Yer üzünün Göy üzü
Müstəqillik
dövrü Azərbaycan poeziyasının polifoniyasında bir
şairin səsi özünəməxsus ideya-məzmun və
poetik forma axtarışları ilə müstəqillikdən əvvəldən
də eşidilir ki, bu, Nazim Əhmədlidir.
Nazim Əhmədlinin "Bir ömür
sevgi"si - ilk kitabı işıq üzü görəndə
(1990) artıq Azərbaycan ədəbi ictimaiyyəti onu
şair kimi yaxşı tanıyırdı, Moskvada Maksim Qorki
adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini
bitirmiş, şeirləri respublika mətbuatında 80-ci illərin
əvvəllərindən müntəzəm
yayınlanmışdı. Və Yazıçılar
İttifaqında çalışması da ona bir ədəbiyyat
adamı kimi, o vaxtlar üçün təbii olan əlavə
nüfuz gətirirdi.
İlk kitabına gənc şairin 70-ci, 80-ci illərdə
yazdığı şeirlər daxildir, o şeirlər ki,
poeziyaya hansı poetik ovqat, etnoqrafik təəssüratlar və
dil-üslub axtarışları ilə gəldiyi, az qala, hər
misrasında özünü göstərir. Zahirən təəccüblü
görünür ki, estetik dünyası dağlar qoynunda təşəkkül
tapsa da, dəniz mənzərələrinin gözəlliyini
eyni həssaslıqla duyur:
Bu dəniz
qağayı qanadı altda,
qağayı nəğməsi enib
sulara;
istəyim bu səhər dönüb sulara,
dəniz
də xoşbəxtdir,
mən də bu səhər.
Ancaq Nazim
Əhmədlinin poeziyasının əsasında elə ilk
yaradıcılıq təcrübələrindən
başlayaraq ata-ana, ev-ailə, vətən-torpaq cazibəsi
var, bir də, nə qədər paradoksal olsa da, həmin cazibədən
qopub harayasa getmək həvəsi... Harmoniya yaradan üçüncü
bir motivdən də söhbət gedə bilər:
keçmiş ənənələr üzərində
qurulmuş yeni ailənin qayğıları, məsuliyyəti,
nəslin davamı...
Həmin
an -
xoşbəxt bir işıq gəlirdi
balalarımın üzündən.
Mən
onların
üzündəki
işığı yazmaq istəyirdim.
Nə qədər
nikbinlik iddiasında olsa da, gənc şairin şeirlərinə
elə o vaxtlardan ağır bir payız nisgili
çökmüşdü.
Nazim Əhmədlinin ikinci şeirlər kitabı - "Ruhum da sənin
olacaq" birincisindən on iki il sonra (2002) nəşr olundu.
Buraya ilk kitabdan bəzi şeirlər daxil edilsə də, o,
bütövlükdə, şairin
yaradıcılığının ikinci mərhələsini
əks etdirir. İkinci mərhələnin əsas əlaməti
müraciət olunan mövzuların daha diferensial, daha
aydın cizgilərlə seçilməsidir. Hər şeydən
əvvəl ona görə ki, Nazim Əhmədli artıq həyatın
ona təqdim elədiyi rəngarəng mənzərələrin,
epizodların sadəcə istedadlı, ilhamlı təsvirçisi
deyil; indi onu varlığın gözlə görünməyən,
daha metaforik, hətta daha mistik tərəfləri
duyğulandırır:
Xırdaca
bir yağış yağır,
bu gecə bir uzun
nağıl,
uzaq bir dərdini çağır,
qoşulum dərdinə gəlim;
...əlimdən aldılar yurdu,
qəfəsə saldılar yurdu,
qəlbində yurd-yuva qurdum,
izn ver, yurduma gəlim.
Şair
anlamağa başlayır ki, bu dünyanın - yer
üzünün adamı deyil. Və elə ilk şeirlərindən
harayasa getməyə can atan ruhu yenidən "bədəndə
oynayır":
...ötən
dərdin bir anıyam,
xatirələr dumanıyam,
göy üzünün adamıyam,
göy özünə çəkir
məni.
