Otuz səkkiz il sonra
vətənə qayıdan mühacir
Canlar Lənkəranlının həyat
hekayəsi
1946-cı il.
İsveçrə.
Sovet imperiyası müharibədən
sonra almanlara əsir düşmüş,
legionlarda savaşmış
əsgərləri geri
qaytarmağa çalışır.
Düşərgələri gəzən rus zabitləri bəzən gizli anlaşmalarla, bəzən də danışıqlar vasitəsilə
artıq qaçqın
düşərgələrində yaşayan bu şəxsləri yola gətirməyə çalışırlar.
SSRİ-də böyümüş
bu şəxslər isə geri qayıtdıqları
təqdirdə öldürüləcəklərini,
ən yaxşı halda isə Sibirə sürgün olunacaqlarını bilirdilər.
Nəticədə ingilis
və amerikalıların
zorla SSRİ-yə göndərmək istədikləri
bu şəxslər qaçmağa çalışır,
çarəsi olmayanlar
isə intiharı seçirdilər. Çünki
həmin rus zabitləri könüllü
gəlməsələr, onları
silah gücü ilə də apara biləcəklərini
bildirirdilər.
Geri göndərilməkdənsə, ölümü seçənlərdən
biri də müharibədə qardaşlaşmış
iki azərbaycanlı idi.
1954-cü
il. Ankara. "Türk izi"
dərgisi.
Nurullah Muğanlı adlı müharibə iştirakçısı
olmuş bir azərbaycanlı Veşnau
düşərgəsində baş vermiş həmin hadisəni ürək ağrısı
ilə qələmə
alır: "Rusların
sözlərini eşidən
zavallılar əllərinə
keçən bel və
kürəklərlə bir-birini
öldürməyə başladılar.
Hətta Veşnau düşərgəsində Əli
oğlu Nadir öz qardaşının sinəsinə
beş dəfə bıçaq saplayaraq öldürdü, sonra da özünü bıçaqlayaraq
kiçik qardaşının
nəşi üzərinə
düşdü və
sarılaraq can verdi. Mərhum Nadir ölümə
təşəbbüs etməzdən
öncə bunları
söyləmişdi: "Biz heç bir zaman doğulduğumuz və böyüdüyümüz vətəndən
və millətimizdən
vaz keçə bilmərik. Biz özümüzü
fəda edərək qırmızı rusların
nə olduqlarını
bütün dünyaya
bildirəcəyik, beləcə
orada qalan millətimizin Rusiyanın istilasından qurtulmasına
səbəb olacağıq".
1990-cı
il, İsveçrə.
Yazıçı Xalidə Hasilova
İsveçrəyə səfər
edir. "Odlar yurdu" qəzetində qələmə aldığı
təəssüratlarında Xalidə xanım İsveçrədə görüşdüyü
azərbaycanlılar haqqında
məlumat verib, onlardan bəzilərinin adlarını çəkib:
Müzəffər Əliyev,
Ağakərim Nargin,
Almas Əhəd, Maşallah
Əliyev, Qələndər
Sadıxov. II Dünya
müharibəsindən sonra
bu ölkədə yaşayan həmin azərbaycanlılar Xalidə
xanımı Veşnau
məzarlığına aparıblar.
Orada ziyarət etdiyi iki məzar
daşındakı adları
bu şəkildə qeyd edib:
Əlizadə Nadir (1924-1946) - lənkəranlı
Əlizadə Rahim (1922-1946) - salyanlı
Onlar N.Muğanlının intihar etdiklərini yazdığı həmin
iki qardaşdı.
5 dekabr 2022-ci il. Ankara.
Müharibə iştirakçılarından olmuş Canlar Lənkəranlının evindəyəm.
Oğlu Yusif bəy atasına aid fotoşəkillərə baxmağıma
icazə verir. Təbii olaraq ən köhnə və ağ-qara fotoşəkillərə göz
yetirirəm. Qarşıma
çıxan bir fotoşəkil Veşnau düşərgəsindəki faciəni
yadıma salır. Dörd azərbaycanlı iki məzar daşının ortasında
dayanıb. Ay və ulduz təsviri olan başdaşılarında
yazılıb: Əlizadə
Nadir (1924-1946), Əlizadə Rahim
(1922-1946).
