Atatürkün mənqəbəsi
Birinci Türkoloji Qurultay
barədə hipotezlər
Stalin
dilemma qarşısında və
Atatürkün sükutu
Türkoloji Qurultay təkcə
elmi müsamirə deyil. Stalin türk xalqlarını bir-birindən
ayırıb uzaqlaşdırmaq,
Atatürk isə türk
xalqlarını bir-birinə
yaxınlaşdırmaq üçün
əlifba problemini müzakirəyə çıxarmışdılar.
Latın əlifbasına
keçid təmin olunmalıydı. Dünyanın
iki böyük siyasət devi - Stalinlə Atatürk hər
ikisi fərqli rakursda yanaşdıqları
məsələni çözmək
üçün Bakıda
üz-üzə gəlmişdilər.
Və qəribədir
ki, zamanında keçirilmiş
bütün konqreslərə
məktub göndərən
Stalin hazırlıq prosesinə
ölkənin bütün
humanitar təsisatlarının,
az qala, bütün partiya rəhbərlərinin qatıldığı
Türkoloji Qurultaya məktub göndərməyib.
Qurultay iştirakçıları
tərəfindən ona
ünvanlanmış məktuba
da cavab yazmayıb.
1926-cı ildə Stalinin
düşüncələrini "Dünya inqilabı" məşğul edir. Stalinin görə, dünya sosialist inqilabının gerçəkləşməsi
üçün bütün
dünya proletarları
birləşməliydi. Türkoloji
Qurultayın keçirildiyi
ildə, yəni
1926-cı ildə sosializmin
tam və qəti qələbəsi hələ
baş verməmişdi.
Sosialist inqilabı baş versə də, SSRİ-də hələ sosialist sistem qurulmamışdı.
Yeni qurulmuş SSRİ məhz
1926-cı ildə ideoloji
baxımdan dünya proletar inqilabını körükləyirdi. Azərbaycan
alimlərinin qənaətinə
görə, 1937-ci il repressiyalarının
Türkoloji Qurultayla heç bir əlaqəsi yoxdur. Elə isə bəs bunu necə
şərh etmək olar ki, Türkoloji Qurultay iştirakçılarının
böyük əksəriyyətinin
1937-ci ildə qətlə
yetirilməsinə səbəb
həm də onların guya "Trotskçi" olması
ilə bağlıdır?!
Trotskçilik isə
1926-cı ildə Stalinin,
bəlkə də yeganə problemi idi. Trotski 1928-ci ildən 1933-cü ilə qədər İstanbulda yaşamışdı. Pantürkistlər
1921-ci ildən bolşeviklərin,
xüsusən, pantürkistlərə
burjua ideoloqu adı ilə qara yaxan Stalinin
hədəfindəydi. 1927-ci ildə Kommunist internasionalı İcraiyyə
Komitəsi VIII plenumunun
X iclasında Stalin deyirdi:
"Kamalçılar hökuməti
fəhlə və kəndlilərə qarşı
mübarizə hökumətidir,
bu hökumətdə
kommunistlərə yer
yoxdur və ola da bilməz".
Latın
əlifbası ilə
bağlı Qurultay Bakıda keçirildi.
Lakin Stalinin yuxarıdakı
fikirlərindən dərhal
sonra, 1928-ci ildə Türkiyə qəfil latın əlifbasına keçdi və həm də latın əlifbasına
ilk keçən Türkiyə
oldu. Azərbaycanda
1929-cu ildə tətbiq
olunmağa başlayan
latın əlifbasından
1939-cu ildə - Atatürk dünyasını
dəyişəndən bir
il sonra imtina olundu. Türkiyədə hərəkat aktiv fazaya keçəndə,
SSRİ-də proses dayandırıldı.
Burda incə bir məqam
var: Türkoloji Qurultayda
əlifba ilə bağlı mövqeyini açıq şəkildə
sərgiləməsə də,
səsvermədə bitərəf
qalsa da, maraqlıdır
ki, Qurultayın keçirildiyi
günlərdə, yəni
1926-cı ildə Bakıda
"Yeni Avropa" otelində
dostlarla söhbətində
Türkiyə təmsilçisi
Köprülü yeni əlifbanın
lehinə olduğunu ifadə etmişdi. Qurultaydan sonra, yəni 1926-cı ilin dekabrında isə qələmə aldığı
"Hərf məsələsi"
məqaləsində "Latın
hərfərinin qəbuluna
tərəfdar olanlar,
zənn edirlər ki, Qərb mədəniyyətinə
bu surətlə daha tez və
daha asan təməssül edə bilərik. Halbuki Qərb mədəniyyətinə
təməssül hərflərimizin
təbdili və latın hərflərinin qəbuluyla mümkün olmaz", deyirdi.
Atatürk isə susurdu;
1928-ci ilə qədər
susdu. 1928-ci ildə isə qərarını açıqladı: "Latın
hərflərinə keçirik".
Başqa sözlə,
Türkiyə Avropa mədəniyyətinə istiqamətləndiyini
bütün dünyaya
bəyan etdi. 1928-ci il
noyabrın 1-də Türkiyə
Böyük Millət
Məclisində "Türk
hərflərinin qəbul
və tətbiqi haqqında qanun" qəbul olundu və bu qanun
elə həmin gün qüvvəyə mindi. İsmayıl Həbib "Atatürk için"
kitabında bildirirdi
ki, ən liberal qələmlər,
Hərf komissiyası belə, bu inqilabın
ibtidai məktəbin
ilk sinfindən universitetin
sonuna qədər on beş il müddətində
gerçəkləşə biləcəyi qənaətindəydilər.
Fəqət Atatürkün
inqilab sistemi isə israrlıydı: "on beş
il möhlət versək,
inqilab da on beş il sonra
başlar". Atatürkə
görə bu, ya üç ayda ola bilər, ya da heç olmaz". Türkiyə
yeni əlifbaya qısa
müddətdə keçdi.
Fuad Köprülü bu
dəfə: "Atatürk bu böyük inqilabı edərkən hansı düşüncələrdən
yola çıxdı?
Bunu tədricən anladıq... Yaxın Şərq mədəniyyətindən
qurtulub çağdaş
Qərb mədəniyyəti
sahəsinə daxil olmaq iradəsini göstəririk... Köhnə
bir mədəni sahədən çıxır
və yeni bir mədəni çərçivəyə
daxil oluruq". Fuad Köprülünün üslubu
diplomatik idi.
