Qraf Eduard de Verin
"Uilyam
Şekspir" təxəllüsü
Hekayə
Oksford
qraflığının XVII qrafı Eduard de Ver şam işığının
önündə özünün "66-cı sonet"ini
yazıb qurtardı, sonra lələyin ucunu ceyran göbəyinin
qanı sayılan müşkdən hazırlanmış
xüsusi mürəkkəbə batırdı və ağ
Çin kağızının üzərinə son nöqtəni
qoydu. O, Şərqdən gətirilmiş müşklə beləcə,
sonetlərini, balina qanı olan ənbərdən
hazırlanmış mürəkkəblə isə məktub,
vedovil və şeirlərini yazırdı. Daha çox faciəvi
xarakter daşıyan pyeslərindən heç bir kimsə xəbər
tutmur, sonetlərini isə onun özündən və gözəl
Cülyettadan savayı bir kimsə oxumurdu. Hətta arvadı
qrafinya Gertrudanın da onun şairliyindən xəbəri yox
idi. Yaxşı ki, yataq otaqları elə əvvəldən
ayrı olmuşdu, yoxsa...
Qraf de Ver
öz arvadını xatırlayan kimi əhvalı pozuldu. O,
stol arxasından qalxdı və yeni sonet
kağızını da götürüb, qarşı tərəfdəki
pəncərə oyuğunun qarşısına gəldi.
Sübh şəfəqləri indi axşamdan
düşmüş dumanı qismən qovmuş, hər yan
işıqlanmağa başlamışdı.
Kağızın mürəkkəbi öz
parlaqlığını itirməsin deyə, onu qurumaq
üçün bayırdan içəriyə dolan havaya tutdu
və eyni zamanda bu yeni sonetini gözucu və səssizcə
oxudu. Son misraları bir qədər gerçək səslə
təkrar etdi:
Hər tərəfdən
rəzalət, baxın, göyə yüksəlir,
Ancaq səni
atmağa, əziz dost, heyfim gəlir.
Öz
sonetlərini, hətta ucadan oxumağa də çəkinirdi,
kimsə bunu eşidə bilərdi. Elə təkcə arvadı
Gertrudanın eşitməsi kifayət edirdi ki, sonra atası
Çarlz və bütün Oksford bundan xəbər tutsun.
Onun əleyhinə olan hər şey bu qadına zövq
verirdi. Bir zadəganın şairlik etməsi ona əsla
hörmət gətirməz, hətta tamam nüfuzdan
salardı. Bu iş komediantların, aktyorların, təlxəklərin
adına yazılmışdı. O nə etsin ki?! Əslində,
bunların heç biri ona aid deyildi, amma oxuduqlarından,
eşitdiklərindən heç də pis sonetlər
yazmırdı. Bunu ona gözəl Cülyetta da deyirdi. O, hətta
bu sonetləri hamının dinləməli olduğunu da təkid
edirdi. Düşüncəsində o qədər pyes
mövzusu vardı ki! Gizli otağındakı rəflərə
düzdüyü kitablar da onun oxuduğu bütün kitablar
deyildi. "Meşəli qəsr"də onun daha
böyük kitabxanası vardı. Gertrudanın oradan zəhləsi
gedir, oralara ayaq basmırdı. Çünki ilk dəfə
zorla orada olarkən meşədə onu ilan
çalmış, amma ilan zəhərinin də ona təsiri
olmamışdı. "Meşəli qəsr"
adlandırdığı qəsrin qarşısında
böyük meşə, göl, çöl və
dağlıq ərazi vardı. Orada həm də maral ovuna,
balıq tutmağa çıxar, əslində elə bu zaman
da sonetlər yazar, pyeslər uydurardı. Orada hər şey
yaxşı idi, təkcə Cülyettanın olmamasından
savayı. Ədəbiyyatı, ya Cülyettanı daha çox
sevdiyini düşünməmişdi. Onları eyniləşdirən
çox cəhətlər vardı. O, bəzən məhz
Cülyettaya olan məhəbbətini ifadə edə bilmək
və azacıq təskinlik tapmaq üçün nəsə
bir şey yazırdı. Yazdıqca ədəbiyyata daha
çox bağlanırdı. Poeziya gözəl Cülyetta qədər
cazibədar idi. Onun qoynundan ayrılmaq Cülyettanın
yatağından ayrılmaqdan heç asan deyildi. Ədəbiyyatın
fərqli üstünlüyü o idi ki, o həmişə
onunla idi. Hətta Cülyettanın qoynunda ikən hər
anın söz ifadəsi düşüncəsindən sətir-sətir
axıb keçir, bu eşqi daha da mənalanırdı.
Qraf de Ver
yazdığı sonetin mürəkkəbinin quruduğuna əmin
olub vərəqi buraraq bükdü, sonra içəridəki
iri quş qəfəsinə yaxınlaşdı. Buradakı
göyərçinlər Cülyettanın bədəni kimi tərtəmiz
və ağappaq idi. Göyərçinin birini qəfəsdən
çıxartdı, sonet yazılmış kiçik
kağızı sapla onun ayağına bağladı. Bu
göyərçinləri ona Cülyetta
bağışlamışdı. Qoşa sevgililər kimi daim
bir yerdə idilər. Hər hansı biri havaya qalxan kimi
Cülyettanın yaşadığı məhəlləyə
sarı uçur, onun pəncərəsi ağzına qonurdu.
Amma sevgilisi burada qaldığı üçün göyərçin
orada çox qərar tutmur, qrafın qəsrinə sarı tələsirdi.
