Azərbaycanın Moskvadakı
kinematoqrafiya ulduzu
- Əjdər
İbrahimov
Sovet
İttifaqının gurhagur zamanlarında Azərbaycanın
Moskvada yaşayan istedadlı kinematoqrafçıları
ssenari işindən başlamış prodüser peşəsinədək,
dramaturgiyadan tutmuş kino, kinodramaturgiyası sənətində də
çox məhsuldar çalışmış, dəyərli,
yaddaqalan əsərlər yaratmışdılar. Əjdər
İbrahimov (1919-1993), Hüseyn Nəcəfov (1921-1989),
Əbdül Hüseynov (1925-2017), Rüstəm İbrahimbəyov
(1939-2022), Alla Axundova (1939), Fərhad Ağamalıyev (1946-2012)
və Oleq Səfərəliyev (1952) SSRİ
Kinematoqrafçılar İttifaqının adlı-sanlı
üzvləri idilər, dramaturgiya, kinorejissorluğu və
kinodramaturgiya sahələrində fəal
çalışmış, bu gün də fəxr edə biləcəyimiz
layiqli sənət örnəkləri yaratmışlar.
Bütün Sovetlər birliyində
və bir sıra xarici ölkələrdə
yetərincə məşhur olan kinorejissor, ssenarist, aktyor, nasir,
pedaqoq, kino sənətinin mahir bilicisi, bu sənət sahəsinin
inkişafında həm ölkə daxilində, həm xaricdə
əvəzsiz təşkilatçılıq
bacarığı göstərmiş qeyrətli, cəsarətli,
milli mənliyini, milli mentalitetini hər zaman qabarıq şəkildə
göstərməkdən çəkinməyən, Azərbaycan
türkü olmağı ilə qürur duyan ötkəm bir
kişi, nəhəng sənət adamı Əjdər
İbrahimov uzun illər Moskva şəhərində
başımızı ucaldan, kinematoqrafiya aləmində hər
an Azərbaycanımızın maraqlarını qoruyan qorxmaz cəngavər
timsalında olub.
Əjdər Mütəllim oğlu
İbrahimov 29 aprel 1919-cu ildə Aşqabadda Cənubi Azərbaycanın
Ərdəbil şəhərindən Türkmənistana
köçmüş sənətkar ailəsində anadan
olmuşdur. O, 8 yaşında olanda atası qəfil ürəkkeçməsindən
dünyasını dəyişmişdir. Yetimliyin ilk zərbəsi
kiçik Əjdəri yenicə oxumağa getdiyi məktəbdən
vurub kərpic zavoduna atmış, bir tikə çörək
xatirinə 3 il ağır fəhləliyə qatlanmalı
olmuşdur. Yalnız 11 yaşında məktəbə
qayıda bilmiş və tezliklə məktəbin dram özfəaliyyət
dərnəyinin ən fəal üzvünə
çevrilmişdir. Həmin dərnəkdə yeniyetmə
Əjdər müxtəlif tamaşalarda rollar oynamış,
orta məktəblə paralel olaraq 1937-1940-cı illərdə
teatr məktəbini də bitirmiş və Aşqabad şəhər
kinostudiyasında əmək fəaliyyətinə
başlamışdır. Biliyinə, bacarığına və
ictimai fəallığına görə orada vilayət komsomol
bürosunun üzvü seçilmişdir (1939-1942). Gənc
Əjdər İbrahimov 1942-ci ilin mart ayında ordu
sıralarına çağırılmış, Aşqabadda
piyada hərbi məktəbi və əlahiddə zabitlər məktəbində
qısamüddətli kurslarda təhsil alaraq, leytenant rütbəsilə
Böyük Vətən müharibəsinə
(22.06.1941-09.05.1945) göndərilmişdir. Müharibənin
sonuna yaxın ağır yaralanmış, böyük
leytenant rütbəsində ordudan tərxis olunmuş və
Türkmənistan Dövlət Filarmoniyasının direktor
müavini vəzifəsində işləmişdir (1945-1946).
Müharibə veteranı 1946-cı ildə Moskvada Ümumittifaq Dövlət
Kinematoqrafiya İnstitutunun (ÜDKİ) rejissorluq fakültəsinə
daxil olmuş, Sergey Yutkeviç (1904-1985) və Mixail Rommun
(1901-1971) qrupunda təhsil almışdır. O, 1952-ci ildə
ÜDKİ-ni bitirərək, Aşqabad kinostudiyasında
rejissor kimi işləməyə başlamış və
orada iki sənədli film çəkmişdir: "Firuzə"
(1953), "Xəzər dənizinin şərqində"
(1953). Sonra o, Bakıya köçmüş və 1953-cü
ilin sonlarından, ta Vyetnama ezam olunana qədər - 1959-cu ilədək
"Azərbaycanfilm" kinostudiyasında işləmişdir.
