Türkoloji folklorşünaslıq:
türkçülük diskursundan sosial-antropoloji
"logiya" konseptinə
keçid
Giriş
2025-ci il oktyabrın 7-də Qəbələdə
Türk Dövlətləri
Təşkilatının Dövlət
Başçıları Şurasının
12-ci Zirvə Görüşündə
Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev
ortaq tarixi və etnik köklərin,
eləcə də dillərin türk xalqlarını vahid mədəni ailə kimi birləşdirdiyini vurğulayaraq, Birinci Türkoloji Qurultayın
100 illik yubileyinin Türk Dövlətləri
Təşkilatı çərçivəsində
qeyd olunması təşəbbüsü ilə
çıxış etdi.
Bu strateji təşəbbüs
22 oktyabr 2025-ci il tarixində
Azərbaycan Respublikası
Prezidentinin "Birinci
Türkoloji Qurultayın
100 illik yubileyinin keçirilməsi haqqında"
sərəncamı ilə
rəsmiləşdirildi.
2024-cü
ilin 14 fevral tarixində andiçmə
mərasimində cənab
Prezident İlham Əliyev
"Bizim ailəmiz Türk dünyasıdır"
tezisini irəli sürdü. Bu yanaşma ortaq tarix, ortaq
dil, ortaq mədəniyyət və
ortaq dəyərlər
konseptlərini özündə
birləşdirən və
onları yeni semantik çətir altında sistemləşdirən metakonseptual
çərçivə kimi
dəyərləndirilə bilər. Çünki
"ailə" modeli
münasibətlərin keyfiyyətcə
yeni mərhələsini ifadə
edir: ortaq tarix təkcə keçmişin xatirəsi
deyil, ortaq gələcəyin legitim əsası
kimi çıxış
edir. Ortaq dil qohumluq və
yaxud kommunikasiya vasitəsi olmaqdan çıxaraq strateji inteqrasiyanın və qarşılıqlı anlaşmanın
institusional alətinə
çevrilir. Həmçinin
ortaq mədəniyyət
folklor və ənənə səviyyəsindən
yüksələrək, sistemli
əməkdaşlıq, mədəni
diplomatiya və humanitar siyasətin dayaq nöqtəsinə transformasiya olunur. Şübhəsiz ki, bu şəraitdə ortaq dəyərlər siyasi həmrəylik, qarşılıqlı
məsuliyyət və
beynəlxalq platformalarda
koordinasiyalı mövqe
kimi təzahür edir.
Beləliklə, "Bizim ailəmiz
Türk dünyasıdır"
tezisi əvvəlki mərhələdə mövcud
olmuş mədəni-identik
birlik konsepsiyasını
növbəti mərhələyə
- strateji səviyyəyə
qaldırır. Deməli,
"türk ailəsi"
fikri bir tərəfdən, ortaq tarix və kimlik
konseptini möhkəmləndirir,
digər tərəfdən
isə, bu kimliyin davamlılığını
təmin edəcək
yeni mexanizmlər tələb
edir. Bu istiqamətdə
müstəsna dəyərə
malik sahələrdən biri
də elmi əməkdaşlıqdır.
Bu baxımdan türk dünyası ilə bağlı elmi tədqiqatların genişləndirilməsi,
elmi prioritetlərin müasir dünyanın çağırışlarına uyğun təşkili və ortaq elmi
maraqlara söykənən
ortaq elmi mühitin yaradılması
hazırki mərhələdə
mühüm əhəmiyyətə
malikdir.
"Türk ailəsi" anlayışı yalnız
ideoloji və mədəni müstəvidə
deyil, eyni zamanda elmi təhlil
və bilik istehsalı sistemləri daxilində də inkişaf etdirilməli, ortaq elmi istiqamətlər,
tədqiqat mexanizmləri
və metodoloji yanaşmalar formalaşdırılmalıdır.
Çünki hər hansı ortaq identikliyin davamlı və dinamik inkişafı onun müxtəlif səviyyələrdə,
xüsusilə, elmi fəaliyyət müstəvisində
möhkəmlənməsi ilə
mümkündür. Ortaq
dəyərlərə əsaslanan
mədəni inteqrasiya
elmi əməkdaşlıq
və ortaq tədqiqatların inkişafı
üçün strateji
baza kimi çıxış edə
bilər. Müasir dövrdə mədəni
mövcudluğun dayanıqlığı
və inkişaf perspektivlərini müəyyənləşdirən
ən mühüm göstəricilərindən biri
məhz elmi fəaliyyət sahəsidir.