Kitabın
"Göylərin içindən gəldim" bölməsi
Nazim Əhmədlinin yaradıcılığında yeni bir
ifadə-üslub tendensiyasının
başlanğıcıdır. Neosufizm adlandıra biləcəyimiz
bu tendensiya - cərəyan Azərbaycan, ümumən türk
aşıq poeziyasının ideya-estetik əsasında
dayanmış xalq sufizminin yenidən təzahürüdür:
Lap ucadan
uca Göylüm,
Allahım, Sənə gəlirəm,
boynumda günah kəndiri,
sonda önünə gəlirəm;
...dəmim
bir yana aranıb,
qəmim
bir yana daranıb,
min kərə ölüb yaranıb
doğulub yenə gəlirəm.
Şairin
neosufizm istəyinin məhsuludur ki, müasir texnoloji
anlayışlarda orta əsrlərin metafizik məntiqini
canlandırır:
Üz
tutdun hara, bilmədim,
suları
yara bilmədin,
buzunu qıra bilmədin
gedib-gedib
dönən gəmi;
Bu dərya
dərin görünür,
uzaqdan dorun görünür,
buxtada yerin görünür,
xəyalım göndərən gəmi.
Görkəmli
yazıçı-ədəbiyyatşünas Orxan Araz
yazır:
"Müasir həyatın iztirabları, doğulduğu
yerlərin həsrəti, ətrafdakı insanların vəfasızlıqları
onu dünyadan soyutmaqda və bəzən bir uşaq kimi
ulduzları əllərilə qoparıb yerlərə
atmağa sövq etməkdədir... Nazim Əhmədli sıx-sıx
dünyanın sıxıcılığından, dərdlərindən,
pisliklərin basqısından qurtarmaq üçün
göylərdə qeyb olub getməyi arzulamaqdadır".
Onun dərin inamına görə, "şair Nazim Əhmədlinin
şeirini coşduran varlıqlara duyulan eşq onu getdikcə
güclənən mistik ruh halına aparmaqdadır. Eynilə
bir dərviş kimi təbiətdəki hər hərəkət
onda çox fərqli duyğular oyandırmaqdadır".
Nazim Əhmədlinin xəyalları
yaradıcılığının ikinci
mərhələsində öz üfüqlərini genişləndirir.
Güman etmək olardı ki, bu ideya-məzmun genişliyi onu
poeziyanın daha böyük forma-janr miqyaslarına
çıxaracaq. Ancaq şair həmin genişliyi lirikanın
bir damlalıq həcminə
sığışdırmağın yeni nümunələrini
yaratmağa üstünlük verir:
Göndərib
bu Yer üzünə,
neynirdin
axır məni?
Günahlar sözbir eləyib
təklədilər fağır məni;
...bir-birinin
qəsdindədi,
Allah, bəşər pis gündədi,
Yer üzü can üstündədi,
Göy üzünə çağır
məni.
Şair əlinə
qələm alandan inanır ki, bu Yer üzünün bir
Göy üzü də var ki, çox təmiz, çox pak,
çox müqəddəsdir.
Nazim
Əhmədlinin şeirlərində söz formal poetik təzahürlər
- fonetika ilə sintaksis arasında, əgər belə demək
mümkünsə, beşikdəki körpə kimi
yırğalanır, ideya-məzmun, forma-səsin zəngin
çalarları olan harmoniyası ilə axıb gəlir, elə
bir bədii ifadəsini təsəvvür etmək olmur ki,
frazeoloji-üslubi energetikadan məhrum olsun. Ara-sıra yol
verdiyi ifadə-obrazların təkrarına gəldikdə isə,
onlar da kiminsə yox, özünün özünü təkrarıdır.
Və təsadüfi deyil ki,
şairin istedadını müasir poeziyamızın
dühası, xalq şairi Nəriman Həsənzadə,
böyük söz ustaları Vaqif Bəhmənli, Rəşad
Məcid və mərhum söz sərrafı, peşəkar ədəbiyyat
nəzəriyyəçisi Şirindil Alışanlı
etiraf etmişlər.
Kitabdakı son şeir dua
kimi səslənir:
...yaz gəlsin,
yaşıla dönüm,
göylərin quşuna dönüm,
dağların başına dönüm,
dumana bələnim, gedim.
Başlanıb
köçümün yolu,
Ağdamın, Xaçının yolu,
açılsın Laçının yolu,
əhdim
var, dilənim gedim;
Ah çəkdi,
ləlidi şair,
dağlarsız ölüdü şair,
desinlər dəlidi şair,
bir səhər çöllənim
gedim.
