"Mən-Dədə
Qorqud" etno-müzikli,
yaxud milli rok-operası
Binasızlığı
dastana
çevrilmiş teatr
Bina məsələsi hələ də həll edilməmiş qalan "Yuğ" Dövlət Teatrı
"Mən-Dədə Qorqud" layihəsinə start verib.
Teatrın rejissoru
Mikayıl Mikayılovun
ideyasına görə
"Yuğ" teatrı
adlı sənət ocağının yaradıcısı
Vaqif İbrahimoğlunun
(18 oktyabr 1949-12 may 2011) anadan
olmasının 75 illiyinə
həsr edilmiş bu layihə "Kitabi-Dədə Qorqud"
eposunun bütün 12
boyunu əhatə edəcək. Birinci və on ikinci boyların səhnə həlli istisna olmaqla, bütün digər boylara "Yuğ"un müxtəlif
rejissorları öz baxış bucaqlarından
yanaşaraq quruluş
verəcəklər. Yekunda
bütün on iki boyun on iki tamaşası
on iki saatlıq vahid səhnə təzahürü olaraq tamaşaçıların qarşısına
çıxarılacaq. Birinci
və on ikinci boy Mikayıl Mikayılovun interpretasiyasında səhnə
həyatı yaşamağa
başlayacaq. Daha doğrusu, birinci boyun, "Dirsə xan oğlu Buğac
xan boyu"nun səhnə həllini Mikayıl Mikayılov artıq tapıb və tamaşanın ilk premyerası 2025-ci il oktyabrın
16-da Meksikanın Metepek
şəhərində keçirilən
incəsənət və
mədəniyyət festivalında
baş tutub. Tamaşaya aid məlumatlarda layihənin müəllifi kimi Vaqif İbrahimoğlunun adı qeyd edilir.
Vaqif müəllimin yaradıcılığı ilə
tanış olanlar yaxşı bilirlər ki,
ustad rejissor "Yuğ"un səhnəsində
"Kitabi-Dədə Qorqud"
boylarına özünəməxsus
səhnə quruluşu
verib, teatr sənəti tarixinə
"Oğul", "Xatun",
"Dürlü xəbər"
kimi səhnə əsərlərini miras qoyub gedib. Təəssüf
ki, Akademik Milli Dram Teatrının
səhnəsində qoyduğu
"Casus" (müəllif Kamal Abdulla) tamaşasının repertuara
daxil olmaq imkanının qarşısı
ictimai baxışdan sonra kəsildi. Vaqif müəllimin ən layiqli yetirmələrindən biri
olan Mikayıl Mikayılovun "Mən-Dədə
Qorqud" layihəsini
müəyyən mənada
ustadının vaxtilə,
dəqiqi, 2008-ci ildə
özünün və
digər "yuğ"çu
rejissorların quruluş
verdiyi "Mən, Məhəmməd Füzuli"
səkkizhissəli səhnə
varolmasının əks-sədası
hesab etmək olar.
Beləliklə, fəaliyyət tarixini
1989-cu ildən teatr tarixinə "yazmağa"
başlayan, 2016-cı ildə
yerli əhəmiyyətli
memarlıq abidəsi olan binası (1888-ci ildə inşa edilmiş Hacı Fərəcullah hamamı
- red.) söküləndən sonra A.Şaiq adına Dövlət Kukla Teatrının ikinci mərtəbəsindəki
kiçik məşq
otağında fəaliyyət
göstərmək məcburiyyətində
qalan "Yuğ" Dövlət Teatrının
"Kitabi-Dədə Qorqud"
dastanının "Dirsə
xan oğlu Buğac xan" boyu əsasında birhissəli, birboylu müqəddimə və
son sözlü səhnə
dastanı təcrübəsi
səciyyəsində, ilahi
oyun janrında "Mən-Dədə Qorqud: Epizod 1. Başlanğıc"
adlı yeni yuğlamasının
ilk premyerası keçən
il, oktyabrın 16-da Meksikanın
Metepek şəhərində
keçirilən İncəsənət
və mədəniyyət
festivalında olub. Daha sonra kifayət
qədər böyük
fasilələrlə Bakıda,
Milli Gənc Tamaşaçılar
Teatrının səhnəsində
oynanılıb. Bütün
bu məlumatları sadalamaqda məqsədimiz teatr sənəti tariximizdə özünəməxsus
yeri olan "Yuğ" Dövlət Teatrının bu vaxtadək binasız qalmasının yolverilməzliyinə
bir daha diqqət yönəltməkdir.
