Şeirlərindən
kövşən iyi gələn
Qoca Xalid
dünyasını dəyişdi
17.02.2026-cı
il. Dostum Məhəmməd Mustafayevlə birlikdə Şəkinin
Kiçik Dəhnə kəndinə gedirdik. Məhəmmədə
Qoca Xalidin qızı atasının vəziyyətinin
yaxşı olmadığını bildirmişdi.
...Namizədin
(Qoca Xalidin) ilk daxil olduğu məktəb Politexnik
İnstitutunun meliorasiya fakültəsi olub. İnstitutun
yataqxanasında Məhəmmədlə bir otaqda
qalırmışlar. Namizəd gənc yaşlarından
özünə hədəf seçib və o hədəfə
doğru gedib. İkinci kursda oxuyanda tələbə
dostlarına deyib ki, bura mənlik deyil. İnstitutdan
çıxıb, hərbi xidmətə yollanıb. Məhəmməd
danışır ki, Bakının dəmiryol vağzalında
naxçıvanlı tələbə dostu Orucla birlikdə
onu ikisi yola salıb. Namizəd hərbi xidmətini başa
vurduqdan bir qədər sonra Moskvada Maksim Qorki adına Ədəbiyyat
İnstitutuna daxil olur. Orada özünə çoxlu dostlar
tapır. Bu dostlarla sıx əlaqələr onun gələcəkdə
rus poeziyasının tərcüməçisi kimi
tanınmasına səbəb olur.
Onun
"Rus poeziyası" adlı sonuncu tərcümə
kitabı 376 səhifədən ibarətdir. Kitabda Rusiyanın
məşhur şairləri Fyodor Tütçev, Afanasi Fet,
Nikolay Nekrasov və Sergey Yesenin kimi klassik, Vladimir Sokolov, Anatoli
Jiqulin, Anatoli Peredreyev, Vladimir Kostrov, Vasili Kazantsev, Nikolay
Rubtsov, Yuri Kuznetsov və Vladimir Vısotski kimi son yüzilliyin
müasirləri olan şairlərin 118-dən çox
şeirləri dərc edilib. Kitabda həm də Xalq şairi
Ramiz Rövşənin Qoca Xalidin
yaradıcılığı haqqında ixtisarla verilmiş
yeddi səhifəlik "Həm gözəl, həm də sədaqətli..."
başlıqlı yazısı və Xalq şairi Məmməd
Arazın Qoca Xalid haqqında fikirləri yer alıb. Kitaba
İlham Abbasov tərəfindən 12 səhifəlik ön
söz yazılıb: "Böyük şairlərin "rəqibi".
Vaxtilə
Xalq şairi Məmməd Araz Qoca Xalid haqqında
yazırdı ki, "25 May 1954-cü ildə Şəkinin
Kiçik Dəhnə kəndində anadan olub. Orta təhsilini
kənd məktəbində, ali təhsilini A.M.Qorki adına
Ədəbiyyat İnstitutunda alıb. O, Rusiyanın Elm və
İncəsənət Akademiyasının müxbir
üzvü, Rusiya xalqlarının VII Artiadasının və
Beynəlxalq N.Rubtusov mükafatlarının laureatıdır.
Moskvada keçirilən müxtəlif konfransların
(2023-cü ildə isə Nijni Novqorod şəhərində
keçirilən M.Qorki adına VII Beynəlxalq festivalın)
iştirakçısıdır.
Qoca
Xalidin şeir və tərcümələri dünyanın
müxtəlif ölkələrinin aparıcı ədəbi
orqanlarında - "Qardaş qələmlər" (Ankara),
"Yunost", "Literaturnaya uçyoba" (Moskva),
"Visqorod" (Tallin) jurnallarında, qəzet və
almanaxlarında dərc olunmuşdur.
Qoca Xalid
şəhərə gəlmək, kənd xatirəsi yazmaq
fikrində deyil. O, kənddən dünyanı çox gözəl
görür, həm yaxından, həm uzaqdan.
Şəkiyə
yaxınlaşdıqca narahatlığımız
artırdı. Məhəmmədin zənglərinə kimsə
cavab vermirdi. Biz şairin evinə çatdıqda dəfn
maşını ilə qarşılaşdıq. Biz də
maşın karvanına qoşulduq.
Allah rəhmət
eləsin. Ruhu şad, məkanı cənnət olsun.
35-40
yaşında üzü qalın tüklü və
başında ağ rənğdə araqçın
olmasından din adamı olduğunu zənn etdiyimiz bir nəfər
də taksiyə oturmuşdu. Məlum oldu ki, 11-ci sinifdə
Qoca Xalid onun müəllimi olub. Qəbiristanlığa
gedib-qayıtdığımız müddətdə yalnız
müəllimindən danışdı. Onun həyatı dərk
etməsində müəlliminin xüsusi yeri olduğunu
tez-tez xatırlayır və qeyd edirdi ki, onunla hər
göruşəndə elə hesab edirdim ki, adi yox, yeni və
böyük bir insanla qarşılaşıram.
Kiçik
Dəhnə kəndində kiminlə ünsiyyətdə
olduqsa, Qoca Xalid haqqında xoş sözlər deyir və sevgi
ilə yad edirdilər. Ən təsirlisi isə usaqlıq
dostu, filoloq-publisist Yəhya Abbasovun sözləri oldu:
"Mən
onsuz yaşaya bilməyəcəyəm".
Yəhya
müəllim hər birimizə müəllifi olduğu "Dəhnə
bəzəmələri" kitabını hədiyyə etdi.
Biz Yəhya müəllimdən və Kiçik Dəhnədən
ayrılıb, Bakıya doğru yol aldıq.
Əlvida,
Qoca Xalid, əlvida...
Ağaverdi
ZƏNGƏZURLU
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, №7.- S.22.