Gülxani Pənahın "Yaradılış, Həyat,
İdrak fəlsəfəsi
- Novruz
- Yeni gün" əsərində Novruz fenomeni
Folklorşünas, ədəbiyyatşünas, filologiya elmləri doktoru Gülxani Pənahın "Yaradılış,
Həyat, İdrak fəlsəfəsi - Novruz
- Yeni gün" əsəri
türk dilinə tərcümə olunaraq
TÜRKSOY-un xətti ilə
Ankarada çap olunmuşdur. Azərbaycan xalqının milli-mənəvi
dəyərlər sistemi
çoxqatlı tarixi-mədəni
təcrübənin nəticəsi
kimi formalaşmışdır.
Bu sistemin ən mühüm komponentlərindən
biri Novruz bayramıdır. Novruz yalnız mövsümi təqvim hadisəsi deyil, kosmik nizam, yaradılış ideyası,
həyatın dövri
yenilənməsi və
insan idrakının təbiətə münasibətinin
simvolik ifadəsidir. Gülxani Pənah "Yaradılış. Həyat.
İdrak fəlsəfəsi
- Novruz -Yeni gün"
adlı əsərində
Novruzu sırf folklor və ya etnoqrafik hadisə
kimi deyil, ontoloji, kosmoloji və gnoseoloji kateqoriyalar sistemində təhlil edir.
Müəllif Novruzu yaradılışın
metaforik modeli, həyatın dinamikası
və idrakın struktur mexanizmi kimi təqdim edir. Kitabda Novruzun
ritualları, inanclar sistemi, mərasim strukturu və simvolik semantikası türk milli mənəviyyatı
kontekstində sistemli şəkildə araşdırılır.
Əsər multidissiplinar
yanaşma ilə - fəlsəfə, mifologiya,
etnologiya, kulturologiya və simvolika sahələrinin kəsişməsində
qurulmuşdur.
Əsərin əsas ideya xətti, metodoloji bazası, struktur xüsusiyyətləri və
nəzəri yenilikləri
elmi kontekstdən maraq doğurur.
Kitabın əsas tezislərindən
biri budur ki, Novruz kosmik yaradılışın
simvolik rekonstruksiyasıdır.
Müəllifə görə,
Novruz mərasimləri
insan şüurunda kainatın ilkin harmoniyasının bərpasını
ifadə edir. Bu baxımdan Novruza ontoloji prizmadan baxılır. Ontoloji prizma varlıq haqqında təlimdir, fəlsəfənin əsas
sahələrindən biridir.
***
Əsərdə zaman xətti deyil,
dövri proses kimi təqdim olunur: "Novruz ilin başlanğıcı
olmaqla yanaşı,
"ilk zaman"ın təkrarıdır.
Novruz elə bir müqəddəs bayramdır ki, o özündə
bütün dünyanın
xalqlarını birləşdirmiş
olur. Tarixin müəyyən dönəmlərində
xristian, buddizm, müsəlman... dinlərini
də qəbul etməli olan İnsan üçün bu bayram - Novruz
onun genetik kodudur".
Bu yanaşma mifoloji zaman konsepsiyasına əsaslanır:
hər il təbiətin
oyanışı ilkin
yaradılış aktının
simvolik təkrarıdır.
Müəllif göstərir ki, Novruz
mərasimlərində od, su,
torpaq və hava ünsürləri ilkin kosmik elementlər
kimi çıxış
edir. Bu dörd ünsür həm maddi, həm də metafizik səviyyədə kainatın
strukturunu ifadə edir.
***
Novruz bayramında dünyanın,
həyatın varlığında
əsas olan dörd ünsür (su, od, yel, torpaq)
əsas götürüldüyü
bildirilir.
Novruzdan
əvvəlki çərşənbələr
xaosun tədricən nizamlanması kimi izah olunur. Gülxani
Pənah Novruz çərşənbələrinin sayının dörd (su, od, yel, torpaq)
deyil, yeddi olduğu ilə bağlı folklorşünasların
araşdırmalarına diqqət
çəkir: "Onların,
sadəcə, dörd
sonuncuların (su, od, yel, torpaq) əsas
çərşənbələr sayıldığını, bu
çərşənbələrə qədərki üç çərşənbənin "el arasında "oğru çərşənbələr"
("oğru üsgülər")
adlandığı söylənir.
