Görkəmli şəxslər
Əli Vəliyev haqqında
Əli Vəliyev-125
"Əli
Vəliyevin yaradıcılıq yolu Azərbaycanın tarixi ilə
qırılmaz surətdə bağlıdır. O, ədəbiyyata
1924-cü ildə yazdığı kiçik bir povestlə gəlmişdir.
Həmin povest və yazıçının bütün
sonrakı əsərləri respublikamızın coşqun
sosial-iqtisadi inkişafını parlaq surətdə əks
etdirir...
...Bir
sözlə, Əli Vəliyevin yaradıcılıq yolundan danışarkən
biz bir daha qeyd edirik ki, o, böyük yazıçı və
əsl vətənpərvərdir, 1924-cü ildə
sıralarına qoşulduğu kommunistlər ordusunun sədaqətli
əsgəridir.
Əli Vəliyev
uzun illər məsul vəzifələrdə işləmiş,
"Kommunist" respublika qəzetinin redaktoru, Azərbaycan
Yazızılar İttifaqının katibi olmuş, bir sıra
jurnalların yaradıcı kollektivlərinə rəhbərlik
etmişdir. Bütün vəzifələrdə o
özünü işinin vurğunu olan, doğma xalqına sədaqət
bəsləyən vicdanlı kommunist kimi göstərmişdir.
Bütün bu gözəl keyfiyyətlər onun yaradıcılığında
da özünün əksini tapmış,
yazıçının əsərlərinin yüksək
ideya- bədii pafosunu müəyyən etmişdir".
Heydər
ƏLİYEV
Ümumilli
lider
15 may
1982-ci il
Əli Vəliyevin
qələmindən çıxan sanballı romanları,
yığcam povestləri, müdrik hekayələri, uzun illərdən
bəri mətbuat səhifələrində diqqəti cəlb
edən oçerkləri, məqalələri saymaqla
qurtarası deyil. Bütün bunlar qocaman ədibimiz Əli Vəliyevin
gecə-gündüz yorulmaq bilməyən yaradıcı zəhmətinin
bir-birindən gözəl barı-bəhrəsidir. Onun "Qəhrəman",
"Ürək dostları", "Çiçəkli",
"Turaclıya gedən yol" kimi dəyərli
romanlarının hərəsinin özünə görə
gözəl keyfiyyəti, oxucuları mənəvi ruhda tərbiyə
edən məziyyətləri vardır. Ədibimizin son illərdə
yazdığı "Bir cüt tərlan" və "Zəngəzur
qartalları" sənədli əsərlərdir.
Yazıçı qələmi ilə, sənətkarlıqla
işlənən, təqdirəlayiq əsərlərdir!
Bütün bunlarla birlikdə, məncə, Əli Vəliyevin
iki cildli "Budağın xatirələri" ədibin
yaradıcılığı ilə gözəl parlaq bir
güzgünü, həyat güzgüsünü,
Budağın həyat-mübarizə güzgüsünü
göstərir. Bu "həyat güzgüsü"
Budağın, əslində, Əli Qara oğlu Vəliyevin həyatını,
parlaq bir güzgüdə olan kimi apaydın göstərir.
Süleyman
RƏHİMOV
Azərbaycan
kəndlisinin oyanması, zülm və əsarət
yükünü çiynindən atması, yoxsulluqdan, cəhalətdən
xilas olub yeni həyat qurmağa başlaması, kəndin tərəqqisi,
kəndlilərin mənəvi cəhətdən dəyişilməsi,
kollektivizm ruhunda tərbiyələnməsi - bütün
bunlar Əli Vəliyevin yaradıcılığının əsas
mövzusunu təşkil edir. İlk hekayələrində
("Gülarə", "Nənəmin cəhrəsi",
"Həmayilin qızı", "Aprelin dədəsi"
və s.) yoxsul kəndlilərin, muzdurların, kənd müəllimlərinin,
gənc qadın və qızların ağır həyatını,
kəndlilərin mütilikdən fəallığa,
azadlıq uğrunda mübarizəyə qoşulmaq əzmini qələmə
alan ədib, öz mövzusuna sadiq qalaraq ardıcıl surətdə
inkişaf yollarını təsvir etmişdir.