Bu baxımdan folklor, dil, tarix və
mədəni yaddaş
kimi sahələr türk xalqlarının ortaq elmi mühitinin
formalaşması və
dünya elminə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Zəngin mədəni
irsə malik olan türk xalqları bu irsi ortaq
elmi hədəflər
və metodoloji prinsiplər çərçivəsində
sistemləşdirib inkişaf
etdirməklə, həm
öz tarixi-mədəni
identikliyini elmi əsaslarla möhkəmləndirmək,
həm də "türk ailəsi" anlayışını qlobal
elmi məkanda ortaq intellektual bilik istehsal mədəni birlik kimi daha dolğun,
ardıcıl və davamlı şəkildə
təsdiqləmək imkanına
malikdirlər.
Tarixi-epistemoloji baxış: Birinci Türkoloji Qurultayın
türkçülük ideallarından sovet ideoloji elmi paradiqmasına
Yüz illik zaman intervalından - qloballaşma və rəqəmsallaşma çağının
milli identikliyə və
mədəni təhlükəsizliyə
yönəltdiyi təhdidlər
fonunda Birinci Türkoloji Qurultayın keçirildiyi tarixi şəraitə nəzər
saldıqda, onu yalnız elmi forum kimi deyil, türkoloji
təfəkkürün özünütəşkili
istiqamətində atılmış
tarixi-intellektual hadisə
kimi qiymətləndirmək
olar. Eyni zamanda bu Qurultay
XX əsrin birinci rübündə türk dünyası aydınlarının
böyük cəsarətinin
təzahürü və
türk dünyasını
bir araya gətirmək ideyasının
əməli addımı
idi. Lakin bu cəsarətli intellektual təşəbbüsün qarşısını
almaq üçün
sovet ideologiyası yalnız milli ziyalı təbəqəsinin fiziki
repressiyalara məruz qoyulması ilə məhdudlaşmırdı. Eyni
zamanda humanitar və ictimai elmlərin sistemli ideolojiləşdirilməsi vasitəsilə
epistemoloji nəzarət
mexanizmi qururdu. Xalqın milli kimliyi, mədəni bütövlüyü,
tarixi genezisi, dil və kollektiv
yaddaşını araşdıran
sahələr sovet siyasi düşüncəsində
akademik fəaliyyət
kimi deyil, potensial ideoloji risk kimi qiymətləndirilirdi
və bunun nəticəsində Birinci
Türkoloji Qurultayın
ideyaları yalnız nəzəri səviyyədə
qaldı, praktiki reallaşması ciddi şəkildə məhdudlaşdırıldı.
Qurultayın formalaşdırdığı
elmi-intellektual mühit
göstərirdi ki, dil,
tarix, folklor, ədəbiyyat və mədəniyyət ayrı-ayrı
disiplinar sahələr
deyil, milli identikliyin semantik bütövlüyünü
yaradan, bir-birinin tərkib hissəsi olan komponentlərdir. Məhz bu inteqrativ
yanaşma milli özünüdərk
prosesini gücləndirdiyi
üçün ideoloji
aparat həmin sahələri xüsusi nəzarət obyektinə çevirdi, metodoloji istiqaməti dəyişdirməyə,
məzmunu siyasi doktrinaya uyğunlaşdırmağa
çalışdı. Burada
söhbət yalnız
siyasi hədəfdən
yox, milli özünüdərkin
intellektual əsaslarını
zəiflətmək strategiyasından
gedirdi. Bu kontekstdə
türkoloji düşüncənin
sıradan çıxarılması
yalnız elmi məktəblərin dağıdılması
deyil, eyni zamanda milli özünüdərkin
intellektual əsaslarının
zəiflədilməsi strategiyası
idi.
Çox
mürəkkəb siyasi
şəraitdə Birinci
Türkoloji Qurultayın
keçirilməsi müəyyən
mənada "eyforik"
təsir bağışlayır
(Qasımov, C. (2019). Birinci
Türkoloji Qurultay: şahidlər və şəhidlər. Bakı.
s. 9). Lakin Qurultayda bir
araya gələn ziyalıların intellektual
miqyası, eləcə
də müzakirəyə
çıxarılan problemlərin
strateji xarakteri və tarixi missiyası göstərir
ki, burada formalaşan elmi diskurs türkçülük
və ya milli təəssübkeşlik çərçivəsi
ilə məhdudlaşmayan,
daha geniş və fundamental məqsədlərə
yönəlmişdi. Əslində,
Qurultayın əsas mahiyyəti türkologiyanı
ideoloji identifikasiya vasitəsinə çevirmək
deyil, onu dil, tarix, mədəniyyət
və kollektiv yaddaşın qarşılıqlı
əlaqələri əsasında
sistemli şəkildə
öyrənən müstəqil
elmi-paradiqmatik istiqamət
kimi formalaşdırmaqdan
ibarət idi.