Mikayıl Mikayılovun
"bu tamaşanı
böyük səhnədə
oynamaqla "Yuğ"u
bir növ kölgədən çıxarmaq
istədik" niyyətinə,
sözünə qüvvət
olaraq. Vəziyyət çox ciddi və son dərəcə
xoşagəlməz şəkil
almaqdadır: götürək
elə haqqında bəhs etdiyimiz tamaşanı - yeni tamaşa
intensiv oynanılmalıdır
ki, rejissor ideyası səhnə halına daha dolğun düşsün, aktyorların
obrazlarını canlandırmaq
bacarığı daha
sürətlə cilalansın.
Bu mediativ səhnə
əsərinin ən yaxın zamanda Dədəmiz Qorqudun ruhunu "Yuğ" Dövlət Teatrının
köməyinə çatdıracağına
və "Binasız qalan mütərəqqi teatr" dastanının yaşamaq haqqı olmadığını bəlirtməyinə
ümid edək...
Dirsə xan oğlı Buğac xan boyını bəyan edər, xanım, hey!
"Mən-Dədə Qorqud: Epizod 1.Başlanğıc"
tamaşasını seyr
etdikcə belə bir təəssürat yaranırdı: bu, əlbəttə ki, illərdir
tanıyıb sevdiyimiz,
hər tamaşasının
yekununda tamaşaçılarına
mütləq bir fəhm, bir kamillik pilləsinə qədəm qoymaq imkanı qazandıran həmin o "Yuğ"
teatrının səhnə
əsəridir. Və
bu təəssüratı
sonadək "Yuğ"un
yeni müstəvidə
özünü ifadə
etmək iqtidarının
aşkarlığı müşayiət
etdi. Əlbəttə,
yeni müstəvi dedikdə, sadəcə böyük səhnəni
nəzərdə tutmaq
kimi bəsit düşüncədən uzağıq.
Əvvəla, "Kitabi-Dədə
Qorqud" dastanı, konkret olaraq "Dirsə xan oğlu Buğac xan boyu" ilk dəfə olaraq eposun orijinal
dilində, qədim türk lisanının oğuz ləhcəsində
səhnə halına
gətirilib, əhvalatın
bəyanı bütünlüklə
bu ləhcədə nəql edilib oynanılır və musiqili parçalar şəklində ifa olunur. İkincisi, dastanın bu boyu etno-müzikl və ya hətta
deyərdim, milli rok-opera janrında qoyulub. "Mən-Dədə
Qorqud: Epizod 1. Başlanğıc" tamaşasının
musiqisini "Yuğ"
teatrının çoxdankı
sənətdaşlarından biri, "Savalan" musiqi kollektivinin rəhbəri İffət
Əsgərov qurub. Tamaşanın sözlü
hissələri ilə
musiqili epizodları vahid, tam bir
şəbəkəni xatırladır.
Yalnız sözdən,
dastanın əsl mətnindən ibarət səhnələri bəzi
hissələrdə davamlılığı
ilə quruluşa bir qədər ağırlıq gətirir.
Musiqi parçaları
qavalda və sazda, yaxud qopuzda
ifa olunur. Bundan başqa, səhnə arxasından da zövqlə tərtib edilmiş fon musiqisi eşidilir.
Aktyorların vokal imkanları aktyorluq bacarıqlarına uduzmur.