Qayıdarkən təkcə Cülyettanın məktubunu
deyil, həm də ətrini gətirirdi. Qraf ağ göyərçini
qoxuladıqca Cülyettanın da onu beləcə
qoxuladığına, öpdüyünə əmin idi. Yoxsa
ki, onun ətri bu göyərçinlərə beləcə
bariz şəkildə hopa bilməzdi. O, əllərinin
arasındakı ağ göyərçini açıq pəncərə
oyuğundan havaya buraxdı. Göyərçin
"pırıltı" ilə havaya qalxdı və Oksfordun əks tərəfinə
sarı uçdu. Bundan sonra qraf şamdanı püləyib
söndürdü, öz çarpayısına sarı getdi və
paltarını soyunmadan yatağının üstünə
uzandı. Gözlərini yuman kimi də gözəl
Cülyettanı gördü. Cülyetta bağçada gəzir,
hərdən ona sarı çevrilir və bu zaman güllər,
çiçəklər arasında özü də bir
gülə oxşayırdı. Həyatında bu qədər
lətafətli ikinci bir qadına rast gəlməmişdi.
Kaş ki, onunla on il əvvəl rastlaşaydı. Onda Gertruda
ilə evlənməmişdi, oğlu Romeo da yox idi. Onu bu
izdivaca atası məcbur etdi. Onun Gertrudanın atası qraf
Carlzla müştərək manifakturası vardı. Gertruda
bir başqasına ərə gedərdisə, öz
atasının yeganə varisi kimi mülkiyyət hüququnun
da tən yarısını özü ilə aparacaqdı.
Carlzın xəstə vəziyyəti bu izdivacı tələsdirirdi.
Anasının ölümündən sonra atası ona həm
də analıq etmişdi. Amma toydan az sonra qayınatası xəstə
Carlz deyil, öz atası öldü. Carlz isə hələ də
sağ idi. Üstəlik, o, Gertrudanı heç cür sevə
bilməmişdi. Onda nə lətafət, nə də
istiqanlılıq vardı; hər sözü sərt, quru,
ötkəm, hikkəli, acı səslənirdi. Bütün
günü qəsrin içərisində idi. Kübar cəmiyyət
arasına çıxmağı xoşlamırdı, əvəzində
xidmətçiləri, xüsusən də, tabeliyində olan
kişiləri acılamağı çox
xoşlayırdı. Qraf onun şəxsində taleyin
qarğışına tuş gəlmişdi. Cülyetta isə
göylərdən yerə qonmuş mələk kimi idi. Onunla
Londonda qraf Sauthemptonun qızının toy məclisində
tanış olmuşdular. Gertruda toya gəlmək istəməmişdi.
Kaş ki, gələydi və ona mavi gözlü Cülyetta
ilə tanış olmağa imkan verməyəydi. Artıq
üç il idi ki, onunla gizlicə
görüşürdülər və bu ikili həyat
qrafı şipşirin zəhər kimi israf edirdi. Həmin
toyda Uilyam Şekspir adlı bir aktyorun söylədiyi şeirdə
olduğu kimi:
Şipşirin
bal dadır xoşbəxtlik tacı,
Bəzən
bu xoşbəxtlik zəhərdən acı!
Sonralar
onu bədii yaradıcılığa, sonetlər yazmağa
daha çox sövq edən bir səbəb də elə həmin
o diribaş tacir və çox həvəsli aktyor Uilyam
Şekspirdən eşitdiyi bir-birindən gözəl və mənalı
sonetlər oldu. Şekspir qraf Sauthemptonun sevimli dostlarından
idi. Eduard, hətta özünün yazmış olduğu
sonetləri də onun kimi gözəl ifa edə bilməzdi.
...Qraf de
Ver yuxudan göyərçin səsinə oyandı. Pəncərə
oyuğunun ağzına qonmuş dümağ
"poçtalyon" qayıtmışdı və qəfəsdəki
göyərçinə sarı narahat nəzərlərlə
baxır və astadan "qurquldayırdı". Qraf
çarpayıda dabanlarını irəli dartıb gərnəşərkən,
bu göyərçin deyəsən, daha dözə bilmədi
və "pırıltı" ilə uçub qəfəsin
üstünə qondu. Onun ayağına yeni bir məktub
bağlanmışdı. Amma bu məktubun sevinci iki göyərçinin
bir-birinə qarşı can atmasının doğurduğu təəssüratdan
daha güclü olmadı. Çox təsirli bir mənzərə
yaranmışdı; iki aşiqin biri qəfəsdə, o biri
isə bayırda vurnuxur, birlikdə olmağa
çalışırdı. İki sevgili insan arasında
"poçtalyonluq" etmiş bu göyərçin sanki
"qurqultu" salaraq öz sevgilisinin pəncərəsi
önündə serenada oxuyurdu. Bu anlarda qraf bu göyərçinlərin
hər ikisini havaya uçurub azad etmək istədi. Amma o
andaca fikrindən daşındı. Çünki kimsə
ikisini də tutub qanadlarını yolacaq və öz yuvasına
salacaqdı. Buna görə də o qalxıb qəfəsin
üstünə qonmuş göyərçini tutdu,
ayağına bağlanmış məktubu açdı,
göyərçini qoxuladı, sonra onu "sevgilisinin"
yanına - qəfəsə saldı. Eyni zamanda onu da fikirləşdi
ki, bayırdakı eyvanda bu quşlar üçün bir yuva düzəltdirsin
və onları oraya köçürdüb,
qapısını da açıq qoysun. Amma indi də
Cülyettadan gələn məktubu oxumaq istəyi daha
güclü oldu. Məktub çox qısa idi: "Əzizim
Edu, "66-cı sonnet"i aldım. Sən dahisən! İki
gün sonra Londonda olacağam. Sənin də çox
xoşladığın aktyor Cems Berbesin "Yer kürəsi"
adlı yeni teatr binasının açılışı
olacaq. Səni orada görmək istərdim. Temza
çayında qayıqla qoşa gəzinti necə fikirdir?