İnama görə, oğru çərşənbələrdə
yazın nəfəsi
oğrunca suya, torpağa, ağaclara toxunub geri qayıdar,
bu minvalla yaxın zamanlarda gəlib çıxacağının
xəbərini vermiş
olar. Oğru çərşənbələrdən sonra başlayan əsas çərşənbələr
"doğru çərşənbələr"
("doğru üsgülər",
"doğru buğlar")
adıyla tanınır.
El sınağına görə
doğru çərşənbələrdə
yazın nəfəsi
növbəylə suyun,
ağacların, torpağın
canına hopub onları oyadır".
Su çərşənbəsi - ilkin
həyat başlanğıcı,
Od çərşənbəsi - enerjinin aktivləşməsi,
Yel çərşənbəsi
- hərəkət və
dinamika, Torpaq çərşənbəsi isə
maddi formalaşma mərhələsidir. Bu ardıcıllıq
kosmogenezin mərhələli
modelini xatırladır.
Beləliklə, Novruz yalnız
təqvim hadisəsi deyil, kosmik strukturun
antropoloji şüurda
modelləşdirilməsidir.
***
Kitabın ikinci əsas istiqaməti Novruzun həyat fəlsəfəsi
kontekstində şərhidir.
Müəllif həyatın
bioloji və sosial səviyyələrdə
yenilənməsini Novruzun
mərkəzi ideyası
kimi təqdim edir.
Novruz təbiətin dirçəlişi
ilə bağlıdır.
Gülxani Pənah fikirlərində haqlıdır
ki, "İnsan yaşadığı
aləmi dərk etdiyi gündən sevib. Onun vurub
dağıdan, yığıb
gətirən, cənnət
bağlar quran, əksinə, cana yağı fəsillərini
sevib. Daima dəyişən, təzələnən,
gözlərinin önündə
min bir gözəllikləri
ilə duran fəsillərin içindədir
insan yaşayışı,
güzəranı... ondan
asılı olduğunu
anlayıb, duyub, duyumunda sevgisi, intizarı, narazılığı,
məhəbbəti kök
atıb".
Bu, yalnız fiziki proses deyil, həyat enerjisinin metafizik simvoludur. Məsələn,
səməni həyatın
cücərmə modelini
təcəssüm etdirir.
Cücərmə həm
maddi, həm də mənəvi yenilənmə aktıdır.
***
Novruz mərasimləri kollektiv birliyi gücləndirir. Qapı pusmaq, papaq atmaq, tonqal
üstündən tullanmaq
kimi rituallar sosial əlaqələrin yenilənməsini təmin
edir. Müəllif bu mərasimləri sosial inteqrasiyanın arxaik forması kimi təhlil edir.
Novruz süfrəsi - semantik struktur kimi - ailə institutunun və sosial nizamın modeli kimi təqdim olunur. Süfrədəki simvollar (səməni, şam, şirniyyatlar) kosmik harmoniyanın miniatür ifadəsidir.
"Novruz yeni ilin,
yeni həyatın, bolluğa,
firavanlığa gedən
yolun ilk başlanğıcıdır.
Bu bayramın kasıbı,
varlısı yoxdur, hamı təbiətin ecazkar qüdrəti qarşısında birdir
- həyata olan sevgisini, təbiətin insanlığa bəxş
etdiyi həyat eşqini qeyd edir. Umu-küsü unudulur, insan qəlbini, ruhunu təmizləyir, varlılar,
milyonların sahibləri
kasıb süfrələrində
də naz-nemətin bolluğu üçün
üzərinə düşən
məsuliyyəti duyur.