Aktyorlardan söz
düşmüşkən, "Yuğ" teatrı hər zaman olduğu kimi, bu yeni yaradıcılıq
layihəsində də
tamaşaçılarına yeni istedadlı və bacarıqlı aktyor adını kəşf etmək imkanı verdi: Nigar Mürsəlova. Oğuz Ana obrazını
"Yuğ"un üçüncü
nəsil aktyor heyətinə aid Mətanət Abbasın dublyoru olaraq yaradan bu gənc
aktrisa cəmi iki il əvvəl
Azərbaycan Dövlət
Mədəniyyət və
İncəsənət Universitetinin
dram və kino aktyorluğu fakültəsinin məzunu
olub. Bu onun ilk böyük
roludur. Gənc aktrisa Oğuz Ana obrazının öhdəsindən çox
ustalıqla gəlib. Mikayıl Mikayılovun rejissor dəsti-xətti bu etno-müzikl, yaxud rok-operada da aydın görünüb
hiss olunur - rejissor ən ümdə yerə quruluş verdiyi halı, vəziyyəti, mətləbi, məğzi,
məzmunu qoyur, aktyorların dönüb hansısa obraza çevrilməyini, müəyyən
bir surət almasını yox. Qasım Nağı, Vüqar Hacıyev, Amid Qasımov (Oğuz Oğul, yaxud Buğac) və Nigar Mürsəlova
(Oğuz Ana) - bu aktyorların hər biri özünün
"Dədə Qorqud"
dastanını, özünün
"Dirsə xan oğlu Buğac xan boyu"nu sözlə, rəqslə
(xoreoqraf Anar Mikayılov), nəğmə
və çalğı
ilə danışır.
Bu solo ifalar,
mono söyləmələr,
müstəqil boylamaların
dördü birlikdə
taraz, harmonik bir xor, kamertona
köklənmiş ansambl,
tamamlanmış bir lövhə, bitkin bir fikir, dolğun
bir mənzərə ərsəyə gətirir.
Dekorasiya (quruluşçu
rəssam Mustafa Mustafayev) minimalistik olduğu qədər ifadəlidir - dörd qapı və ya məzar, bir sandıq, yaxud tabut, buğa
kukla maketi, qırx igidi rəmzləşdirən butafor,
bir az qədim
tikilini, bir az mağaranı andıran pərdələr
- bütün bunları
fakturadan fabulaya çevirən dəqiq işıq effektləri, aktyorların, demək olar ki, eyni
biçimdə, oxşar
tərtibatda olan libasları tamaşanın
vizual hədəfini istiqamətləndirir.
Mentallığın
universallığı, universallığın
mentallığı
Yuxarıda "Mən-Dədə Qorqud: Epizod 1, Başlanğıc"
səhnə əsərinin
etno-müzikl, yaxud milli rok-opera təəssüratı yaratdığını
qeyd etdik. Əslində səhnə
əsəri bu iki janra da
sığmır, çünki
burada, şübhəsiz
və ilk növbədə etno-müzikl
elementləri də var, rok-operaya xas çoxsəslilik də, sərbəstlik də, yuğlama və digər bir sıra xalq
ayin və mərasim, meditasiya, mistik, metaforik katarsis cizgiləri də. Tamaşa sırf Oğuznamə lövhəsi, əsl
"Kitabi-Dədə Qorqud"
boy boylaması, soy soylamasıdır. Lakin eyni zamanda
da bütün bu milli qatlar,
etnik kodlar beynəlmiləl halə ilə əhatələnib:
bu tamaşa ilə dünyanın istənilən ölkəsində
nəinki oğuz-türk
kökəninin nə
olduğunu anlatmaq, həm də ümumbəşəri həqiqətləri,
yaradılışın və
ölümün hikmətini
diqqət mərkəzinə
gətirmək olar. Qulaqları oxşayan qədim türk dilinin oğuz ləhcəsinin şirinliyi
isə mentallığın
universallığını, universallığın mentallığını
tamamlayan bu mətləbi, məğzi
daha da eşidimli,
anlaşıqlı edir.
Samirə BEHBUDQIZI
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.32.