Bizimkilərin başı mənim üçün növbəti
adaxlı axtarışı ilə qarışıq olacaq.
Öpürəm və özümün əbədi adaxlımdan
gerçək öpüşlər gözləyirəm.
Sənin
Cüliyan".
Sanki bu
sözləri Cülyetta isti nəfəsi ilə onun
qulağına pıçıldayırdı. Bu hərarət
qrafın bütün vücudunu təlatümə gətirdi.
O xəyallara qapılmaq istəmədi və qalxıb
otağından çıxdı. Həyətə düşərkən
pilləkan üstündə qulluqçu Baltazar ona günorta
yeməyinin qrafinyanın istəyi ilə bağdakı
talvarın altına verildiyini bildirdi. Qrafinya Gertruda ilə
birlikdə günorta yeməyinə oturmaq içininin
çirki axan yaraya baxaraq nəsə yeməyə bərabər
idi. Bağda qarşısına balaca Romeo qaçdı.
Yamyaşıl çəmənliyin üstü ilə
uçan mələk timsallı idi. Romeonun gözlərinə
baxa bilmirdi. Onun da gözlərinin içi masmavi dəniz kimi
idi.
Qrafinya
Gertruda onun salamına dodaqucu cavab verdi. Hündür stulunda
oturmuşdu, bir gözü əlindəki tarix kitabında idi,
hərdən stola sarı çevrilib, çəngəlini
nimçələrdən hansınasa sarı uzadır və
nəsə götürüb ağzına aparırdı.
Bütün günü manifakturaların maliyyə və təsərrüfat
işləri ilə şəxsən məşğul olur, ya
da müxtəlif ölkələrin tarixini oxuyurdu. Bir iş
adamı kimi çox münasib idi, amma qadın kimi heç
bir öpüşlük ləyaqəti çatmırdı.
Manifakturalara rəhbərliyi qraf elə qəsdən ona həvalə
etmişdi.
- Qraf, sən
heç olmazsa, Danimarka krallığının tarixini
oxumusanmı? - deyə Gertruda xidmətçiyə müraciət
edirmiş kimi sərt, quru səs və əda ilə
soruşdu.
Qraf təkcə
Danimarka krallığı barədə deyil, dünyanın əksər
krallıqları barəsində dərc olunmuş ən nadir
tarix kitablarını dönə-dönə oxumuşdu. Bir
neçəsi barəsində qeydiyyat aparmış,
onların əsasında, "VIII Henri", "Hamlet",
"Otello", "Maqbet", "Kral Lir" faciələrinin
ilkin variantını yazmışdı. Amma indi sualın
müqabilində qısaca "Xeyr!" cavabını verdi.
Çünki əks cavabın müqabilində müxtəlif
suallar yaranar və o da öz əsərlərindən
doğan cavabları dilinə gətirə bilərdi. "Xeyr"
cavabı hər cür təhlükənin
qarşısını alırdı. Gertrudanın onu tənbəl
və fərsiz hesab etməsi işinə yarayırdı.
Qrafinya, hətta onun kitab aludəçiliyini də sonra
növbəti deyinmələrinə mövzu edər, söhbət
onun atası Çarlzın masasına qədər gedib
çıxardı. Bu qoca və xəstə qrafın
öyüd-nəsihətlərindən tamam bezmişdi.
Kaş ki, zamanında özünün sərt qərarını
verəydi və atasının iradəsinin ziddinə olaraq hər
şeydən imtina edib, buralardan çıxıb gedəydi.
İndi isə balaca Romeonu atıb getmək olmurdu. Eyni ilə
Cülyettanı atmaq qədər çətin idi.
Cülyettanı xatırlayan kimi tez:
- Mən
sabah Londona gedirəm,- dedi,- teatr tamaşasına.
- Mənim
o qoca, daş şəhərdən, qapqara Temzadan, öz
gözəlliyi ilə qürur duyan hersoqinya və
qrafinyalardan, təlxək komediantlardan, sürtük aktyorlardan
zəhləm gedir!
- Təbii
ki, onların sizdən çox xoşu gələrdi.
Qrafinya
Gertrudanın cavabı çox münasib idi və buna görə
ona minnətdar olmaq da olardı. Amma o da öz tikanını
buraxmaqdan qalmadı. Balaca Romeo onun gözünün içinə
özünün məsum nəzərləri ilə baxır,
sanki onun London səfərinin əsas mahiyyətindən xəbərdar
imiş kimi gülümsəyirdi. Nə vaxtsa Romeonun adına
bir alovlu eşq əsəri yazacaqdı. Hələ ki ona layiq
olan mövzu tapa bilmirdi. Amma sanki lap yaxınlıqda bu
mövzunu görürdü. Şərqin "Leyli və Məcnun"
məhəbbət rəvayəti ətrafında nəsə
yazmaq mümkün idi. Amma Şərqdə hər şey həddən
artıq ilahiləşdirilmiş, real həyatdan təcrid
edilmişdi. Onun məhəbbət dastanı isə əsil həyatdan
götürülməli idi. Götürülərdisə
müstəsna fərqi olacaqdımı? O bu əsərləri
kim üçün yazırdı? Tale ona səxavətli
olduğu qədər də öz sərt üzünü
göstərirdi. Bir yandan, qarşısına qraf Kapulettinin
gözəl qızı gənc Cülyettanı
çıxardır, digər tərəfdən, aralıqda
qalın sədlər hörürdü. Həm yaşı, həm
də ailəli olması bu sədləri dağıtmağa
imkan vermirdi. Yaradıcılıq istedadının
ağzını da ictimai mövqeyi qapayırdı. Kübar cəmiyyət
bir qrafın şairliyini onun qeyri-ciddiliyinin göstəricisi
sayırdı. Onun teatr tamaşaları üçün pyes
yazmasından xəbər tutan zadəgan cəmiyyətləri
bütün mərasimlər üçün üzünə
qapılarını taybatay bağlayacaq, onu real həyatdan
tamam təcrid edəcəkdi. İçində bir hiss hər
şeyə tüpürüb getməyə, Cülyettanı
da götürüb "Meşəli qəsrə"
sığınmağa sövq edirdi. Amma təəssüf ki,
bu, mümkün deyildi. Həm Cülyettanın ailəsi buna
imkan verməz, həm də özü oğlu Romeonu görmədən
bu gizlilikdə heç bircə həftə duruş gətirə
bilməzdi.