Varlının, kasıbın
bir-birinə gətirdiyi
ruzunun dəyəri nəzərə alınmır,
çünki bu dəyər eynidir, süfrələrin bəzəyi
şamlar, şirniyyatlar,
günəşin, ayın,
yağışın, torpağın
simvolu olan şəkərbura, paxlava,
qoğal və sairdir".
***
Kitabın ən mühüm
yeniliklərindən biri
Novruzun idrak fəlsəfəsi kontekstində
şərhidir.
Müəllifə görə, Novruz
mərasimləri arxetipik
şüur formalarını
qoruyub saxlayır. Od -
təmizlənmə və
transformasiya, su - saflaşma, torpaq - məhsuldarlıq, səməni
- həyatın davamlılığı
arxetipləridir.
Bu simvollar yalnız folklor elementi deyil, kollektiv şüurun dərin qatlarında mövcud olan mənəvi kodlardır.
***
Ritual insanın reallığı
dərketmə formasıdır.
Novruz ritualları vasitəsilə insan kosmik qanunauyğunluqları
mənimsəyir. Bu, intuitiv-idrak
modelidir. Müəllif
ritualı simvolik dil kimi təqdim
edir. Novruzun "Avesta"da da əksini tapmasını təbii sayır: "… Novruz bugünkü formasını
alana qədər çox uzun bir inkişaf yolu keçib. Hələ şənlik, bayram mahiyyəti daşımadığı zamanda
Novruz insanların dini inam və
etiqadlarını özündə
birləşdirib. Novruz
bütpərəstlərin, atəşpərəstlərin, islamın, xristianlığın,
neçə-neçə dini
proseslərin formalaşmadığı
bir dövrdən də əvvəl bayram kimi yaranmağa
başlayıb. İnsanla
təbiətin harmoniyası
Novruzun ruhunda, qanındadır. Novruz dünyada yaşayan, yaşamış olan, yaşayacaq insanın elə bil həyat
simvoludur. O, bu dünyada yaşamaq, yaratmaq, insan kimi ömür sürmək fəlsəfəsini
Novruzda tapa bilər. Ömrünü mənalı,
xoş, qəmsiz, kədərsiz, kin-küdurətsiz
keçirmək istəyən
hər bir ağıllı, düşüncəli
insan üçün
həyat konstitusiyasıdır
Novruz. Novruz bəşəriyyətin səpdiyi,
türk dünyasının
becərdiyi, cücərtdiyi
humanist toxumdur. O, halallar
üçün həyat
mənbəyi, haramlar
üçün isə
ölümdür. Onun
qanunlarından kənarda
insanlıq mövcud
ola bilməz. O, bütün
məzmun, ideya keyfiyyətləri ilə humanistnamədir".
***
Əsərdə Novruz türk dünyasının ortaq mədəni fenomeni kimi təqdim olunur. Tədqiqatçı
Novruzu "zaman-zaman, nəsilbənəsil
Adəmin övladlarından
yalnız Türk adlı oğlunun törəmələri tərəfindən
qorunub, türk təfəkkürü ilə
zənginləşib, daha
sanballı, əhatəli
şəkil" aldığını,
"bu mənada dünya xalqlarının tək bir Adəmin
övladı olmasına
baxmayaraq içində
mühafizəkarlığı ilə seçilən, adət-ənənəsinə, inamına xəzinə kimi baxan, qoruyan
türk oğullarının
əmanətinə sədaqəti
diqqəti" cəlb
etdiyini yazır.
Müəllif Novruzu türk
milli mənəviyyatının fundamental dayağı kimi qiymətləndirir: "Bayramın
dini fərqi olmadan keçirilməsi özü bir daha sübut edir ki, Novruz əski türk əcdadlarımızın ulularından
bizə miras qalan mənəvi irsdir. Hər bir türk övladı
dinindən, təriqətindən
asılı olmayaraq bu bayrama müqəddəs
hisslərlə yanaşmış,
damarından axan qanda Novruz doğmalığını
duymuş, bunu bir qanun kimi
nəsildən-nəslə ötürmək missiyasını
yerinə yetirmiş, əsrimizin ən möhtəşəm bir mənəvi xəzinəsi
kimi qorunub saxlanmasına xidmət etmişdir. Novruz elə bir mənəvi
irsdir ki, yediyimiz nemətin, içdiyimiz suyun, əkdiyimiz torpağın, dərdiyimiz
barın xislətindədir.
