1926-cı il Birinci Ümumittifaq
Türkoloji Qurultayın son akkordları
Bəzən tarixi qərarların
arxasında sadə inzibati seçimlər deyil, zamanın özü dayanır. I Ümumittifaq Türkoloji Qurultayın burada keçirilməsi təsadüfi
deyildi - zaman Bakını
seçmişdi. Bakı
yolların, dillər və talelərin kəsişdiyi
bir körpü kimi təkcə xəritə üzərində
bir coğrafi məkan deyil, ideyalar süzgəcində
də Şərq və Qərbə açılan qapı idi - yalnız neftin və ticarətin yox, düşüncənin,
sözün, elmin və yazının açdığı bir qapı. Bakı təkcə bir şəhər deyil, ümumtürk düşüncəsinin
mərkəzinə çevrilmişdi.
Bu şəhərdə elm təkcə akademik tribunalarda deyil, cəmiyyətdə mübahisələrə
səbəb olan
və paylaşılan
bir düşüncə
formasına çevrilmişdi.
XX əsrin əvvəllərində
Bakı iqtisadi baxımdan sovet imperiyasının nəhəng
bir elm və mədəniyyət simvoluna
çevrilmişdi, sənaye
şəhəri kimi formalaşsa da, onun küçələrində müxtəlif
dillərdə danışılır,
qəzetlər çap
olunur, ideyalar müzakirə edilirdi. Ən vacib məqam
isə ziyalı mövqeyi idi. Bakıda Bəkir Çobanzadə, Xalid Səid Xocayev, İsmayıl Hikmət, Əhməd Cövdət,
Səmədağa Ağamalıoğlu
kimi milli düşüncə
varislərinin varlığı
şəhəri sadəcə
inzibati mərkəzə
deyil, intellektual məkana çevirmişdi.
Onlar latın əlifbasına keçidi
yalnız qrafik dəyişiklik deyil, düşüncə tərzinin
yenilənməsi kimi görürdülər. Bu ideya
hələ Nəriman
Nərimanovun dövründə
səslənmiş, sonralar
Səmədağa Ağamalıoğlunun
təşəbbüsü ilə konkret istiqamət almışdı.
1922-ci ildən etibarən Bakıda başlanan əlifba ilə bağlı müzakirələr, əslində
gələcəyin ideya
cizgiləri idi. Bu müzakirələrin arxasında
daha böyük bir niyyət vardı. Latın əlifbası vasitəsilə
yalnız daxili islahat aparılmırdı,
eyni zamanda Türkiyə ilə iqtisadi, siyasi və ədəbi-mədəni
əlaqələrin yenidən
qurulması hədəflənmişdi.
Yazı sistemi bu baxımdan, diplomatik bir vasitəyə çevrilirdi
- səssiz, lakin təsirli. Qurultay tarixi bir hadisə
olmaqla yanaşı, davamlı bir prosesin başlanğıcı
idi. Onun təsiri yalnız qəbul edilən qərarlarda deyil, həm də cavabsız qoyduğu suallarda yaşayır. Türkoloji düşüncə bu
suallarla birlikdə inkişaf edərək, öz keçmişi ilə üzləşməməyi
və gələcəyini
yenidən qurmağı
öyrəndi.
Qurultaydan
sonra keçən
zaman təkcə illərin
ardıcıllığı deyil, həm də türkologiyanın dərk edilməsi baxımından uzun bir yolçuluqdur. Bu dövr ərzində türkoloji araşdırmalar
sahəsində yeni konsepsiyalar
formalaşmış, Azərbaycan
tədricən bu elmi istiqamətin nüfuzlu mərkəzlərindən
biri kimi tanınmağa başlamışdır.
Lakin bu inkişaf sadəcə uğur kimi deyil, türk
xalqlarının mədəni
və mənəvi birliyini anlamaq cəhdlərinin ifadəsidir.
Qurultayla başlanan
proses parçalanmış və yadlaşdırılmış
hafizələrin yenidən
bir araya gətirilməsi cəhdi idi. Bu yolun qaranlıq
tərəfi əldə
edilən elmi nailiyyətlər, eyni zamanda ağır bir tarixi itkini
çiynində daşımasındadır.
Tez-tez səsləndirilən
"Türkologiya güllələnmiş
alimlərin elmidir"
ifadəsi, ilk baxışda
metaforik görünsə
də, əslində
XX əsrin faciəvi tarixi gerçəkliyinin qısa və sərt xülasəsidir.
Bu fikir təsadüfi
şəkildə formalaşmamışdır,
1926-cı ildə keçirilmiş
qurultayın iştirakçı
və nümayəndələrinin
sonrakı acı talelərində öz təsdiqini tapmışdır.
I Ümumittifaq Türkoloji Qurultay yalnız türkdilli xalqlar üçün əhəmiyyət
daşıyan bir hadisə kimi qalmadı, akademik türkoloji müzakirələrin
çərçivəsini aşaraq yaddaşlara elmi nəticələri ilə deyil, həm bəşəri, həm də daşıdığı mənəvi dəyərlər,
yarımçıq qalan
arzular və qırılmış talelərlə
həkk olundu. Zahirən elmi müzakirələrin aparıldığı
rəsmi platforma kimi təqdim olunsa da, zaman keçdikcə
həmin elmi tribunanın iştirakçıları
birbaşa qurultayda iştirakına görə
suçlanmasalar da, siyasi
şübhə və
ideoloji təqib obyektinə çevrildilər.