Məhz
buna görə də
sonrakı dövrdə
fəaliyyət göstərən
sovet ideoloji sistemi beşikdəcə neytrallaşdırmağa çalışdığı
və geniş mənada, buna nail olduğu
türkoloji konseptin elmi-metodoloji paradiqma səviyyəsində təşəkkül
tapmasına imkan vermədi. Nəticədə
türkologiya vahid epistemoloji model kimi institusionallaşa bilmədi.
Elmi "türkoloji"
anlayış ideoloji müstəviyə keçirilərək,
"türkçülük", "millətçilik", təəssübkeşlik,
patriotizm, bir sözlə, pantürkizm kimi siyasi-emosional kateqoriyalarla eyniləşdirildi.
Bu isə fəlsəfi
baxımdan elmi bilik istehsalının əsas prinsiplərinə
- obyektivlik, metodoloji müstəqillik və analitik universallıq meyarlarına zidd bir transformasiya idi. Beləliklə, türkologiyanın potensial
elmi-paradiqmatik inkişafı
ideoloji interpretasiya ilə əvəzləndi,
nəticədə elmi
konsept siyasi məna qatlarının dominantlığı altında
öz epistemoloji dərinliyini tam şəkildə
reallaşdıra bilmədi.
Doğrudur, sovet dövründə
müəyyən mənada
"sovet türkologiyası"
formalaşdı. Lakin bu
tədqiqat istiqaməti
fəlsəfi paradiqma
səviyyəsində türk
xalqlarını "türkdilli
xalqlar" çərçivəsindən
kənara çıxarmadı.
Əslində, türkologiyanın
əsasən dilçilik
üzərində qurulması
və müqayisəli-tarixi
metodologiyanın dominant mövqeyə
yüksəldilməsi bu
sahədə əldə
olunan mühüm elmi nəticələrə
baxmayaraq, tədqiqatların
daha geniş konseptual müstəviyə
- genezis, kollektiv kimlik, identiklik, mədəni birlik və tarixi-mədəni inteqrasiya kimi fundamental problemlərə yönəlməsinin
qarşısını aldı.
Türkoloji araşdırmaların
məhz dil faktoru ilə məhdudlaşdırılması humanitar bilik istehsalını dar disiplinar çərçivədə
saxladı və nəticə etibarilə türkologiyanın vahid elmi-paradiqmatik sistem kimi formalaşmasına imkan vermədi.
Bu proses eyni zamanda sovet
ideoloji diskursunun təşviq etdiyi psevdoelmi konstruksiyalar -
"xalqlar dostluğu"
doktrinası, sosialist realizmi modeli və etnik identiklikdən
məhrum "sovet xalqı" yaratmağa yönəlmiş süni
metamillət konsepti ilə müşayiət olunurdu. Belə ideoloji çərçivə
daxilində türkologiya
elmi tədricən öz inteqrativ potensialından uzaqlaşdırıldı:
türk xalqlarının
ortaq genezisi, mədəni yaddaşı
və identiklik problemləri elmi analiz obyektindən çox, siyasi interpretasiya predmetinə çevrildi. Nəticədə
türkoloji dilçilik,
türkoloji ədəbiyyatşünaslıq,
türkoloji sənətşünaslıq
və türkoloji folklorşünaslıq kimi
vahid nəzəri-metodoloji
baza üzərində
qurulan kompleks elmi istiqamətlər sistemli şəkildə formalaşa bilmədi.
Əgər bütün XX əsr
türkologiyasına ümumi
nəzər salsaq, görərik ki, elmi nailiyyətlərə və
mütərəqqi nəticələrə
baxmayaraq, türkologiya
humanitar və ictimai elmləri əhatə edən müstəqil elmi paradiqma statusu qazana bilməmişdir. Bu isə SSRİ tərkibində
yaşayan türk xalqlarının humanitar və sosial elmlər sahəsində həm lokal (ölkədaxili), həm
regional (türk xalqları
və dövlətləri
müstəvisində), həm
də qlobal (beynəlxalq elmi mühitdə) səviyyədə
nəzəri-metodoloji baxımdan
arzuolunan inkişaf mərhələsinə yüksəlməsini
ciddi şəkildə
məhdudlaşdırmışdır.