Bu iki dostun başına
gələn hadisə
tarixə düşmüş
minlərlə müharibə
faciələrindən biridir.
Bu yazıda həmin fotoşəklin sahibi Canlar Lənkəranlıdan
bəhs edəcəyik.
Masallıdan başlanan ömür
Canlar Kazımbəyli (Türkiyədə
Lənkəranlı) 1917-ci ildə Masallının Xıl kəndində doğulub. Valideynlərini
uşaq ikən itirib. Yusif bəyin
dediyinə görə,
ticarət liseyindən
məzun olub, bir müddət kolxozda çalışıb.
Leyla adlı bir xanımla evlənib, bir qızı olub. İkinci Dünya müharibəsi başladığı zaman cəbhəyə
göndərilib. Yusif
bəyin bizə göstərdiyi bir neçə səhifəlik
xatirə dəftərində
Canlar bəy müharibəyə yollanmasından
bu şəkildə bəhs edib: "...Bakı şəhərindən
keçərək 10.09.1941-də vilayət olan Xaçmaza gəldik.
11.09.1941-ci ildə qəza
olan hüduda gəlib çıxdıq.
Burada 11.09.1941-dən 10.10.1941-ci ilə kimi əsgəri
təlim-tərbiyə etdik.
Tezliklə "hazır
olun, hərbə gedəcəksiniz" dedilər.
Hazırlanıb 10.10.1941-ci ildə Dağıstan Respublikasına yol getməyə başladıq.
Get-gedə öz doğma ana vətəndən
uzaqlaşaraq 02.11.1941-ci ildə
Dağıstan yerlərində
soyuq havalarda yola davam etdik.
4.11.1941-ci ildə görmədiyimiz
buzlu yol ilə gedirik. Hərb səsi eşidilir, "yaxınlaşırıq"
deyərək Krasnodara
vardıq. 2-3 gün qaldıq. Buradan Rostova hərbə getmək əmri verildi. Burada bir neçə gün qaldıqdan sonra bir də
geri dönərək
Krım yoluna rəvan olduq. Buradan yenə Krasnodar kraydan 6-7 gün yol gedərək, Qara dəniz ilə Azov dənizi arasından keçib Azov dənizinin yanında olan bir çiftlikdə
5-6 gün qaldıq, sonra bir gün
yol gedib Qara dəniz ətrafında olan bir tatar kəndində
20 gün qaldıq. Bu
yerdə ilk olaraq hərbdə gedən top-silah səsləri duymağa başladıq..."
Təəssüf ki, xatirələri ailədən
tam şəkildə əldə
edə bilmədik, Yusif bəy qardaşları ilə danışaraq tamamını
əldə etməyə
çalışacağına söz verdi.
Alman əsirliyindən Türkiyəyə
Canlar bəy 1941-ci ildə almanlara əsir düşüb. Öncə
Türküstan legionunda,
sonra Azərbaycan legionunda yer alıb. Atasının hekayəsini Yusif bəy bu şəkildə
danışdı:
"Soyadımız Lənkəranlı
olsa da, atam Masallının Xıl kəndində doğulub. Müharibə başlayanda
atamgili aparır, qısa bir təlimdən
sonra kəklik kimi almanların üstünə göndərirlər.
Ömründə silah
görməmiş özbəklər,
qırğızlar, qazaxlar,
taciklər, azərbaycanlıların
çoxu şəhid
olur. Atamgil də almanlara əsir düşürlər.
Almanlar minlərlə
əsiri toplayaraq Almaniyaya aparır, onları kamplara toplayırlar. Bir qismini almanlar öldürür, sobada yandırırlar. Əsirləri çılpaq
şəkildə soyunmalarını
istədiklərində görürlər
ki, bunların bəziləri
sünnətlidir. Əvvəlcə
onları yəhudi zənn edirlər. Nəticədə bəziləri
şəhid olurlar.