Əjdər İbrahimov bu illər ərzində iki
tammetrajlı bədii film çəkmişdir: "Bir məhəlləli
iki oğlan" (1957) və "Onun böyük ürəyi"
(1958).
Əjdər İbrahimov SSRİ Mədəniyyət
Nazirliyinin göndərişi ilə 1959-cu ildən 1962-ci ilədək
kinooperator Malik Kayumovla (1912-2010) birlikdə Şimali Vyetnamda
işləmiş, orada kino məktəbinin bünövrəsini
qoymuş (sonralar bu məktəb Kinematoqrafiya İnstitutuna
çevrilmişdir) və özü də burada aktyor sənəti
və rejissorluqdan dərs demişdir. O, 1962-ci ildə
vyetnamlı tələbələri ilə birlikdə bir
tammetrajlı - "Payızın əvvəlində bir
gün", iki
qısametrajlı - "Ağgöz quş" və
"İki əsgər" bədii filmlərini çəkmişdir.
Həmyerlimiz bu filmlərə görə Vyetnamın I dərəcəli
Əmək ordeni (bu mükafat SSRİ-dəki Sosialist Əməyi
Qəhrəmanı adına bərabər idi) və medalla təltif
olunmuşdur. Türkmənistan (1959) və Azərbaycan SSR-in
(1960) Əməkdar incəsənət xadimi, Azərbaycan SSR
Xalq artisti (1967) Əjdər İbrahimov 1962-ci ildən
ömrünün sonuna kimi Moskvada "Mosfilm"
kinostudiyasında quruluşçu rejissor işləmiş və
uzun illər bu təşkilatın partiya təşkilatının
katibi vəzifəsində çalışmışdır.
Həmin illər sənətkarın məhsuldar
yaradıcılığı, çəkdiyi kinolentlərdə
qaldırdığı sosial problemlər, cəsarətli
fikirlər onun nüfuzunun paytaxt kinematoqrafçıları
arasında daha da yüksəlməsinə dayaq olmuşdu.
SSRİ Xalq artisti (1991) Əjdər
İbrahimovun filmoqrafiyası sənədli və bədii,
qısa və tammetrajlı filmlər də daxil olmaqla cəmi
13 kinolentdən ibarətdir. Bunların ikisi, yuxarıda qeyd
etdiyimiz kimi ("Firuzə", "Xəzər dənizinin
şərqində"), sənədli, 11 kinolent isə bədii
filmlərdir. Sovet zamanı kinematoqrafiya sahəsində
mövcud olan əksər rəsmi titulları almış bir
sənətkar üçün belə azsaylı filmoqrafiya ilk baxışda qəribə
görünə bilər. Lakin sənətkarın
ömür yoluna, yaradıcılıq inkişafına diqqətlə
nəzər saldıqda, bütün şübhələr
yoxa çıxır, qaranlıq mətləblər
aydınlaşır və hər bir təltifin, titulun Əjdər
İbrahimova haqlı verildiyinin təsdiqini görürük.
O, sözün həqiqi mənasında kəmiyyət
dalınca qaçanlardan yox, keyfiyyəti, bədii sənətkarlığı
uca tutan, Xaliqin verdiyi istedadının var gücü ilə
buna çalışan azsaylı yaradıcı şəxsiyyətlərdən
olmuşdur. Onun bütün filmlərində ekranda
gördüklərimizin, eşitdiklərimizin alt qatında
yerləşən bolluca sətiraltı mənalar aşkarca
duyulur, anlaşılırdı. Milli koloritimizi, milli mənafelərimizi
qoruyan müdrik fikirlər nə əcəb, hər zaman
ayıq-sayıq sovet senzurasının diqqətindən
yayına bilirdi?! Bunun ilkin səbəbi Əjdər
İbrahimovun ssenari müəllifi, quruluşçu rejissor
kimi yüksək izazdırma məharəti, "qızım,
sənə deyirəm, gəlinim, sən eşit" Ezop dili
formulasına dərindən aşinalığıydı. Digər
tərəfdən, o, 1952-ci ildən üzvü olduğu
kommunist partiyası funksionerlərinin saqqızını
oğurlayıb, onların sarsılmaz etibarını qazana bilən
nadir sənətkarlardan idi. O, tam inam qazanmasaydı, kommunist
kimi ona güvənməsəydilər, nəhəng kollektivə
malik "Mosfilm"
kinostudiyasının partiya katibliyini uzun illər Əjdər
İbrahimova tapşırmazdılar...
