Sadədən mürəkkəbə
açılan pəncərə
Əli Əmirlinin dramaturgiyası
haqqında ehtiramlı düşüncələr
Azərbaycanda
dramaturgiyaya şeirdən, nəsrdən gələn müəlliflər
böyük əksəriyyət təşkil edir və bu
siyahıya Əli Əmirli də daxildir. Məsələnin
bu tərəfi var ki, onun müxtəlif mövzulu hekayələrində,
"İldırımötürən" povestində (1983),
"Axirətdən qabaq gəzinti" (1989) romanında
açıq-aydın görünürdü ki, müəllifin
maraqlı və qəribə psixoloji dönüşlü,
enerjili dialoq qurmaq səriştəsi var, hadisələri
dramatik yığcamlıqla, hərəkət dinamikasında
verir. Görünür, elə istedadının bu
yönümü onu dram janrı ilə məşğul
olmağa sövq etdi. İlk pyesi - "Ərizə"
1990-cı ildə yazılsa da, Əli Əmirli, sözün əsl
mənasında, sırf Müstəqil Azərbaycanın daha məhsuldar,
daha əlvan mövzulara maraq göstərən, daha fərqli
janrlarda özünü cəsarətlə sınayan və
uğur qazanan, nəhayətdə, günümüzün ən
məhsuldar, əsərləri ən çox oynanan dramaturqu
kimi öncüllüyü uzun müddətdir cəsarətlə
qoruyub saxlayan qələm ustasıdır. Sözsüz, bir qəzet
məqaləsində Əli Əmirlinin, təbii ki, dramaturq
Əli Əmirlinin, yaradıcılığını küll
halında təhlilə çəkmək
mümkünsüzdür. Bununla belə, imkan daxilində onun
dramaturgiyasının özəl estetik göstəriciləri,
mövzu əlvanlığı, janr müxtəlifliyi, xarakter
yaratmaq bacarığı, konflikt qurmaq səriştəsi, sadə
mövzularda da mürəkkəbliyə bədii-psixoloji pəncərə
açan və bəzi digər sənətkarlıq
özünəməxsusluğu haqqında düşüncələrimi
bölüşmək istəyirəm.
Məlum
Qarabağ hadisələrinə
pyes həsr etmiş ilk bir neçə
müəllif sırasında Əli Əmirli də var. Onun
"Meydan" pyesi sırf bu mövzuya həsr edilsə də,
"Ağqoyunlular və Qaraqoyunlular" dramı da dolayı
şəkildə Qarabağ mübarizəsinin ilkin illərində
respublikamızda başlayan hakimiyyət çəkişmələrinə
məhz çağdaş hadisələr
burulğanlarını təcəssüm etdirən
güzgü tutmuşdu. Eləcə də müstəqilliyimizin
bərpasının ilk illərində çox aktual səslənən
yaranmış mürəkkəb psixoloji münasibətlər
tarazlığının pozulması, mənəvi-əxlaqi dəyərlərin
ağrılı tərəflərinin qabarıq görünməsi
Əli Əmirlinin bir sıra pyeslərinin üst, bəzi
dramların alt, müəyyən komediyalarının satirik kəsər
qatlarında hadisələr və obrazlar həm reallıqla, həm
burulğanlı dramatizmlə, həm sarsıdıcı
gülüşlə, həm də səmimi yumorla təsvir
olunub.
Əli Əmirlidə çox incə, milli karnaval estetikasına, qaravəllinin,
xalq oyun-tamaşalarının gülüş ruhuna uyğun
komediya bacarığı, duyumu, səriştəsi və
bunları məharətlə pyesə çevirə bilən
peşəkarlığı var. Bu sırada onun "Varlı
qadın", "İyirmi ildən sonra", "İki
aktrisa üçün baş rol", "Premyera",
"Bala bəla sözündəndir", "Səhnədə
məhəbbət", "Şou kraliçası",
"Onun iki qabırğası", "Yeddi məhbusə",
"Sevən qadın", "Kastinq və ya premyera",
"Sehrli alma", "Gözəllik imperiyası",
"Köhnə dəbli yeni komediya" pyesləri xüsusi
yer tutur. Maraqlıdır ki, müəllif öz
komediyalarını həssaslıqla və fərqli
gülüş çalarlarında dramatik, melodramatik, lirik, qəmli,
epatej, teatral, məişət, nağıl-kollaj janrlarına
bölür. Müəyyən mənada "M.S.S. - Sevirəm"
məktəb dramını da bura əlavə etmək olar. Elə
buradaca onu da qeyd edim ki, Əli Əmirlinin dram əsərləri,
əsasən komediyaları bir sıra xarici ölkələrdə
də tamaşaya qoyulub və bu, ayrıca mövzudur.
