Firudin Qurbansoyun
"Müşfiqnamə"
toplusu
Xalqımızın böyük məhəbbətlə qəlbinin
sarı simində əzizləyib yaşatdığı
şair övladı Mikayıl Müşfiqə
həsr olunmuş söz sənəti nümunələri, xatirələr
və elmi məqalələrdən cildlərlə
toplular tərtib etmək olar. Belə toplulardan ilkini tanınmış ədəbiyyatşünas alim, yazıçı, dramaturq
və astroloq Hacı Firudin Qurbansoy öz əsərlərindən ibarət
"Müşfiqnamə" adı ilə çap etdirmişdir (Bakı, 2025, 464 səh.). Topluda müəllifin illər ərzində sevimli şairin həyat və yaradıcılığından təsirlənib qələmə
aldığı şeir,
hekayə, povest, roman,
pyes, kino-ssenari, elmi məqalələr və şairin atası Mirzə Əbdül Qadir Vüsaqi
haqqında monoqrafiya cəm olunmuşdur. Əsərlərin növ,
janr, üslub rəngarəngliyi müəllifin
yaradıcılıq diapozonunun
əhatəliliyinə dəlalət
etməklə yanaşı,
şairin istər bədii-estetik duyğularla
təcəssümü, istərsə
də poeziyasının
elmi tədqiqat obyekti kimi araşdırılması
məqsədini əyaniləşdirir.
"Müşfiqnamə" toplusunun
ilk bədii örnəyi
"İki yekə, qalın stəkan" hekayəsidir. Ədəbiyyatşünas
kimi fəaliyyətə
başladığım yarım
əsrdən çox
bir müddətdə
sevimli şairimizin qətli ilə bağlı 7 versiya eşitmiş, ya da oxumuşam. Bu hekayənin də məzmunu həmin danışılanlardan
biri əsasında qurulmuşdur. Müəllif
maraqlı süjet xətti və obrazlar qrupu yaratmaqla qələmə aldığı əhvalatın
reallığına inam
təlqin edir, həmçinin bugünkü
nəslə sovet dövründə yaşanan
bir qisim faciəvi hadisələrin
əks-sədasını çatdırır.
Hekayədən alınan
fikri-hissi təəssürat
da xeyli düşündürücüdür:
zamanında hansı yollarlasa gəlib çatdığın mərtəbə
- ictimai status naminə
yaranışından yer
üzündə sənin
təyinatın olan insanlıq missiyanı unutma, dərk etdiyin həqiqətin, vicdanının ziddinə
gedib manqurtlaşma!.. Yoxsa nəsibin içindəki özünün
də iyrəncliyini dərk etdiyin üfunətli duyğuların
iztirabı və heç kimlə bölüşə bilmədiyin
tutqun tənhalığında
cəhənnəmdən də
betər yandırıb-yaxan
əzablı bir həyat olacaq.
İkinci
əsərin janrını
F.Qurbansoy "sənədli
povest-kollaj" deyə
təqdim edib. Kollajın əsas məzmunu Naxçıvanda
müəllimə işləyən
Siddiqə xanım adlı yaşlı bir qadının 16-20 yaşlarında ikən Bakı Pedaqoji Texnikumunda oxuduğu illərdə Müşfiqlə
tanışlığından, aralarında yaşanan saf sevgi xatirələrindən
ibarətdir. O zaman bundan
xəbər tutan gənc qızın İrəvandakı valideynləri
onu Müşfiqə qəfil qəsd olunacağı ilə qorxudub fikrindən daşınmasını təkid
edirlər. Povestin əvvəlində hər
iki gəncin 1927-ci ildə ayrı-ayrı çəkilmiş foto-şəkilləri,
axıra yaxın isə "Ədəbi Ermənistan" almanaxının
1960-cı ilin 3-cü sayında
(səh. 252-261) Siddiqə
Qədimbəyovanın "Ötən günlərdən
bir xatirə" yazısı əsərin
sənədlilik faktına
dəlalət edir. Kollajın son parçasında
ağsaçlı qadın
heykəltəraş Münəvvər
xanım Rzayevanın emalatxanasına gəlib, göz yaşları içərisində: "Siz
mənim Müşfiqimi
torpaqdan tumarlaya-tumarlaya
çıxarmısız. Siz
mənim əllərimlə
onu əzizləmisiz...