Məhz
bu tarixi təcrübə bizə bir həqiqəti xatırladır: yad ideoloji
diskursların dominantlıq
etdiyi şəraitdə
"türkoloji" konsept
elmi paradiqmaya çevrilə bilməz!
Ona görə də hazırki məqamda Birinci Türkoloji Qurultayın 100 illiyi yalnız yubiley tədbirləri deyil, müstəqil türk dövlətlərinin birgə
iştirakı ilə
qloballaşma, virtuallaşma,
rəqəmsallaşma və
süni intellektlə xarakterizə olunan yeni sivilizasiya mərhələsində
türkologiyanın epistemoloji
gələcəyini düşünmək
üçün çoxsaylı
imkanlar platformasıdır.
Təbiidir ki, bu platformada zamanın ortaya qoyduğu və özünəməxsus tarixi
gerçəklikdən qaynaqlanan
bir çox suallar müstəqilliyin yaratdığı yeni imkanlar
kontekstində yenidən
baxılmaq və cavablandırılmaq tələb
edir:
- türkologiyanın əminliyini
müəyyən edən
metodoloji meyarlar hansılardır?
- türkologiya müstəqil
elmi paradiqma kimi hansı sahələri əhatə
edə bilər?
- türkologiya ilə "türkçülük" və
"millətçilik" harada kəsişir və yaxud harada
ayrılır?
- milli identiklik diskursu ilə elmi obyektivlik
arasında tarazlıq
hansı nəzəri
əsaslar üzərində
qurulmalıdır?
Bu sualların mərkəzində
mühüm bir açar anlayış dayanır: "logiya".
Çünki türkçülük
milli-romantik konsept kimi, müəyyən mənada, ideoloji çalarlar da daşıya
bilər. Odur ki, yüz illik təcrübə bizə onu diktə edir ki, türkoloji təyinatlı elmi istiqamətlər (dilçilik,
ədəbiyyatşünaslıq, sənətşünaslıq, folklorşünaslıq
və s.) formalaşdırılarkən
nəzəri-metodoloji bazanın
intellektual əsaslar üzərində qurulmasına
xüsusi nəzər
yetirək.
Akademik
İsa Həbibbəyli türkologiyanı
ümumi şəkildə
xarakterizə edərək
yazır ki: "Yeri gəlmişkən, qeyd edim ki, türkologiya dedikdə, çox vaxt yalnız dilçilik məsələləri
başa düşülür.
Belə təsəvvür
olunur ki, türkologiya
ancaq dilçilik məsələlərini əhatə
edir. Əlbəttə,
dil faktoru burada əsasdır, birincidir, təməldir.
Amma ədəbiyyat, folklor,
etnoqrafiya, incəsənət
və tarix də türkologiya məsələsidir və
hesab edirəm ki, bugünkü müstəqillik
şəraitində məhz
türkologiyaya bu baxımdan yanaşmaq zəruridir. Müasir baxımdan yanaşdıqda
azərbaycanşünaslıq özü də türkologiyanın aparıcı
bir qolu, ana xəttidir. Azərbaycanı
öyrənən elmin
bütün istiqamətləri
- tarix, etnoqrafiya, dilçilik, folklor, ədəbiyyat və başqa sahələr bir yerdə həm də türkoloji elmlər sistemi deməkdir" (Həbibbəyli, İ. (2016). Birinci
Türkoloji Qurultayın
idealları işığında.
Birinci Türkoloji Qurultay: görünən və görünməyən
tərəfləri. Elmi
sessiyanın materialları
(10 iyun 2016-cı il) (s. 3-9). Elm və təhsil nəşriyyatı. s. 8).
Bu baxımdan türkoloji folklorşünaslıq elmi
istiqamət kimi rasional-elmi məntiq əsasında formalaşmalıdır.
"Logiya" emosional
çağırışlar yox, səbəb-nəticə
əlaqələri üzərində
qurulan, terminoloji dəqiqliyi olan, elmi metodla işləyən
bilik istehsalı deməkdir. Başqa sözlə, türkoloji folklorşünaslıq "türkçülüyün
emosional dili"ni
"elmi məntiqin dili" ilə əvəz etməlidir. Burada müxtəlif elm sahələrinin filologiya,
antropologiya, mədəniyyətşünaslıq,
psixoanaliz və s. kimi nəzəri metodların türk xalqlarının folkloruna tətbiqi təkcə ortaq folklor mirasının
deyil, həm də ortaq tədqiqat
maraqlarının formalaşmasına
imkan yarada bilər.