Amma daha sonra müsəlman və türk olduqlarını öyrəndikdən sonra qətlləri dayandırırlar.
Daha sonra almanlar onlardan istifadə etmək istəyir, legionlar yaradırlar. Atamın yaşadığı düşərgədə
Məhəmməd Kəngərli
də vardı. Atamla münasibətləri
o vaxtdan başlayır.
Məhəmməd əmi
çox dəyərli
insandı, dünya azərbaycanlılarının ən
öndə olanlarındandı.
Məlumatlı, dahi bir insandı. Onların arasında türkoloq Baymirza Hayit də vardı.
Almanlar təlim verdikdən sonra atamgili yenidən savaşa göndərirlər.
Krım cəbhəsinə
qədər gedirlər.
Atamın bədəni
şarapnel yaraları
ilə dolu idi. Tanıdıqlarımız
arasında bu savaşda qolunu itirənlər, bombaya məruz qalanlar oldu. Almanlar məğlub olduqdan sonra təkrar geri qayıdırlar. Atamgil bu dəfə
Almaniyada fabriklərdə
işlədilirlər. Burada
vəziyyətləri yaxşı
olur. Daha sonra əsir düşənlərə əfv
çıxır, istədikləri
ölkələrə gedə
biləcəklərini deyirlər.
Azərbaycanlılardan bir
çoxu Argentinaya, Amerikaya gedirlər. Amerikada yaşayanlarla əlaqələrimiz indi də var. Türklük şüuruna sahib olduqları,
həm də Azərbaycana yaxınlığına
görə atamgil Türkiyəyə gedirlər.
Amma Türkiyəyə qədər
Fransa, İsveçrə,
Norveçdə yaşayırlar.
Daha sonra gəmiylə İstanbula gəlirlər".
Qeyd edək ki, Türkiyə hökuməti bu illərdə qaçqın
düşərgələrinə Cövdət Atasaqunun rəhbərliyi ilə bir heyət göndərmişdi. Bu heyət
kampları gəzdikdən
sonra Türkiyəyə
gəlmək istəyən
SSRİ vətəndaşı türk və müsəlmanların siyahısını
tutmuşdu. Nəticədə
2700-ə yaxın insan
1947-1950-ci illər arasında
Türkiyəyə gəlib.
Əsasən İtaliyadan
gəmi ilə gələn bu şəxslər əvvəlcə
Tuzla müsafirxanasında saxlanılıblar,
daha sonra istəklərinə və
ixtisaslarına uyğun
olaraq böyük şəhərlərə və
bölgələrə göndəriliblər.
1948-ci ildə Türkiyəyə
gələn Canlar bəy əvvəlcə Aydın şəhərinin
Nazilli qəsəbəsinə,
daha sonra Samsunun Terme qəzasına
yerləşib. 1950-ci ildə
Həvva adlı qadınla evlənib. Yusif bəyin dediyinə görə, Nazillidə dövlət onlara iş verib, maddi yardım
göstərib: "Bir müddət
İstanbulda dövlətin
nəzarətində qalırlar.
Sonra müqavilə şəklində
hara getmək istədiklərinə
qərar verilir. Atam əvvəlcə İstanbulda Laləli bölgəsində yaşayır.
Atam bir xatirəsini gülərək
danışardı. İstanbulda
balaca avtobusa minərkən sürücüyə
deyir ki, "Şofer bəy, Laləlidə düşəcəyəm". Avtobus saxlamır, təkrarladığında şofer
"otur yerində, ayaqda dayansan, əlbəttə, düşərsən"
deyir. Bu, Azərbaycan və Türkiyə türkcəsinin anlam fərqləri idi. Azərbaycanda "düşmək"
"enmək" deməkmiş.
Dövlət atamı
və bəzi azərbaycanlıları Nazilliyə
göndərir. Türkiyənin
çətin vaxtları
idi, ona görə də yerli insanlar qaçqınları qısqanır
ki, dövlət bizə
yox, niyə onlara iş verir? Halbuki dövlət öz irqdaşlarına maddi-mənəvi
kömək edirdi. Daha sonra dövlət
onları Samsunun Terme qəzasına göndərir.
