Dostlar əsri yarılayır
Şair dostum Qafar Qəribin 50 illiyinə dost təbriki
2026-cı
il başlayandan bəri düşüncəmi məşğul
edən bir fikir var: Dostlar əsri yarılayır. Yol gedirəm
ağlımdadır, öz-özümə fikirləşirəm
dilimin ucundadır, avtomobilin pəncərəsindən ətrafı
seyr edirəm, mənzərədə böyük hərflərlər
yazılıdır sanki: Dostlar əsri yarılayır...
Səbəbi çox sadədir.
Ən yaxın dostum, şair həmkarım Qafar Qərib
2026-cı ilin mart ayının 1-də 50 yaşını
tamamlayacaq. Xəyallar məni 2026-dan götürüb 2000-ci
ilə aparır. İlk dəfə həmin ilin
payızında tanımışdım Qafar Qəribi. O,
universiteti yenicə bitirmişdi, mən isə
Naxçıvan Dövlət Universitetinin 3-cü kursunda
oxuyurdum. Qafar həm də Naxçıvan Dövlət
Teteviziyasında ədəbi-bədii verilişlər
redaksiyasında işləyirdi. Növbəti verilişinə
məni və mərhum şair qardaşım, dostum İlqar
Qulusoyu (o vaxt İlqar Qulubəyi təxəllüsü ilə
şeirlər yazırdı) qonaq dəvət eləmişdi.
Çəkiliş yerini də xatırlayıram. İndiki Xan
Sarayının həyətində, hovuzun kənarında
salxım söyüdlərin önündə o vaxtkı
operator Mamed əminin (hamı ona Mamedka deyirdi) dizayn etdiyi masa və
3 stulun arxasında oturub açıq havada ədəbiyyat
söhbətləri edir, şeirlərimizi oxuyurduq. Bu,
İlqarla mənim Naxçıvan tamaşaçıları
ilə ilk görüşümüz olacaqdı. Ona görə
"olacaqdı" deyirəm ki, nədənsə o
veriliş efirə getmədi. Sonralar şair Asim Yadigar
İlqarla məni "Misra işığı" adlı
verilişinə çağırdı və hərəmiz 5
şeirimizi oxuduq ki, həmin veriliş ilk ekran-efir xatirəmiz
kimi yadda qaldı.
Elə
o vaxtdan da sözün çəkisini
yaxşı bilən, sözlərin nazıyla oynamağı
yaxşı bacaran, sözə dəyər verən, yeni
fikrin, poetik ifadənin, obrazlı deyimin nə olduğunu bilməklə
yanaşı, özü də o cür şeirlərlə
oxucu qəlbində yer tutan Qafar Qəriblə dostluğumuz
başladı.
Həmin
illərdə Qafar Naxçıvanda ədəbi gəncliyin
öncüllərindən idi. "Gözlərsən məni"
adlı ilk kitabı hələ universitet tələbəsi ikən
nəşr olunmuşdu ki, bu da Naxçıvan təhsil və
ədəbi mühitində bir ilk idi. Bir tələbənin
şeir kitabı çıxmışdı. Həmin kitaba
hamımızın hörmətlə və ehtiramla yad
etdiyimiz müəllimi, mərhum professor Hüseyn Həşimli
"Özünü axtaran sözünü axtarar"
adlı ön söz də yazmış, gənc şairə,
yaradıcı tələbəsinə bu sözlərlə
uğurlar arzulamışdı: "Ümid edirəm ki,
özünü, əsl ilhamını, qəlbindən qopub gələn,
səmimi, həzin, dolğun misralarını, bir sözlə,
şair "mən"ini axtaran, növbəti uğurlar
ardınca sənət yoluna çıxan Qafar Qəribin
oxuculara ilk ərmağanı maraqla qarşılanacaq, tələbə
şairin şeirləri ürəklərə yol
tapacaq...". Hüseyn Həşimli ədəbi-tənqidi
baxışlarında yanıla bilməzi və
yanılmadı da. Qafarın təkcə "Gözlərsən
məni" kitabındakı şeirləri yox, ondan sonra
bir-birinin ardınca oxuculara təqdim etdiyi "Gözümə
döydüyüm şəkil", "Dünya üç
bucaq imiş" "Vətən daşdan
başlayırmış", "Bu gün, bu saat, bu an",
"Qədim-yeni Naxçıvan", "Göydən
üç alma düşdü", "İçimizdəki
qəhrəman", "İki qapı arasında", rus
dilində nəşr olunmuş "İlahi sevgi" şeir
və nəsr kitablarının hər biri oxucuların sevərək
mütaliə etdiyi bədii əsərlər oldu.