Məmməd
ARİF
Əli
haqqında xatirə yazan adam onu mütləq və mütləq
yaxından tanımalı, nə cür insan olduğunu, həyatda,
yoldaşları və dostları ilə münasibətdə
özünü necə apardığını, kimləri nə
üçün xoşladığını və kimdən,
nəyə görə xoşu gəlmədiyini bilməlidir.
Bunsuz
Əli haqqında bəhsə girişməyin nə mənası
var, nə də əhəmiyyəti!
Əli
son dərəcə namuslu, son dərəcə saf, son dərəcə
sədaqətli, son dərəcə təmiz, son dərəcə
obyektiv, misilsiz dərəcədə xeyirxah bir insan idi.
Mənim
bu üstünlük dərəcələrimdə zərrə
qədər mübaliğə yoxdur - Əlini yaxından
tanıyan dostları bunu həmişə təsdiq edə bilərlər!..
Hüseyn
ŞƏRİF
Əli Vəliyev
ədəbiyyata həyatdan gəlib - həyatın lap dərinliklərindən.
Onun əsərləri ağrılarını daha çox,
sevincini daha az duyduğu həyatın sadə, şirin
koloritli ilnaməsidir. Bu əsərlərdə
yazıçının ürək
çırpıntıları, sevgisi aydın, dadlı-duzlu
dillə verilmişdir. Əli doğma xalqı ilə
qırılmaz tellərlə bağlıdır. Onun kövrək
uşaq qəlbi həyatın isti-soyuğuna çox həssasdır.
Rəsul
RZA
Onun
keçdiyi ədəbi yaradıcılıq və mübarizə
yollarına bütünlüklə nəzər saldıqda belə
bir həqiqəti nəinki dostları və pərəstişkarları,
hətta ona tənqidi yanaşanlar da etiraf edirdilər ki,
ürəyi uşaq ürəyi kimi təmizdir, ədəbiyyatımız
qarşısında xidmətləri böyükdür.
O,
xeyirxah, qeyrətli bir vətəndaş, həyatla, xalqla
canlı əlaqəsi olan bir yazıçı, vəfalı
bir dost idi.
Onun sinəsində
bütün həyatı boyu doğma xalqına, vətəninə,
bədii ədəbiyyata, həqiqətə, düzlüyə
məhəbbətlə dolu olan və rahatlıq bilməyən
bir ürək döyünürdü. O, Azərbaycan sovet ədəbiyyatının
ilk yaranışı illərindən beşiyi başında
duranlardan idi.
Mirzə
İBRAHİMOV
Kişi
işi sözü dilimizdə ən yüksək bir məna
daşıyır: mərdlik, cəsarət, doğruluq. Bu
keyfiyyətlərə malik olduğu üçün Əli Vəliyevə
də xalqımızın Kişi oğlu desək, düz
yerinə düşər. Əli Vəliyevin bir üzü,
bir siması var. O, həqiqət naminə danışmaq
lazım gələn yerdə, ən çətin, ən
mürəkkəb vaxtlarda dəfələrlə bu kişi ləyaqətini
göstərmişdir.
O, həqiqəti
pərdələyənlərə, xalqının ləyaqətini
dərk etməyənlərə, onun ləyaqətinə
nöqsan gətirənlərə, havayı həvəslərə
qapılanlara qarşı həqiqət, ədalət naminə
üzüboz Kişidir. Onun xarakterindəki bu xüsusiyyəti
bilənlər, yuxarıda dediyim kimi, ən çətin,
mürəkkəb vaxtlarda onunla hesablaşmağa məcbur
olmuşlar.
Əli Vəliyevin
sözünə - Ədalətin qılıncı desək,
daha haqlı olarıq.
Mirvarid
DİLBAZİ
Əli ilə
yol yoldaş olmaq maraqlı bir aləm idi. O, yaşda bizdən
böyük, artıq tanınmış bir yazıçı
olmağına baxmayaraq özünü son dərəcə
sadə, açıq və səmimi aparırdı. Bu onun təbiətində,
xarakterində idi. Necə deyərlər, o, uşaqla uşaq,
böyüklə böyük idi. Lazım gələndə
gördüyünü, hiss elədiyini,
qarşısındakının şəxsiyyətindən-filanından
asılı olmayaraq deyən idi.