Düşünürəm ki, teatrşünas həmkarlarımın
bu mövzunu yaxşıca araşdırmaları
üçün kifayət qədər material var.
Öz yaradıcılığında Əli Əmirli bir növ
gözlənilməz, müəyyən formada rəmzi-psixoloji
məna daşıyan ad-personajlardan da istifadə edir. Məsələn,
"İyirmi ildən sonra" dramatik komediyasında obrazlara
İşıq, Otello, Ofeliya, Hamlet, "Gözəllik
kraliçası" qəmli komediyasında Çayka, Elpida,
Hefest, Nyuton, Antey adlarını verib. Bu adların hər
birinin həm zahiri, həm də daxili mənaları var və
dramaturq onların xarakterik səciyyələrini hadisə və
vəziyyətə uyğun gülüş elementləri ilə
səciyyələndirir, koloritli tiplər kimi təqdim edir.
İlk baxışda bu, oxucuya qəribə gələ bilər,
lakin əsəri oxuyub müəllif qayəsinin dərinliklərinə
varanda dramaturqun cəhdinin reallığı ilə
barışmalı, hətta onu haqlı saymalı oluruq.
Ötən əsrin 60-cı illərinin
ortalarından başlayaraq Azərbaycan dramlarında az
iştirakçıya meyil güclənib və bununla
bağlı rejissor yaradıcılığında və səhnəqrafiyanın
təzə formalara can atmasında da uğurlu nailiyyətlər
qazanılıb. Yuxarıdakı təhlillərdən
görünür ki, Əli Əmirli də az
iştirakçı olan pyeslərdə yüksək peşəkarlıq
göstərir və o, forma axtarışlarında sanki
çətinliklə üzləşmir, cəsarətlə
maraqlı forma-məzmun harmoniyası yaratmağı
bacarır. Onun iştirakçısı çox olan pyesləri
də var. "Ünvansız qatar"da 29 obraz və 10-dan
çox sözsüz personaj, "M.S.S. - Mən səni sevirəm"
pyesində 14 surət, "Gözəllik imperiyası"
nikbin dramında 12 obraz, "Mesenat"da 22 tip-xarakter və
xeyli seminariya qızları, "Kastinq və ya premyera"da
20 obraz, yardımçı döşəməsilən,
bariton səsli oxuyan, musiqiçilər personajları, Lev
Tolstoyun əsəri əsasında yazdığı
"Hacı Murad"da 24 iştirakçı var. Çox maraqlıdır
ki, personaj çoxluğu
Əli Əmirlinin əsərlərinin ritm ahəngini, enerji fəallığını, hadisələr
toqquşmasının çarpaz
dinamikasını, baş
qəhrəmanların fəaliyyətini
həyəcanla izləməyə
qətiyyən mane olmur. Yeri gəlmişkən,
qeyd edim ki, onun dramaturgiyasının bəzi məqamlarında mübahisə edilməli mətləblər də
var və bu mövzuda dramaturqla diskussiyaya girmək olar. İndiki halda iki səbəbə
görə buna ehtiyac
duymuram. Birincisi bu, məqalənin həcminə uyğun deyil və onu
yazan müəllifin, yəni mənim məram-məqsədimdən kənar
görünür. İkincisi,
mənə mübahisəli
görünən detallar
primitivlikdən uzaqdır,
hamısında peşəkarlıq
üst qatdadır və onların alt qatında mənə görünən bəzi çatışmazlığı dəqiq və obyektiv qiymətləndirmək
üçün Əli
Əmirlinin özü
ilə dialoq qurub fikir mübadiləsi
aparmaq daha doğru, daha effektiv və daha məqsədəuyğun
olar. Hələlik isə, mən onunla belə bir müsahibə-dialoq aparmaq fikrində deyiləm.