Ədəbiyyata
hər nə qədər xalq şeiri üslubunda
yazdığı əsərlərlə gəlsə də,
Nazim Əhmədlinin növbəti kitabı klassik şeir
üslubunun ən səciyyəvi janrı olan qəzəllərdən
ibarətdir. "Əfv eylə məni"
adlandırdığı bu kitaba (2004) "Qəzəldir səfabəxşi-əhli-nəzər"
adlı Ön söz yazmış mərhum dostumuz, professor
Nizaməddin Şəmsizadə deyir:
"Nə qədər ki eşq var, aşiq var, hicran da, qəm də
var, dünyada eşqin qəmindən şirin həzz yoxdur.
Ümumiyyətlə, insana ən doğma, ən məhrəm
hiss qəmdir. Qəm dünyanı duyan, dərk edən insanlara
xas olan duyğudur. Nazim də qəzəllərində bu
duyğunu tərənnüm edir".
Qəzəllərində şair özünü həm qəmi,
həm də eşqi ilə məhz Allah dərgahında
görmək istəyir:
Məni tənha
buraxın, Nazimi Əhmədli olum,
Bölüşüm dərdlərimi
təkcə bir
Allahım ilə.
Çünki
Nazim Əhmədli əmindir ki, nə Züleyxaya, nə
Şirinə, nə də Leyliyə etibar yoxdur:
Məcnun
öz Leylisinin vəslinə can atdı, fəqət
Leyli öz Məcnununu çəkdi biyabana tərəf.
Odur ki,
deyir:
Məni
aşiq eləyən Tanrıya ömrüm fədadı,
Çəkəcəkdir bu məhəbbət məni
imana tərəf.
Nazim
Əhmədli bu dünyayə dönərsə təzədən,
Yenə
də üz tutacaq qadiri-sübhanə tərəf.
Ədəbi
şəxsiyyəti üçün bu da son dərəcə
səciyyəvidir, şair qoşmada olduğu kimi, qəzəldə
də taleyinin ona doğmalaşdırdığı mövzunu
- düşmən işğalına məruz qalmış
yurdunun dərdini unutmur:
Dağı
dağdan yıxılan, xanəsi bərduş
Laçınım,
Talanıb el-obası, yurd-yuvası
xar olanım.
Ulu əcdadlarımın
məskəni qoynundu sənin,
Şəhid olmuşlarımın mədfəni dağlar
olanım.
Bir məzarlıq
yer ayır, Nazimi Əhmədli üçün,
De ki, var daş qəfəs içrə belə, bimar
olanım.
Şair
bunu da deməkdən çəkinmir:
Ərbabi-qələmdir
ki, bu Nazim sənə müştaq,
Öylə var eyləmisən, eşqi-nəğməkarın
olub.
Əlbəttə,
Nazim Əhmədli, yaradıcılığının təbiəti
etibarilə bir qəzəl şairi deyil, ancaq hər bir Şərq
şairi üçün qələmini qəzəldə də
sınaması dərin tarixi kökləri olan mənəvi
istəkdir. Və bu istək o zaman özünü
doğruldur ki, həmin janrı heç olmasa, bir-iki kəlmə
dilləndirə bilsin.
Qəzəllər kitabı ilə
eyni ildə Nazim Əhmədlinin "Sevgi
Allahı" adlı qoşmalar kitabı (2004) dünyaya gəldi.
Görkəmli tənqidçi-ədəbiyyatşünas
Qurban Bayramovun ona yazdığı Ön söz, tamamilə
haqlı olaraq, kitabdan daha çox, ümumən müəllif
- "Yer üzünün dərdindən keçən
göy üzünün şairi" haqqındadır... Qurban
Bayramov ilk dəfə olaraq Nazim Əhmədlinin
poetikasını lazımi dərinlik və genişlikdə tədqiq
edərək, bu özünəməxsus yaradıcılıq
hadisəsi barədə obyektiv fikir söyləmişdir:
"Onun yaradıcılığında
ənənəvi şeirin,
xüsusən, gəraylıların sivil, müasir məzmunu,
obrazları ardıcıl, arasıkəsilməz, ritmik
döyüntüyə çevrilir. Onun şeirlərində ənənəvi
şeirin parametrlərində yeni poetik düşüncə tərzi,
fikrin obrazlı dönüşləri, astanaları
reallıqdan qeyri-reallığa və geriyə dönüş,
ruhun sözdə, mənada, ritmdə əksi, qlobal obraza, təşbehə
meyil... aşkar üslub məqamı kimi görsənir".
