Gərgin əməyin bəhrəsi
S.Qaybalıyevanın "Azərbaycan-İraq Türkman ədəbi əlaqələri və
Əbdüllətif Bəndəroğlu"
(Bakı,
2025, 280 s.) kitabına
ön söz
Düz otuz il bundan əvvəl AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində
"Folklor Elm Mərkəzi"ndə iki otaqda "İraq Türkman
Ocağı" yaratmışdım. Müxtəlif eksponatlar,
kitablar rəfləri bəzəyirdi. Kərkükdən
gətirdiyim kitabların
hamısı ərəb
əlifbasında idi. Hələ bu az imiş kimi,
kitabların bəzisi
ərəb dilində
çap olunmuşdu. Ərəb dilini bilən bir nəfər axtarırdım.
Bir gün Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin
ərəb dili bölümünü təzəcə
bitirmiş Səkinə
adlı bir qız iş axtardığını dedi.
Məmnuniyyətlə onu
işə götürdüm.
Səkinə İraq türkman
ləhcəsində və
ərəb dilində
olan kitabları həvəslə oxuyurdu. Onun elmə marağı açıqca
görünürdü. Ona İraqda, Türkiyədə
və Azərbaycanda yaxşı tanınan, Azərbaycan-İraq türkman
ədəbi əlaqələrində
xidmətlər göstərən
görkəmli şair,
tədqiqatçı və
tərcüməçi Əbdüllətif
Bəndəroğlunun yaradıcılığından
dissertasiya yazmağı
təklif etdim. "Əbdüllətif Bəndəroğlunun
ədəbi-elmi fəaliyyəti"
mövzusu üzərində
dayandıq. Dövlət
dili ərəb dili olan İraqda
yazıb-yaradan Bəndəroğlunun
öz doğma dili ilə bərabər,
ərəb dilində
də əsərləri
çoxdur. Dissertant ərəb dilini mükəmməl bildiyindən
Bəndəroğlunun yaradıcılığını
hərtərəfli araşdırdı,
onun əsərlərindən
bol-bol bəhrələnərək
ortaya sanballı, elmi cəhətdən kamil bir əsər
qoydu. S.Qaybalıyevanın
tədqiqatı yüksək
qiymətləndirildi. Müvəffəqiyyətlə
dissertasiya müdafiə
etdi (18.01.2012).
Aradan keçən bu müddət ərzində
tədqiqatçı seçdiyi
elm sahəsindən bir
an belə ayrılmadı,
İraq türkman ədəbiyyatı
və folklorundan sanballı məqalələr
yazdı, beynəlxalq
və respublika səviyyəli simpozium və konfranslarda elmi məruzələrlə
çıxış etdi.
Təcrübəli alim Əbdüllətif Bəndəroğluna həsr
etdiyi "Azərbaycan-İraq
Türkman ədəbi
əlaqələri və
Əbdüllətif Bəndəroğlu"
adlı monoqrafiya üzərində işləyərək
sanballı əsər
yazdı. İki fəsildən ibarət monoqrafiyanın "Çağdaş
İraq Türkman ədəbiyyatında
yeniləşmə prinsipi
və Əbdüllətif
Bəndəroğlu" adlanan
I fəslin bir-birindən
maraqlı, sanballı
elmi yeniliklərlə
zəngin olan bölmələrində İraq türkman ədəbiyyatının
müasir durumu, Bəndəroğlunun yaradıcılığının
ilk dövrü, yeni mövzu
və üslub axtarışları, Bəndəroğlu
poeziyasında Azərbaycan
mövzusu, Bəndəroğlu
poeziyasının sənətkarlıq
xüsusiyyətləri tədqiqata
cəlb olunub.
Monoqrafiyanın yüksək elmi
axtarışlar tələb
edən II fəsli mükəmməl işlənmişdir.
Bu fəsildə Ə.Bəndəroğlunun ədəbiyyatşünaslıq və folklorşünaslıq
fəaliyyəti, tərcüməçilik
və naşirlik yaradıcılığı, Ə.Bəndəroğlu
və Azərbaycan ədəbiyyatı, Ə.Bəndəroğlu
və Azərbaycan-İraq
türkman ədəbi
əlaqələri kimi
çox maraqlı mövzular tədqiqat süzgəcindən keçirilmişdir.
Səkinə Qaybalıyeva Əbdüllətif
Bəndəroğlunun elmi
fəaliyyətini yeni təfəkkür
işığında araşdırmışdır.
Tədqiqatçı haqlı
olaraq qeyd edir ki, Ə.Bəndəroğlunun
bədii yaradıcılığı
İraq, Türkiyə və
Azərbaycanda diqqət
mərkəzində olsa
da, haqqında kitablar,
məqalələr yazılsa
da, elmi yaradıcılığı
diqqətdən kənarda
qalmışdır. Əsl
elm fədaisi olan Ə.Bəndəroğlunun
elmi yaradıcılığını
ilk dəfə olaraq Səkinə Qaybalıyeva
tədqiq etmişdir.
Tədqiqatçı Bəndəroğlunun
elmi yaradıcılığını
bütün yönlərdən
monoqrafik tədqiqata cəlb etmişdir. Bu, mövzunun aktuallığını
təmin edən amildir.
Tədqiqatçının məqsədi Bəndəroğlunun bir şair, tədqiqatçı,
tərcüməçi və
ədəbi əlaqələr
fədaisi kimi İraq
türkman ədəbiyyatında
tutduğu mövqeyini
aydınlaşdırmaq olmuşdur.
Monoqrafiyada diqqət çəkən odur ki, Bəndəroğlunun yaradıcılığı
Azərbaycan ədəbiyyatı
kontekstində tədqiqat
süzgəcindən keçirilib.