Çox sağ olun, əziz bacım!.." - deyə onun əllərini öpür. Povestin "Kövrək hisslərin krematoriyası" sərlövhəsi
məhz o nakam sevgi külünün uzun illər qəlbin dərinliklərində
basdırılması bədii
həqiqətində öz
təsdiqini tapmışdır.
"Göylərin lacivərd ətəklərində" adlı
sənədli povestini
F.Qurbansoy 2008-ci ildə
nəşr etdirmişdi.
Elə o zaman mən əsəri böyük həyəcanla, təəssüratla
oxumuş, dəfələrlə
sarsılmış, göz
yaşları tökmüşdüm.
Təəssüratım çox
ağrılı idi. Xeyli müddət içimdə Müşfiqin
həbsxana məşəqqətlərindən
iztirablı, hüznlü
bir ovqat yaşamışdım. Həmçinin
təsəvvür edirdim
ki, təkcə mütaliəsi
ilə oxucuya bu həyəcanları yaşadan sənədli-sübutlu
materialları arayıb-araşdıran,
toplayıb tədqiq edən, beynində ölçüb-biçib ürəyinin
qanı ilə bədii təcəssümünü
yaradan müəllif gör, nələr çəkib?! Özünün
qeydinə görə,
bu yeni kollaj tipaji üzərində yenidən işləmiş,
daha əhatəli bədii, sənədli parçalarla xeyli zənginləşdirmişdir.
Əsər kollaj - roman janrında
qələmə alındığı
üçün müəllif
ənənəvi süjet
- kompozisiya prinsiplərindən
azad, ayrı-ayrılıqda
qələmə aldığı
materialları öz məqsədi yönümüncə,
yaxud məzmun əlaqəliyinə uyğun
şəkildə sıralayır.
Bunların içində
şairin dünyaya göz açdığı
gündən, ta 29 yaşında
qətlə yetirildiyi
son anadək həyatından
ən təsirli fraqmentlər obyektivə alınır. İlk hissəsi
əlləri qandallanmış
qəhrəmanın həbsxananın
dəmir darvazasından
təkadamlıq kameraya
gətirilməsi ilə
başlayan romanda Müşfiqin həyatını
çevrələyən mühüm
məqamlar (ata və anasının ölümü, uşaqlıq
və tələbəlik
illərindən fraqmentlər,
özünün toy şənliyi,
beşaylıq körpəsi
Yalçının ölümü,
"Tar" şeirinin yaranma
tarixi hadisəsi,
"Lenin", "Stalin", proletar inqilabı bayramlarına dair şeirlərinin məğzi və s. haqqında), ədəbi-mədəni-ictimai
mühitlə əlaqədar,
şairin yaradıcılığı
haqqında kəskin böhtan xarakterli, onu "xalq düşməni" kimi
şərləyib güdaza
verən mətbuatda çap olunmuş müxtəlif səpkili yazılar xalqımızın
bu günümüzdən
əsrə yaxın uzaqlaşmış keçmişinin
çox mürəkkəb
bir mərhələsini
aydınladır. Əsər
boyu qara şriftlə verilən mətbu parçalar məhz mənbəyi, tarixi, saxlanc yeri göstərilən mətbuat və dəqiq arxiv materialları 1920-1930-cu illərin
çox mürəkkəb
siyasi spesifikliyini araşdırıb öyrənməyə
ərinən, köhnə
ərəb əlifbalı
mənbələr içində
çalışmaqdan ötrü
vaxtı, hövsələsi
çatmayan, lakin sovet dövrünün yaradıcı şəxsiyyətləri,
xüsusilə, Müşfiq
haqqında ciddi bir fikir demək
zərurətini hiss edənlər
üçün mühüm
dəyərli məxəzdir.
