Konstantinos
KAVAFİS
(1863-1933)
O, yeni
yunan dilində yazan şairlərin ən məşhurudur.
Əslən İstanbuldan olan
bir yunan ailəsində dünyaya göz
açıb. Atası Britaniya vətəndaşlığına
malik bir tacir imiş. Onun 1870-ci ildə vəfatının
ardınca Kavafislər ailəsi bir müddət Londonda
yaşayır, Konstantinos isə 1875-ci ildən ta ölənə
qədər Misirin İsgəndəriyyə şəhərində
məskunlaşsa da, vaxtaşırı İstanbula gedib-gəlib.
Həmin dövrdə o, əvvəlcə qəzetlərlə
əməkdaşlıq edib, sonralar isə Misirin Sosial Məsələlər
Nazirliyində klerk (məmur) kimi çalışıb.
1891-ci ildə çap etdirdiyi ilk şeirlərini isə o vaxta qədər
sadəcə öz yaxın dostlarına oxuyub.
Tanınmış yunan yazarı G.Ksenopulosun onun barəsində
yazdığı "Şair" məqaləsi çap
olunandan sonra Kavafis Yunanıstanda söz adamı kimi
tanınmağa başlayıb. Bundan həvəslənərək,
1904 və 1910-cu illərdə "Şeirlər" adlı
iki kitabını nəşr etdirib. Onun yeniliklərlə dolu
yaradıcılığı Avropa ədəbiyyatında hələ
də modernizmin inkişafında önəmli faktorlardan biri
sayılır.
İngilis dilinə çevrilən
şeirlərinin 1919-cu ildə E.M.Forster,
daha sonralar isə T.S.Eliot tərəfindən bəyənilərək,
geniş oxucu kütləsinə təqdim olunması XX
yüzilin ikinci yarısında parlayan şairlərdən
U.H.Odenə, L.Sernudaya, Ç.Miloşa, İ.Brodskiyə və
digərlərinə ciddi təsir göstərib.
Sağlığında o, cəmi 154
şeirini dərc etdirə bilib. Həmin mətnlərin
böyük qismini isə şair 40 yaşından sonra
yaradıb. Bunlarla yanaşı, şairin fransız və
ingilis dillərində qələmə aldığı
şeirləri də mövcuddur.
70 yaşında ikən K.Kavafis qırtlaq xərçəngindən
dünyasını dəyişib.
Yalvarış
Dənizçini
öz dərin ağuşuna səslədi, çəkdi dəniz...
Bundan xəbərsiz olan anası isə gedib
bir şam yandırdı
"Müqəddəs Məryəm"
ikonasının önündə -
təki
övladı evə tez dönsün və havalar düzəlsin deyə.
Bir
qulağı elə hey vıyıldayan küləkdə ikən
ana
dualarla özünə təsəlli
verdiyi anlarda
onu kədərlə, ciddiyyətlə
dinləyən Məryəm təsvirinə
isə
onsuz da bəlliydi o cavanın bir daha geri dönməyəcəyi.
Çar Demetri
Hosper ou
basileus, all'hypokrites,
metamphiennytai chlamyda phaian
anti tes tragikes ekeines,
kai dialathon
hypechoresen.
Deyilənlərə görə,
yerinə
Pirr keçsin deyə, makedoniyalılar
çar
Demetridən taxtı-tacı
təhvil verməyi tələb edəndə,
gözü-könlü hədsiz tox olan bu hökmdar
bir çardan heç gözlənilməyəcək şəkildə
davranıbmış.
Əvvəlcə
qızılı işləməli xələtini,
sonra al qırmızı çəkmələrini
soyunub
adi əlbisələr geyinməklə,
dərhal uzaq yola
çıxıbmış.
Görünür,
o dəm bu adam özünü
tamaşa
bitincə paltarını
dəyişərək,
teatrı
tərk edən aktyorun yerində hiss edib.
Dönüş
mərasimi
Peloponnesdə
tayı-bərabəri olmayan Damon usta
bəmbəyaz Paros mərmərindən
Dionisi mərasimindəki dəstənin
təsvirini yonur.
Hamıdan öndə, həm
də inamlı addımlarla
əzəmətli görkəmə malik Tanrı gedir.
Ardınca gələn Akratosdur.
Onun böyründəki Methi isə
yan tərəfləri sarmaşıqlarla
bəzənmiş bir parçdan
şərab süzür satirlərə.
Yanlarındakı tösmərək Hedimeles,
habelə
bu dəstənin mübarək məşəlini əlində
tutan
və sönməsin deyə, üstündə əsən Komos diqqəti
çəkir.
Aralarındakı Teleti tərəddüdə
qapılmışa bənzəyir.
Bütün
bu fiqurları mərmərdən yonarkən,
usta Damonun tək fikri-zikri
Sirakuz kralından alacağı
o üç yunan qızılının yanındadır -
yağlı bəxşişdir axı
bu:
həmin
sikkələri əvvəlkilərin
yanına qoyunca,
zənginlər kimi cah-cəlal
içində yaşaya biləcək
ustamız.
Üstəlik, siyasət meydanına
da atıla biləcək:
hətta
indi əsl bazara çevrilən Senata üzv də
seçilmək istəyəcək.
Yaşlı
kişi
Səs-küylü
kafenin iç otağında, masa ardında
yaşlı bir kişi büzüşərək oturub.
Önündə bir qəzet var,
adam təmtəkdir.