Romeonun
saçının, çənəsinin, boynunun,
yanaqlarının qəribə və ecazkar ətri vardı.
Onu
yedizdirmək işini indi qulluqçu Baltazardan alıb, hərdən
nümunə göstərmək məqsədi ilə
özü də bir qədər xörək yedi. Romeonun necə
böyəldiyini və nə vaxtsa Cülyetta qədər bir
gözəl qızı necə sevəcəyini təsəvvür
etmək çox xoş idi.
Düşüncəsindən
poetik duyğular axıb keçirdi.
İri,
qara kareta London şəhərinə çatana qədər
qraf Eduard de Ver sevgilisi gözəl Cülyetta və öz
oğlu məsum Romeo barəsində düşündü.
Bir-birini o, Cülyettanı sevdiyi qədər dəlicəsinə
sevən iki gəncin məhəbbəti barəsində bir
pyes yazmaq həvəsi artıq mənəvi ehtiyac səviyyəsinə
qalxmışdı. Elə bir pyes yazmaq istəyirdi ki, bu əsərdə
aşiqlərin qovuşması onunla Cülyettanın
qovuşması qədər mürəkkəb, oğlu Romeodan
ayrılmaq qədər ağır, sərvət və
qraflığın böyük bir hissəsindən imtina etmək
qədər çətin, amma sonda mümkün olsun. Qraf
düşüncəsində min bir süjet qururdu, lakin ən
münasib variantı tapa bilmirdi. Bu məsələnin bədii
həllini tapmaqla öz məhəbbətinin aqibətinə,
elə özünün durumuna da bir yol tapmış
olacaqdı. Sanki bütün yolların sonunda qalın divar
hörülmüşdü. Bu divarları dağıtmağa
əlində heç külüng də yox idi.
London
küçələrinə döşənmiş daşlara
döyəclənən at ayaqlarının nal səsi bəzən
ahəngdar, bəzən də qarmaqarışıq səslənirdi.
Dünyanın bütün işləri beləcə
qarmaqarışıq idi. Bu qarışıqlığı
quran da, açan da, min bir və ən münasib yollar tapan da
O idi - Allah! Görünür, onun tale yazısını da
Allah bu cür yazmışdı.
Kareta bir
yol kənarında durdu və o, qapını açıb
yaxınlıqdakı polisdən yeni teatr binasının yerini
soruşdu. Şəhərə teatrın
açılış saatlarında
çatmışdılar. Polis nəfərinin göstərdiyi
istiqamət boyu faytonlar, karetalar, şux geyimli adamlar
axışırdı. Zadəganlıq teatra, incəsənətə
bu qədər böyük həvəs və maraq göstərir,
aktyorları ayaq üstündə alqışlayır, amma həm
də bu peşəyə həqarətlə
yanaşırdı. Görəsən, elə bir dövr
olacaqdımı ki, cəmiyyətdə aktyorluq, şairlik,
dramaturqluq ehtiramla qarşılansın?! Axı sənət və
sənətçi cəmiyyətin saflaşmasına xidmət
edirdi! Bəlkə də olacaqdı. Amma onda da yəqin ki, əsil
sənət və sənətçi deyil,
fırıldaqçılar önə çıxacaq, cəmiyyəti
bataqlığa sürükləyəcəkdilər.
Bu da bir
müəmma.
Dünyanı
öyrənməklə qurtarmır, o öz sirrini kimsəyə
vermirdi.
Yeni teatr
binasının möhtəşəmliyinə çox diqqət
yetirə bilmədi. Ancaq içərinin gözəlliyi
hamını heyran qoymuşdu. Baxışları həm də
Cülyettanı axtardığı üçün bu gözəllikdən
də zövq ala bilmədi. Cülyettanı tapmaq istəyirdi.
Hətta ikinci mərtəbənin lojasında öz yerini
rahatlayıb, kiçik binoklla tamaşaçılara bir-bir nəzər
saldısa da, onu görmədi. Birdən sanki qarşı tərəfdəki
üst lojaların hansındansa bir ağ göyərçin
ayrıldı və aşağıya doğru uçdu. Bu
onun diqqətini cəlb etdi və bunun bir ağ dəsmal
olduğunu anladı. Lakin binoklu onun düşdüyü
dördüncü mərtəbənin lojasına yönəltdikdə
orada mavi gözlü, gözəl Cülyettanı
gördü və bu zaman ürəyi elə qopdu ki, az qala, o
da əlindən binoklu aşağıya salacaqdı.
Cülyetta binoklun dairəsi önündə ona gülümsədi,
əlini dodaqlarına apardı və ona hava
öpüşü göndərdi. Bundan sonra teatrın
içərisi və qumaş pərdəsi daha da
işıqlandı, gözəlləşdi,
tamaşaçıların səsi kəsildi, onun
qulaqlarında bir ağ göyərçinin astadan "qurqultu"
səsləri dolaşdı.