Torpaq, su, hava, yel dördlüyünün
verdiyi nemətlərə
İnsan şükr edən olub. Şükür sevən, Allahın verdiyi nemətləri sevgiylə,
bayramla, sevinclə qarşılamağı bacaran
bəşər övladının,
xüsusilə, türk
övladının burada
qızıla, var-dövlətə
deyil, onun gündəlik dolanacağına
qarant olan nemətlərə şükranlıq
etməsi xalqımızın
sağlam mənəvi
keyfiyyətlərinin təzahürü
kimi dəyərləndirilməlidir.
İnsanlar paklık, saflıq, doğruluq istəyir. Bolluq, əkdiyi, zəhmət çəkdiyi torpağın
bəhərini, barını
istəyir. Alın təriylə qazandığı
nemətlərə şükr
edir. Ağacına, torpağına, daşına
yaradıcı meyarlarına
görə sitayiş
edir. Onu qızdıran, torpağına
can verən, ölmüşünü
dirildən günəşin
gücünə sitayiş
edən türk ilkin təsəvvüründə
bunları onlara bəxş edən bir qüvvənin varlığına inanıb.
Bu inamıyla yaşayıb,
yaradıb".
***
Tədqiqatçı Novruzun qədim türk inancları ilə bağlılığını diqqətə çəkir.
Təbiətə sitayiş,
göy kultu, odun müqəddəsliyi türk mifoloji sisteminin əsas elementlərindəndir. Novruzda,
novruzun ruhunda ilk insanın inanclar sistemi üstünlük təşkil edir. Bu bayramın rituallarında bu inancların çoxşaxəli, həm
də sistemli bir obrazını görür: "Məsələn,
Novruzun ilk çərşənbəsi
Su çərşənbəsində
qorunan ritualların əksəriyyəti o biri
çərşənbələrdə də var. Bunlarda müqəddəslik duyulur,
suya tüpürməzlər,
od pislikləri, bədbəxtlikləri,
xəstəlikləri yandırıb məhv etmək keyfiyyətinə malik qüdrət
sahibi kimi verilir və ocağa tüpürmək
olmaz, odla oynamaq olmaz, torpaq müqəddəsdir,
onu sevmək, əkmək, becərmək,
alaq otlarından təmizləmək, gülüstana
çevirmək, şumlamaq
insan oğlunun borcudur. Torpağın simvolu olan səmənini
quruyandan sonra yerə atmaq olmaz, onu ya
suya axıtmaq, ya da torpağa basdırmaq lazımdır.
Yeli, küləyi söymək, lənətləmək
olmaz, onu göndərən ilahi qüvvə var. Yerlə göyü mayalandıran,
həyatı yaşadan
qüvvə yel vasitəsi ilə insanlara "sorağını"
- xəbərlərini çatdırır.
Bu, bütöv bir inam və etiqadlarla
zəngin mərasimdir.
İnsan bu mərasimləri Novruz -
Yeni gün kimi möhtəşəm bir bayramının içində
yaşadıb, yaradıb".
Tədqiqatçılar ilkin insanların Novruzu bayram kimi deyil,
dini proses kimi tənzimlədiyinə də
şübhə etmir.
"Kim bilir, tarixin dolablarında insan və cəmiyyət qanunlarını özündə
birləşdirən nə
qədər novruzsayağı
"konstitusiyalar" var. Lakin zaman keçdikcə yaddaşlardan-yaddaşlara
ötürüldükcə, köçetmə prosesində
bu "konstitusiyalar"ın
"maddələri" unudulub,
hafizələrdə izləri
qalıb".