Qafarın bir sərbəst
şeiri var ki, ordakı son misraları
tez-tez xatırlayıram. "Qorx ki, bir gün
özümüz dünya adlı muzeydə eksponat
sayılaq". Ömür su kimi axıb gedir və dünənin
gənc şair dostları indi oturuşmuş həyatın
axarına düşüb qayğıların əhatəsində
var-gəl edir. "Dostlar əsri yarılayır" deyəndə
də gənclikdən uzaqlaşmağın hiss etdirdiklərini,
dərin nəfəs verib, köks ötürüb
keçmişə boylanıb dumanlı xatirələri
görməyin hüznünü nəzərdə tuturam.
Bir də ki, bu dumanlı
xatirlərin içində minlərlə insan arasında
özünü tək görməyin şair ovqatı var. Nə
qədər də yan-yörəmizdə doğmalar, dostlar,
tanışlar olsa da, şairsənsə, həmişə təksən.
İçində vulkan lavaları kimi oda çevrilən
duyğular partlama həddinə çatanda kağıza-qələmə
sarılmaq, əslində təkliyini öz əlindən xilas
etmək istəyidir. Şeiri yazıb o vulkanı dindirirsən,
o odu qismən səngidirsən, amma nə edirsənsə et, təkliyini
öz əlindən alıb yenidən öz içinə
çəkib gizlədirsən. Təklik şairlərin
bumeranq çubuğudur. Ha uzağa tulla, yenə də gəlib
səndə dayanacaq. Təkliyindən qopa biləndə
artıq hamı kimi biri olursan. O da şairlərin bacara bilməyəcəyi
bir keyfiyyətdir. Qafar da təkdir. Bu gün nə qədər
də valideynləri, bacı-qardaşları, ailəsi,
övladları, hətta nəvəsi, dostları, iş
yoldaşları, ideya silahdaşları olsa da, Qafar, Qənbərovdan
daha çox Qəribdir - Qafar Qərib. Ona görə də təklikdən
yaxa qurtarmağı çətindir:
Gözlərim
viranə boş bir yurd yeri,
Didərgin düşübdür yuxu gözümdən.
Gözgüdə gözümün içinə
baxdım,
Özümü tək görüb
qorxdum özümdən.
Buyurun, bu
da sizə qərib şairin öz etirafı. Həm də 24
yaşındakı etirafı. Bəs son şeirlər
kitabında 45 yaşına ithafən yazdığı "Mən"
şeirində nə deyir dostum:
Biz daim
üç olmuşuq:
Mən,
içimdəki mən,
Bir də mənim əksim.
Və həmin
şeirin bir yerində güzgüdəki əksi haqqında
Qafar Qərib yazır:
Nə etsəm
eyni anda
Məni
təkrar eləyir.
Bəlkə özü də
bilmir,
Qırx
beş ildi neyləyir.
Görürsüz,
Qafar 45 yaşında belə ancaq özüylə söhbətdədir,
özüdür, təkdir, tənhadır. Bu yaxınlarda 50
yaşını qeyd edəcək Qafar Qərib də eləcə
təkdir. Heç dəyişməyib.
Tanıdığım son 26 ildə onu dəyişən
görmədim. Qafarın "Tək" adlı bir şeiri
də var:
Dünyanın
ən sıx yerində,
Şəhərlərin birində
Qalmışam tək, - deyir.
Həəəə,
dostum, sən də təklikdən çox yazırsan, mən
də. Amma riyaziyyatda iki təkin cəminin cüt olma nəticəsi
də var. Bəlkə də yollarımız da təkdir, amma
bu yolları biz tanışlığımızdan bəri
cüt yerimişik axı. Bu illərə çox doğma
xatirələr sığdırdıq. Kompyuterimin şəkillər
papqasında səninlə bağlı minə yaxın - bəli,
mübaliğəsiz, zadsız, düz minə yaxın şəkil
var. Biz təkcə söz yoldaşlığı etməmişik
axı, şeirlərlə başlayan yolçuluq qəzetçiliklə
davam edib, oxucu görüşlərində birlikdə
olmuşuq, çay süfrələrində birgə dərdləşmişik,
yemək süfrələrində birgə doymuşuq, dövlətin
qiymətləndirməsində də eyni gündə "Tərəqqi"
medalına layiq görülmüşük, eyni zamanda
çoxlu yol yoldaşlığı etmişik. Onlardan birini
xatırlayıram. Azərbaycan Yazıçılar Birliyinin
2014-cü ildə Bakı şəhərində keçirilən
Qurultayında bir otaqda qalmışıq. Müzakirələr
aparmışıq, dərdləşmişik, şeirlərimiz
haqqında fikirlərimizi cəsarətlə və çəkinmədən
bir-birimizə deyə bilmişik.