Əli Əmirli Azərbaycan teatr mühitinə, bəzi sənət ocaqlarının pərdəarxası
problemlərinə, mürəkkəb,
ziddiyyətli, hətta
bəzən konfliktli hadisələrin dərinliyinə,
mahiyyətinin özəyinə,
cövhərinə kifayət
qədər bələdliyi
olan dramaturqdur. O, bu bələdliyi "qadın dramı" janrında yazılmış
"Pərdəsiz" əsərində
sərt süjet axarında, sərt və fikir baxımından
dolğun dialoqlarda, dairəvi kompozisiya cazibəsində, ziddiyyətli
xarakterlərin kəskin
fikir toqquşmasında,
ictimai, sosial, məişət, mənəviyyat
qatlarında verib.
"İki aktrisa üçün baş rol" pyesində "teatral komediya" janrında yüksək dramaturji peşəkarlıqla,
ironiyalı, sarkazmlı,
məsxərəli və
məzhəkəli çalarlarla,
hətta "gizli"
qaravəlli gülüşü
ruhunda qələmə
alıb. "Hasarın
o üzü" psixoloji
dramdır və konfliktin kəskinliyi, yanğılı, ibrətamiz
mahiyyəti güclüdür,
hadisələr yayqın
olmayan, iti və dramatik xətlə inkişaf etsə də, didaktik dəyəri yüksəkdir, dramaturqun fəlsəfi-psixoloji mövzuda
da səriştəli olduğunu
göstərir. Hər
üç pyesdə
4 personaj var: "Pərdəsiz"də
Qadın, Qız, Birinci sevgili, İkinci sevgili; "İki aktrisa üçün rol"da
Adel, Rufa, Rejissor, Dramaturq; "Hasarın o üzündə" dramında
Humay, Qərib, Zərif və Çiçək (burada obrazların adları rəmzi məna daşıyır). Fikrimcə,
bu dördlük tamaşaçılar üçün,
eləcə də bu pyesləri hazırlayacaq rejissor və ya rejissorlar
üçün dramaturqun
kod-açar funksiyasını
daşıyır. Pyeslərin
hüsnünün bir
maraqlı cazibəsi də bu "açar"ın bir üzünün qapalı,
müəmmalı, çoxmənalı,
digər üzünün
açıq, sərt,
ağrılı-acılı, xarakterlərə məhək
daşı kimi təsir göstərmək
gücündə olmasıdır.
Fikrimi müəyyən
şərti bölümlərlə
açıqlayım.
Bu "açar" dörd burumda psixoloji münasibətləri açmaq
gücündədir və
hadisələrin yaratdığı
ekssentrik dairənin dördündə də işləkdir.
Obrazların bədii mayasında
ictimai, sosial, məişət və mənəvi-əxlaqi motiv
birləşmiş külçə
şəklindədir. Hərəsinin
öz çəkisi,
öz enerjisi və öz rəngi var (ağ, qara, narıncı və bulanıq rənglər).
Hadisələr dörd ritm ahənginə köklənib
və dramaturq finala qədər bu ritmlərin həm ahəngdarlığını,
harmoniyasını, həm
bir-birini inkar etməsini sənətkar həssaslığı ilə
qoruya bilir. Xarakterlərin dördünün
də psixoloji-dramatik ovqatda təcəssüm edilən dörd ritmi var: düzxətli ritm, spiralvari ritm, ziqzaqlı ritm, mənəvi tarazlığı pozan ritm. Finalda ritmlər
açıq müstəvidə
birləşir (təbii
ki, bu birləşmədə
ritm ardıcıllığında
yerdəyişmə mümkündür)
və dramaturji ideyanın çoxqatlı
olmasının təhlili
oxucu-tamaşaçıların ixtiyarına verilir.