Türkoloji folklorşünaslıq: yeni elmi paradiqma və metodoloji konsept
Türkoloji folklorşünaslıq konsepti postsovet məkanında türk xalqlarının filoloji mərkəzli, mətn əsaslı folklorşünaslıq
metodologiyasından uzaqlaşıb
sosial-antropoloji folklorşünaslıq
diskursuna keçidinə
çağırış etmək üçün
real imkan yaradır. Burada məqsəd filologiyanı inkar etmək deyil, filologiyanın dominant və
yeganə prizma olmasını problem kimi göstərməkdir. Çünki
folklor təkcə sözlü mətn deyil. Folklor - "kollektivlik, ənənəvilik
və variantlılıq"
kimi ortaya çıxan bilik, sosial münasibət, davranış modeli, ritual
kod, gündəlik həyatın semantik sxemi, performativ ifadəsi və funksional mexanizmidir. Folkloru yalnız mətn kimi oxuyanda, onun "niyə yaşadığını"
yox, yalnız "necə qurulduğunu" görürük. Sosial-antropoloji
yanaşma isə, folkloru canlı proses kimi izləməyə, onu yaradan kollektivin
mental xəritəsini, dəyərlər
sistemini, sosial ziddiyyətlərini və
adaptasiya mexanizmlərini
anlamağa imkan verir.
Bu baxımdan türkoloji folklorşünaslıq yalnız
ortaq folklor materiallarına deyil, həm də türk xalqlarının folklorundakı fərqlərə
söykənməlidir. Azərbaycan,
Türkiyə, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan,
Türkmənistan və
digər məkanlarda müxtəlif sosial qrupların folkloru həmin qrupların sosio-dinamik inkişafı kontekstində tədqiq edilməlidir. Məsələn,
çoban folkloru, bazar
folkloru, dərzi folkloru kimi qrup
folklorları yalnız
mətn klişeləri
üzərində deyil,
həmin qrupların həyat ritmi, status münasibətləri, əmək
bölgüsü, gündəlik
ünsiyyət formaları,
konfliktləri və etik kodeksləri əsasında öyrənilməlidir.
Bu, türkoloji folklorşünaslığın
"logiya" tələbini
təmin edən əsas metodoloji addımlardan biridir.
Eyni zamanda, folklor yalnız "məqbul"
etik-estetik materiallar toplusu deyil. Folklorun içində stereotiplər, qeyri-məqbul
davranış kodları,
mental zədələr, sosial
gərginliklər və
tabular da var. Elmi folklorşünaslıq
idealizə edərək
yox, bütün qatları öyrənərək
sağlam nəticə
çıxarmalıdır. Bu, həm elmi dürüstlük,
həm də müasir mədəni siyasət baxımından
vacibdir. Folkloru yalnız "gözəl"
olanın vitrini kimi təqdim etmək deyil, folkloru kollektiv həyatın güzgüsü
kimi oxumaq əsas prinsipə çevrilməlidir.
Beləliklə, türkoloji folklorşünaslıq
konseptini aşağıdakı
əsas postulatlar üzrə xarakterizə edə bilərik:
Birincisi,
"türkoloji folklorşünaslıq"
məfhumunun mərkəzində
"logiya" komponenti
dayanmalıdır. Bu, ideoloji
romantizmi elmi rasionalizmə tabe etmək deməkdir. "Türkoloji" məzmunun
elmə çevrilməsi
"logiya"nın tətbiqi
ilə mümkündür:
terminoloji dəqiqlik, metodoloji şəffaflıq,
nəzəri model, müqayisəli
araşdırma, analitik
universallıq.
İkincisi, türkçülüyün romantik diskursundan elmi-nəzəri diskursa keçid üçün
müasir elmi metodologiyaların və nəzəri modellərin tətbiqi vacibdir. Folklor materiallarına filologiya ilə yanaşı, antropologiya, kulturologiya, semiotika, psixoanaliz kimi nəzəri metodların tətbiqi təkcə ortaq folklor mirasının
deyil, ortaq tədqiqat maraqlarının
da formalaşmasına xidmət
edəcəkdir. Burada
xüsusi bir məqamı qeyd etmək lazımdır:
"türk xalqlarını
öyrənmək üçün
ayrıca nəzəri
metod hazırlamaq"
cəhdləri çox
vaxt romantik yanaşmaların davamına
çevrilir. Bizim məqsədimiz "özümüz
üçün xüsusi
metod" uydurmaq deyil, mövcud dünya elminin nəzəri bazası əsasında türk materialını sistemli şəkildə işləmək,
onu beynəlxalq elmi dillə danışdırmaqdır.