Sonra birdən
şeypurlar çalındı, barabanlar döyəcləndi,
bir dəstə musiqiçi sol və sağ tərəflərdən
səhnənin önünə çıxdı. Eyni zamanda
qumaş pərdə aralandı, carçı
göründü. O görünən kimi çalğı
susdu. Carçı yeni "Yer kürəsi" adlı teatrın
açılması, onun, məqsədi, məramı barədə
xəbərləri car çəkdi. Yenidən şeypurlar
gurladı, barabanlar döyəcləndi, carçı,
şeypur və barabançalanlar səhnənin sağ və
sol tərəflərinə yönəldilər. Bunlardan sonra
səhnə pərdəsinin önündə məşhur
aktyor Cems Berbes göründü. O, obrazlı geyimdə və
qrimli vəziyyətdə idi. Bu gün Çar Edip rolunu ifa edəcəkdi.
Cems Berbes əvvəlcə Londonda yeni teatr binasının
açılmasını böyük hadisə
adlandırdı, barəsində gözəl sözlər
dedi. Sonra yeni teatr binasının açılışına
razılıq verdiyi üçün əlahəzrət
kraliçaya minnətdarlıq etdi və yeni teatrın
açılışını mənəviyyat bayramı
adlandırıb, hamını bu bayram münasibəti ilə
təbrik elədi. Qraf de Verin qulaqlarında bu səslər,
sözlər dolaşsa da, diqqəti, əsasən,
Cülyettanın yanında idi. Cülyettadan ona doğru həyat
enerjisi axırdı. Axı nə üçün onlar əbədi
olaraq bir yerdə olmamalı idilər?!
Cems
Berbesin çıxışından sonra səhnəyə
daxil olan vokalçılar arqan və arfa alətlərinin
müşayiəti ilə bir neçə romans oxudular. Bunlar
da çox gözəl idi. Teatr sənəti
buradakıların hamısını valeh etmişdi. Sanki səhnədəki
Cülyetta idi və oradan yalnız qraf üçün
oxuyurdu. Sonra aktyor Uilyam Şekspir səhnəyə dəvət
olundu. Bu zaman Cülyetta əlinin işarəsi ilə onun diqqətini
səhnəyə cəlb etmək istədi. Qraf Sauthemptonun
evində onun ifa etdiyi sonetləri çox bəyənmişdi.
İndi də çox şux, amma bir qədər də
üzgün görünürdü. Yəqin ki, soneti daha
dolğun söyləmək üçün obraza girmişdi.
Heç demə, Uilyam özü də sonetlər
yazırmış və indi söyləyəcəyi
"66-cı sonet"i də o yazıbmış.
Mən
ölmək istəyirəm, yoxdur görməyə halət,
Dilənçilik
eyləyir qapılarda ləyaqət.
Sadəliyə
gülərək rişxənd eyləyir yalan,
Kütlük
paltar geyinir min bəzəkdən, cəlaldan.
Qraf de Ver
bu misraları eşitcək diksindi. Bu ki onun özünün
yazdığı və yalnız Cülyettaya göndərmiş
olduğu sonet idi! Heç anlamalı vəziyyət deyildi. Hətta
növbəti bəndlər də eyni idi. Bu zaman
Cülyettanın xəfifcə güldüyünü
gördü. Deməli, bu soneti Uilyam Şekspirə Cülyetta
vermişdi! Hər halda yaxşı ki, Uilyam bunu öz adı
ilə təqdim edirdi:
Hər tərəfdən
rəzalət, baxın, göyə yüksəlir,
Ancaq səni
atmağa, əziz dost, heyfim gəlir.
Birdən
zalı elə alqış sədaları bürüdü ki,
sanki indicə tavan sökülüb yerə töküləcəkdi.
Sonra alqışlar sürəkli xarakter aldı. Şekspirin
özü də belə alqışı gözləmirmiş
kimi karıxıb qalmışdı. O, üzünü
sağ tərəfdəki yuxarı lojalara sarı çevirdi
və orada kimisə axtardı. Deyəsən, Cülyettaya
baxdı. Cülyettanın əlinin işarəsi ilə sonet
bir də ifa olundu.
Daha sonra
açılış mərasiminin birinci hissəsinə daxil
edilmiş digər solo ifalar oldu. Qraf de Ver fasiləni gözləmədən
oturduğu yerdən qalxdı, lojanı tərk elədi.
Buradan birbaşa qarşı tərəfin dördüncü
mərtəbəsinə qalxdı. Fasilədən sonra Sofoklun
"Çar Edip" tamaşası göstəriləcəkdi.
Cülyetta da fasiləni gözləmədən dəhlizə
çıxmışdı. Onlar üzbəüz qalan kimi
bir-birlərinə doğru yüyürdülər və kimsənin
görə biləcəyini də vecə almadan dəhlizdəcə
qucaqlaşıb, öpüşdülər. Qraf Eduard de Ver
bir həftə idi ki, məhz bu isti öpüşdən
ötrü darıxmışdı. Sonra onlar pilləkən
boyu aşağı tələsdilər. Nə
üçün aşağıya tələsdiklərini də
bilmirdilər. Valideynləri burada ikən Cülyettanı hara
götürə biləcəkdi ki?! Birdən haradansa bir əl
uzandı və Cülyettanın qolundan yapışdı. Qraf
indicə həmin ələ doğru atılacaqdı ki, birdən
donub qaldı. Bu o idi - aktyor Uilyam Şekspir! İndi qiyafəsi
bir başqa cür idi.
- Lütfən,
buraya buyurun!
Onun
üzünə təbəssüm hakim kəsilmişdi. Bu
şəxsə etibar etmək olardı. Şekspir onları səhnə
pərdələrinin arası ilə aparıb, bir kiçik və
işıqlı otağa gətirdi. Bura onun qrim otağı
idi.
- Dostlar,
mən bir azdan səhnəyə çıxacam, "Çar
Edip"dəki Kreont rolunu mənə tapşırıblar.
Siz burada özünüzü tam rahat hiss edə bilərsiniz.
Yarım saat vaxtınız var.
