Sözüm
Sözü qüsullaram, çirkə
çıxmasın,
İçindən iddia, hikkə çıxmasın,
Elə ona görə, yekə çıxmasın,
Sözlərin içində sədəfdi
sözüm.
Çoxları arada toz eyləyirlər,
Tikansız sözümü söz
eyləyirlər.
Elə bilirlər ki, düz eyləyirlər,
Köntöy həmlələrə hədəfdi sözüm.
Yazdığım hər sözün
öz cilası var,
Bəlkə beş mənası,
beş cinası var.
Anlayan kəslərə etinası
var,
Duyan könüllərə tərəfdi
sözüm.
Canı
bir qadına qurban demişəm,
Ömrü söz adına
qurban demişəm,
Sözün azadına qurban
demişəm,
Gözəllik adına məsrəfdi
sözüm.
Daş
da çiçək açıb
söyləyir şeir,
İnsanı ürəkli eyləyir
şeir.
Çıxsa da əlimdən ildə
bir şeir,
Dünyanın şəninə şərəfdi
sözüm.
Ölməyə dəyər
Ürəkdən su içib gəlsə cana söz,
Dolar bircə anda ətə-qana söz.
Yetər
ki sən onun mənasını sez,
Söz ətir qoxuyar gülənbər kimi.
Mən də butasını almışam sözün,
Gündə qadasını almışam
sözün.
Hisini, pasını almışam
sözün,
Lampa şüşəsini silənlər
kimi.
Yazdığım bir kəlmə
çiy olsa əgər,
Misralar başına, gözünə
döyər.
Sözün də uğrunda
ölməyə dəyər
Vətən savaşında ölənlər
kimi.
Laçına gedən qız
Bir qız arzuların qanadlarında
Bakını tərk edib, Laçına gedib.
Şəhərli qızların diliylə
desək,
Dünyanın o biri ucuna gedib.
Bir Laçını seçib
quş adlarından,
Quş kimi səkib də, o, şadlanıb
da.
İslanıb sevincin gürşadlarında,
Az qala uçuna-uçuna gedib.
Günə gülümsəyir, Aydan yaşmanır,
Baxtı
yamanlamır, vaxtı
daşlamır.
Gül-çiçək içində
gəzib xoşlanır,
Çələng hörüb qoyub
saçına, gedib.
Yaşayır ilboyu baharı orda,
Həyatın dadını çıxarır
orda,
Dünyada yermi var yuxarı
ordan?
Qovuşub taxtına-tacına, gedib.
Uşaqlığım
Sanki uşaqlığım qızıl
balıqdı,
Əlimdən sürüşüb sulara düşdü.
Sahildə vurnuxa-vurnuxa qaldım,
Könlüm min sorğuya, suala
düşdü.
Dolaşdım xatirə küçələrində,
Geri dönən deyil, getdi, dedilər.
Ana südü kimi kəsildi o da,
"Cırtdan" nağılıtək
bitdi, dedilər.
Onda ad günlərim şad günlərimdi,
Sevincim,
fərəhim aşıb-daşırdı.
Demə,
hay-haraylı bayramlarımla
Məndən uşaqlığım uzaqlaşırdı.
Gündə "dava-dava" oynamaq
mənə
Ən yaxşı məşq idi, ən sevimli
iş.
Bilməzdim, illərcə bitmək
bilməyən
Davalı
günlərim qabaqda imiş.
İndi ad günümdə qəhərlənirəm,
Təbrik
edənlərə tutur
acığım.
Qayğısız çağlarım hava
şarıtək
Çıxıb, birdəfəlik əlimdən
çıxıb.
Onda həyatımın min rəngi
vardı,
Həsrət sarısını geyirəm
indi.
Baxıb
o illərin şəkillərinə
Eynəkli gözümü döyürəm
indi.
Hərdən uşaqlığım tutsa da yenə,
Dəli
dəcəlliyim çəkir
bircə an...
Məni
qınayanlar nə bilsin axı,
Doya bilməmişəm uşaqlığımdan?!
Vardı
sayagəlməz oyuncaqlarım,
Canlı
oyuncağam indi mən özüm.
Hardasa ağlayan uşaq görəndə
Ağrıyır ürəyim, yaşarır
gözüm.
O qatar geriyə qayıdan deyil,
Nəvələr könlümü alır
yaxşı ki!
Uşaqlıq xoşbəxtlik adası
kimi
Yaddaş
xəritəmdə qalır
yaxşı ki!
Məzarlıq
Baxır
başdaşları göz
döyə-döyə,
Ay aman, nə böyük
daş meşəsidi.
Yasin sədaları ucalır göyə,
Torpağa təzə bir baş düşəsidi.
Adamlar yubanır burda bir qədər,
Sonra da gedirlər ömür sürməyə.
Günaha
batmağa çıxıb
gedirlər,
Gedirlər, vurhavur vaxt öldürməyə.
Kim ki vaxtlı-vaxtsız bura köç edib,
Taleyi tükənib, baxtı dayanıb.
Burda soruşmurlar saat neçədi?
Çünki mərhumların vaxtı
dayanıb.
Şəkillər duruxub mərmərlər
üstə,
Çoxunun çox işi
yarımçıq qalıb.
Külək arfa kimi çalır ahəstə
-
Darvaza yenə də, bax, açıq qalıb.
Hər məzar - bir kövrək, həzin xatirə,
Heykəllər yapılıb bürüncdən,
tuncdan.
Deyirlər ki, yağış qamış
bitirər,
Burda başdaşları bitir bir ucdan.
Sinə
daşlarında qərənfil
rəsmi -
Saplağı qırıqdı, ləçəyi
məhzun.
Qəbristana yağan yağışlar
kəsmir,
Yağır, bəlkə yerin
gözləri doysun.
Gordaşlar baş-başa verib
uyumuş,
Burda qəm süslənər,
qüssə bəslənər.
Allah, nə ola, bir diliqurumuş
Durun, dağılışın, deyib
səslənə.
Əli NƏCƏFXANLI
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, ¹8.- S.13.