Üçüncüsü, türkoloji folklorşünaslığın inkişaf xəttinin filoloji, yoxsa sosial-antropoloji strategiya üzrə qurulması məsələsi digər
türk xalqlarının
alimləri ilə birgə geniş elmi müzakirələr mövzusu olmalıdır.
Bu seçim gələcək
metodoloji çərçivəni
müəyyənləşdirir və türk xalqları arasında elmi əməkdaşlığın
semantik platformasını
yaradır.
Dördüncüsü, ortaq ekspedisiyaların təşkili
sahə tədqiqatlarını
yeni mərhələyə çıxara bilər. Müxtəlif türk xalqlarının alimlərinin
iştirakı ilə
Azərbaycan, Türkiyə,
Türkmənistan, Özbəkistan,
Qazaxıstan, Qırğızıstan
və digər bölgələrdə həyata
keçiriləcək ekspedisiyalar,
birgə sistemli toplanma işi türk dünyasının
folklor reallığı
barədə vahid metodoloji bazanın formalaşmasına imkan verər. Türkoloji folklorşünaslığın "elmi pəncərəsi"
məhz bu cür ortaq sahə tədqiqatları ilə genişlənə
bilər.
Beşincisi, türkoloji folklorşünaslıq
dedikdə, yalnız folklor irsinin toplanması və təsviri nəzərdə
tutulmamalıdır. Bu yanaşma
türk dünyasının
vahid elmi pəncərədən dərkini,
folklorun həm mətn, həm kontekst səviyyəsində
təhlilini, folklorşünaslıq
elminin ümumi nəzəri və metodoloji aspektlərinin sistemləşdirilməsini özündə
ehtiva etməlidir. Yəni "toplama" ilkin şərtdir, amma "logiya"nın özəyi təhlildir.
Altıncısı, institusional koordinasiya
mexanizmləri qurulmalıdır.
Müxtəlif türk
xalqlarının folklorşünaslıq
məktəblərini bir
araya gətirən daimi komissiya, ortaq mövzu və problemlər üzrə konseptual platforma və müasir sosial antropologiya diskursu əsasında "Türkoloji
folklorşünaslığın əsasları" adlı
fundamental dərsliyin birgə
hazırlanması qarşıya
qoyulan hədəflərə
daha əsaslı nail olmağa imkan yarada bilər. Konseptlərin mütəmadi
yenilənməsi üçün
fəaliyyət göstərən
işçi qrupunun formalaşdırılması isə
bu sahənin nəzəri dinamizmini təmin etməklə yanaşı, formalaşdırılan
elmi baxışların
gənc nəsil tədqiqatçılara transferinə
zəmin yarada bilər.
Türkoloji folklorşünaslıqda perspektiv
sistemləşdirmə, rəqəmsallaşma
və elmi etika prinsipləri
Düşünürük ki, türkoloji folklorşünaslığın folklorun daha əsaslı öyrənilməsinə
şərait yaradan aşağıdakı metodoloji
istiqamətlər üzrə
diqqət mərkəzində
saxlanılması bu sahənin elmi mənzərəsinin daha əsaslı formalaşdırılmasına
şərait yarada bilər.
Türkoloji folklorşünaslığın inkişafı üçün
mühüm sahələrdən
biri nağılların
kataloqlaşdırılması üzrə görüləcək
işlərdir. Dünya
folklorşünaslığında Aarne-Thompson süjet kataloqu nağıl materialının elmi təsnifatı və tipoloji təhlili baxımından əsas metodoloji alət kimi çıxış edir. Bu sahədə Azərbaycanda və Türkiyədə müəyyən
təşəbbüslər mövcud olsa da, həmin işin bütün türk xalqlarında sistemli şəkildə həyata
keçirilməsi türkoloji
folklorşünaslığın daha əsaslı bazaya söykənməsinə
şərait yarada bilər. Türk xalqlarının yaşadığı
bütün coğrafiyalardan
toplanmış nağıl
mətnlərinin süjet
kataloqları əsasında
işlənməsi ortaq
elmi maraqların formalaşmasına və türkoloji folklorşünaslığın
tipoloji mənzərəsinin
müəyyənləşməsinə öz töhfəsini verə bilər.