İkimizin də həyatında
maraqlı yerə sahib bir fəaliyyətimizi
unutmadan vurğulamaq istəyirəm. Naxçıvanda
doğulan görkəmli maarif fədaisi, yazıçı,
pedaqoq, tərcüməçi və bir çox müsbət
keyfiyyətləri ilə seçilən Eynəli bəy
Sultanovun 2016-cı ildə 150 illik yubileyi idi. Həmin ərəfədə
çəkilən "Onun həyat amalı" sənədli
filmində Eynəli bəy Sultanov rolunu özüm
canlandırmaq istədiyimi deyəndə rejissor tərəddüt
etmişdi. Amma inandırmışdım. XIX əsrin
sonlarında Naxçıvanda xalqı maarifləndirməyi
qarşısına məqsəd qoyan Eynəli bəy Sultanov
"hüşyar dostları" ilə bu işə
girişmiş və çətinliklərə baxmayaraq
böyük uğur qazanmışdılar. O dostlardan biri də
Cəlil Məmmədquluzadə olmuşdu. Sənədli filmdə
də Eynəli bəy Sultanov rolunu canlandırmağa razı
saldığım rejissora Cəlil Məmmədquluzadə
roluna da sənin çəkilməyini məsləhət
görmüş, sənə də təklif edəndə
razılığını almışdım. Nə sən,
nə də mən aktyor deyilik, bu sənət sahəsində
də hansısa təcrübəmiz olmayıb (bəlkə də
orta məktəb illərində hansısa səhnəciklərdə
oynamışıq, deyə bilmərəm). Buna baxmayaraq XIX əsrin
sonlarındakı o dostluğu biz XXI əsrin əvvəllərində
birgə yerinə yetirdik.
Bir xoş xatirə də qoy bu yazıda əbədi qalsın.
Yeddi il əvvəl ilk nəvən dünyaya gəlməklə
sənə baba statusu qazandırmışdı. Onda zaraftyana
"Qafar baba" adlı şeir yazmışdım. O
şeirin ilk və son bəndlərini yenidən birgə
oxuyaq:
Gözün-başın
aydın olsun,
Qafar
baba, Qafar baba.
Dur əməlli bazarlıq
et,
İlk nəvənə apar baba,
Qafar baba,
Qafar baba.
Baba
dostum, danış, noldu?
Sevincdənmi gözün doldu?
Artıq
ən gənc baba
oldu,
Bir vaxt ən gənc
yazar baba,
Qafar
baba, Qafar baba.
Xatirələrə
necə qapılmışamsa oxuculara Qafarın kimliyindən bəhs
etməmişəm. Axı Qafar Qərib Naxçıvan
Dövlət Universitetinin Azərbaycan dili və ədəbiyyatı
ixtisasını bitirib orta məktəbdə müəllim
kimi çalışan pedaqoq həyatı da yaşayıb,
Naxçıvan Dövlət Televiziyasında telejurnalist kimi də
fəaliyyət göstərib, uzun illər Naxçıvan
Şəhər İcra Hakimiyyətinin mətbu orqanı olan
"Nuh yurdu" qəzetinin redaktoru da olub, AMEA
Naxçıvan Bölməsində "Tusi" nəşriyyatının
direktoru, indi isə redaktoru kimi əmək fəaliyyətinə
davam edir. 2024-cü ilin sentyabrından etibarən seçicilərin
etimadını qazanaraq Naxçıvan Muxtar Respublikası Ali
Məclisində deputatdır, nəzakətli övladdır, sədaqətli
həyat yoldaşıdır, qayğıkeş atadır,
uşaqlaşmağı bacaran babadır.
Bunların hamısını niyə
yazım boyunca xatırlamadım?! Axı
Qafar Qərib mənim dostumdur. Və dostum əsri
yarılayır. 50 yaşını qeyd edir. Bu təkcə
dostumun qocalığa doğru gedişini düşünərək
kövrəlmək deyil, həm də özümün də
oralara yaxınlaşdığımın qorxulu həyəcanını
hiss etməyin təlaşıdır.
Səni
aramızdakı doğmalığa söykənərək 50
illik yubileyin münasibətilə ən səmimi duyğularla təbrik edirəm, Qafar!
Elxan YURDOĞLU
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, №7.- S.25.