Konfliktdə dörd mərkəzdən
qaçan və dörd mərkəzə yönələn psixoloji xətt var. Açıq səmimiyyət və qeyri-təbii səmimiyyət;
ehtiras sevgisi və ülvi sevgiyə manipulyasiya (obrazların düşüncələrinə,
hisslərinə və
ya davranışlarına
gizli, dolayısı və ya açıq
şəkildə dramaturq
münasibəti).
Kompozisiya
qurumunda dramaturq psixoloji gərginlik enerjisini dörd ekssentrik dairədə təsvir edib. Hər dairənin öz enerji ritmi var. Xatırladım
ki, "Pərdəsiz" sözü də Əli Əmirlinin dramaturq kodudur və çoxmənalıdır.
Əsas məna isə səhnəarxası
münasibətləri tamaşaçılara
əsasən "pərdəsiz"
dramatik situasiyalarda təsvir etməyə cəhddir. Təbii ki, teatr adamları bu pərdəsizliyin hansı həddə qədər açılmasında
dramaturqun ehtiyat tərəzisinin, ehtiram duyğusunun tarazlığı
ilə barışmalı
olur. "Pərdəsiz"də
birinci açıq dairənin əsas təmsilçiləri Qadın
və Qızdır. Dramaturqun heyranlıq doğuran sənətkarlığı
orasındadır ki, bu
dairədəki dialoqlarda
ruhən həm Birinci, həm də İkinci sevgilinin mürəkkəb
duyğularının zərf-psixoloji
"iştirakı", "ünsiyyəti", danışıqlara
"təsiri" hiss olunur.
İkinci dairəni Qadın və sevgililər, üçüncü
dairəni Qız və sevgililər, dördüncü dairəni
isə personajların
həqiqi və maskalı simalarının
psixoloji çarpışmasında
dramaturqun "sənət
və ülvi məhəbbət, yoxsa sənət və pərdələnmiş süni
ünsiyyət" fəlsəfi-psixoloji
sualına cavab axtarılır.
"Pərdəsiz" dramındakı
dördlük bölümü
bədii-estetik, bədii-texniki
baxımdan, forma-kompozisiya
olduğu kimi, "İki aktrisa üçün rol" komediyasında da saxlanılıb.
Əli Əmirli artıq nə açıq, nə də gizli pərdədən
istifadə edir. O, teatr sənətinə ehtiram və məhəbbətlə, aktyorlara
rəğbət və
dostyana sevgiylə real
mənzərəyə çox
böyüdücü zərrəbinlə
baxmağa çalışır.
Onun dramaturq qayəsi teatrlarda müəyyən yoluxucu xəstəliklərə çevrilmiş
mərəzləri (məsələn,
şöhrətli aktyor
və aktrisaların, hətta 60-65 yaşında
da 20-25 yaşlı sevgilini
oynamaq istəyi, ancaq baş rolda çıxış
etmək iddiası, qısqanclıq, həsəd
aparmaq, dedi-qodu vərdişi və s.) komediyanın müxtəlif
neştərləri ilə
səhnədən tamaşaçılara
təqdim etməkdir. Niyyət gözəl, təsiredici, həqiqət
olduğu üçün
həm də düşündürücüdür və mənim qənaətimə görə
güclü şəkildə
güzgü effektinə
malikdir. "İki aktrisa üçün rol" hansı teatrda oynanılsa, komediyadakı mətləblərdən
onlara da aid olanı -
"xəstəlik" mərəzləri
mütləq var - az, ya çox.
Forma kompozisiyası baxımından
komediyada ekssentrik dairələrin dördündə
də personajların fəaliyyəti dinamikdir, hərəkətvericidir. Burada,
yuxarıda göstərdiyim
"dördlük" bölümlərinin
hamısı fəaldır,
işləkdir, bədii
cəhətdən məntiqlidir.