Eyni zamanda hər bir həyat konsepsiyasının Novruzda
izləri, Novruzun inam və etiqadlarla,
adət-ənənələrlə zənginliyi diqqətə
çəkilir: "Ola bilməz
ki, insan yaranan gündən Novruzu bu şəkildə sistemləşdirsin. Novruz
mənəvi dəyərlərimizin
toplusudur, adət-ənənələrimizin
toplusudur, yaratdığı
cəmiyyətin qanun-qaydaları
ilə təbiətin qanun-qaydalarının
toplusudur. Birinci növbədə Yaradana,
"öldürüb dirildənə",
təbiətin insan həyatında özündən
də güclü olan varlıqlarına inamlarının toplusudur.
Bayrama keçənə
qədər Novruzda elə güclü həyat fəlsəfəsi
var ki, tədqiqlərini, tədqiqatçılarını
gözləyir. Novruzla
bağlı yüzlərlə
namizədlik, doktorluq dissertasiyası yazılıb,
araşdırmalar aparılıb.
Hələ bunlar azdır. Novruzun canında Üzü Adəmdən bəri bu zamana qədər
yaşayıb gələn
insan nəslinin həm bədii, mədəni, estetik, mənəvi böyüklüyü,
həm də qloballaşmaqda olan dünyanın qlobal məsələlərinin həllinə
kömək edəcək
məsələlər var", - deyir.
Bununla belə, Gülxani Pənah bəşəriyyətin
bir "anatel"dən
qaynaqlandığını da nəzərə alır, bu bayrama ümumbəşəri
mədəni prosesin tərkib hissəsi kimi də baxır.
***
Novruz kollektiv yaddaşın qorunma mexanizmidir. Bu bayram vasitəsilə milli
identiklik nəsildən-nəslə
ötürülür. Müəllif
Novruzu mədəni kod sistemi kimi
şərh edir. Qədim və orta əsrlər bəşər sivilizasiyasının
inkişafına diqqət
yetirdikdə görürük
ki, onların sosial və mədəni tərəqqisi mürəkkəb
xarakter və inkişaf dinamikasına
malik olmuşdur. Ümumbəşər
mədəniyyətinin tərkib
hissəsi olan ümumtürk mədəniyyəti
bu mədəniyyətin
yüksək səviyyədə,
yaradıcı, inkişafetdirici
"mühafizəçisi" olmaqla yanaşı, onu qoruyub saxlayan,
yaşadan, yaşatdıqca
da öz milli təfəkkürünün
zənginliyinə uyğun
daha da cilalamış,
daha yüksək səviyyəyə çatdırmışdır.
Daima etnik-milli mədəniyyət sistemində
mühüm "struktur
vahidlərindən biri"
olan folklorunda yaşatmış, onu adət-ənənələrinin, sosial həyat şəraitinin tərkib hissəsinə çevirmişdir.
Gülxani Pənahın əsəri
struktur-semiotik və fenomenoloji metodların sintezini təqdim edir. Müəllif Novruzu Ontoloji model, Antropoloji struktur, Simvolik sistem, Mədəni kod mexanizmi kimi təhlil edir.
Gülxani Pənah Novruzu yalnız etnoqrafik fakt kimi deyil,
fəlsəfi kateqoriya
kimi təqdim edir. "Yaradılış.
Həyat. İdrak fəlsəfəsi - Novruz
- Yeni gün" əsəri
Novruzu çoxölçülü
fenomen kimi şərh edən
fundamental tədqiqatdır. Müəllif Novruzu yaradılışın modeli,
həyatın yenilənməsi
və idrakın simvolik strukturu kimi sistemli şəkildə
izah edir.
Əsər göstərir ki, Novruz
Azərbaycan xalqının
milli-mənəvi dəyərlər
sistemində yalnız
bayram deyil, kosmik harmoniyanın, sosial birliyin və mənəvi özünüdərkin fəlsəfi
ifadəsidir.
Bütün türk dünyasının
möhtəşəm mənəvi
xəzinəsi olan Novruz bayramının Azərbaycan Respublikasının
dövlət bayramı
kimi, eləcə də bütün digər türk ölkələrində də
bayram edilməsi milli koda bağlılığın
təzahürüdür.
Salatın ƏHMƏDLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.18-19.