Nərimanov amili, yaxud Rza Nurun anonsu
Bu barədə, nədənsə,
çox az danışılır. Türkoloji
Qurultayın keçirilməsi
bilavasitə Nərimanovun
ideyasıdır. Yeri gəlmişkən, 2005-ci ilin
17 noyabr tarixli "Ədəbiyyat qəzeti"ndə,
istərsə də ondan iki gün
sonra, yəni noyabrın 19-da "Gecə
kanalı" verilişində
də bu barədə fikir bildirmişdim. Bildirmişdim
ki, Türkoloji Qurultay
barədə tarixi həqiqətlər hələ
təfərrüatına qədər
araşdırılmayıb və doktor Nəriman Nərimanovun Türkoloji Qurultayın keçirilməsi, Azərbaycanda
latın qrafikasının
tətbiq olunması ilə bağlı fəaliyyəti, xidmətləri
təəssüf ki, yetərincə
işıqlandırılmayıb. Halbuki, Nəriman Nərimanov bu məsələdə görünən
və görünməyən
tərəfləri ilə
özü barədə
düşünməyə kifayət qədər ciddi əsaslar verən, sovet siyasi bumeranqının ilk
qurbanlarından biri idi. O zaman rəhmətlik
Kamil Vəli Nərimanoğlu
bu fikirlərimə dərhal reaksiya vermiş, mətbuatda ayrıca yazı ilə çıxış
etmişdi...
Nərimanov Türkoloji Qurultayın
pərdə arxasında
qalmamalıdır. Türkoloji
Qurultayın keçirilməsi
ideyasının müəllifi
olan Nəriman Nərimanovun əlifba islahatı yolundakı fəaliyyəti barədə
20-ci illər Türkiyəsinin
ideoloji həyatında
xüsusi yeri olan doktor Rza
Nurun "Hayat və hatıratım" kitabının
3-cü cildində hədsiz
dərəcədə qiymətli
tarixi həqiqətlər
yazılıbdır. 1920-ci ildə Stalinlə görüşmək üçün
Moskvaya səfəri zamanı yolüstü Bakıda keçirdiyi görüşləri xatırladan
Rza Nur deyir: "Azəri hökuməti kommunist bir cümhuriyyət.
Komissarlardan mürəkkəb
bir hökumət, bunun başında komissar olaraq doktor Nəriman Nərimanov var. Bu zat ağlı başında olan bir adam.
Məlumatlıdır, mühərrirdir...
Roman, teatro, pyeslər
də yazmış bir zatdır... İyi bir adam.
Ona etimad göstərdiyimi
təlqin etdim. Açıldı və dedi ki, "Bolşeviklik nə? Bu rəzalət bizə gəlməz. Biz türkük, milliyyət ilə yaşarız".
Çox xoşuma gəldi... Bir gün Nərimanov türkcə üçün latın hərfləri qəbul və tətbiq edəcəyini söylədi.
Bunun tərəfdarıydı. Onu bu işdən
vaz keçirmək üçün iki saata qədər söz söylədim. Və nəhayət, "Türk yalnız siz deyilsiniz, bu səbəblə bunu edə bilməzsiniz.
Bu, ümumi bir konqre ilə yapıla bilər. Həm də rusların türklər arasına təfriqə salmaq üçün istədikləri şeydir",
- dedim. Qane oldu. Vaz keçdi.
Bu surətlə hərf
dəyişikliyi üç-dörd
il geri qalmışdı".
1921-ci ildə Nərimanovun sədrliyi ilə Bakıda "Latın əlifbasına keçid"
komitəsi yaradılmışdı
və 1923-cü ildən
etibarən, Tədqiq və Tətəbbö Cəmiyyətinin xətti
ilə bu prosesə təkcə Bakı alimləri deyil, o zamankı SSRİ-nin digər elm mərkəzlərində çalışan
türkoloqlar da xüsusi
diqqət yetirirdilər.
Darülmüəlliminin salonunda
Şura ziyalılarının
ümumi yığıncağında
türk əlifbası
ilə əlaqədar
keçirilən iclası
doktor Nərimanov açmış, 1923-cü ildə
Moskvada tatar gənclərinin və müəllimlərinin konfransında
latın qrafikasına
keçidlə bağlı
müzakirələrdə iştirak
və çıxış
etmişdi.
Türkoloji Qurultayın birinci
və sonrakı bir sıra iclaslarına
sədrlik edən Səməd Ağamalıoğlunun
yekun çıxışında
da Nərimanovun adı
keçir və Qurultayın çağırılması
ideyasının tarixi
belə göstərilirdi:
"Bir sıra mədəni
məsələlərin, o cümlədən, əlifba
məsələsinin həlli
məqsədilə bu
qurultayın ən əvvəl türkoloji deyil, ümumiyyətlə
Şərq xalqlarının
qurultayı kimi keçirilməsi ideyası
hələ Nərimanovun
vaxtında meydana çıxmışdı. Sonralar
bu ideya türkoloji qurultayın çağırılması ideyasına
çevrildi".
Təsadüfi deyildi ki, 7 noyabr
1927-ci il tarixli "Yeni Yol"
qəzeti Türkoloji Qurultayın 1 illiyinə həsr olunmuş xüsusi buraxılışının
ilk səhifələrində Nərimanovun fotosunu belə bir təqdimatla
verib: "Birinci Azərbaycan Hərbi İnqilabi Komitə və sonra Ümumittifaq
Mərkəzi İcraiyyə
Komitəsi sədri
Yeni Türk Əlifbasının
həyata keçməsi
uğrunda çalışanlardan
Nəriman Nərimanov
yoldaş".
Yəhudi əsilli alman türkoloq,
professor Teodor Menzel
1927-ci ildə Berlində nəşr etdirdiyi "Birinci Türkoloji
Konqresindən qeydlər" əsərində
Əli bəy Hüseynzadə barədə
"Ədəbiyyat qəzeti"nin
26 sentyabr 2025-ci il tarixli
sayında yazmışdım
ki, Fuad Köprülü, Dyula
Messaroş, Vasili Bartold, Teodr Menzel və Əli bəy Hüseynzadə
1926-cı ildə İstanbuldan
Bakıya - Birinci Türkoloji Qurultaya bir yerdə gəlmişdilər... Qurultayın
aparıcı simaları,
başqa sözlə,
beyin mərkəzi də onlar idi.
Qurultayda hamısı
çıxış edib.
Əli bəy Hüseynzadə və
Menzel isə, həm də gündəlik qeydlər yazıblar. Menzelin qeydləri Almaniyada nəşr olunub. 1927-ci ildə Bakı qəzetlərində
professor Menzelin "Der 1. Turkologische
Kongre in Baku" əsəri
barədə məlumatlar
dərc olunub". Yazının bu yerində Menzelin əsərinə istinad etməyin zəruri olduğunu düşünürəm.