Bu istiqamətin davamı kimi folklorun ayrı-ayrı janrları
üzrə ortaq və müqayisəli variantlar kataloqlarının
hazırlanması zəruridir.
Atalar sözləri, lətifələr və oxşar janr nümunələri üzrə
mövcud toplular vahid metodoloji sistemə inteqrasiya edilmədiyi üçün
motiv və süjetlərin yayılma
arealını, semantik
transformasiyalarını və
struktur paralellərini
kompleks şəkildə
izləmək məhdud
çərçivədədir. Müxtəlif türk xalqlarında eyni folklor vahidinin variantlarını əhatə
edən ortaq kataloqlar "oxşar folklor vahidi" anlayışının nəzəri
əsaslarla işlənməsinə
və müqayisəli
folklorşünaslığın konseptual səviyyədə
inkişafına imkan verə bilər.
Digər
fundamental istiqamət müasir
texno-kulturoloji folklor mühitinin ortaq maraqlar əsasında tədqiqidir. Türkoloji folklorşünaslıq artıq
şifahi və yazılı düşüncənin
fərqlərinə əsaslanan
modellərlə kifayətlənməyərək,
virtual kommunikasiya şəraitində
formalaşan kollektiv ifadə formalarının
elmi əsaslarla öyrənilməsinə xüsusi
diqqət yetirməlidir.
Yazılı, sözlü,
audio-vizual və
multimedia ifadə formalarının
paralel mövcudluğu
şəraitində ənənəvi
folklor, bəzən modelləşdirici metafora
kimi çıxış
edərək kollektiv düşüncənin yeni virtual formalarının yaranmasında
iştirak edir. Bu səbəbdən sosial-antropoloji
metodologiyanın virtual gerçəklikdə
meydana çıxan folklorik təzahürləri
də əhatə etməsi zəruridir.
Bu mərhələdə rəqəmsal
arxivlər və inteqrativ platformaların yaradılması xüsusi
əhəmiyyət daşıyır.
Türk dünyasının
folklor irsinin qorunması və sistemli tədqiqi yerli rəqəmsal arxivlərin yaradılmasını,
rəqəmsal mədəni-irs
fondlarının formalaşdırılmasını
və bu materiallar arasında metodoloji inteqrasiyanın təmin edilməsini tələb edir. Hazırda folklorşünaslıq
sahəsində vahid təşkilati koordinasiya mexanizmi mövcud olmasa da, perspektivdə ortaq rəqəmsal elmi platformaların formalaşdırılması materialların
çoxdilli texnoloji mexanizmlərlə əlçatanlığını
artırmaqla yanaşı,
müqayisəli tədqiqatların
koordinasiyasına və
sahənin daha
fundamental əsaslarla inkişafına
şərait yarada bilər.
Bu konseptual çərçivə
daxilində akademik araşdırmalarda elmi etikanın qorunması, xüsusilə də, süni intellektin tətbiqi imkanlarının
mövcudluğu şəraitində
etik prinsiplərin gücləndirilməsi istiqamətində
mütəmadi addımlar
atılmalıdır. Bu prinsip
türkoloji folklorşünaslığın
özü ilə bərabər inkişaf etməli, dünyanın müvafiq istiqamətdəki
paradiqmalarını nəzərə
almaqla dərinləşməlidir.
Müəllif hüquqları,
istinad mədəniyyəti,
sahə materiallarının
toplanması və təqdimində məsuliyyət,
müqayisəli təhlildə
obyektivlik və terminoloji dəqiqlik və s. türkoloji folklorşünaslığın elmi legitimliyini müəyyən edən əsas göstəricilərdən
olmalıdır. Nəticə
etibarilə, texnoloji imkanlarla etik məsuliyyətin uzlaşdırılması
folklorun həm nəzəri səviyyədə
dərinləşdirilməsinə, həm də sahənin institusional və fundamental inkişafına
dayanıqlı zəmin
yaradan əsas prinsiplərdən biri kimi çıxış edə bilər.
Ortaq türk keçmişindən
ortaq türk gələcəyinə:
türkoloji folklorşünaslıq diskursu
Ortaq türk keçmişi və dəyərləri ortaq türk gələcəyinin inşasında
yalnız emosional yaddaş funksiyası daşımamalıdır. Ortaq
miras diskursu məqsəd, məram, hədəf diskursuna çevrilməlidir. Keçmişdə
"Kitabi-Dədə Qorqud",
"Koroğlu", "Manas" kimi ortaq dəyərlərimiz
olduğu kimi, gələcəkdə də
ortaq elmi hədəflərimiz olmalıdır.