Onlara yer verilir, həmin əraziyə sahib olmaları
üçün 5 il oturma
şərti qoyur. Atam çox çalışqandı, bir
müddət orada yaşayır. Bu ərəfədə
1950-ci ildə çepni
türklərindən olan
anam Həvva xanımla evlənir. Atam orada yaşaya
bilmir, çünki özünün danışdığına
görə ətrafdakı
gürcü kəndlilər
ona imkan vermirmiş. Atam əkini əkirmiş, amma onlar gəlib
suyu kəsirmişlər.
Hətta atamın evini qurşunlayırlar, yandırırlar. Atam da onlara cavab verir,
amma böyük bir kəndə nə edəcək ki?! Ona
görə də yenidən dövlətə
müraciət edir ki,
burada yaşaya bilmirəm. Atam ardınca Samsunda yollarda, barajlarda çalışır".
"Hər kəs qayıtdı, sən niyə qayıtmadın?"
Stalinin ölümündən sonra yaranan mülayimləşmə dövründə mühacirlər Azərbaycandakı ailələri ilə əlaqə qurmağa çalışırlar. Xüsusilə, II Dünya müharibəsində əsir düşənlərlə bağlı da münasibət dəyişildiyi üçün 1960-70-ci illərdə onlar turist kimi vətənə gələ bilirlər. Canlar bəyə də uzun illərdən sonra Azərbaycana gəlmək qismət olur. Yusif bəy həmin dövrü bu şəkildə xatırlayır:
"1960-cı illərdə Məhəmməd Kəngərli kimi şəxslərin vasitəsilə Türkiyəyə gələn insanlar Azərbaycanla əlaqə qurmağa çalışır. Atam davamlı məktublar yazır, amma ünvana çatmır. Bezmədən, yorulmadan məktublar göndərir. O dövrdə Azərbaycanda müharibədən qayıtmayanlar ölmüş sayılırdılar. Sonradan mən Azərbaycana gedəndə öyrəndim ki, oradakı anamız məktubları təkrar-təkrar oxuyarmış, müqəddəs kəlam kimi qoynunda saxlayarmış. Nəhayət, bir gün Azərbaycandan bizə məktub gəldi. 1965-1966-cı illərdi. Məktubla oradakı anamızın qucağında bacımız olan şəklini də göndərmişdilər. Atam çox sevindi. Biz də şəkil çəkdirdik, oraya göndərdik. Məktublaşmalar başladı, amma dəmir pərdə vardı, getmək olmurdu. Atam getmək üçün davamlı şəkildə müraciət edirdi. Nəhayət, 1979-cu ildə mümkün oldu. Atam ən kiçik qardaşım Mehmedlə birgə qatarla Bakıya getdi. Bakıda qohumlarımız olsa da, oradakı sistemə görə qarşılamaq yasaq idi. Hoteldə qalırlar, amma çölə çıxmaq, görüşmək qadağan idi. Onu görmək istəyənlər icazə alırdılar. Qardaşıma başqa paltar geyindirib hoteldən çıxarmış, qohumlara aparmışlar. Amma atam gəzə bilməyib. Bu ərəfələrdə isə polis bizim evə gəldi, atamı, qardaşımı soruşdu. Bizi bir müddət saxladılar. Atam bir şəkildə Masallıya gedə bilib. Uzaqdan qohumumuz olan Süleyman Məcidlinin vasitəsilə Masallıya çatmadan bir yerə gedib, orada onları qarşılayıblar. Qızı ilə görüşəndə ağlayıb. Uzun müddətdən sonra da ilk həyat yoldaşını orada görüb.
Atam qayıdanda çox sevincli idi. Bu gedişdən sonra məktublar davam etdi. Məncə, Heydər Əliyevin azərbaycanlıların gedib-gəlməsinə
icazə verilməsində
rolu oldu. 1989-cu ildə sovetlər yıxıldığı zaman qapılar açıldı.