O, Azərbaycanı çox sevirdi. 1968-ci ildən ömrünün sonuna qədər (2008), demək
olar ki, hər il ölkəmizə gələrdi.
Azərbaycan sevgisini şairin aşağıdakı
bayatısından da görmək
olur:
Yaşar
könlüm;
qəm içər, yaşar könlüm.
Bağdadda bir ah çəkər,
Bakıda
yaşar könlüm.
Ə.Bəndəroğlu Bakı
Dövlət Universitetinin
fəxri doktoru (1992),
İraq türkmanlarından Azərbaycan Yazıçılar
Birliyinin ilk fəxri üzvü olub.
Səkinə Qaybalıyeva haqlı
olaraq göstərir
ki, ədəbi-mədəni, elmi əlaqələrimizdə
misilsiz xidmətləri
olan Əbdüllətif
Bəndəroğlu Bağdadda
Azərbaycanla bağlı
"Ərəb ölkələrində
Azərbaycan şeiri"
(1971, ərəb dilinə
çevirən: Sinan Səid),
"Çağdaş Azərbaycan
poeziyasından seçmələr"
(1974), "Azərbaycan şairləri"
(1987), Bəxtiyar Vahabzadə.
"Seçilmiş əsərləri"
(1989), Nəbi Xəzri.
"Seçilmiş əsərləri"
(1989), "Azərbaycan hekayələri"
(1991), Kamil Vəli Nərimanoğlu.
"Xalqın sözü"
(1991), Qəzənfər Paşayev.
"İraq Türkman folkloru"
(1995), Elçin. "On ildən
sonra. Hekayələr"
(1996), Qəzənfər Paşayev.
"Altı il Dəclə-Fərat
sahillərində" (1996, ərəbcə. Ərəb
dilinə çevirən:
Ə.Bəndəroğlu),
Q.Paşayevlə hazırladığı
Rəsul Rza. "Ağlayan çox, gülən hanı?"
(Kərkük, 2007), Elçin.
"Mahmud və Məryəm"
(Kərkük, 2007) və
s. kitabları çap
etdirmişdir. Sonuncu iki kitab Ə.Bəndəroğlunun
maddi dəstəyi ilə işıq üzü görüb. Ə.Bəndəroğlu
"İraq Türkman folkloru"
(Bakı, 1992) kitabıma
"Şah əsər"
adlı maraqlı Ön söz yazmışdır.
Ə.Bəndəroğlu "Türkman
şairi Füzuli Bayatlı" və "İmadəddin Nəsimi Əl-Bağdadi" kimi dəyərli tədqiqat əsərlərinin müəllifidir.
Bütün bunlara görədir ki, Əbdüllətif Bəndəroğlu Azərbaycan
Sovet Ensiklopediyasına
(IV cild, s.126) daxil edilmişdir.
Ə.Bəndəroğlu haqqında, eləcə də möhtəşəm
"Azərbaycan yazıçıları
XX-XXI yüzillikdə" Ensiklopedik
məlumat kitabında
(Bakı, "Nurlar",
2011, səh.217) oçerk vermişik.
Şairin Azərbaycanda
xalq şairi Bəxtiyar Vahabzadənin Ön sözü ilə "Qərənfil"
(1977), mənim ərəb
əlifbasından kirilə
çevirərək, "Yazıçı"
nəşriyyatında çap
etdirdiyim "Göylər
unutmuşdu yağacağını"
(1991), "Yolun sonunadək"
(2001) şeir kitabları
mənimlə birgə
hazırladığı "Çağdaş İraq
şeirindən seçmələr"
(2001) və "Azərbaycan
folkloru antologiyası"
(İraq-Türkman cildi,
Bakı, 1999, 2009) kitabları
çap olunmuşdur.
Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyində
Qəzənfər Paşayevin
şəxsi arxivində
Ə.Bəndəroğlunun 28 kitabı vardır.
Ə.Bəndəroğlu
2007-ci ilin sonlarında
ölkəmizdə ürəyindən
cərrahiyyə əməliyyatı
keçirtməyə gəlmişdi.
Dövlət müşaviri
Hidayət Orucovun göstərişi ilə
"Xəzər" xəstəxanasında
əməliyyatı baş
həkim Rüstəmovun
rəhbərliyi ilə
həkimlər aparacaqdılar.
Yoxlanışdan sonra
məlum oldu ki, Bəndəroğlunun bircə böyrəyi vardır. Narkoz vermək olmazdı. Baş həkim Rüstəmov dedi ki, sizə cərrahiyyə
əməliyyatı qətiyyən
olmaz.
Bəndəroğlu çox yaşamayacağını
hiss edirdi.
O, 2008-ci ilin fevralında Ammanda cərrahiyyə əməliyyatı
zamanı keçindi.
Ruhun şad
olsun, Bəndəroğlu!
Səndən sonra Səkinə Qaybalıyeva
sənin ədəbi-elmi
fəaliyyətindən dissertasiya
müdafiə etdi.
Keçən il çapdan çıxan "Azərbaycan-İraq
türkman ədəbi
əlaqələri: ayrılığın
sonu" kitabımda sənə xüsusi bölmə həsr etmişəm.
Ən əlamətdar hadisə isə filologiya üzrə fəlsəfə doktoru, dosent Səkinə Qaybalıyevanın sənin yaradıcılığına həsr etdiyi monoqrafiyasıdır. Səkinə Qaybalıyevanı bu çox gərəkli elmi uğuruna görə ürəkdən təbrik edir, İraq türkman ədəbiyyatına sevgisinin daimi olmasını arzu edirəm.
Qəzənfər
PAŞAYEV
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.15.