Uilyam
Şekspir belə deyib getmək istədi. Cülyetta ona:
- Uilyam,
bu odur, qraf Eduard Dever, "66-cı sonet"in müəllifi!
- deyərək onları tanış etdi.
Şekspir
qraf Deverə üzündə bir dünya heyranlıq və təbəssümlə
əl uzatdı.
- Məni
bağışlayarsınız, qraf, özümü müəllif
kimi təqdim etdim.
-
Çox doğru etdiniz! - qraf Dever də onun əlini
razılıqla sıxdı. - Bu çox münasib oldu.
- Buna
görə Cülyettaya minnətdar olaq!
Eduard de
Ver Cülyettaya sarı çevrilən kimi Uilyam Şekspirin
burada olduğunu unutdu. Sonra Cülyettanın bal dodaqlarından
güclə ayrıldıqda Uilyam daha burada deyildi. O,
qapını arxasınca bağlayarkən Cülyetta:
- Uilyam mənim
rəfiqəm qrafinya Ofelyanın sevgilisidir, - dedi. - İstədim
ki, bu sonetlərin necə mükəmməl olduğuna
özün də inanasan.
- Amma
bunun nə demək olmasının fərqindəsənmi, əzizim?
- Uilyam
sirr verməz! Ən azından özünün də məndə
sirri var.
- Elə
isə mən Uilyama dünya şöhrəti qazandıraram!
Təkcə şair kimi yox, həm də bir çox pyeslərin
müəllifi kimi!
- Nəhayət
ki, sən öz ədəbiyyatını bəşəriyyətə
çatdırmalı olduğunu qəbul etdin.
Daha nəsə
deməyə, nə barədəsə danışmağa
ehtiyac və vaxt yox idi. Qraf Eduard de Ver gözəl
Cülyettanın çılpaq qolları, ağappaq sinəsi,
isti bədəni ilə Yer cənnətinə qovuşdu.
Tamaşadan
və günortadan sonra qraf Eduard de Ver Temza çayının
sahilində bir böyük qayıq icarələdi.
Qayığın içi çox geniş və rahat idi.
Cülyettadan ayrıldığı bu qısa vaxt ərzində
sanki ortadan aylar, illər keçmişdi. Tez-tez ayağa
qalxır və sahilə yaxınlaşan karetalara
baxırdı. O yenə də ağappaq göyərçin
kimi gəldi və sahildə onu gözləyən
qayığa qondu. Axşamacan birlikdə olacaqdılar. Dayəsinin
nökəri Ketrin Cülyettanı sahildə gözləyəcəkdi.
Qayıqçının
arxaya çevrilmək ixtiyarı da satın alındı.
Cənnəti
əvvəlcə sevgili qadının qolları arasında
qazanmaq lazım imiş.
- Yenidən
ayrılacağımızı düşünəndə,
Cülya, mən özüm-özlüyümdə dəfə-dəfə
ölürəm.
- Mən
də sənsiz daha qala bilmirəm, Edu. Məndən
ötrü hersoq Eskalın qardaşı oğlu Paris
elçi düşüb. Atamla anam əvvəlcə özləri
onu bəyənmək istədilər. Montekkinin oğlunu isə
yaxşı ki, elə özləri rədd elədi. Arada nəsil
ədavəti var. Mən hamı ilə aralıqda ədavət
olmasını arzulaya bilmərəm! Qaçırt məni
buralardan, Edu! Səninlə dünyanın o başına da gəlməyə
hazıram!
Temzanın
şıltaq suları qayığın divarlarına bərkdən
toxunur, sanki ləpələr də bunun
qeyri-mümkünlüyünü söyləyirdi.
- Sən
də bunu yaxşı başa düşürsən ki, bizim
tamam yox olmağımız mümkün deyil. Sonra heç
aylarla, illərlə görüşə bilmərik.
- Onda sən
özün bir yol düşün. Gözəl pyeslər
düşünə bilirsən, təkcə özün
üçün bir əsər yaza bilmirsən?
- Nə
edim, hələ ki, bunu bacarmıram, Cülya.
-
Bacarmırsansa, onda mənə qulaq as, mən yolunu
tapmışam.
Qraf de Ver
gözəl Cülyettanı özündən aralayıb, onun
gözlərinin içinə baxdı.
- Edu, sən
ən xəlvət bir yerdə qəsrimizi hazırla.
"Meşəli qəsr" deyirdin, bax, oranı! Biz orada
yaşayacağıq. Sən istənilən vaxt oraya gələcəksən.
Mən isə xüsusi hazırlanmış məcun içəcəm
və hamı üçün öləcəyəm. Bir
neçə gündən sonra sən məni bizim ailə məzarından
götürüb, ora apararsan. Mən hökmən
ayılacağam! Hökmən!
- Yox,
Cülya, bu çox təhlükəlidir! Birdən
ayılmadın...
- Edu, mən
hökmən ayılacam! Mən artıq bunu bir dəfə
sınaqdan keçirtdim, alındı.
-
Alınmasa, mən sənsiz bircə gün də yaşamaram!
- Yol həmişə
var, sadəcə, bunu getməyi bacarmaq lazımdır! Bax,
bundan sonra sənin əsərlərin də işıq
üzü görəcək, xalq sənin sonetlərini oxuya
biləcək, tamaşalarına baxacaq...
- Mənim,
yoxsa Uilyam Şekspirin?
- Nə fərqi
var ki? Sən də sağ ikən əslində gerçək
həyatda olmamağı və Uilyam Şekspir kimi
tanınmağı qəbul etməlisən. Əsas odur ki,
bizim istədiklərimiz gerçəkləşə bilsin!