Yəhudi
əsilli alman türkoloq,
professor Teodor Menzel 1927-ci ildə
nəşr etdirdiyi
"Birinci Türkoloji
Konqresindən qeydlər"
əsəri barədə
"Ədəbiyyat qəzeti"nin
Türkoloji Qurultaya həsr etdiyimiz xüsusi buraxılışında
da məlumat vermişdim.
Menzel, ümumiyyətlə Hüseynzadə barədə,
Birinci Türkoloji Qurultay kontekstində vacib, unikal fikirlər
təqdim edir. Belə çıxır
ki, Əli bəy Hüseynzadənin Türkoloji
Qurultaydakı missiyasını
ən dəqiq müşahidə edən
Menzel olub. Menzelə görə, "Əli bəy Hüseynzadə Türkiyə nümayəndə
heyətinin ən müdrik və ən sakit siması
idi.... O, Şərqin
qədim mədəniyyətini
Qərbin müasir fəlsəfəsi ilə
mükəmməl şəkildə
qarışdıran əsl
humanistdir. Həm Şərq (İslam-Türk),
həm də Qərb (Avropa) mədəniyyətlərini son dərəcə bilən,
yüksək intellektual
dərinliyə malik bir
şəxsiyyətdir".
Uzun illərdir ki, Hüseynzadənin
"Qərbin iki dastanında türk" əsəri onun Türkoloji Qurultaydakı çıxışıdırmı, deyilmi, mövzusunda mübahisələr davam edir. 11 oktyabr 2025-ci il tarixli "Ədəbiyyat
qəzeti"ndə dərc
olunan "Bir foto və dörd kartpostal" məqaləmdə
Hüseynzadənin Bakıdan
ailəsinə yazdığı
bir kartpostalı xatırladaraq bildirmişdim
ki, Hüseynzadənin 1926-cı ildə Bakıdan Ədhiyyə xanıma yazdığı məktubda
aydınlaşdırıcı mühüm bir fakt var: "Türkoloji Qurultay qapandı. Şimdi mənim söyləməklərim daha
təfsilatlı olaraq
bir kitab halında burada çap olunmaqdadır. Bir qaç
günə qədər
bitəcək". Deməli,
həmin günlərdə
Bakıda nəşr olunmuş "Qərbin iki dastanında türk" əsəri Əli bəy Hüseynzadənin Türkoloji
Qurultayda söylədiyi
məruzənin mətnidir".
Menzel də Qurultay prosesində hazırlanmış
stenoqramda gözə çarpmayan, bu son dərəcə ciddi hadisədən bəhs edir, Türkoloji Qurultay tarixinin Əli bəy Hüseynzadə ilə bağlı mübhəm bir sualına cavab verilir: "Hüseynzadə Əli bəyin Höte və Dantenin əsərlərində türk
təsirlərini izləyən
təqdimatı, qurultaydakı
ən dərin və fəlsəfi çıxışlardan biri
idi. O, ədəbiyyata
sadəcə bir mətn kimi deyil, sivilizasiyalar arasında qarşılıqlı
təsir sahəsi kimi yanaşmaqda ustalığını nümayiş
etdirdi".
Menzelin yazdıqlarından məlum
olur ki, Hüseynzadəyə
məxsus milli triada Qurultayda da diqqət mərkəzində olub.
Amma bu, stenoqramda nəzərə çarpmır.
Menzel isə yazır:
"Əli bəy Hüseynzadə Türk dünyasının oyanışı
üçün zəruri
olan "Türkləşmək,
İslamlaşmaq, Müasirləşmək"
düsturunun canlı bir abidəsi kimidir. Qurultaydakı hər müdaxilədə
o, bu üç təməl sütun arasında tarazlığı
qoruyub saxlayırdı".
Digər
vacib təmayül Hüseynzadənin Qurultayın
elmi ahəngini qoruyub saxlamaq cəhdi, elmi davranış tərzidir:
"Əli bəy səsini qaldırmadan danışan, lakin hər cümləsi ilə diqqəti cəlb edən bir nüfuza sahib idi. Onun iştirakı
qurultayın bəzən
həddindən artıq
siyasi atmosferinə akademik çəki və ləyaqət qatırdı." Məncə,
əlavə şərhə
ehtiyac yoxdur.
P.S. Menzelin "Birinci Türkoloji Konqresindən qeydlər" əsəri
"Ədəbiyyat qəzeti"
yayınları" seriyasından
Orhan Arasın almancadan
tərcüməsində nəşrə
hazırlanır.
Qurultay günlərində “Yeni Avropa” otelində Əli bəy
Hüseynzadənin və Fuad Köprülünün Xalid
Səidlə söhbəti
Bu gün Azərbaycan alimləri arasında belə bir fikir
var ki, Türkiyə nümayəndələri
əlifba probleminə
münasibətdə loyal davranıblar,
bəlkə də məsələnin üstündən
sükutla keçiblər.
Amma yox. Onlar hədsiz diplomatik davranış sərgiləyirdilər.
Bunu Menzel də müşahidə edib. Bildiyimiz kimi, Qurultaydan bir gün əvvəl Xalid Səid Xocayev Səməd Ağamalıoğlunun göstərişi
ilə Fuad Köprülü
və Əli bəy Hüseynzadə ilə görüşmüşdü.
Aralarındakı polemika
çox mətləblərin
üzərindəki örtünü
qaldırır. Xalid Səidin "Əgər Şərq türkləri
yeni əlifbaya keçərlərsə,
Anadolu türkləri yenə
əski əlifba üzərində qala bilərmi?" sualının
qarşılığında Köprülü bir az düşünür, cavabı Hüseynzadə verir: "Zənn edərəm, bu iş mümkün olmayacaq". Əli bəyin dediyini isə Fuad bəy təsdiq edir: "Əvət, o halda bütün çətinliklərə,
iqtisadi ağırlıqlara
qatlanaraq yeni əlifbaya
keçməyə məcbur
olacağız. Bu, təbii,
mənim öz fikrimdir. Hökumət dairələrinin bu xüsusda nə düşündüklərinə aid bir şey deyəməm".
Digər sual: "Qurultayda Anadolu türkləri
namına yeni əlifbanın
lehinə və ya əleyhinə bir fikir verəmiyəcəksiniz?"