Topluda
"Dərya kənarında
bir ev" sərlövhəli kino-ssenari
Müşfiqin atalı,
az sonra atasız uşaqlıq illərinin ağır güzəranlı səhnələri
ilə diqqət çəkir. Kollaj sxemi kimi bir-birini
sürətlə əvəz
edən kadrlarda 6-12 yaşlarında Müşfiq
1914-1920-ci illərdə Bakı
mühitində baş
verən tarixi hadisələr fonunda müxtəlif əhvalatların
ön planında görünür. Əsərdən
tipik bir nümunə: "12 yaşlı
Müşfiq Parlaman binasının üstündən
üçrəngli bayrağı
açıb yerinə
qırmızı rənglisini
taxan bolşevik əsgərinə nifrətlə
baxır. Nərdivandan
düşən əsgər
Mikayılın ona baxdığını görüb
üçrəngli bayrağı
ona uzadır:
- Xoçeşğ?
Mikayıl bayrağı cəld
alıb öpür, ürəyinin üstünə,
pencəyinin cibinə
qoyur. Bayraq Mikayılın içində
əriyir, özü bayraq heykəlinə dönür. Mikayıl az sonra öz
şəklinə qayıdır.
- Çto gto bılo?.. Nado malo pitğ... Nado radovatğsə novomu flaqu. Radostğ-to
tvoə ne budet dolqoveçnoy. Mı zdesğ budem aj dolqo, dolqo...
mojno skazatğ veçno.
Mikayıl əsgərə qəzəblə
baxır:
- Ay sən özün öləsən!.. (s.201)
Yaxud tələbə müsamirələrində
öz şeirləri ilə məşhurlaşmış
18-20 yaşlı Müşfiqin
Bakı Pedaqoji Məktəbi qarşısında
Hüseyn Cavidlə tanışlığı, bu
zaman qızların rus
mürəbbinin müşayiəti
ilə məktəbdən
çıxmaları, iki
qızın Müşfiqi
bir-birinə qısqanmaları
səhnəsində dialoqların
üç dildə: Azərbaycan, türk və rus dillərində
verilməsi müəllifin
alt qatda çatdırmaq
istədiyi məsələlərdən
idi. Bunun da həmin illərin hansı probleminə işarə olduğu aydın dərk olunur. Həmçinin dövrün
ən mənayüklü
hadisəsi olan Dövlət Türk Teatrında "Tarın məhkəməsi" ictimai
müzakirəsinin əsərdə
geniş yer alması da belə epizodlardandır. Yeni quruluşun
siyasətindəki ən
iyrənc məqamlardan
olan bu tarixi
hadisəyə - ədəbi
məhkəmə "oyunu"na
F.Qurbansoy topluda "Oxu, tar" adlı birpərdəli pyesində
də toxunmuş, cəmiyyətdə, xüsusilə,
gənclər arasında
güdükçülük, çuğulçuluq, donos
yazmaq kimi mənfi meyillərin maddi həvəsləndirmək
yolu ilə aşılandığını vurğulayırdı. Bütün
ssenari boyu şairin ömür yolu izlənirkən, kadrlarda onun kimliyi, mənəvi aləmi, istedadı açılır, daha irəlilədikcə cəmiyyəti,
mühiti kadrarxası
mənalı, dolğun
ştrixlərlə işıqlandırılır.
Kino-ssenari əvvəlki
nəsr nümunələri
əsasında montaj təsiri bağışlasa
da, süjetəyatımlı maraqlı parçalarla xeyli zənginləşmişdir.
- Tariximizin iyirminci yüzilliyində Cümhuriyyətin
süqutundan sonra sovet sosialist sisteminə keçid mərhələsində yaşayan
və yaradan Mikayıl Müşfiqin ictimai-siyasi mühitinin görünən və görünməyən tərəfləri
F.Qurbansoyun elmi məqalələrində də
kifayət qədər
əsaslı işıqlandırılmışdır.
Doğrudur, müəllifin
bu mini-tədqiqat örnəklərində müasir
ədəbiyyatşünaslıq əsərlərində nadir müraciət
olunan astrologiya, ilahiyyat, numerologiya, divan ədəbiyyatı poetikası,
sənətşünaslıq, videoqrafiya və s. sahələrində bilgiləri
maraq doğurmaqla yanaşı, araşdırmaların
orijinallığına, əhatəliliyinə
də dəlalət edir. Məsələn, o,
"İrsi yaddaşın
unikal faktı" məqaləsində Müşfiqin
1930-cu ildə nəşr
olunmuş "Küləklər"
şeir kitabına yazılmış gecikmiş
resenziyasında və
"Müşfiq - şimşək"
başlıqlı yazıda
şairin bir sıra məcazlı ifadələrinə müqəddəs
kitabımız Qurani-Kərimdən
gətirilən ayələrə
istinadla şərhlər
verir. "Mikayıl Müşfiqin divan ədəbiyyatı
ənənələrinə bağlılığı" araşdırmasında isə
şairin bəzi əsərlərində təzmin
poetik vasitəsindən
faydalanması nümunələrlə
təhlil obyekti olmuşdur.