Ağıllı
Cülyetta sonra da çox sözlər danışdı, az
qala, hər şeyi incəliyi ilə
düşündüyünü nümayiş etdirdi. Qraf de
Verin isə xəyalı tamam başqa bir məkanda idi. Orada
zadəgan Montekkinin oğlu Romeo adlı bir gənc oğlanla
Kapuletti ailəsindən olan gözəl qız Cülyetta
arasında əsrin ən böyük məhəbbəti
yaşanırdı. Onlar bir-birlərinə qatı
düşmən olan ailələrə məxsus idilər.
Üstəlik, Romeo qarşıdurma zamanı təsadüfən
vurub Cülyettanın əmisi oğlunu öldürür və
Romeo şəhərdən sürgün olunur. Aşiqlərin
görüşü daha da çətinləşir. Amma onlar
ayrılıqda yaşaya bilməzlər. Dostu Merkusio onlara
kömək etmək istəyir. Rahib Lorensio da onların tərəfindədir.
Nəhayət, Cülyetta xüsusi məcun içib, hamı
üçün "ölür" və cəmiyyəti tərk
edir. Lakin tədbirin baş tutması, onun ayılması
çox yubanır. Ailə məzarının içərisində
Cülyettanın ayılmasını gözləyən Romeo
onun həmişəlik öldüyünü zənn edir və
onunla o biri dünyada qovuşmaq üçün özünə
qəsd etməli olur. Cülyetta ayıldıqda Romeonun
öldüyünü görür və o da sevgilisinə qovuşmaq
üçün zəhər içir.
Qraf Eduard
de Ver özünə gəldikdə, Cülyettanın onun
qolları arasında, başını sinəsinə qoyaraq
yatdığını gördü. İndi yəqin ki, öz
yuxusunda o özünün düşündüyü tədbirin
gerçəkliyini yaşayırdı. Qraf isə hələ
tam özünə gələ və öz əsərinin təsirindən
qurtula bilməmişdi. İçində bir üzüntü
dolaşırdı- "Romeo" və
"Cülyettanın" aqibətinə görə.
Dodaqları arasından:
-
"Romeo və Cülyetta" adlı məhəbbət faciəsi
artıq yazıldı! - sözləri qopdu.
Ertəsi
gün yenidən Cülyetta ilə qraf Sauthemptonun evində
görüşdülər. Qulluqçu Ketrin hər şeyi
qaydasına qoymuş, hətta qrafinyanın müvəqqəti
istirahət üçün ayrılmasını istədiyi
otaqda yataq da açdırmışdı.
Ketrin
qapını astadan döyüb onlara yataqdan qalxmaq zamanı
olduğunu bildirdikdə, onlar növbəti "cənnət
həyatı"nı yaşayırdılar. Geyinərkən
qraf de Ver Cülyettaya "Romeo və Cülyetta" adlı
yeni pyesi barədə danışmağa başladı. Bu, o qədər
maraqlı qarşılandı ki, sonra böyük salonda
Cülyetta onunla yanaşı kresloların birində oturdu və
elə hey bu əsərdəki hadisələr barədə
suallar verdi. Uilyam Şekspir də burada idi. Onunla köhnə
dostlar kimi görüşdülər. Hətta qraf əl
uzadarkən ona özünü zarafatla: "Uilyam
Şekspir!" deyərək təqdim etdi. Sonra da rahatca dil
tapdılar. Bu adam onun
üçün çox münasib şəxs idi. Teatrda ilk
işinə tamaşaçıların atlarına baxmaqdan
başlamış, sonra suflyorluq və aktyorlar
üçün rolların üzünü köcurmək
işini icra etmişdi. İndi həm də aktyorluq edir, sonetlər,
pyeslər yazırdı. Hamısı da uğursuz. Uilyam
qrafın qələmində hər şeyin uğurlu alınmasına
heyranlığını gizlətmirdi. Birdən o, Uilyama
özünün adı ilə təqdim etməsi şərti
ilə uğurlu pyeslər də verə biləcəyini
bildirdi. Uilyam əvvəlcə bunu haqsızlıq hesab etdi.
Amma sonra ciddi-cəhdlə etiraz edə bilmədi. Bunu
"oğurluq" adlandırmaq da düzgün olmurdu. Bu barədə
Cülyetta da Şekspiri yoldan çıxartmağa çox
çalışdı və bu alındı. Uilyam Şekspir
bu barədə öz gündəliklərində əsil həqiqətləri
yazıb saxlayacağına söz verdi - gələcək nəsillərin
bilməsi və həqiqət naminə. Qrafa isə heç nə
lazım deyildi. Əsas olan onun əsərlərinin insanlara
çatdırılması idi. Əgər onun
düşüncələri ictimai şüura
çatdırılacaqdısa, deməli, bu fikri qəbul edənlər
onun həmfikirləri sayılacaqdılar. Üzdə bilinməsə
də, əslində onun nə qədər həmfikri, dostu
yaranacaqdı. Bəlkə digər ölkələrdə də
az olmayacaqdı. Öz adının Eduard və ya Uilyam
olmasının nə fərqi vardı ki?!
Qraf
Sauthemptonun evində hazırlanmış budəfəki gecəyə
bir çox məşhur aktyorlar dəvət edilmişdi.
Hamı Uilyam Şekspiri tərifləyir, onun yeni sonetlərini
çox böyük ustalıqla söyləməyə
çalışırdılar. Bu zaman Uilyam Şekspir
çox utanır, qraf Eduard Deverə sarı baxmamağa
çalışırdı. Qraf isə hərdən
Cülyettaya sarı məmnun və xoşbəxt təbəssümlə
baxırdı.
Üç
aydan sonra "Yer kürəsi" teatrında qraf Eduard de
Verin "Uilyam Şekspir" təxəllüsü ilə
"VIII Henri" əsəri tamaşaya qoyuldu. Sonra "Tit
Andronik" və "Romeo və Cülyetta" faciəsi
tamaşaçılara təqdim olundu. "Romeo və
Cülyetta" tamaşasına canlı Cülyettanın
özü ilə birlikdə baxdılar. Zalda çoxları
ağlayırdı, amma Cülyetta məmnun təbəssümlə
ona sarı baxır və hərdən dərdli təbəssümlə
və məmnunluqla gülümsəyirdi.
