Sevə bilənlər
xoşbəxtdir
- Sevgi haqqında
Herman
Hesse 1877-ci ildə Almaniyanın Kalv şəhərində
anadan olub. Təhsil sisteminin məhdudiyyətlərinə və
missioner atasının dini təzyiqlərinə müqavimət
göstərərək, Maulbronn İlahiyyat Məktəbini tərk
edərək bir müddət kitab satıcısı kimi
çalışdıqdan sonra 1904-cü ildə
yazıçılığa başlayır. Birinci Dünya
müharibəsi zamanı neytral qalan İsveçrəyə
köçərək orada məskunlaşır. Alman
militarizmini və millətçiliyini tənqid edən məqalələr
yazır, hərbi əsirlər üçün jurnal
çıxarmağa başlayır. Bu mövqeyinə görə
Almaniyada sərt tənqidlərlə üzləşən
Hesse, eyni dövrdə, xüsusilə, Karl Qustav Yunqun
ideyalarından təsirlənərək psixoanalizə
müraciət edir. Bu təsir onun personajlarının daxili
dünyasına dərindən nüfuz edən povestlərində
aydın hiss olunur. O, 1923-cü ildə İsveçrə vətəndaşı
olur. Hindistana etdiyi səyahət ona Şərq mədəniyyəti
ilə bağlı böyük təsir göstərir. Əsərlərində
o, sivilizasiyanın formalaşmış nümunələrindən
azad olmaqla, fərdin özünü tapmaq üçün səylərini
araşdırır, insanları öz həyatlarını
xilas etməyə çağıraraq Şərq mistisizmini tərənnüm
edir. Şərq mədəniyyətinə olan
bağlılığı ilə, xüsusən də,
1960-cı illərdə Amerikada Buddizm və Zen Buddizminin
dirçəlişi dövründə ən çox oxunan
müəlliflərdən birinə çevrilir. Onun
romanları, qısa hekayələri, esseləri, şeirləri,
siyasi məqalələri və mədəniyyətlə
bağlı tənqidi yazıları dünya miqyasında 100
milyondan çox oxucuya çatır. 1946-cı ildə Ədəbiyyat
üzrə Nobel mükafatı qazanan Hesse 1962-ci ildə
İsveçrənin Montaqnola şəhərində vəfat
edib. Dünya şöhrətli yazıçının
"Sevə bilənlər xoşbəxtdir - Sevgi
haqqında" ("Wer lieben kann, ist gliıcklich - Über die
Liebe" - tərc.) kitabından parçaları
oxucularına təqdim edirik.
***
Sevginin
mövcudluğunun səbəbi bizi xoşbəxt etmək
deyil. Məncə, sevgi əzab çəkərkən,
çətinliklərə dözərkən nə qədər
güclü ola biləcəyimizi bizə göstərmək
üçün mövcuddur.
Yetkinlik
yaşına çatmamış
gənclərin sevgi qabiliyyəti
yalnız hər iki cinsi deyil, həm də hər şeyi,
duyğu və intellektual olaraq hər şeyi əhatə edir,
hər şeyi sehrli, nağıl kimi dəyişdirici güclə
təchiz edir.
***
Sevgi
uğrunda əzab-əziyyət çəkilir; amma insan əzaba
nə qədər çox dözürsə, sevgi onu bir o qədər
güclü edir.
Hər şeydən çətin
əldə edilən şey, hər
şeydən daha çox sevilir. Sevgi - əzabları dəf
etmək, anlamaq və gülümsəməkdən heç
vaxt imtina etməmək qabiliyyətidir.
***
Hər
sevginin dərin bir faciə ehtiva etməsi sevgidən üz
döndərmək üçün səbəb deyil.
Əvvəllər inanırdım ki, sevmədən
sevilmək özünəməxsus zövq verir insana. Amma indi
qarşılıqsız sevgiyə sahib olmağın nə qədər
əzablı olduğunu öyrəndim.
***
Sevdiyi
insanı əldə edə bilməmək və ona sahib ola
bilməmək, insanın həyatda üzləşdiyi, ən
çox rast gəlinən bədbəxtliklərdən biridir.
Bu bədbəxtliyin öhdəsindən gəlməyin yolu,
sevgisindəki ehtiras və sədaqət zənginliyini sevdiyi
insandan yayındırmaq və onu sosial sahədə və ya sənətdə
başqaları ilə əməkdaşlıq kimi digər məqsədlərə
yönəltməkdir. Bir vaxtlar yalnız öz ürəyinizi
yandıran atəş indi dünyaya və bəşəriyyətə
məxsus olacaq; əgər sevginizi bəhrələndirmək
sənətinə yiyələnə bilsəniz, kədərlər
sevincə çevriləcək.
***
Sevilmək
xoşbəxtlik deyil; hər bir insan özünü sevir. Sevməyə
gəldikdə isə, bax, bu, əsl xoşbəxtlikdir.
***
Hamımız
bilirik və gündəlik həyatımızda təcrübədən
keçiririk ki, qanımızdan qan qatmadığımız,
sevgiylə bəsləmədiyimiz, uğrunda qurbanlar verilməmiş,
birgə əzablar çəkmədiyimiz, mübarizələr
aparmadığımız heç bir münasibət,
heç bir dostluq, heç bir hiss bizə sədaqət
göstərə və ya güvən verə bilməz.
Aşiq olmağın nə qədər asan olduğunu, amma həqiqətən,
sevməyin nə qədər çətin olduğunu bilməyən
və ya yaşamayan yoxdur. Bütün əsl dəyərlər
kimi, sevgini də almaq mümkün deyil. Satın alına bilən
zövqlər var, amma sevgi mümkün deyil.