Bu səfil qocalığı
yaman əzir onu, əzib-keçir hətta:
düşünür ki, axı nə ləzzətini görüb ey bu həyatın
o dəli-dolu, yaraşıqlı
olduğu illərdə?!
Artıq
hədsiz yaşlandığından agahdır, fərqindədir
bunun,
hər şeyi anlayır, görür, halbuki
gənclik illəri dünənki
gün qədər təzə gəlir
ona.
Həyat
necə də qısaymış, həm də... necə!
Düşünür
ki, o "Müdriklik" adlanan qavramla
İllər uzunu özünü
aldadıb, qandırıb,
əcəb də ağılsızmış
ey... daima ona bel bağlayarkən.
"Bu işini də sabaha saxla. O qədər vaxtın olacaq
ki!" deyən
o yalançıya inanarkən.
Cilovladığı
o ehtiraslar canlanır indi xəyalında,
imtina elədiyi,
ah, nə qədər sevinc düşür yadına,
əldən qaçırdığı hər fürsət necə
də cırnadır onu
vaxtilə ağılsız tərpəndiyi
üçün.
...Bu qədər
fikir-xəyaldan sonra
başı gicəllənir,
özündən ixtiyarsız axıb-gedir
gözləri
qəhvəxanadakı masa arxasında büzüşən o qocanın.
İonik
Bütlərini
sındırıb,
məbədlərdən sürüyüb-çıxartsaq
da,
tanrılar ölmüş sayılmaz,
əsla!
Ey İoniya
torpağı!
Onlar məhz sənə könül veriblər,
ruhları sənə bağlıdır
hələ də.
Üzərində avqust şəfəqləri
söküldüyü müddətcə,
havana
can qatacaqlar.
Bir gün gələcək
ki,
şəffaf görünən bir
gəncin xəyalı
gah görünüb, gah gözdən
itməklə,
yeyin addımlarla keçib-gedəcək
o təpələrin üzərindən.
Geri dön
Vaxtaşırı
geri dön, ey sevimli şəhvətim!
Hə, geri dön və
başdan-ayağa çulğa məni -
ruhumda xatirələr baş qaldırınca,
keçmiş ehtiraslar qanımda
coşunca,
bu dodaqlarımla bədənim
- bir əl toxunubmuş kimi -
qəfil
titrəyincə, ürpəşincə.
Geri
dön və çulğa varlığımı... gecə
düşüncə
bu dodaqlarımla bədənim
həsrətindən qovrulanda.
Çalış,
ən azı
Əgər
dilədiyin kimi alınmayıbsa taleyin,
çalış, ən azı
kirlətməyəsən onu
bu yer üzünün qələbəliyində,
öz əməllərinlə, deyib-danışdıqlarınla.
Onu
böyrünə salıb, sürüdərək
endirməyəsən gündəlik həyatın,
insan münasibətlərinin,
yığıncaqların o adidən də adi səviyyəsinə...
yaşamaq ağır və
ögey bir yükə çevrilsə belə.
On beş
mart
Ehtişama
can atma, ey ruhum,
ehtiraslarını cilovlaya bilmirsənsə,
barı,
şübhəylə, diqqətlə
göz qoy onlara.
Hər nə qədər yüksəlsən,
bir o qədər həssas,
ayıq-sayıq davran onlarla.
Ən nəhayət,
zirvəyə çatıb, Sezar olanda,
şöhrətin dörd cəhətə
yayılanda,
bax, o zaman
dörd yol ayrıcına yetişən
bir igid kimi gözlərini
də dörd aç:
hamının gözü səndə
ikən, hamı başına
yığılmışkən,
qəflətən kütlənin içindən
Artemidoros çıxıb,
əlindəki məktubla sənə
tərəf yüyürüb:
"Təcili bunu oxuyun,
sizinlə bağlı ciddi
məqamlara toxunulub", deyərsə,
saymazyanalıq etməyəsən, ha!
Elə
o an bütün iş-gücünü
bir kənara at,
başından et qarşında diz
çökərək səni salamlayanları
(çünki onlarla sonra da görüşə bilərsən):
hətta
bütün Senat da
yolunu gözləyə-gözləyə qalsın -
sən isə vaxt itirmədən
bax, gör axı nə imiş
Artemidorosun sənə gətirdiyi
o vacib xəbər.
Boz rəng
Bu bomboz
opal daşına sataşınca nəzərim,
vaxtilə heyran kəsildiyim
o kül rəngli gözlərini xatırladım mən:
aradan ən azı iyirmi il-filan keçib artıq.
Həmin
eşq macəram bir ay ancaq sürdü.
Sonra o, məni tərk edib,
əgər yanılmıramsa, iş-gücüylə
bağlı
İzmirə getdi və bir daha
həyatda heç rastlaşmadıq.
Əgər
hələ həyatdadırsa,
o bozumtul gözləri, yəqin bir az da bozarmış olar,
yaraşıqlı sifəti isə,
əlbət, saralıb-solar.
Ey
yaddaşım, o gözləri məhz gördüyün kimi
hifz eylə,
Ey yaddaşım, gücün
yetdiyi qədər
o sevgidən geriyə qalan xatirələri qoru!
Bacardıqca daha dəqiq göstər mənə o yarın
hüsnünü...
Konstantinos
KAVAFİS
Dilimizə
çevirdi: Azad Yaşar
Ədəbiyyat
qəzeti.- 2026.- 27 fevral, ¹7.- S.7.