İlyas
ƏFƏNDİYEV
Xeyirxah
işlərdən zövq alan adamlar xoşbəxtdir. Belə
şəxslərdən biri də mərhum Əli Vəliyev
idi. O, yanına məsləhət almağa və köməyə
gələnləri fərəhlə qarşılardı.
Onların məsələsi ilə məşğul olanda bəzən
istirahət etməyi belə unudardı. İşi çətinliyə
düşən və ya haqqını almayan adam zəiflik
göstərib bədbinləşəndə onu məzəmmət
edər, ədalət uğrunda mübarizəyə
ruhlandırardı. Belə adamların
"düyününü" açıb məqsədinə
çatmayınca ürəyi sakit olmazdı. Kiməsə
kömək əlini uzadıb dadına çatanda fərəhi
yerə-göyə sığmazdı. Xeyirxah olmaq,
yaxşılıq etmək! Nəciblik onun qanında,
canında idi. O, qələm dostlarının daha çox
karına gələrdi. Mənzil almaqda, evə telefon qoymaqda,
çap olunmaqda... Xeyir-şərdə də
ağsaqqallıq edərdi.
Süleyman
VƏLİYEV
"Kəndimizin
kövşənləri dəmyə olsa da, taxıl əskik
olmazdı. Kəndin camaatı işlək, havası
mülayim, suyu soyuq, çörəyi dadlı idi. Yaz səhərləri,
yay axşamları, payız günləri, qış gecələri
kəndimizin ən gözəl vaxtları idi. Burada
ömür sürənlər yüz yaşına çatanda
belə işdən qalmaz, nazik iynəni eynəksiz
saplardılar... Ağsaqqal və ağbirçəklərdən
çoxlu nağıl, bayatı, qaravəlli öyrənmişdim".
Bu,
görkəmli nasir, Azərbaycan xalqının yaxşı
tanıdığı, çox sevdiyi Xalq
yazıçısı Əli Vəliyevin bax beləcə hər
an məhəbbətlə, çox zaman həsrətlə,
nisgillə xatırladığı, bulaqları güneydən
üzü aşağı şütüyən səfalı
məskən Sisyan mahalının səkkiz yüz evli Ağdu
kəndi idi.
Əli Vəliyev
1901-ci ildə bu uzunömürlülər diyarında anadan
olub, burada rus məktəbinə gedib, burada ərəb əlifbasını
öyrənib. Lakin heyranlıqla sevdiyi doğma, bərəkətli
yurdundan yeniyetmə dövründə - yatalaq xəstəliyindən
valideynini, qohum-əqrəbasını itirəndən sonra -
didərgin düşübdür. Həmin nisgildir ki, Əli Vəliyevin
qəlbindən çıxmır və zaman-zaman qövr eləyir.
Bayram
BAYRAMOV
Elə
adamlar var ki, səksəni aşıb doxsanı haqlasalar da,
lap yüzü keçsələr də, gənclik, hətta
bəzən uşaqlıq xasiyyətlərini saxlayırlar.
Daha dəqiq desək, uşaqlıqdakı kimi sadə və
açıqqəlbli qalırlar.
Əli Vəliyev
də belə idi. Onun qəlbindəkini dərhal üzündən
oxumaq olurdu. Hirsini, qəzəbini, yaxud sevincini gizlədə
bilmirdi. Nəyi varsa, dərhal deyir, ürəyini
boşaldır, dərhal da sakitləşirdi. Ona görə də
qəlbində kin-küdurət qalmırdı, bugünkü
qəzəbini sabah unudurdu.
Biz
hamımız ona sadəcə "Əli müəllim"
deyərdik. Bir dərdimiz, məsləhətimiz olanda
yanına gedər, heç vaxt da məyus qayıtmazdıq.