1930-cu illərin totalitar
sovet mühiti elmi fəaliyyəti ideoloji loyallıq baxımından dəyərləndirir,
nailiyyətləri isə
potensial təhlükə
kimi qəbul edirdi. Məhz bu çərçivədə
qurultayda fəal iştirak etmiş bir çox türkoloq alim və ictimai xadim burjua
millətçiliyi, pantürkizm,
panislamizm, ideoloji təxribat, antisovet fəaliyyət, xarici kəşfiyyat orqanları
ilə əlaqə və digər sübutsuz,
lakin siyasi cəhətdən kəskin
ittihamlarla üzləşmişdilər.
Repressiya mexanizmi üçün ittihamların
məntiqi ardıcıllığı
deyil, onların ideoloji faydalılığı
əsas meyar idi. Nəticədə, elmi fikir məhkəmə
protokollarında cinayətə,
nəzəri mübahisə
isə dövlətə
qarşı təhdidə
çevrilmişdi. Bu proses yalnız fərdi taleləri məhv etməklə kifayətlənməmiş,
türkologiyanın inkişafını
da kəskin şəkildə
pozmuşdu. Elmi məktəblər dağıdılmış,
ardıcıllıq qırılmış,
bilik ötürülməsi
səngimişdi, lakin
bütün bunlara baxmayaraq, türkologiya tamamilə susdurula bilmədi - fiziki olaraq məhv edilən alimlərin ideyaları, metodları və qoyduqları suallar zamanla daha davamlı və təsirli oldu.
Elm totalitar zorakılığın
fövqündə dayanaraq,
gələcəyini qorumağı
bacardı. Bu mənada,
"Türkologiya güllələnmiş
alimlərin elmidir"
- ifadəsi təkcə
itkilərin simvolu deyil, eyni zamanda
elmin müqavimət potensialının göstəricisi
oldu. Bu ifadə xatırladır ki, türkologiya
bədəlini həyatları
ilə qoruyan, yaşadan alimlərin mənəvi irsidir. Onun tarixi bu
mənəvi irsin necə ağır sınaqlardan keçdiyini
və buna baxmayaraq, yaşamaqda davam etdiyini göstərən yaddaşdır. Elmi və intellektual potensiala malik olan türkologiya, onun aparıcı nümayəndələri
totalitar sovet rejiminin sistemli təzyiq və məhdudiyyətlərinə tab gətirərək, elmi ənənəni qoruyub saxlamağa və konseptual mövqelərini formalaşdırmağa nail oldular.
6 mart
1926-cı il - I Ümumittifaq Türkoloji Qurultay öz işini tamamladı. Qısa bir zamanda bu
toplantının sədası
dünyaya səs saldı: kimlər üçün bu səs qorxu idi, çünki o sərhədləri aşır,
yaddaşları oyadırdı;
kimlər üçün
isə ümid idi, çünki nəhəng bir mədəniyyətin, elmin
yenidən dirçələcəyini
göstərirdi, bu, sabahın müjdəsi olacaqdı - ürəklərində
yaşayan bir sabahın. O gün təkcə bir elmi toplantı sona çatmadı, tarixə əsrlərlə
silinməyəcək bir
möhür vuruldu.
Bu, protokollarda qeyd olunan son maddələrin, bağlanış nitqinin və rəsmi təşəkkürlərin son sədası idi. ...Zal boşalır, kürsülər susurdu. Çıxışlar, məruzələr,
təkliflər, yekun qərarlar, müzakirələr,
kövrək sözlər
və anlar yavaş-yavaş zamana qarışırdı. Vəd
edilən kimi, 1928-ci ildə Səmərqənddə
keçirilməsi nəzərdə
tutulan ikinci qurultay baş tutmadı. Hamı o günü səbirsizliklə
gözləmişdi. SSRİ-nin türk xalqlarına
qarşı əvvəlcədən
müəyyənləşdirdiyi plan gerçəkləşmişdi: əvvəl latın, sonra kiril əlifbasına
keçid. II Türkoloji
Qurultaya artıq ehtiyac qalmamışdı.
O gündən 100 il ötür.
Tarix bu vədi səssizcə
qarşıladı: insanları
susdura bildi, amma ümidləri yox. Bakıda keçirilən I Ümumittifaq
Türkoloji Qurultay da məhz bu mənada
heç vaxt bitmədi. O, sənədlərdə
deyil, zamanın içində yaşadı
və yaşamaqda davam edir, yolun
yaddaşına çevrilir.
İndi isə bütün
türk xalqları eyni sükutun içində, eyni səbirsizliklə gözləyir
- 100 ilin susqunluğunu
pozacaq o sabahı - II Beynəlxalq Türkoloji Qurultayı. Sabaha doğru!
Nadir
MƏMMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.19.