Cavab: "Hökumət
tərəfindən bu
xüsusda əlimizdə
bir təlimat yoxdur... Əfəndim, əsas etibarı ilə mənim fikrim yeni əlifbanın lehinədir, ancaq ümumi vəziyyətimizlə
hesablaşmaq məcburiyyətindəyəm".
Bu qədər diplomatik üslubda danışırlar. Hətta
ətrafa yansıtdıqları da budur. Menzel
Köprülü barədə yazırdı ki, "Konqresdə
o, elmi ciddiliyindən heç vaxt güzəştə getməyən,
siyasi həyəcandan uzaq olan və məsələlərə
tamamilə obyektiv və analitik düşüncə ilə
yanaşan bir alimin portretini çəkdi...
Köprülüzadə Fuad bəy əlifba islahatı ilə
bağlı tələsməməli olduğunu vurğulayan ən
güclü səs idi və məsələnin sadəcə
yazıda dəyişiklik deyil, min illik kitabxanadan ayrılma
olduğunu iddia edirdi. O, latın əlifbasının qəbul
edilməsinin türk xalqının tarixi və ədəbi
irsi ilə əlaqəsini kəsəcəyindən narahat idi.
O, bu dəyişikliyin keçmişin geniş ədəbiyyatını
dərhal "ölü xəzinəyə" çevirmə
riskinə diqqət çəkdi.... Ərəb əlifbasının
türk dilinin fonetik quruluşuna uyğun olmadığını
etiraf edərkən, Fuad bəy latın hərflərinin də
bu boşluğu tam doldurmayacağını; tələsik dəyişiklik
dilin fonetik zənginliyini yoxsullaşdıracağını
iddia etdi... Konqresdəki ümumi atmosferin əksinə olaraq,
Köprülüzadə akademik soyuqqanlılıqla məsələyə
pedaqoji və mədəni problem kimi yanaşdı. O, bu
inqilabın siyasi qərar deyil, uzunmüddətli
hazırlıq prosesi olması lazım olduğunu iddia
etdi". Beləcə, türkiyəli nümayəndələr
- Əli bəy Hüseynzadə və Fuad Köprülü
Qurultayda nə latın əlifbasının, nə də ərəb
əlifbasının lehinə, ya əleyhinə səs verib.
Bitərəf qalan yeganə nümayəndə heyəti bu iki
nəfərdən ibarət Türkiyə təmsilçiləridir.
Yəni Fuad Köprülü ilə Əli bəy Hüseynzadədir.
Amma Xalid Səidlə söhbətlərinin alt
qatındakı işarələrə diqqət yetirməyə
dəyər. Əslində burada latın əlifbasına bir təşviq
var... Bunu dövrün Azərbaycan rəsmiləri də
bilir...
Azərbaycan
kommunistlərinin pərdəarxası fəaliyyəti
Türkoloji
Qurultay kontekstində Azərbaycan kommunistləri ilə
bağlı düşüncələrimiz təshih olunmalıdır.
Çünki iyirminci illərin ən qatı Azərbaycan
kommunistlərinin də milli təmayülləri çox
güclüydü. Bu mənada, İsmayıl Hikmətin
"Dörd il yarım Azərbaycanda" ("Azerbaycanda
dört buçuk yıl") memuarına istinadən çox
vacib bir faktı fərqləndirmək istəyirəm: Hikmətin
həmin məqaləsində Türkoloji Qurultay ərəfəsini
təsvir edən həssas bir məqam var: "O zaman Maarif
Komissarı olan şəxs (o zaman Maarif Komissarı Mustafa
Quliyev idi - A.T.) böyük bir təlaşla vəziyyəti
anlatdı: "Ruslar türklərə ən böyük zərbəni
bu dil məsələsində endirəcəklər. Bizi
Universitet tədrisatından, türk dili və ədəbiyyatından
məhrum edəcəklər. Rus dilinin əsarəti
altında qalacağıq. Bir çarə tapın! Qurultayda
türk dilini müdafiə edin". Bu, Azərbaycan kommunistlərinin
1926-cı ildəki mövqeyidir.
Təhsil
naziri Mustafa Quliyev belə
düşünürdüsə, hökumət
başçısı Səməd Ağamalıoğlu belə
düşünə bilməzdimi?
İlk
demokratik qurultay
1920-ci illər
demokratik şəraitdə keçən qurultaylarla,
yığıncaqlarla xarakterikdir. Mətbuat da kifayət qədər
demokratikdir. O illərdə Stalinin təbirincə desək,
demokratiyanın şamil edilmədiyi yeganə qüvvə
burjuaziyadır. İki il əvvəl dünyasını dəyişmiş
Lenindən fərqli olaraq, Stalinin burjuaziyaya münasibəti
barışmazdır, hətta amansızdır. 1920-ci illərin
əvvəllərində, hətta qurultayın keçirildiyi
1926-cı ildə ölkədə güclü müxalifət
var idi. Məlumdur ki, 1925-ci ilə qədər SSRİ-nin hərbi
naziri olmuş Trotski Stalinlə müxalifətdə idi.
Stalinin müxalifət ovu 1926-cı illərin sonlarından
etibarən aktivləşdi.
Yəqin
elə bu səbəbdən Türkoloji Qurultayda da qərarlar
tam sərbəst şəkildə qəbul olunub. Qərarların
icrası üçün, Xalid Səidin dediyi kimi,
bütün türk respublikalarına tam sərbəstlik
verilib. Nəzərə alsaq ki, qurultayda Stalinin çəkindiyi
və hətta ərəb əlifbası əsasında öz
əlifba layihəsini təklif edən və cədid təmayülündən
gəlmiş Baytursun var idi. Bu illərdə
Alaş Orda tam süqut etməmişdi.
Milli kommunistlər keçmiş
müsavatçıların bir qismi ilə
hələ ki, həmfikir
davranırdılar və
s. Hələ üstəlik,
Qurultay SSRİ-də
elm, milli məsələ və
əsasən demokratikləşmə
prosesini diqqətlə
izləyən Avropa Həmkarlar təşkilatlarının
diqqət mərkəzindəydi.
Fuad Köprülünün müşahidəsi,
Mirzə Davud Hüseynovun
çıxışı,
Əli Nazimin qənaəti
- Turan dalğası
Bu, Qurultayda Mirzə Davud Hüseynovun çıxışındandır:
"SSRİ-nin ən
böyük xalqlarından
biri olan türklər Altay dağlarından,
böyük Volqadan, Türküstanın səhra
qumluqlarından, Qafqazın
qarlı zirvələrindən
gözəl Krıma qədər nəhəng bir ərazini tuturlar".