Bircə qəlbinə dəyib küsdürəndə
gözünə görünməzdik. Yaman küsəyən
idi. Elə ki görürdük iclasda, ya məclisdə
yanpörtü oturub, əlini çənəsinə söykəyib
stola dirsəklənib, başa düşürdük ki,
küsüb, qəzəblidir, belə anda yaxınlaşıb
ona söz demək mənasızdır. Amma dönəlgəsi
çox yaxın idi. Bulud kimi tez tutular, tez də
boşalıb-açılardı. Onu da deyim ki, zarafatından
da qalmazdı. Həm də bu zarafatlarda, bu qəzəblərdə,
küsüb-barışmalarda böyük bir qayğı
vardı.
İsmayıl
ŞIXLI
Əli Vəliyev
təkrarolunmaz şəxsiyyət, elə buna görə də
təkrarolunmaz yazıçı idi. Onu yaxından
tanıyanların hamısı onun barəsində bu fikirdədir.
Biz, orta nəslə
məxsus yazıçılar, istisnasız olaraq Əli müəllimin
bir el ağsaqqalı kimi hər birimizə qarşı ciddi tələbkarlığında
və qayğıkeşliyində bunu daha çox hiss eləmişik.
O, "Kommunist" qəzetini redaktə edəndə də,
"Azərbaycan" jurnalını çıxaranda da,
Yazıçılar İttifaqında rəhbər vəzifə
daşıyanda da nə zəhmli baxışlarını
üzümüzdən çəkmiş, nə də
kövrək qəlbinin qapılarını üzümüzə
bağlamışdır. Onun bizi səhv
addımlarımıza, nöqsanlarımıza görə rəsmiyyətə
- ictimai məsuliyyətə çəkdiyinə, dar ayaqda isə
qolumuzdan yapışdığına, bəzən, hətta
doğma atanın övladından incidiyi kimi bizdən
küsdüyünə dair də çoxlu fakt gətirə
bilərəm.
Bütün
bu xüsusiyyətlər onun öz doğma xalqının
parlaq xarakterini şəxsiyyətində cəmləşdirdiyi
ilə izah oluna bilər. Yazıçı şəxsiyyəti!
Yaradıcılığın, sənətkarlığın
sirləri araşdırılarkən bu məsələyə
indiyədək az diqqət vermişik. Lakin son vaxtlar nəzəriyyəçi
ədəbiyyatşünas alimlər, haqlı olaraq,
yaradıcının şəxsiyyətini başlıca amil
hesab edirlər.
Əli Vəliyevin
yaradıcılığı ilə parlaq şəxsiyyəti
arasında ahəngdarlıq bu mülahizəni tamamilə
doğruldur.
Qasım
QASIMZADƏ
O,
çox gözəl insan idi. Respublikamızın mədəni
həyatı, xalq təsərrüfatının müxtəlif
sahələri ilə yaxından tanış olur, yeri gəldikcə
öz sözünü, arzu və istəklərini mətbuat,
radio və televiziya vasitəsilə deməkdən də
qalmırdı. Mən, təbiətən xalqa bağlı
olan, Azərbaycan torpağını, demək olar ki,
qarış-qarış gəzən, kənd əməkçiləri
ilə tez-tez görüşən gözəl ədibimiz,
sevimli Xalq yazıçımız Əli Vəliyevlə 40 ilə
yaxın bir müddətdə ünsiyyətdə olmuşam,
onunla müxtəlif sənət inciləri, müxtəlif
janrlar haqqında tez-tez söhbət etmişəm.
Əli Vəliyev
doğma Azərbaycanın gözəlliyini, onun könül
açan yerlərini seyr etməkdən doymazdı.
O,
Şuşaya da vurğun idi. Tez-tez Şuşaya gələrdi,
hər dəfə də qonağım olardı. Cıdır
düzündən, Turşsudan, şairi, bəstəkarı,
müğənnini ilhama gətirən mənzərələrdən
heyrətlənərdi. Deyirlər ki, Şuşa Azərbaycanın
çox füsunkar dilbər guşəsidir. Əgər
dünyanın gözəlliklər yurdları arasında
yarış keçirilsə, çox güman ki, birinci yeri
bizim Şuşa tutar. Sevimli yazıçımız
Göygölə, Kəlbəcərə, İstisuya da tez-tez
baş çəkərdi. O, həmin gözəllik
yurdlarını seyr etməklə qalmır, oçerkləri,
publisistik yazıları ilə respublika mətbuatında,
xüsusilə uzun illər çalışdığı
"Kommunist" qəzetinin səhifələrində,
radioda, televiziyada tez-tez çıxış edirdi. Bu yerlərin
daha da abadlaşdırılmasına, sözün həqiqi mənasında,
istirahət, sağlamlıq zonalarına çevrilməsinə
çalışardı.