Məsələn, birgə
əməkdaşlıq çərçivəsində
dərsliklərin hazırlanması,
türk xalqlarının
ortaq süjet və motivləri ilə bağlı kataloqların tərtib edilməsi, birgə çöl-sahə ekspedisiyalarının
aparılması, ortaq
rəqəmsal platformaların
formalaşdırılması, nəticə etibarı ilə, türkoloji folklorşünaslıq kontekstində
konseptual tədqiqatların
ortaya çıxarılması
və s.
Şübhəsiz ki, türkoloji folklorşünaslıq
yeni nəsil tədqiqatçılar
tələb edir. Xüsusilə də, dünya elminin müasir metodlarına bələd olan, sosial-antropoloji düşüncə
ilə işləməyi
bacaran, rəqəmsal
humanitar alətlərdən
istifadə edə bilən, türkoloji düşüncəni qlobal
elmi diskursa yönəldən tədqiqatçılar
nəslinin yetişdirilməsi
qarşıda duran mühüm hədəflərdəndir.
Düşünürük ki, böyük türk yazıçısı Çingiz
Aytmatovun qırğız
həyatına söykənən
yaradıcılıq aktı
türk dünyasını
hansı miqyasda beynəlxalq miqyasda təmsil edirdisə, türkoloji folklorşünaslar
da müvafiq elmi diskursda həmin miqyasın intellektual ekvivalentini yaratmalıdırlar.
Bu baxımdan zamanımızın
ruhuna uyğun olaraq, AMEA Folklor İnstitutunun təşkilatçısı
olduğu, sonuncu dəfə 2010-cu ildə sayca altıncısı keçirilən "Ortaq
türk keçmişindən
ortaq türk gələcəyinə" mövzusundakı
beynəlxalq konfranslar
silsiləsinin türkoloji
folklorşünaslıq diskursunun
müzakirə platforması
kimi müasir hədəflər əsasında
konkret elmi problemləri əhatə etməklə yenidən bərpa edilməsi məqsədəuyğun ola bilər.
Eyni zamanda "Türkoloji folklorşünaslıq" adlı
beynəlxalq elmi jurnalın təsis olunması bu sahədə gedən prosesləri beynəlxalq səviyyədə təqdim
etməklə müzakirə
platformasını genişləndirə,
sahənin "logiya"
statusunu möhkəmləndirə
bilər.
Bir cümlə ilə desək, türkçülük
emosional-mənəvi harmoniyanı
özündə ehtiva
edən diskurs, türkoloji folklorşünaslıq
isə, bilik istehsal edən sistem olmalıdır. Hesab edirik ki, qarşıda duran ən mühüm vəzifələrdən biri
türk dünyasının
ortaq irsini emosional "yaddaş"
səviyyəsindən sosial-antropoloji
"logiya" səviyyəsinə
qaldırmaq, yəni funksional elmi və institusional platformaya çevirməkdir.
Düşünürük ki, bu transformasiya Azərbaycan Respublikasının Prezidenti
cənab İlham Əliyev
tərəfindən bəyan
olunan "Bizim ailəmiz Türk dünyasıdır" metakonseptini
humanitar və ictimai elmlər müstəvisində yeni inteqrativ
elmi paradiqma kimi əsaslandıraraq, ortaq tarixi-mədəni yaddaş, dil birliyi və identiklik üzərində
qurulan sistemli tədqiqat modelinin formalaşmasına metodoloji
zəmin yaradacaqdır.
Beləliklə, türkoloji folklorşünaslıq
türk xalqlarının
folklorunu kollektiv yaddaşın, sosial münasibətlərin və
mədəni identikliyin
ifadəsi kimi inteqrativ metodlarla öyrənən, müqayisəli
təhlil, rəqəmsallaşma
və elmi etika prinsiplərinə əsaslanan, müxtəlif
nəzəri-metodoloji prinsiplərin
tətbiqini nəzərdə
tutan, emosional türkçülük diskursunu
rasional elmi "logiya" səviyyəsinə
yüksəldən kompleks
humanitar tədqiqat istiqaməti kimi qavranıla bilər.
Hikmət
QULİYEV,
Səfa QARAYEV
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, №7.- S.16-17.