Həzinin həzin və hüznlü pıçıltıları
Bizim
milli poeziyada təbiət,
vətən, torpaq,
tale-qədərin insan
həyatına gətirdiyi
ağrı-acı və
məmnunluq mövzusu
həmişə üstünlük
təşkil edib. Hətta bu mövzuların
cazibə miqyası, rəngarəngliyi bütöv
şairlər nəslinin
yetişməsində hər
zaman bir məktəb rolunu oynayıb. Və elə bir şair yoxdur
ki, onun yaradıcılığında
doğulduğu yurdun özəllikləri, qayğıları,
təbiəti, ictimai ruhu əks olunmasın.
İnsan yaşantıları,
yaddaşa daimilik həkk olunmuş anlar və anılar,
bağrıbadaş olduğu
təbiətə, yurda
sevginin poetik inikası oxucu düşüncəsinə özüylə
bir əhval-ruhiyyə
dalğası gətirir,
hansısa bəlirsiz ruhsal ovqat sərgiləyir.
"Kövrək könül pıçıltıları" Həzi Həsənlinin
son dövr yaradıcılıq
nümunələrinin toplandığı
növbəti kitabıdır.
Bu kitabda hər şeir, eyni zamanda şairin öz obrazından ştrix-cizgilərdi, məhz
fərqli o ştrixlərin
hamısı bir yerdə şair sözünü bütövləşdirir.
Şeirlərindən el-oba
ətri-tamı gəlir,
hər gününü
halallıqla yaşamağa
can atan insan qayğıları, yurd-ocaq,
mənzərəsi, həsrəti
bir vətəndaş,
övlad yanğısı
ilə süslənmiş
şəkildə boy göstərir
və bunlardan doğulan sevgi Vətənlə Övlad
arasında könül
xoşluğu ilə paylaşılır:
İlk beşiyim - anam Vətən,
Nədir
könlünü göynədən?!
Kədərini sən bilmədən,
Bölərəm sənin eşqinə.
Həzi
Həsənlinin ictimai
motivləri, şeirlərində
sevgi və kədər eyni məcrada təzahür edir. O, Vətəndən,
torpaq uğrunda vətəndaş mücadiləsindən,
haqq-ədalətdən, dürüstlükdən,
mənəvi zənginlikdən
yazanda - "Zəfər",
"Xocalı qətliamı",
"Şəhid anası"
şeirlərindəki kimi
eyni məsuliyyət və amaldan çıxış edir:
Ana Vətən, torpağında,
daşında
Ordun qalib gəldi haqq savaşında,
Gül açdı yurdumun hər qarışında,
Dil açdı sazımın
telində Zəfər.
"Zəfər"
Yaxud:
İnildəyir meşələr
Dərdli
anadan betər,
Açmışdı bənövşələr
Qan qarışıq, təzə-tər.
"Xocalı qətliamı"
Şairin şeirləri xarakter etibarilə təbiətin, doğulduğu torpağın indiki və çoxdan yaddaşa köçmüş lövhələridir. O mətnlərdə sözlə əksini tapan poetik lövhələr bütün fəsillərin xüsusiyyətləri - rəngləri, iqlimi incəliyi və sərtliyi, mülayimliyi ilə özünü büruzə verir. O təbiətin rənglərinin çeşidi, iqlimin sürprizləri mənə də doğmadır və Həzinin təsvirində xüsusi estetik zövqlə, gözəl bir türkcə ilə təqdim olunur:
Güllər qönçə-qönçə açıb düzülər,
Gözümə güllərdən işıq süzülər,
Gülüm, həsrətindən canım üzülər,
Gəl,
adı yadımdan çıxan, hardasan?!