Bəli,
xalqımızın fəxri, iftixarı, unudulmaz Əli müəllimin
həyatı, geniş, çoxcəhətli fəaliyyəti,
Vətənə, xalqa dərin məhəbbəti müxtəlif
nəsillər, xüsusilə gənc nəsil
üçün əsl nümunədir.
Süleyman
ƏLƏSGƏROV
İstər
sağlığında, istərsə də
ölümündən sonra Xalq yazıçısı
Əli Vəliyevdən harda söhbət düşsə,
hamı bir ağızdan "çox xeyirxah adam idi"
sözünü söyləyir. Mənə görə, sənətindən,
yaşından asılı olmayaraq bir insan haqqında deyilən
bu söz min cür başqa təriflərdən
üstündür. Mən deyərdim ki,
xeyirxahlığın özü də, bir növ
istedaddır. Çünki xeyirxahlıq məhz böyük təbiətli
insana xas olan keyfiyyətdir.
Xeyirxahlıq
- öz haqqından əvvəl başqasının
haqqını görə bilməkdir. Başqasının
haqqını görmək isə ədalətin və həqiqətin
müdafiəsidir. Ədalət və həqiqəti müdafiə
edən adam özünü başqasının səadətində
əridir. Belə adamlara cəmiyyət əsl vətəndaş
deyir.
Ə.Vəliyev
əsl vətəndaş idi. Mən Ə.Vəliyevi
tanıdığım 30-35 il müddətində həmişə
belə görmüşəm. Məqsədsiz
yaxşılıq, ədalət və həqiqət Ə.Vəliyevin
ünvanı idi. Bərkə düşən elə bir
yazıçı tanımıram ki, bu ünvana müraciət
etməmiş, onun qapısını döyməmiş olsun.
O da əlindən gələn köməyi heç kəsdən
əsirgəməmişdir.
Ə.Vəliyev
sözünü adamın üzünə qənşər, pərdəsiz,
boyasız, birbaşa deyərdi. Belə adamlara el arasında
"qırmızı adam" deyərlər. Bu
"qırmızı" sözünün mənfi
çaları da var. Qoy, olsun! Məncə, izini gizlədib,
riyakarcasına üzdə adamın başına tərif
yağışı yağdırıb, arxasınca söyməkdən,
sözü boz-boz üzə demək daha yaxşıdır.
O, uşaq qədər sadəqəlbli olduğundan elə
güman edirdi ki, hamı belədir və buna görə də
sözü üzə deməkdən qətiyyən çəkinmirdi.
Bəxtiyar
VAHABZADƏ
Bir qərinə
ünsiyyətdə olandan, irili-xırdalı bütün əsərlərini
oxuyandan, onunla uşaqlıq çağlarını, gənclik
illərini və ahıl çağlarını birgə
keçirmiş nə qədər adamdan onun haqqında az qala
rəvayətlərə çevrilmiş hekayətləri
eşidəndən sonra... Əli Vəliyevdə bu
bütövlük içərisində - qəribə bir
xüsusiyyət, şəxsi mənsubiyyət kəşf
etdim: insana fövqəladə inam!
Cəmil
ƏLİBƏYOV
Onun
geniş qəlbində ürək genişliyi, geniş səxavət
qərar tutmuşdu. Son dərəcə təvazökar şəxsiyyət
olan Əli müəllim həm də hamıya can yandıran,
qayğı göstərən bir insan idi. Sözünə
bütöv, əməlinə sadiq. Lakin ərkyana küsməyi
də vardı, mərdcəsinə barışmağı da.