- Şairin ömür yolunun əhəmiyyətli
hadisələrinə "Mikayıl
Müşfiqin təncim
portreti" məqaləsində
astronomiya elminin işığında nəzər
salınır. Burada onun doğum tarixindəki rəqəmlər
və onların numeroloji hesablamaları sayəsində müəllif
gəldiyi nəticələrdən
və həmçinin
adının lüğəvi
mənasından çıxış
edib, şairin bir sıra xarakter
cizgiləri barədə
mülahizələr söyləmişdir.
Belə ki, numeroloji təhlil nəticəsində
aydınlaşdırılır ki, "Müşfiq sözünün
əbcəd hesabı
530 edir. Rəqəmləri
topladıqda isə 8 alınır. 8 rəqəmi
güc və həqiqəti rəmzləşdirir.
Taleyində 8 rəqəmi
olan adamlar həm də Əkizlər bürcü
altında doğulduqları
üçün ikiqat
güclüdür." (s.172) Yazıda, həmçinin
təncim, cifr, surətşünaslıq bilgilərinin
də köməyilə
obrazın xarakterinin şərhinə yeni ştrixlər
etməyə təşəbbüs
olunur.
F.Qurbansoy
şairin xarakteri ilə əlaqədar
"Ey həyat qınına girməyən
qılınc" sərlövhəli
yazısının ilk abzasında
müxtəsər və
dəqiq bir ümumiləşdirmə vermişdir.
Doğrudur, məqalədə
əsasən Müşfiqin
"Şair və vətəndaş" dramatik
səhnəciyini obyekt
alan müəllif onun dram əsəri yazmaq məqsədindən
bəhs açmış,
əsərin bu vaxtadək kitablarında ixtisarla verilməsini nəzərə çatdırıb,
"İnqilab və mədəniyyət"
jurnalının 1935-ci il 6-7-ci sayında çap olunmuş ilk mətbu variantını tam halda təqdim etmişdir. Qayıdaq ilk abzasa.
F.Qurbansoy yazır: "Belə bir söz var ki, bütün ömrü boyu hansı sahədə fəaliyyət
göstərməyindən asılı olmayaraq hər bir kəs
öz avtoportretini çəkir. Bu portret sözlə, söhbətlə,
musiqiylə, foto, tablo, ya da cizgilərlə
çəkilib yadda qalır.
Mikayıl Müşfiqin
"Ey həyat qınına girməyən
qılınc" misrası
onun bütün xarakterini, həyat yolunu, məramını əks etdirən avtoportret cizgisidir. Bu misra "Şair və vətəndaş"
adlı dramatik səhnəciyindəndir. Çox
təəssüf ki, kitablarının
hamısında bu əsər yersiz ixtisarlar və yerinə düşməyən
düzəlişlərlə nəşr olunub. (s.303)
İlk tədqiqat işim "Müşfiqin sənətkarlığı"
olduğu üçün
("Müşfiqin sənət
aləmi" monoqrafiyam
1988-ci ildə "Yazıçı"
nəşriyyatında çap
olunub) onun bənzərsiz bədii-estetik
duyumlu məcazlı ifadələrinə həmişə
həssas olmuşam. Nə vaxtsa təsadüf etdiyim həmin misranın yalnız pafoslu intonasiyası ilə yaddaşıma oturduğunu
etiraf edirəm. Və F.Qurbansoyun bu misranı Müşfiqin "bütün
xarakterini, həyat yolunu, məramını əks etdirən avtoportret cizgisidir" mülahizəsi həqiqətən,
şüurumda bir təlatüm yaratdı. Təsəvvür edin, çoxmənalı söz
kimi işlənən
"qın" sözünü
şair bədii yaradıcılıqda ilk dəfə
"həyat" kəlməsinə
yanaşdırır və
qılıncın qabı
mənasına gətirir:
"Ey həyat qınına girməyən
qılınc!!!" Bu həyatın
1920-30-cu illər ictimai-siyasi
mühitini, "qılınc"
isə gənc ikən "Göylərin
lacivərd ətəklərində
gedən qovğadan"