Fuad Köprülü isə
1926-cı il martın 9-da "Yeni fikir" qəzetinə verdiyi müsahibəsində
deyirdi: "Türk xalqlarının, ümumiyyətlə
bir-birinin dillərini anladıqları bu qurultayda meydana çıxmışdır. Türklər
arasında bir-birinə
çox yaxın bir elmi-lisani vücudə gəlməsi,
eyni istilahların qəbul edilməsi pək mümkündür".
Bu sözləri "Türk
ədəbiyyatında ilk mütəsəvvüflər"
əsərinin müəllifi
- necə deyərlər,
Türküstanın altını-üstünü
bilən, Əhməd
Yəsəvini tədqiq
edən bir alim söyləyir. Deməli,
o, diplomatik gediş sərgiləyir.
1928-ci ildə Türkiyə hərf inqilabına başlayanda Əli Nazim bunu Kazan, Türkiyə, qırğız, özbək,
yakut, çuvaş, ümumilikdə isə bütün türkləri
birləşdirə biləcək
bir hadisə kimi dəyərləndirirdi.
Əlifbanın dəyişilməsi
ideyası. Mirzə Fətəli Axundovun
mövqeyi və məsələyə
Qafqaz Şeyxülislamı
Əhməd Hüseynzadənin münasibəti
Bunu hamı bilir: Azərbaycanda əlifbanın
dəyişdirilməsi ideyasının
ilk müəllifi Mirzə
Fətəli Axundovdur.
Amma heç kəs Əli bəy Hüseynzadənin babası
- Qafqaz Şeyxülislamı
Axund Əhməd Hüseynzadənin ərəb
əlifbasının islahatı
barədə düşüncələrini
nəzərə almır.
Şeyxə görə,
əlifba islahatı şəriətə zidd deyildi. Şeyxülislam
1881-ci ilin yanvarında
"Ziya" qəzetində
əlifba təəssübkeşlərini
nəzərdə tutub
yazırdı: "Hərgah,
hərfin surət və əşkalı (şəkli) təğyir
tapırsa (dəyişirsə),
onlar dad və fəryad edirlər ki, hay,
din getdi! Vay məzhəb getdi!
Quran-kitab təğyir tapdı.
Heç onlar başa düşməyirlər
və dərk etməyirlər ki, Quranın...
təğyir olunmağı
məna və əlfazın (sözlərin)
təğyir və təbdilinə müstəlzəm
(səbəb) deyildir.
Çünki müvafiq
şəriət məzhər
olanların təğyirinə
əsla və qətən heç bir yol mütəsəvvür
deyildir (xəyala gəlmir). Və məna yenə öz yerində baqidir ki, hərgiz şəri-ənvara müxalif
olmaz". Şeyx yeni
tərtib olunmuş əlifbada sait və samit hərfləri
şəxsən özü
gözdən keçirirdi,
əlifbanın islahatı
yolunda maneə törədən İstanbul nazirlərindən
narazı olduğunu
da açıq bildirirdi
və Mirzə Fətəli Axundovun yazdığına görə,
Şeyx, "sünnülərin
öz kitablarında köhnə əlifbanın
dəyişilməsinin şəriətə
müxalif olmadığına
dair fitva" axtarırdı.
İsmayıl bəy Qaspıralı,
Əli bəy Hüseynzadə və Məhəmməd Hadi
Bütün bunlara rəğmən,
uzun illər əlifba ilə bağlı yekdil qənaətin hasilə gəlməməsi xeyli düşündürücüdür. Xüsusən, XX yüzilliyin
əvvəllərində maarifçi
və romantik mədəniyyətin təmsilçiləri,
o cümlədən, 1903-cü ildə İsmayıl bəy Qaspıralı,
1907-ci ildə Əli bəy Hüseynzadə bu xüsusda öz açıq və aydın mövqelərini ortaya qoymuşdular. Hətta Əli bəy Hüseynzadənin 1908-ci ildə
qələmə aldığı
"Yazımız, dilimiz,
"İkinci il"imiz"
məqaləsi qismən
bu məsələlərə
həsr olunmuşdu.
Məhəmməd ağa Şahtaxtinskinin
əlifba siyasətinə
sərt və güzəştsiz yanaşan
İsmayıl bəy Qaspıralı "Bədbəxtliyimizin
səbəbi əlifbamızdır.
Əlifbamızı təbdil
lazım", - deyə
yazan Məhəmməd
ağa Şahtaxtinskiyə
cavab verirdi: "Elm və maarifin üstündən keçib
altına erişməmək,
adama böylə şeylər yazdırır,
qəzetəyə dərc
və nəşr etdirir... Əlifba güclüyü bir səbəb isə 99 səbəb daha vardır. Bunları Məhəmmədağa Şahtaxtinski
bilsə gərək!
Bilməsə ayıbdır;
amma bilib də mətləbi məxsusdan ötürü
sətrediyorsa (məqsədli
şəkildə ört-basdır
edirsə) bu çox fənadır... Gərçi latın, rus və firəng
əlifbaları daha yengildir; lakin məsələ ətraflıca
mülahizə olunsa, təbdil və təğəyyürə nə
lüzum qalar, nə münasibət. Bilməm, nədən Tiflisin havasındanmı, suyundanmı, əlifba məsələsi həp Tiflisdən zühur ediyor..."
İsmayıl bəyin fikirlərini
dörd il sonra ona istinadən Əli bəy Hüseynzadə davam etdirirdi: "Bilmiyorum bizim bu Qafqazda
və bilxassə
Tiflis şəhərində nə hal var ki, burada hər yerindən qalxan "millətin qabağa getməməsini" müsəlmanların
əlifbasına, imlasına
isnad edərək onların
başına gətirdikləri
oyun qalmıyor. Mirzə Fətəli, Mirzə Rza, qospodin Şahtaxtinski həp Tiflisdə duruyorlar!..
Üç yüz milyon islamın əlifbasını, altmış,
yetmiş milyon türkün imlasını...
türkün, islamın
mərkəzindən uzaq
olan yuvalardan, birdən dəyişmək
istiyorlar!"
Məhəmməd Hadi 1906-cı ildə
"Hərgah lisanın,
əlifbanın çətinliyi
tərəqqiyə, təməddünə
bir maneə etsəydi, maarif və mədəniyyətcə
cahanı heyran edən yapon millətinə
geridə qalmaq lazım gəlirdi", - deyə "Həyat" qəzetində yazırdı.