Şair
yazın qısa ömrünə də, yayda vaxtsız saralan otlara, çiçəklərə də,
payızda ağacların
yarpaq tökümünə
də, qışda qandonduran sazağın tez ötməsinə də heyifsilənir, qəmlənir, və o qəm notları da növbəti şeirin yaranmasına vəsilə
olur. O dilə sərbəstlik verir, misralar zaman, həyat haqqında şair qələmində gözəlliklər
haqqında danışır
və istər-istəməz
o hekayətlərdə keçmişin
izləri, bu günün dəymədüşər
əhvalı, sabahın
bəxti-yığvalı naməlum
olan arzuları nəbz kimi döyünür:
Bir səs gəlir qulağıma uzaqdan,
O yerlərdə görünmürəm
nə vaxtdan,
Pencəyimi götürəcəm savaxdan,
Son arzudu son qatara mindirən.
Şair
doğma Faxralının
məhlələrində, addım-addım
gəzdiyi yerlərdə
çocuqluğunun izlərini
axtarır, sırtını
dayadığı Dağüzündən,
qayalardan mətinlik alır, buz suyundan içdiyi, aynasında darandığı
çeşmələrdən, yuyunub-durulandığı Gözəl
dərəsinin axışından
bəhs edərkən,
şeiri ilə xəyalını Borçalı
elinin qürurlu keçmişindən yeni sabahlara
daşıyır, bu
zaman özü də
durulur, misralar da saflaşır.
Bu yerlərə çox dəyibdir ayağım,
Hər qayana sarılmışam,
Dağüzü.
Söykəndiyim dağlarındı dayağım,
Dağ çayında durulmuşam,
Dağüzü.
Həzinin duyğularında zövq
əsasdır, özünəxas
düzəni-sahmanı var, eyni zamanda heç
bir yalan qatqısı olmayan səmimiyyətlə, həssaslıqla
müşayiət olunur.
Onu bədbin şair adlandırmaq olmaz, amma öz
kədərini və ümumiyyətlə insanın
çəkdiyi, şahidi
olduğu acıları,
təbiətin təlatümlərini
dərindən duyan, şeirə döndərən
bir qələm adamıdır, desəm, yanılmaram. Əziz oğlunun xatirəsinə
həsr etdiyi şeir onun ata qəlbini qan ağladan itki barədə özüylə birgə,
oxucunu da hüznlü
əhvala salan fəryaddır. Şair üçün səbəbsiz
heç bir olay baş verməz,
yaşıl otlar özbaşına solmaz,
"güllər könülsüz
açmaz" və ürək dağlayan odur ki:
Oğul
atasından qabaq
Ölməz, başına dönüm!
Ürək yanar, göz ağlayar,
Gülməz, başına dönüm!
Və ardınca şair bu ölümün təsirindən təkcə
aldığı sarsıntını
dilə gətirmir, həm də lal olduğunu, bir zamanlar ona
söylədiyi öygüləri,
nağılları unutduğunu,
söyləyə bilmədiyini
etiraf edir:
Nə boyunu öyə billəm,
Nə nağıllar deyə billəm -
Lalam, başına dönüm!
Balam, başına dönüm!..
Onun şeirləri, bəzən
pıçıltıdır, bəzən yanğılı
ağıdır, bəzən
haraydır, bəzən
qar yağışının
səsi kimi yuxulu və su axışı səssizliyinin ritmidır.
O pıçıltını eşitmək, o ağıya
kövrəlmək, o haraya
səs vermək, o qar yağışının
səssiz ritmini tutmaq, yəni mətnin, məzmunun, mövzunun dərinliyinə
enmək üçün
yetər ki, o hissləri
nə vaxtsa yaşamış olasan. Bax, onda hər
şey təfsilatı
ilə sənə aydın olar və doğmalaşar. Həzinin söz tərəzisi yağmurun zümzüməsindəki bir
qəm ağırlığını
müəyyən edə
bilir və onu insanın göz yaşındakı
ağrı-acılarla əlaqələndirməyi
bacarır:
İl gəlir illər üstə,
Qar yağır güllər üstə,
Ağı deyib ağlama,
Gələn nəsillər üstə.
