərimizi yaşardan
bir cavab vermişdi: "Mən iki-üç gün Krımsız necə qalaram orada?!"
Krımlı Nərimanın sözləri
ilə şəkili Qoca Xalidin:
Bütün səfərlərdən məni az qala
Həmişə saxlayar torpağa
sevgim
- sözləri isə türkün tükənməz
vətən sevgisidir.
Qoca Xalidin eyni bənddəki
digər misraları isə sanki onun fiziki ömrünün
tükəndiyi dünən
və kövşən
iyli ana torpaqla qucaqlaşıb sonsuza qədər bu iyi burnuna çəkəcəyinin
başlanğıcı olan
bu günü anladıb:
Ömrüm tükənsə də,
tükənməz qalar
Ağaca,
budağa, yarpağa sevgim...
Ey qədim Şəkinin gənclik ruhlu şair oğlu Qoca Xalid!
Sənin
bütün "kövşən
iyli" sözlərin
və Şəkinin şair qızı Qiymət Məhərrəmlinin
"Sonbahar çiçəkləri"
adlı şeirlər
kitabının redaktoru
və Ön söz müəllifi olaraq yazdığın aşağıdakı sözlər
də sənin şəxsində olduqca ciddi, böyük bir söz adamını
Vətən torpağına
verdiyimizin sübutudur:
Elin aşığıyam
mən,
Əli aşağıyam mən.
Ana uşağıyam mən,
Özün ol yiyəm, Vətən!
Şeirdə Vətən boğazdan
yuxarı uzun-uzadı
təriflənmir; Vətənin
müqəddəsliyi, möhtəşəmliyi,
məhrəmliyi olduqca
yığcam şəkildə
və orijinal poetik deyimlə çatdırılır. "Əli
aşağı", "ana uşağı" ifadələri
ilə bədii dilin gözəlliyi obrazlar sisteminin predmeti kimi ehtiva
olunur, şəxsi kədərin ümumxalq kədərinin tərkib hissəsi kimi mühitdən gəldiyinə
işarə edilir. İnsanlarda elin aşıqlarının da (burada
- şairin, qələm
adamının - Q.X.), əli
aşağıların da, ana uşaqlarının da dərdinə
şərik "Vətən"
adlı bir müqəddəs ünvanın
olduğuna inam yaradır..."
Bütün dəyərli ömrünü,
şairlik taleyini doğulub boya-başa çatdığı Şəkinin
Kiçik Dəhnə
kəndinə bağlayan,
varlığını öz
müqəddəs dədə-baba
yurdundan bircə an da olsa, ayrı təsəvvür etməyən
Vətən ünvanlı
şairimizi kövşən
ətirli müqəddəs
torpaq qəfildən öz qoynuna çəkdi.
Ruhun şad, yerin-yurdun Cənnət olsun, ey Qoca Xalid...
Xaliqin dərgahına xoş gəldin.
Qəzan
mübarək olsun!
Nazim
MURADOV
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, ¹6.- S.17.