Cədidizm, yaxud cədidizmin
müqaviməti,
İlminskinin süqutu, Qaspıralının
zəfəri
Əlifbada deyil, təhsildə
köklü islahatlar aparılmasını Krımda
İsmayıl bəy Qaspıralı təkid edir...Və buna nail olur. Bütün türk dünyasını
Üsuli-cədid məktəblərinə,
cədidizm hərəkatına
cəlb edərək intellektual potensialı təmin edir. Əlifbanın islahını
deyil, təhsilin, məktəbin islah edilməsini önə çəkir. "Bizim azərbaycanlı radikallar
Qafqasiyada məktəblərin
təksirinə (çoxalmasına),
proqramlarının islahına
diqqət etmiş olsa idilər, maarifi-milliyyətimiz daha karlı olardı; amma radikallıq Avropada pək mötəbərdir və
bizimkilər üçün
dolab çevirməyə,
dəyirman aylandırmağa
(fırlatmağa) vasitədir...
Müsəlmanlar öz
əlifbalarını müqəddəs
və möhtərəm
tanımaqdadırlar. Bu hərflərlə
bizim əziz "Quran"ımız yazılıdır.
Bu sayədə müsəlmanlar,
hər yerdə, hər qövmdə bir əlifba qullanıyorlar və bir əlifba sayəsində Quranlarını
oxumaqdadırlar. Əlifbanı
dəyişdirmək İlminski
davasının məqsədləri
üçün pək
gözəl olacaqdı.
Lakin bunun qəbulu müsəlmanlar üçün
intihardan başqa bir şey deyil".
İlk mərhələdə, yəni çar dönəmində əlifbanın
dəyişilməsinə qarşı
çıxan milli aydınlarımız
bununla Rusiyanın türk və müsəlman xalqları ruslaşdırmaq siyasətinin
vasitəsi olan kiril əlifbasına doğru rus missioner Nikolay İlminskinin başladığı
hərəkatın önünü
kəsdilər. İlminski
müsəlman məktəblərindən
ərəb əlifbasını
qaldırıb onu rus kiril əlifbası
ilə əvəz etməyin vacibliyindən danışırdı, sadəcə
danışmırdı, bu
barədə Rusiya çarına təkliflər
verirdi: "Müsəlman
məktəblərində islam
hərflərini qaldırıb,
onun yerinə rus hərfləriylə dərs oxudulmasına"
dair Maarif Nazirliyi qanun da çıxarmışdı. Amma rusların ərəb əlifbasını kiril əlifbasıyla əvəzləmək
istəyi baş tutmadı. Bu dəfə türklər latın əlifbası problemini ortaya çıxarıb assimlə siyasətinə
əngəl oldular. XX
yüzilin ilk illərində
Rusiya müsəlmanlarının
liderləri kiril əlifbasının timsalında
rus təcavüzündən
ərəb əlifbasını,
ərəb əlifbasının
timsalında isə öz türk-müsəlman
varlıqlarını qoruduqları
kimi, 1920-ci illərdə
də türk mütəfəkkirlər bolşevik
rusların daha dərin və daha qurnaz siyasəti
ilə üzləşmişdilər.
Rusların məqsədi
din birliyini təməlindən
qoparıb türk birliyini parçalamaq idi. Türk düşüncəsi bunun
qarşılığında ekvivalent olaraq milli kimlik məsələsini ortaya çıxardı. Burada cədid hərəkatının rolu
başlıcadır. Türkoloji
Qurultay təkcə dünya türkoloqlarının
deyil, eyni zamanda cədid hərəkatının yetişdirdiyi
insanların da son böyük
elmi toplantısı oldu. Qurultay nümayəndələrinin böyük
əksəriyyəti də,
o cümlədən, Həsən
Səbri Ayvazov, Əhməd Baytursunov, Əbdülhəmid Canıbəyov,
Aşurali Zahiri, İsmayıl
Sədri, Şakircan Rəhimi, Bekjan Rahmanov, Qazi Alim Yunusov və başqaları, hamısı üsuli-cədid
məktəblərinin yetirmələriydi
və Türkoloji Qurultayda çıxış
edənlər İsmayıl
bəyin adını dönə-dönə və
ehtiramla yad etməkdəydilər...
O, həm də ortaq ədəbi dilin yaradılmasına töhfələr vermiş
mütəfəkkir ədib
olaraq xatırlanırdı.
Bəkir Çobanzadə
Qurultaydakı çıxışlarının
birində "İsmayıl
Qaspıralı xalqa nüfuz etdiyi, xalq kəlmələrini ortaq ədəbi dilə qaynaşdırdığı
üçün populyarlığını
təmin etmişdir",
- deyirdi.
Qurultaya dəvət olunmayan
Münəvvər Qaari,
yaxud bir gecədə
fikirləri latın əlifbasının
lehinə dəyişilən özbək
nümayəndələr
Cədidizmdən söz düşmüşkən,
cavabı tapılmayan
suallardan biri də Türküstanda cədid hərəkatının
ilk liderlərindən biri,
həm də latın əlifbasının
Özbəkistanda ilk tərəfdarı,
böyük maarifçi
Münəvvər Qaarinin
özbək nümayəndə
heyətinin tərkibində
olmamasıdır. Qurultay
öncəsi Azərbaycan
nümayəndələri Münəvvər
Qaari ilə görüşüb fikirlərini
öyrənmişdilər.
Daşkənd səfərini yazan
Xalid Səid bildirir ki, "Münəvvər
Kaari namlı bir zat var idi.
Bu adam Daşkənddə
ilk dəfə üsuli-cədid
məktəbi açmış,
1906-cı ildən etibarən
inqilaba qədər tərəqqipərvər gənclərə
rəhbərlik etmiş
bir adam idi. Münəvvər Kaari vasitəsilə Türkistan gənclərinin
yeni əlifba barəsindəki
fikirlərinə aid müfəssəl
və qəti məlumat ala biləcəkdik".
Xocayev Münəvvər
Qaarinin mövqeyini onun öz dilindən
verir: "Mən
1905-ci ildən bəri
məktəblə, bundan
dolayı da hürufat
məsələsilə məşğulam,
ilk müəllimliyə başladığım
zaman ərəb hürufatının
çətinliyini, üsulsuzluğunu
hiss etdim. Yeni üsul məktəbi uğrunda xalqın təəssübü
ilə şiddətli
surətdə mübarizə
etməyə məcbur
qalmışdıq. O zamanlar
yeni hürufat məsələsini
ortaya atmaq mümkün deyildi. Bunun üçün ərəb
hürufatının çətinliklərinə,
üsulsuzluqlarına təhəmmül
etməyə məcbur
qalırdıq. Bəzən
mətbuatda imlanı islah etmək məsələsi ortaya atılırdı. Qasprinski
tərəfindən "Tərcüman"
qəzetəsində yapılan
xırda imla islahını biz də tətbiq etməyə çalışdıq. Təbii
islahın bu qədəri kafi deyildi, bununla bərabər ondan daha iləriyə gedəmədik; çünki
biz əsri mətbuata
təzə başlamışdıq.