əl çəkmək
istəməsə də,
həyatın qınına
girməyib, alnına qurğuşun güllələrin
sıxılmasına qərar
verən azad təbiətli Müşfiqin
"bütün xarakterini,
həyat yolunu, məramını" necə
də mükəmməl
əks etdirir!!! Zamanın kontekstində yaranmış bu "qılınc" simvolu həm də vətənin müstəqilliyini
qandallamış sovet
rejimini heç cür qəbul etməyən minlərlə
repressiya qurbanlarını
ehtiva etmirmi?! Nəzəriyyəçi ədəbiyyatşünas
alim Günay Qarayeva
"Azərbaycan şeirində
simvolun ideya-bədii xüsusiyyətləri və
poetikası" adlı
tədqiqatında (B., 2025) haqlı
olaraq belə bir nəticəyə gəlmişdir ki, "Zaman faktoru,
onun əsasında formalaşan ideyalı obraz simvolik sistemin yenidən qurulması və simvol tiplərinin bərpası baxımından
zəmin yaratmaqla yanaşı, bədii düşüncənin konkret
dövr üçün
parametrlərinin müəyyənləşməsində
xüsusi əhəmiyyətə
malikdir". (s.128).
Bu məqalədən sonra verilmiş "Müşfiqin
"Azadlıq dastanı"
poeması" sərlövhəli
yazıda da adi ədəbiyyatşünaslıq təhlilindən fərqli
maraqlı mülahizələr
yer almışdır.
Müəllif şairin
"azadlıq" anlayışı
ətrafında poetik düşüncələrinə aydınlıq gətirərək,
araşdırmasına yekun
olaraq belə xitam verir: "Azadlığı seçib
ölümdən qorxmadığı,
onun üzərinə
inamla getdiyi üçün Mikayıl
Müşfiq qalib gələrək fiziki ölümü ilə ruhani ölümsüzlük
qazandı". (s.302)
Kitabda
son elmi əsər XX yüzilliyin əvvəli Bakı ədəbi-ictimai
mühitində tanınmış
maarifçi ziyalılardan
şair və müəllim - Müşfiqin
atası Mirzə Əbdül Qadir Vüsaqi
haqqında monoqrafiyadır.
Müəllifin qeydinə
görə, Müşfiq
həbs olunarkən mənzilindəki bütün
əlyazmaları və
kitabları müsadirə
olunduğu üçün
tədqiqatda "ancaq
əlyetər materiallar
istifadə edilmişdir".
(s.338) Bununla belə, F.Qurbansoy ədəbiyyatşünaslıq
çevrəsində bir
sıra bilgiləri də ehtiva edən, özünə xas tədqiqat üsulu iləVüsaqinin
həyat yolu, şəcərəsindəki şairlər
nəsli, müəllimlik
fəaliyyəti, lirikası
və opera librettolarını,
müasirlərinin onun
haqqında xatirələrini
yetərincə işıqlandırmışdır.
Ədəbiyyatşünaslıq elmimizdə
daha çox orta əsrlər dövrünün erudisiyalı
mütəxəssisi kimi
tanınan və elmi araşdırmalarında
bir çox "ilk"lərdə imzası
olan Firudin Qurbansoyun "Müşfiqnamə"
toplusundakı sevimli şairimiz haqqında doğmalıq istiliyi, mənəvi yaxınlıq
və həssaslıqla
yazılmış həm
bədii, bədii-sənədli,
həm də elmi əsərlər təkcə Müşfiqsevərlər
üçün deyil,
həmçinin Mikayıl
Müşfiq yaradıcılığının
gələcək tədqiqatçıları
üçün də
mühüm dəyərli
məxəzdir. Kitabda
əbədiyaşar şairimizin
şəcərəsi, həyatı,
taleyi, yaşadığı
dövr və yaradıcılığı barədə
xeyli maraqlı və ilk aşkar olunan materiallar var ki, hər kəsə onu oxumağı tövsiyə edərdim.
Safurə QULİYEVA
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.18-19.