Fərq ondadır ki,
"İki aktrisa üçün rol"da
Əli Əmirli komediyanın əksər formalarından məharətlə,
yerli-yerində, hər
obrazın fərdi xarakterinə uyğun tərzdə istifadə edib. Gülüş, bütün hadisələr
boyu nə vaxtsa havanın nəfəsini təmizləyəcək
yağışla dolu
bulud kimi dörd obrazın başının üzərində
hərlənir. Əminəm
ki, əsər tamaşaya
qoyulanda tamaşaçı
ümidlə o yağışın
yağmasını gözləyəcək.
Bu yağışı, eləcə
də tamaşa oynanılacaq sənət ocaqlarının yaradıcı
heyəti intizarla gözləyəcək.
"Hasarın o üzü"
pyesində də kompozisiya qurumu, ekssentrik dairə dördlüyü də tamamilə fərqli rəngdə, fərqli ovqatda, fərqli ritmdə, fərqli mövzu-konfliktdə və
fərqli məkan-zaman
axarında təsvir olunub. Sonluqda zərif dairədə görünsə də, atalıq qayğısından
məhrum olmuş, psixoloji qatda məhz buna görə də çılğın,
bir qədər ötkəm, rahatsızlıq
və əsəbilik keçirən Çiçək
ekssentrik dairələrin
hamısında obraz kimi dinamikdir, fəaldır; hətta Humay və Qərib
üçün narazılıq
doğuran davranışları
ilə də fərqlənir. Bütün
hallarda Çiçək
çağdaş dramaturgiyamızda
orijinal xarakterli, fərdi davranış tərzi, həyatın acısını dadmış,
narahat zavallı kimi bənzərsizdir. Təbii ki, bütün bunlar Əli Əmirlinin dramaturq uğurudur.
Azərbaycan dramaturgiyasında ictimai
və dövlət xadiminin, sərkərdələrin,
şairin, folklor qəhrəmanının həyatına
həsr olunmuş dram
əsərləri var. Məsələn,
Mehdi Hüseynin "Cavanşir",
"Nizami", Osman Sarıvəllinin
"Babək", Nəbi
Xəzrinin "Mənsiz
dünya", Nəriman
Həsənzadənin "Bütün
Şərq bilsin",
İlyas Əfəndiyevin "Hökmdar və qızı", "Natəvan",
"Şeyx Xiyabani",
Kamal Abdullanın "Cəsus",
İlqar Fəhminin
"Şah Abbasnamə"
və sairə. Əli Əmirlinin də tarixi mövzuda əsərləri
var və bir qədər aşağıda
onların xülasəsini
qısaca verməyə
cəhd göstərəcəm.
Ancaq bəri başdan bunu qeyd etmək istəyirəm ki, psixoloji
pyes-elegiya prinsipində
ilk pyesləri Əli Əmirli yazıb: Üzeyir bəy Hacıbəylinin kiçik
qardaşı, Azərbaycan
Xalq Cümhuriyyətinin
təmsilçilərindən olan, məcburən mühacir həyatı yaşayan Ceyhun Hacıbəyliyə (1891-1962) həsr
edilmiş "Nuri-didə
Ceyhun" və 30 yaşında repressiya qurbanı kimi güllələnən şair
Mikayıl Müşfiqin
(1908-1938) faciəli taleyinin
ağrı-acısını epik mərsiyə ahəngində təsvir edən "Ah, bu uzun sevda yolu"
pyeslərini. Fars-ərəb
söz birləşməsi
olan "Nuri-didə"
- Azərbaycan türkcəsində
"gözümün işığı"
mənasını verir
və bu adın dərin ehtiram mənası pyesin ideyasının dərkinə, Ceyhun bəyin taleyinə möhtəşəm panoramlı
bir pəncərə açır. Müşfiq
və Dilbər xanımın nakam məhəbbətinin bədii
təsviri ağrılı
yuğ nəğməsi
təsiri bağışlayır.