Özümüzdə məktəblər
üçün lazım
olan əsər yox idi, bundan
dolayı çoxca Azərbaycan və osmanlı mətbuatından
istifadə etməyə
məcbur idik, onlar da köhnə imla ilə gedirlərdi.
Biz təbii olaraq onlardan ayrı bir imla qəbul
etməyə cəsarət
edəmədik. İş
böylə davam etdi. Nəhayət, inqilabdan sonra imla məsələsi yenə kəskin şəkil aldı. Köhnə imla pozuldu, yeni imla qəbul edildi. Mən bu yeni imlaya tamamilə tərəfdar olmadım, çünki bu imla da mətbuatı az-çox müştərək
və əlaqədar olan ölkələrin yazılarında bir qarışıqlıq meydana
gətirmişdi. Bu məsələnin
ümumi bir konfransda həll edilməsinin tərəfdarı
idim. İmlanı bu surətdə islah etməkdənsə
yeni hürufat qəbul
edilməsi daha əsaslı olacağını
düşünürdüm. Hər halda məsələ ümumi bir konfransda həll olunmalı idi. Madam ki, Azərbaycan böylə bir qurultay çağırmaq
fikrindədir. Məncə,
ən müvafiqi latın sistemində bir yeni əlifba qəbul etməkdir, Türkistan ziyalılarının
bir çoxu da bu fikirdədir. Burada ən mühüm rolu hökumətin bu barədəki fikri oynayacaq, zənnimcə, hökumət də bu fikirdədir." Görünür, Türküstan
hökuməti bu fikirdə deyilmiş. Özbək nümayəndələr
ən son anda Münəvvər Qaarinin təlimatını reallaşdırmışdılar.
İkinci versiya daha çox ağlabatandır. Hər halda, Münəvvər Qaarinin fikirləri onu Qurultaya nümayəndə
seçməyən özbək
rəsmilərinə agah
idi və Münəvvər Qaari də hələ sağ idi, hələ
güllələnməmişdi. Üstəlik, Qurultay başlandığı günə
qədər Qazi Alimcan
və Bekcan istisna olmaqla, qalan dörd nəfər özbək nümayəndənin fikri
birmənalıydı ki, onlar
yeni türk əlifbası
layihəsinin əleyhinə
səs verəcəklər.
Xalid Səid yazır ki, "Qurultaya gələn mürəxxəslərə
ərəb əlifbasını
müdafiə etmələri
xüsusunda qəti təlimat verilmiş idi". Özbək nümayəndələr Fuad Köprülü
ilə Əli bəy Hüseynzadənin qaldığı "Yeni Avropa"
otelində məskunlaşıblar.
Gecə nə baş veribsə, sabah yuxudan fikirləri
dəyişmiş halda
oyanıblar. Düşüncələrində
tam çevriliş olub.
Türkistan dövlətinin
deyil, Qurultaya göndərilməmiş Münəvvər
Qaarinin mövqeyini təmsil ediblər. Altı nəfərin hamısı, yəni bütün özbək nümayəndə heyəti
Qurultayda latın əlifbasının lehinə
səs verib.
Əski əlifba ilə
yazılmış kitablar
- yaddaşın qorunması
Türkoloji Qurultayda bu problemi xüsusən qabardan nümayəndələr
vardı, tatar nümayəndələrindən biri 500 illik yazılı ədəbiyyatdan
ayrı düşməyin
faciəvi sonuclarından
nigaranlıqla bəhs
edirdi və bu məsələyə münasibət bildirən
özbək Rahim İnoqamov,
"belə getsə,
başqaları tərəfindən
dinçi adlandırılacaqlar"ından
ehtiyat edirdi. Amma onlar dinçi deyildi. Yazılı yaddaşın qorunmasını
istəyirdilər. Sultan Məcid
Əfəndiyev Türkoloji
Qurultaydakı çıxışında
500 illik ədəbiyyatın
çap olunması problemlərini "Bütövlükdə
həmin ədəbiyyatın
yenidən nəşr
olunması üçün
bir zirehli gəminin hazırlanmasına
lazım olan xərc qədər vəsait lazımdır",
- deyə aktuallandırırdı.
Bu isə səksən
il sonra müstəqil
Azərbaycanın Prezidenti
İlham Əliyevin 12 yanvar
2004-cü ildə imzaladığı
"Azərbaycan dilində
latın qrafikası ilə kütləvi nəşrlərin həyata
keçirilməsi haqqında"
sərəncamı ilə
gerçəkləşdi. Bu dəfə təkcə ərəb əlifbası
ilə yazılmış
kitablar deyil, kiril əlifbası ilə nəşr olunmuş kitablar da latın qrafikası ilə yenidən və kütləvi tirajla nəşr olundu.
"Həm o, həm də bu", yaxud "Ya o, ya da bu"
Ümumiyyətlə, türk xalqlarının vahid əlifba seçimi ilə bağlı görüşlər birmənalı
deyildi və Türkoloji Qurultayda həmin nəzər nöqtələri belə
ifadə olunmuşdu:
"Məlumdur ki, bu məsələdə bir-birinə
zidd iki mövqe vardır: bir mövqe belədir ki, ərəb əlifbasında islahat aparılmalı, digər mövqeyə görə isə bütövlükdə
latın qrafikasına
keçilməlidir. Təəssüf
ki, bu mübahisələrdə
orta xətt mümkün deyildir. Burada yalnız belə bir düstur
mümkündür: "Ya
o, ya da bu", yaxud başqa bir düstur: "Həm o, həm də bu". "Ya o, ya da bu"
düsturunu Azərbaycan,
Özbəkistan, Qırğızıstan,
Dağıstan, Türkmənistan,
Yakutiya, Şimali Qafqazın muxtar vilayətləri: qaraçay,
balkar, kabardin, inquş, çeçen, adıgey-çərkəz, osetin...
nümayəndələrinin mövqeyini ifadə edən və Qorxmazov tərəfindən
oxunmuş qətnaməyə,
daha doğrusu, yalnız türk-latın qrafikası ideyasına Qurultayın 131 nümayəndəsindən
101 nəfəri, başqırd
nümayəndə heyəti
tərəfindən irəli
sürülmüş və
Qurultayın işində
xeyli dərəcədə
aktiv və açıq çıxışları
ilə diqqəti cəlb edən Şərəf Qalimcanın
"Həm o, həm də bu" düsturunu, yəni həm islah olunmuş ərəb əlifbası, həm də latın qrafikası ideyasını
isə yalnız 7 nümayəndə dəstəkləmişdi.