Hamısı təbii, hamısı səmimi, hamısı
ürəkdən gələn.
Kişi
ölər, kişilik qalar bu dünyada. İnsan ölər,
insanlıq qalar bu dünyada. Qoy bu kiçik yazım Əli
müəllimin kişiliyinə, insanlığına bir
ehtiram olsun.
Teymur
BÜNYADOV
Əli Vəliyev
sözün həqiqi mənasında, böyük cəfakeş
və zəhmətkeş idi. Uşaq kimi təmiz, məkrsiz,
hiyləsiz idi. Mənə görə, bu insanın həyat və
fəaliyyətində adamlara pislik etmək üçün
heç nə yox idi. Mən onu tədricən öyrəndikcə
bir daha inandım ki, Əli Vəliyev xarakter, xasiyyət,
danışıq, yemək-içmək baxımından
heç kimə bənzəmir. O, tamam orijinal bir şəxsiyyətdir.
Qulu
XƏLİLOV
Əli Vəliyev
çox qəribə, yalnız özünə bənzəyən
bir yazıçı, bir insan idi. Çox tez küsməyi,
çox tez inciməyi vardı. Xoşu gəlməyən
adamın üzünə baxmazdı, salam verməzdi.
60-70-ci
illərin ədəbi həyatında çox fəal
iştirak edirdi. Ə.Vəliyev sözü qırmızı
deyərdi üzə. İştirak elədiyi elə
yığıncaq, elə müzakirə olmazdı ki,
çıxış eləməsin, qətiyyətli və
ötkəm danışmasın. Əgər daxilən
inanırdısa məsələnin məğzi nədir, həqiqət
deyilən zəncirdən yapışıb son halqaya qədər
təkidindən əl çəkməzdi. O, doğruluğu,
düzgünlüyü, söz bütövlüyünü,
açıq danışığı, mərdlik, kişilik
sifətlərini dəyişilməz normalar hesab edirdi. Onun
üçün yalan və saxtakarlığın
böyüyü-kiçiyi yoxdu.
Yalanı,
saxtakarlığı yumaq, təmizləmək mümkün
deyil, onları dəfn eləmək lazımdır. Söz gəzdirmək,
ara vurmaq kimi sifətləri (əslində, sifətsizliyi) daha
ağır, daha betər cinayət sayırdı.
Məmməd ARAZ
Əli Vəliyev canlı-cüssəli bir adam idi və nə qədər canlı-cüssəli idisə, bir o qədər də ürəyitəmiz və yumşaq, sadə və səmimi, rəhmdil və xeyirxah idi. Mən dəfələrlə bu xeyirxahlığın şahidi olmuşam və əvvəllər də bunu demişəm: Yazıçılar İttifaqında işlədiyim vaxtlar məndən ən çox xahişlər edən iki nəfər idi: Əli Vəliyev və rəhmətlik Abbas Zamanov, ancaq bu xahişlərin heç biri onların öz problemləri ilə bağlı olmayıb və bu xahişlər həmişə ədəbiyyata yeni gəlmiş adamların, imkansız və kimsəsiz qələm əhlinin problemləri ilə bağlı olub. Onu tez-tez xatırlayan İlyas Əfəndiyev deyirdi ki, vəzifə Əli Vəliyevin necə adam olduğunu o saat göstərirdi.
ELÇİN
Əli Vəliyevin həyatı və yaradıcılığı ötən yüz ilin bütün acılı-şirinli, sevincli və faciəli cəhətlərini özündə əks etdirir. Bütöv bir əsr onun taleyindən keçib getmişdir. O, çox şey görmüşdür. 1901-ci il fevralın 27-də Zəngəzur qəzasını Ağudi kəndində anadan olan Əli Qaraoğlu atasını tez itirdiyinə görə çarizm dövründə qapılarda gündəlik çörəyini qazanmış, muzdurluq eləmiş, həyatın bütün çətinliklərini görmüşdü. Amma yaradıcılıq və mübarizə eşqi onu tezliklə məktəbə və yeni həyat quruculuğuna gətirib çıxarmışdı.
Sabir RÜSTƏMXANLI
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.2-3.