Böyük
sənətkarın taleyilə bağlı çox ibrətamiz
bir məqam da diqqəti cəlb edir. Onun sözünün
paytaxtın o zamankı ədəbi-mədəni mühitində
keçərli olmasına, azərbaycanlı ədibin qısa
bir zamanda Moskva kimi mürəkkəb milli tərkibli meqapolisdə
mötəbər söz sahibinə çevrilməsinə,
heç şübhəsiz, ilk addımlarından Azərbaycanın
öz istedadlı adamına arxa durması, onun
uğurlarını titul və təltiflərlə
zamanında, bəlkə bir az da zamanından qabaq, rəsmi
şəkildə təsdiqləməsi yardım olurdu.
1953-cü ildə Aşqabaddan Bakıya köçən gənc
rejissor Əjdər İbrahimov Azərbaycanda doğma övlad
kimi qarşılandı, iki uğurlu bədii filmin çəkilişi
ona etibar edildi, Vyetnama ezam olunmaqda lazımi dəstək
göstərildi, 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar
incəsənət xadimi, az sonra, Azərbaycanın Xalq artisti
(1967) fəxri adları verildi.
1962-ci ildən Moskvada yaşayan Əjdər İbrahimov
yaradıcılıq yolunu bir an Azərbaycansız təsəvvür
etmirdi, şəxsi əlaqələri əsl sənət
dostluğuna çevrilirdi. Ustad sənətkarımızın
Azərbaycanın Xalq yazıçısı (1988) İsa
Hüseynov - Muğanna (1928-2014) ilə
tanışlığı yaxın dostluq mərtəbəsinə
ucaldı, bir neçə filmin ssenarisini birlikdə ərsəyə
gətirdilər: "26 Bakı komissarı"
("Mosfilm" - "Azərbaycanfilm", 1965); "Ulduzlar
sönmür" ("Mosfilm" - "Azərbaycanfilm",
1971).
Əjdər İbrahimov haqqında olduqca maraqlı bir yaradıcılıq
faktını da qeyd etmək yerinə düşər, onun
azsaylı nadir filmlərini milyonların sevimli ekran əsərinə
çevirən əsas məziyyətlərindən sayıla
bilən mübhəmin açılmasına xidmət edərdi.
Onun filmlərinin əksəriyyətinin musiqisi Azərbaycanın
dünya şöhrətli üç bəstəkarına məxsusdur.
"Bir məhəlləli iki oğlan" ("Azərbaycanfilm"
- "Qorki adına kinostudiya", 1957) və "Onun
böyük ürəyi" ("Azərbaycanfilm", 1958)
filmlərinin bəstəkarı kürreyi-ərzin musiqi əfsanələrindən
sayılan SSRİ Xalq artisti (1959), akademik Qara Qarayev (1918-1982) olmuşdur.
"26 Bakı komissarı" ("Mosfilm" - "Azərbaycanfilm",
1965), "Ulduzlar sönmür" ("Mosfilm" - "Azərbaycanfilm",
1971) və "Ürək məsələləri"
("Mosfilm", 1973) kinolentlərinin musiqisini Qara Qarayevin ən
sevimli yetirməsi, SSRİ Xalq artisti (1986), akademik, unudulmaz
Arif Məlikov (1933-2019) bəstələmişdir.
"Məhəbbətim mənim, kədərim mənim"
("Mosfilm" - "Turqafilm" - Türkiyə, 1978),
"Qəribə adam" ("Azərbaycanfilm", 1979) və
"Narahat adam" ("Mosfilm", 1985) ekran əsərlərinin
musiqilərini Azərbaycanda doğulmuş, Bakı
konservatoriyasında mükəmməl
musiqi təhsili almış, SSRİ Xalq artisti (1981),
dağıstanlı, lak əsilli, Azərbaycan musiqisinin dərin
bilicisi və pərəstişkarı, xalqımızın səmimi
dostu Murad Kajlayev ərsəyə gətirmişdir.
Əjdər İbrahimovun əksər
filmlərində Azərbaycan musiqisi, ya
ön akustik cərgədə, ya da fon olaraq səslənir,
ekran əsərinə birbaşa milli mentallıq
aşılayır, tamaşaçını Azərbaycan
koloritinə kökləyir. Rejissor filmlərində gen-bol
bilinqv hadisəsinə yer verir, Azərbaycanın frazeoloji zənginliyindən
səmərəli şəkildə bəhrələnir,
atalar sözlərindən, zərb-məsəllərdən
yerli-yerində faydalanmaqla, obrazların
yaddaqalanlığını təmin edir. Sovet dövründə
filmdə dini ayin və mərasimlərin nümayişindən
əndazəli istifadə belə, sənətkardan məharət
və cəsarət tələb edirdi. Filmlərdə Quran ayələrinin
aşkar və ya kadrarxası səsləndirilməsi hələm-hələm
senzuradan keçən məsələ olmasa da, Əjdər
İbrahimov bir neçə filmində bu səddi də
bacarıqla aşa bilmək məharətini göstərmişdir...