Mən kiməm?
Türkoloji Qurultay türk xalqlarının mədəniyyəti, tarixi, təşəkkülü məsələlərini ehtiva etməklə yanaşı, eyni zamanda kifayət qədər həyəcan doğuran başqa məsələləri də həll etməliydi. Qurultaydan öz milli kimliyinin müəyyənləşdirilməsini tələb və xahiş edən oyrat Sabaşkinin çıxışı bu mənada çox təsirliydi. Sabaşkin: "Bu qurultayda iştirak edənlərin bir çoxu öz milli kimliyini, əslini tanımır, onlardan biri də mənəm… Məni bura göndərən yoldaşların arzularını bildirməyə borcluyam: Türkoloji Qurultay oyratların tarixini aşkar etsin”. Beləliiklə Türkoloji Qurultay milli kimliklərin müəyyənləşdirilməsi ilə də məşğul olmalıydı.
P.S. Türkoloji Qurultaydan qeydlərdə Əli bəy Hüseynzadə Sabaşkin soyadını Savaşkin şəklində yazıb.
Şərqdə iki inqilabdan biri
Qurultaydakı çıxışında Ağamalıoğlu Türkiyə Cümhuriyyətinin yaradılması ilə yeni əlifbanın qəbulunu türk xalqlarının tarixində iki böyük inqilabi hadisə kimi dəyərləndirirdi. Yeni əlifbanın qəbulunu Ağamalıoğlunun "böyük inqilab" adlandırması, əlbəttə, Lenin tərəfindən gələn bir qiymət idi. Lenin Ağamalıoğlu ilə söhbətindən sonra latın qrafikasına keçidi "Şərqdə inqilab" adlandırmışdı.
Qərarlar
Türkoloji Qurultayda yeni əlifba haqqında, türk dillərinin və türk dilinin başqa dil ailələri ilə əlaqələrinin öyrənilməsi haqqında, ana dilinin tədrisi metodikası haqqında, "Türk xalqları tarixini öyrənməyin müasir vəziyyəti və cari vəzifələri", ölkəşünaslıq, türk dillərinin orfoqrafiyası, türk dillərində elmi terminologiya sistemi (ki, bu barədə ilk xəbərdarlıq 1906-cı ildə "Ziştbin bir filosofun vəfatı" məqaləsində Hüseynzadə tərəfindən edilmişdi: "lisanımız istilahati-fəlsəfiyyə (fəlsəfi terminlər) cəhətindən naqis və fəqirdir" və s. məsələlərlə bağlı qətnamələr qəbul edildi. Qurultay latın əlifbasının ərəb əlifbasından üstün olduğunu elan etmişdi, türk dillərinin elmi qrammatikasının və lüğətinin tətbiq olunmasını qərara almışdı, arxeoloji tədqiqatların keçirilməsi, xarici müəlliflərin türkologiyaya aid əsərlərinin nəşri, salnamələrin toplanması, ölkəşünaslığın inkişafı ilə əlaqədar işlərin görülməsi, türk dillərinin orfoqrafiya lüğətini yaratmaq, türkolojiyə aid olan bütün materialların toplanıb siyahıya alınması (Əli bəy Hüseynzadənin müqayisəli-qarşılaşdırmalı təhlil metoduyla hazırladığı məruzəsi - "Qərbin iki dastanında türk" bu barədəydi), hər bir türk respublikasında elmi terminlər lüğətinin yaradılması və s. barədə qərarlar qəbul etmişdi.
Əli bəy Hüseynzadə
1926-cı ilin martında
Türkoloji Qurultaya təqdim etdiyi məruzəsini,
1926-ci ilin iyununda İstanbulda İstiqlal
məhkəməsində
"Atatürkün mənqəbəsi"
adlandırmışdı
Qəribə səslənsə də... Bakıda keçirilən Türkoloji Qurultay Moskvada Trotskinin vəzifədən uzaqlaşdırılmasından, Türkiyədə Şeyx Səid üsyanından bir il sonra, Atatürkə İzmir sui-qəsdindən bir ay əvvəl reallaşıb. Türkiyədə dinə ayqırı kimi görünən hallar - səltənətin yerinə Cümhuriyyət, fikhin yerinə mədəni qanunlar, xilafətin yerinə dünyəvi dövlət, ardıyca da ərəb hərfinin yerinə latın əlifbası. Şəbəkə bu qədər sıx və iç-içədir. Bu mənada, Türkoloji Qurultayı təkcə dilçilik, etnoqrafiya, terminologiya, ədəbiyyat məsələləri baxımından deyil, eyni zamanda siyasi baxımdan təhlil etməliyik... Hətta Türkoloji Qurultaydan sonra açılmış İstiqlal məhkəməsində də dolayı yolla Türkoloji Qurultay xatırlanmşdı. Kazım Qarabəkir Paşa kimi bir istiqlal qəhrəmanının edamını istəyən məhkəmədə Əli bəy Hüseynzadə də 24 gün davam edən dindirilmələrdən sonra sərbəst buraxılmışdı. Hakim qarşısına çıxarılan Hüseynzadə İstiqlal məhkəməsində: "Mən Qazi Paşa həzrətlərinə hörmət və qiyməti daima izhar etdim... Mən Bakıda Qazinin mənqəbəsini nəşr edərkən bunlar burada sui-qəsd ilə məşğul imişlər. Mən milliyyətpərvər bir insanam, türkəm", - demişdi və diqqət yetirin, o, "Bakıda Türkoloji Qurultayda iştirak edərkən", demir, - "Mən Qazinin mənqəbəsini Bakıda nəşr edərkən..." - deyir. Bakıda Türkoloji Qurultayda söylədiyi və martın sonunda nəşr etdiyi "Qərbin iki dastanında türk" əsəridir. Məhz bu sözdən sonra hakim onun türklük qarşısındakı böyük xidmətlərini etiraf etmiş və məhkəmə salonundan Hüseynzadəni alqış sədaları altında yola salmışdılar...
*
Atatürkün mənqəbəsi - Atatürkün göstərdiyi fövqəladə hadisə deməkdir...
*
Türkologiya prosesdir... Yüz
ildən sonra da proses davam edir...
Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.28-31.