***
Dünyadakı
bütün obrazlar simvollardır və hər simvol
açıq qapını gözləyən bir
qapıdır; insanın ruhu hazırdırsa, qapıdan
keçib dünyanın qəlbinə, sənin və mənim,
gündüzlərin və gecələrin tək bir obyektə
çevrildiyi yerə çata bilər. Həyatda elə bir
an gəlir ki, hər bir insan bir də görür ki,
açıq qapının qarşısındadır; elə
bir an gəlir ki, hər bir insan bütün görünən
obyektlərin yalnız simvollar olduğunu və simvolun
arxasında bəşəri ruhun, əbədi və əzəli
həyatın dayandığını düşünür.
Lakin çox az adam bu qapıdan içəri girməyə, o
vaxta qədər yalnız intuisiya vasitəsilə
qavranılan daxili həqiqət müqabilində bu
dünyanın gözəl və xoş görünüşlərini
qəbul etməyə hazırdır.
***
Bəlkə
də bugünkü müasirlik digər bütün
müasirliklərin taleyini yaşayacaq, bir müddət davam edəcək
və sonra yox olacaq. Lakin tarixdən bildiyim qədərilə,
sevgi məsələsi diqqətlərin başqa yerə
yönəldiyi hər dövrdən sonra, həmişə
olduğu kimi daim aktuallığını bərpa edəcək.
***
Sevilməyin
heç bir şey olmadığını, sevməyin isə
hər şey olduğunu öyrəndim. Tədricən hisslərimizdən
başqa heç bir şeyin varlığımızı dəyərli
və xoş edə bilməyəcəyini
anladığımı düşünürəm.
"Xoşbəxtlik" adlandırıla biləcək bir
şeylə qarşılaşdığım yerdə
görürəm ki, o, duyğulardan ibarətdir. Pul heç
bir şey, güc və səlahiyyət heç bir şeydir.
Hər ikisinə sahib, amma səfalət içində
yaşayan çox insan var. Gözəllik heç bir
şeydir; yaraşıqlı kişilər və gözəl
qadınlar gördüm və bütün gözəlliklərinə
baxmayaraq onlar bədbəxt idilər. Sağlamlığın
da çox da böyük əhəmiyyəti yoxdu; hər kəs
özünü hiss etdiyi qədər sağlamdı; bəzi
xəstə insanlar, ölümlərindən qısa müddət
əvvələ qədər, gözlərində həyat
sevinci ilə parlayırdılar; bəzi sağlam insanlar əzabdan
qorxduqları üçün solurdu. Amma xoşbəxtlik
insanların güclü duyğular üçün
yaşadığı, onları içlərindən qovub
uzaqlaşdırmadığı, kobud rəftar etmədən
onları bəslədikləri və zövq aldıqları hər
yerdə mövcud idi. Gözəllik ona sahib olanlara deyil, onu
sevənlərə və ona sitayiş edənlərə
xoşbəxtlik bəxş edirdi.
***
Duyğular
müxtəlif görünür, amma mahiyyət etibarilə
hamısı birdir. Bütün duyğular arzu və ya
başqa bir şəkildə xarakterizə edilə bilər. Mən
buna sevgi deyirəm. Xoşbəxtlik sevgidir, başqa heç nə.
Sevə bilənlər xoşbəxtdir. Ruhumuzun
özünü dərk edib yaşadığının fərqinə
vardığı hər an sevgidir. Buna görə də, dərindən
sevə bilən insan xoşbəxtdir. Lakin sevmək və
arzulamaq eyni şey deyil. Sevgi müdrik istəkdir, sevgi sevdiyinə
sahib olmağı hədəfləmir, yalnız onu sevmək
istəyir. Məhz buna görə də sevgisini
düşüncələr şəbəkəsində
beşik kimi yelləyə-yelləyə böyüdən,
dünyanı daim sevgi toru ilə yenidən hörən filosof
da xoşbəxtdir.
"Sevmək məcburiyyəti"
deyə bir şey
yoxdur, sadəcə xoşbəxt olmaq məcburiyyəti var.
Dünyada mövcudluğumuzun yeganə məqsədi budur.
İnsanlar nadir hallarda bir-birini öhdəliklər, əxlaqi
qaydalar və əmrlərlə xoşbəxt edə bilərlər,
çünki onların özlərini bu şeylərlə
xoşbəxt etməsi mümkün deyil; insan yalnız
xoşbəxt olduqda "yaxşı" ola bilər. Onlar
yalnız daxili harmoniyaya nail olduqda yaxşı ola bilərlər.
Sevirlərsə belə olur.
***
İnsan
heç vaxt heç nəyi özünü sevdiyi qədər
sevə bilməz. İnsan heç vaxt heç nədən
özündən qorxduğu qədər qorxa bilməz.
***
Sevgidə
də qəribə bir şey var, sənətdə də elə.
Sevgi bütün təhsilin, bütün zəkanın,
bütün tənqidin edə bilmədiyini edir: sonsuz uzaq
obyektləri birləşdirir, ən yeni və ən köhnəni
bir araya gətirir. Özü ilə hər şey arasında əlaqə
quraraq zamana qalib gəlir. Yalnız sevgi insana təhlükəsizlik
verir; yalnız sevgi haqlıdır, çünki o, haqlı
olmağın ardınca düşmür.
Herman
HESSE
Tərcümə etdi:
Hazırladı: Nilufər Hacılı
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.11.