Əjdər İbrahimovun sovet
kinematoqrafiyasının "qızıl
fondu"na daxil olan məşhur filmlərinin əksəriyyəti
Azərbaycan və türk materialları əsasında çəkilmişdir.
"Onun böyük ürəyi", "26 Bakı
komissarı", "Ulduzlar sönmür", "Ürək
məsələləri" kimi son dərəcə gözəl
filmlər Azərbaycan milli koloriti və mentalitetini parlaq şəkildə
əks etdirir. Lirik məhəbbət motivli, kəskin sosial
problemlər qoyan istedadla çəkilmiş "Bir məhəlləli
iki oğlan", "Məhəbbətim mənim, kədərim
mənim" və "Qəribə
adam" filmləri türk realiləri, qəhrəmanların
tuş gəldikləri həyati durumlar, həmçinin
türk cəmiyyətinin iyerarxik quruluşundan
tamaşaçılara inandırıcı şəkildə
bəhs edilmişdir.
Moskva mədəni mühitində
yaxşı mənada səs-küyə səbəb
olan "Narahat adam" filmi isə həm materialına, həm
xarakterinə, həm də hadisələrin başvermə məkanına
görə uzun tarixə malik sırf rus kino sənətinin
layiqli nümunələrindəndir. Filmdə istehsalat prosesi kəskin
sosial problemlərin göstərilməsi və şərhi
üçün sadəcə bir bədii vasitə, əlverişli
fon kimi istifadə edilmişdir. Əsərin baş qəhrəmanı
Birulin cəmiyyətdə mövcud olan əyər-əskiklərin
üzə çıxarılıb aşkarlanmasında
güzəştə getməyən, nöqsanlarla
barışmayan, mübariz bir vətəndaş kimi
ekrandakı oyunu ilə tamaşaçıları tam
inandırmış, onları ifa etdiyi obrazın həmfikrinə
çevirə bilmişdir. 1985-ci ildə geniş ekranlara
buraxılan bu film ilin ən çox tamaşaçı baxan
beş filmindən biri elan edilmişdi...
Əjdər İbrahimovn ilk bədii
nəsr debütü 1948-ci ildə "Türkmənistan"
jurnalında dərc edilmiş "Möcüzə" hekayəsi
olub. "26 Bakı komissarı", "Ulduzlar
sönmür", "Məhəbbətim mənim, kədərim
mənim", "Qaynana", "Qəribə adam",
"Narahat adam" kinossenarilərindən başqa, sənətşünaslığa
dair bir neçə kitab -"Torpaq qazmada kino" (Moskva,
"İskusstvo kino", 1967), "Döyüşən
Vyetnamın kino sənəti" (Moskva, "İskusstvo
kino", 1968), həmçinin çox maraqlı nəsr
kitabları da - "Vyetnamda gördüklərim"
(Bakı, "Azərnəşr", 1964); "Əsgər
yolu" (Moskva, "Molodaya qvardiya", 1966); "Tai qəbiləsindən
olan qız" (Moskva, "Sovetskiy pisatel", 1970);
"Günəş ağlayır" (Bakı, "Azərnəşr",
1971); "İsti torpaq" (Bakı, "Azərnəşr",
1978) onun qələminə məxsusdur.
Böyük sənətkarımız, Sovet kino sənətinin layiqli klassiklərindən
sayılan,
Moskvadakı Azərbaycan ədəbi-mədəni
mühitinin istedadlı ədibi, parlaq kinematoqrafiya ulduzu, milli
koloritilə dostların qəlbini fəth etmiş
eloğlumuz, cəmi 74 il 144 gün ömür
sürmüş Əjdər Mütəllim oğlu
İbrahimovun Vətən sevdalı ürəyi 20 sentyabr
1993-cü ildə son dəfə döyündü və qəfildən
əbədiyyət yuxusuna daldı. Onun nəşi Azərbaycan
Respublikasının Prezidenti, ulu öndərimiz Heydər
Əliyevin şəxsi təşəbbüsü və mərhumun
ailəsinin razılığı ilə Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur.
Abuzər BAĞIROV
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.10-11.