Nazim Əhmədli yaradıcılığının
xarakteri etibarilə şair olsa da
(görünür, ona verilmiş "Nazim" adının
da burada psixoloji-mistik təsiri az deyil) gənc
yaşlarından hekayələr, bədii-etnoqrafik oçerklər,
publisistik yazılar qələmə almışdır. Bunlar
"Mənim generalım" (2002), "Mollaəhmədli və
mollaəhmədlilər" (2007), "Qız təbəssümü"
kitablarında toplanmışdır.
Nazim Əhmədli 1993-1996-cı illərdə
Azərbaycan Ordusu sıralarında hərbi jurnalist kimi xidmət
etmişdir ki, bu onun yaradıcılığına təsirsiz
qala bilməzdi... "Bu kəndin yiyəsi hanı?",
"Vətən kiçilə-kiçilə",
"Dağlara sarı", "Müharibə", "Son
döyüş", "Xocalı" və s. şeirlər
"göy üzünün adamı"nın diqqətini
yer üzünün dərdlərinə, ağrılarına,
ölüm-itiminə cəlb edir. Ancaq bütün sufilər
kimi, bizim neosufist də reallığın "vulqar"
şıltaqlıqlarına dözə bilmir:
...nə
kövşənim, örüşüm var,
nə əyişim-üyüşüm var;
axı,
burda nə işin var?!
mən çox uzağın adamı...
Nazim
Əhmədlinin yaradıcılığının
üçüncü mərhələsi birinci və ikinci mərhələlərdən
bir neçə baxımdan təcrid olunmayıb ki, onlardan ən
əsası ailə-nəsil, ömür-tale, gün-güzəran
motivləridir; şair bütün bunlara
yaradıcılığının hər bir mərhələsində
çox böyük məsuliyyətlə yanaşır. Ata,
ana, həyat yoldaşı, övlad, qohum-əqrəba Nazim
Əhmədli üçün onun bioqrafiyasının
ayrılmaz tərkib hissəsidir. Bioqrafiya isə şair
üçün təbiətdən - yazdan, qışdan,
dağdan, dərədən, çaydan, göldən
başlayır:
Mən
yazda yaşıldan gələn
bir kür naxışın balası;
yarpağın, otun, çiçəyin,
qarın,
yağışın balası;
Onun
avtobioqrafiya şeirlərində qəribə bir kədər
var: bu kədərin həyatdan, yoxsa ədəbiyyatdan gəldiyini
ayırd eləmək asan deyil. Ancaq bir məsələ tamamilə
aydındır ki, bu kədər müdrik, insanı mənən-ruhən
yüksəldən, əgər belə demək mümkünsə,
ideya-estetik dəyəri olan kədərdir:
mən
özüm özümü yazsam,
bir ağrılı nağıl
çıxar;
başını söykə sinəmə,
ürəyimi çağır, çıxar;
könlüm
sınır darıxmaqdan,
buludam, bezdim yağmaqdan;
uzaq yollara baxmaqdan
gözlərimin ağı çıxar;
Şairin
şeirləri ayrıca kitablar halında Türkiyə,
İran, Özbəkistan, Qazaxıstan, Almaniya, Gürcüstan
və başqa ölkələrdə
yayınlanmışdır.
Nazim Əhmədlinin illərlə
həsrətini çəkdiyi dağlar,
çaylar, bulaqlar artıq düşmən əsirliyindən
xilas olub, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan...
qaçqın-köçkünləri öz doğma
yurdlarına qayıdırlar. Şair yeni şeirlərini
yazır... Və mən heç şübhə etmirəm ki,
illər keçəcək, biz Nazim Əhmədli
yaradıcılığının yeni mərhələsindən
söhbət açmağa ehtiyac duyacağıq. Hər
şeydən əvvəl ona görə ki, şairimiz bu
dünyanın nə sevincinə, nə kədərinə; nə
ləzzətinə, nə ağrı-acısına; nə
yazına, nə qışına
biganə deyil...
Nizami CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, №7.- S.8-9.