Tanrı
onlar üçün yeni tale yazmışdı: diri ikən
ölmək, var ikən yox olmaq!
Tacir və
aktyor Uilyam Şekspir şair və dramaturq kimi məşhurlaşdıqca
qraf de Ver və Cülyetta artıq "Meşəli qəsr"də
həftələrlə birlikdə yaşayır; ova
çıxır, balıq tutur, günün böyük hissəsini
yataqdan qalxmırdılar. Qulluqçu Ketrin də
"ölmüşdü" və başqa ad altında o da
bu qəsrdə, öz xanımı "Rozetta" ilə
birlikdə yaşayırdı. Hərdən Londona, Oksforda,
Stratforda birlikdə gedir, teatr tamaşalarına
baxırdılar. "Yuli Sezar", "Səhvlər
komediyası", "Şıltaq qızın
yumşalması", "İki veronalı əsilzadə",
sonralar "Hamlet", "Otello", "Kral Lir",
"Maqbet", "Antoni və Kleopatra", "Karolian",
daha sonralar "Simbelin", "Qış
nağılı" və onlarla digər pyesin və onlarla
yeni-yeni sonetin müəllifi "Uilyam Şekspir" idi. Hər
dəfə müəllifin adı təqdim olunduqda bunu
eşidən qraf de Ver dərindən köks
ötürürdü. Həm Cülyetta, həm də qraf nə
vaxtsa oğulları olardısa, adını hökmən
"Uilyam" qoyacaqlarını qərara
almışdılar. Amma onların nəinki oğlu, heç
qız uşağı da olmurdu. Olardısa, o qızın
adı hökmən öz anasının əsil adı ilə
eyni olacaqdı: Cülyetta! Aradan ötən illər ərzində
qrafın arvadı qrafinya Gertruda manifakturada işçilərə
qəzəblənib yatağa düşdü və
dünyasını dəyişdi. Bundan sonra qraf oğlu Romeonu
da özü ilə "Meşəli qəsr"ə
apardı. Onların birgə həyatı yalnız məcburiyyət
yaranarkən və müvəqqəti olaraq, onda da bir neçə
günlüyə qırılırdı. Bu zaman qraf, ya yeni əsərini
xəlvəti görüş yerində Uilyam Şekspirə
vermək üçün gedir, ya da manifakturaların işi
ilə bağlı olaraq şəhərdə
görünürdü. Cülyettanın hamiləliyi çox
gec baş tutdu. Artıq hər ikisi bir qədər
yaşlanmışdı. Qraf "Rozalita"nı daha bircə
dəqiqə də olsun özündən kənarda saxlamırdı.
Amma "Fırtına" adlı növbəti əsərini
Şekspirə vermək üçün Londona elə
Cülyettanın öz təkidi ilə təkbaşına gedəsi
oldu. Lakin tələsik getdiyi üçün əsəri
götürməyi unutmuşdu. Bu, Uilyam Şekspirlə
görüşərkən məlum oldu. Şekspirə tezliklə
gələ bilməyəcəyini və onun özünün
onlara gəlməli olacağını bildirdi.
- Bizim
meşələrdə istədiyin qədər maral da ovlaya
bilərsən! Narahat olma, mən Tomas Lyuis deyiləm ki, buna
görə səni cəzalandırım. Yolunu gözləyəcəyəm,
tez gəl!
Qraf de Ver
Şekspirdən ayrılıb, geriyə, Oksforda, "Meşəli
qəsr"ə qayıtdı. Kareta həyətə daxil
olarkən Ketrin onun qarşısına ağlayaraq
qaçdı. Hətta Romeo da ağlayırdı.
Dünyanın ən böyük faciəsi baş vermişdi:
doğuş zamanı onun Cülyettası
ölmüşdü. Onun dünyaya gətirdiyi Uilyam isə
sağ idi.
Qraf Eduard
de Ver səhərəcən Cülyettanın tabutu
önündə diz çöküb ağladı. Səhər
içəriyə daxil olanların arasında sübh tezdən
yeni əsər üçün buraya gəlmiş Uilyam
Şekspir də vardı. Onlar tabutun qarşısında diz
çökmüş qrafdan ayağa qalxmasını xahiş
etdikdə ondan səs çıxmadı. Bu zaman yerdəki zəhər
şüşəsi Uilyam Şekspirin diqqətini cəlb etdi.
O tez qrafın çiyninə toxundu. Qraf beləcə quruyub
qalmış və çoxdan ölmüşdü.
Şekspir onun barmaqları arasındakı kağızı
güclə qopartdı. Orada bir cümlə
yazılmışdı. "Məşhur şair və
dramaturq Uilyam Şekspir mənəm - qraf Eduard de Ver".
Uilyam
Şekspir bu kağızı bir kimsəyə göstərmədi.
Buna kim inanacaqdı?
Bir dəfə
Oksforda gəlib qrafın qəbrini ziyarət edərkən
Uilyam Şekspir özü ilə bir lövhə də gətirmişdi.
Bu lövhədə qraf Eduard de Verin 37 pyesinin adı və
onun daha 154 sonetin əsil müəllifi olması
yazılmışdı. İmza olaraq "Uilyam
Şekspir" - qraf Eduard de Ver" adı qoyulmuşdu. Lakin
bir dəfə məzarlığı abadlaşdırmağa
gələn qulluqçu Baltazar bu lövhəni
götürdü, üstünü oxuya bilmədiyi
üçün onu artıq, lazımsız bir şey hesab
etdi və bir kənara tulladı.
Hafiz
MİRZƏ
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.20-22.