"Elegiya" - yunan
sözüdür, kədərli,
hüznlü, lirik şeir (bəlkə də müsəlman şərqi anlamında qəsidə, mərsiyə)
deməkdir. Əli Əmirli pyeslərin ikisində də ağı ünsürlərini
həzin, göynərtili,
sarsıdıcı, matəmli,
dramatik-poetik vüsətlə
verib. Bunlar adi zahiri psixoloji
ovqat kimi deyil, real, təbii, inandırıcı və
həyəcanlı, Ceyhun
bəyə və Müşfiqə dərin
məhəbbətlə bədii
təsvirini tapıb. Bütün mürəkkəb,
təzadlı, göynərtili
hadisələr toqquşmasında
Əli Əmirlinin dramaturq mövqeyi seçdiyi janrın estetikası ilə həmahəngdir, cəlbedicidir,
sənətkarlıq xüsusiyyətləri
yüksəkdir, dialoqlar
peşəkar emosionallıqla
işlənib.
Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsi Qacarlar sülaləsinin qüdrətli, eyni zamanda mürəkkəb hadisələr burulğanında
şahlıq etmiş
hökmdardan bəhs edir. Qacarı, acınacaqlı olsa da, məsxərəyə qoyub
aşağılayan pyes
də yazılıb. Əli Əmirlinin "Şah Qacar" dramı tarixi janrlı əsərlər
içərisində seçilir:
mövzuya yanaşma tərzinə, konkret süjet axarına, dəqiq dramatik hadisənin ana xəttinin sabitliyinə, Qacarın,
ilk növbədə, mürəkkəb
insan və sərkərdəlik xüsusiyyətlərinə,
ana-oğul münasibətlərinin
siyasi gücünə
və emosional dəyişmələrinə görə.
Tarixi mövzuda Əli Əmirlinin "Mesenat",
"Tiran və aktyor"
pyesləri də var.
O, Hacı Zeynalabdin Tağıyev obrazını
əsərin qəhrəmanı
kimi dramaturgiyaya gətirən və hələ də tək olan müəllifdir.
Bu əsərdə söhbət
təkcə Tağıyevdən
getmir, sovet dövründə əsasən
boz-qara rəngdə xatırlanan Murtuza Muxtarovun, Musa Nağıyevin,
günü bu gün də ikili münasibətlə dəyərləndirilən Nəriman
Nərimanovun, eləcə
də məşhur
din xadimi Axund Mirzə Talıbın obrazları əsərdə
yer alıb. Müxtəlif ədiblərimizin
əsərlərində uzun
illər Azərbaycana
rəhbərlik etmiş
(1933-1953) Mircəfər Bağırov
obrazı "Tiran və
aktyor" dramında tamamilə yeni rakursdan, fərqli hökmdar və hakimiyyət, hökmdar və xalq prinsip-yanaşmasında
təsvir olunub.
Məqalə adlandıra biləcəyim
yazımı Əli Əmirlinin müəyyən
dramaturji özəllikləri
barədə fikirlərimlə
yekunlaşdırmaq istəyirəm.
Onun bədii ifadə dili əsl dram dilidir, yüyrəkdir, cazibəlidir,
şirəlidir, tutumludur,
çoxqatlıdır, müəllifin
istəyinə uyğun
olaraq çox müxtəlif hadisə-vəziyyətlərdə
istənilən rəng-ahəngdə
işlənir. Dialoqları
canlıdır, məqsədyönlüdür,
lazımi gərginliyi
ehtiva etməyə qadirdir, dramatik və çevik enerji gücünə malikdir. Qurulan kompozisiyalar çoxdayaqlıdır,
məna tutumu şaxəlidir, möhkəmdir
və lazım gələndə elastik kövrəkliyini də göstərir. Müraciət
etdiyi mövzular əlvandır, hətta təxminən, oxşar mövzuların da ayrılıqda
hər birinin özəl bədii-estetik
səciyyələri olur.
Dramaturqun obrazlarının
böyük əksəriyyəti
müasirlərimizdir, ancaq
biz bu tanışlığın,
bu oxşarlığın
təsvirində fərqli-fərqli
çalarları heyranlıqla
qəbul edə bilirik.
Və nəhayət və ən əsası, bütün pyeslərində
Əli Əmirli istedadının, onun dramaturq peşəkarlığının,
sənətkar səmimiyyətinin,
inamlı müəllif
qətiyyətinin, narahat,
ancaq uğurlu yaradıcılıq nailiyyətlərinin
şahidi oluruq.
İlham
Rəhimli
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.12-13.