İllərin üst-üstə gəlməsindən
kədərlənən şair,
güllərin üzərinə
qar yağdığında
da eyni hissləri keçirir. Burada kədərin iki müxtəlif obrazı arasında mövcud olan incə rabitə bir-birinin dərdinə yanan, bir-birinə söykək olan, güvənən sözlərlə üzə
çıxır. Baxışların
dərinliyindən axan
nigaran göz yaşları insan ürəyini dağlayır,
naxışlandırır, bu vaxt yağışlar
da öz qəm yükünü götürür:
O nigaran baxışlar
Ürəyimi naxışlar.
Sən belə ağlayanda
Qəmli
yağır yağışlar.
- demir ki, "o nigaran baxışlar" məni
incidir, - deyir, "ürəyimdə naxışlar"
açır, - demir
ki, "sən belə
ağlayanda" məni
də ağlamaq tutur, - deyir, - hətta sən ağlayanda yağışlar
da qəmlənir...
Həzinin poeziyasında doğma
insanların portretləri
var. O insanlar keçmişlə
bu günü bir-birinə bağlayan, yaşanmış olaylar arasında cərəyan edən bir enerji
kimi hərəkətdədirlər.
Kədəri də, sevinci də və ümumən taleyin görklərini xüsusi zövqlə, estetika ilə, ürək genişliyi ilə qarşılayıb
yola salırlar. Fərqli ömürlər,
qismətlər insanın
genetik mirası deyil və şair
də "İnsan vardı, İnsan yoxdu" deyimi ilə dünya faniliyinə, gəldi-gedər
ömrə təbii olaraq heyifsilənir:
Nə gendədi, nə qanda,
Ömür fərqi hər
insanda,
Bir də gördün, bircə anda
İnsan
vardı, insan yoxdu.
Həzi
yazarkən forma, qəlib
axtarmır, sözləri
rəndələmir, onların
tərzini dilin seçiminə həvalə
edir, mövzunun həllini süni şəkildə uzatmır,
öz təbii axarına buraxır, yəni fikir harda sonlanmaq istəyirsə, elə orda da bitir. Bax, onda şeir
özü şəkillənir,
uyğun formaya düşür və görürsən ki, burada
artıq, yaxud yerində olmayan, dağılıb səpələnmiş
nəsə yoxdur, fikirlər sanki elə öncədən səlis, ölçülü-biçili
olub.
Zirvələrdən qaçar gələr,
Qayalardan
uçar gələr,
Uca dağların döşündə
Yeni şırım açar gələr
Dağ çayı.
Həzi
Həsənlinin yazılarında
insan, ömür, yol anlayışları ayrı-ayrı, amma bir-birini tamlaşdıran,
bir məqsədə,
amala xidmət edən həzin dilli obrazlar şəklində təzahür
edir. Yəni, insan həm ömürdü, ömür
həm də yoldur:
Neynim, mən də beləcəyəm,
Gedib, yenə gələcəyəm...
Yollarında öləcəyəm,
ölüm qaçılmaz, qaçılmaz...
Şeirdən-şeirə göz atdıqca, fikirlərin, hisslərin aurasına düşmürsənsə, deməli,
o şeir deyil, bəlkə də o şeir heç yazılmamalıdır. Həzi
Həsənli isə,
keçmişini bilib,
ona sayğı göstərən, çəmənə-çiçəyə
nağıl söyləyən,
yurdun dağlarından
könül dağlarına
kimi keçirdiyi hissləri qələmə
alan bir şairdi. "Kövrək
könül pıçıltıları"
nə qədər həzindirsə, hüznlüdürsə,
bəlkə də bir o qədər obrazlıdır, nə qədər obrazlıdırsa,
gurultulu deyil, düşündürücüdür.
Dəyanət OSMANLI
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.20.