Oradakı bacım və yoldaşı bizə gəldilər. Davamlı şəkildə
gedib-gəldik. Gediş
xərcini atam Almaniyadan təmin etmişdi. Çünki Almaniya hökuməti vaxtilə alman fabriklərində
çalışanlara pul
ödəməli oldu.
Nəticədə atam
3-4 dəfə gedə
bildi. Oradakı anam atama çox
hirsli idi, onunla görüşməzdi,
amma vəfatından öncə atamla görüşmüş və
ona demiş ki, "Canlar, hər kəs qayıtdı, sən niyə qayıtmadın?" Atam demiş ki, "mənim orada üç övladım var, burda bir, onları qoyub gələ bilmədim. Bura gəlsəm,
onları düşünəcəyəm,
orada qalsam da, sizi". Azərbaycandakı
anamız atamı heç vaxt əfv etməsə də, burdakı öz anamızı da çox sevərdi. Qarşılıqlı hədiyyələr
göndərilirdi. O da Türkiyəyə
gəlmək istəyirdi,
amma sağlamlığı
imkan vermədi. Bacımın adı Xalidədir. Leyla anamız
sonradan evlənməyib".
Yusif bəydən atası kimi müharibədən sonra Türkiyəyə gələn digər şəxsləri soruşuram.
Bəzi adları xatırlayır: "Atam Azərbaycan Kültür Dərnəyinin müdavimlərindən
idi. Elçibəy ora gələndə onu dinləmişdi. Mən özüm də atamla birgə Azərbaycana bir neçə dəfə getdim. Allah hər kəsə nəsib etsin, atam uzun yaşadı,
şükür ki, yatağa
düşmədi. Samsunda
dəfn olunmasını
istəyirdi, amma qismət olmadı. Həyatı boyunca Azərbaycanla yaşadı.
Anam hazırda Ordunun Bulancak qəzasında
yaşayır. Biz dörd
qardaşıq: Ənvər,
Yunis, Yusif, Mehmed. Xədicə
adlı bacımız
var, atam anasının
adını qoyub, hazırda Antaliyada yaşayır. Ənvər
anamla birgə yaşayır. Yunis Aydındadır,
ona babamızın adı qoyulub. Mehmed 35 ildir Amerikadadır. Mən də Ankarada ata evində
yaşayıram. 19 dekabr
1955-ci ildə Samsunun Çarşamba qəzasında
doğulmuşam. Atamın
işinə görə
ibtidai məktəbi üç ayrı şəhərdə oxumuşam.
40 il Səhiyyə Nazirliyində
işləmişəm. Universitetə
girsəm də, siyasi səbəblərdən
dolayı oxuya bilmədim.
Azərbaycana ilk gedən İsrafil
Gəncəli əmi oldu. 1968-ci ildə getdi; atamdan 11 il öncə. Müəmmalı
şəkildə öldü.
Keçəl Yadulla əmi vardı. Atamla birlikdə Samsuna yerləşmişdi.
Topal Sadıq əmi vardı. Sadıq əmiylə çox görüşərdik,
bomba düşmüş,
ayağı parçalanmışdı.
Bir yerdə toplaşıb
gizlincə xatirələrini
danışardılar. Çünki
qorxurdular. Vətənə
gedənlərin öldürüldüklərini
eşidirdilər. Rahim Cəlali
əmi vardı, lənkəranlı idi. Nəcibə adlı xanımla evlənib. Almasxan Hazer vardı, Fatma adlı qadınla evlənmişdi. Səlim Yadigar vardı, Səriyyə adlı qadınla evlənmişdi.
Salyanlı Mehmed Noraşını,
Əflan Muğanı,
Ənvər Romanı
xatırlayıram".
Canlar bəy 29 may 2006-cı ildə
Ankarada vəfat edib, Karşıyaka məzarlığında dəfn
olunub.
Dilqəm ƏHMƏD
Ədəbiyyat
qəzeti.- 2026.- 20 fevral, №6.- S.22-23.