Kiçik hekayələr
Saçla danışmaq
Qadınları deyə bilmərəm,
kişilərin çoxu
saçını, üzünü
qırxan bərbərə
aşırı dərəcədə
öyrəşir. Hətta
bir neçə günlüyə harasa gedəndə başı,
üzü tüklənərsə,
mütləq özünü
həmin ustaya çatdırmalıdır. Bu vərdiş
əksər kişilərdə
var, elə içi mən qarışıq.
Mənim
də Lənkəranda
öyrəşdiyim belə
bir usta var. Artıq iyirmi beş ilə yaxındır ki, saçımı
ona qırxdırıram.
Bilmirəm, mənimlə razılaşarsız,
ya yox, bu
bərbərlər çox
söhbətcil, ayıq,
zirək, çox bilən, necə deyərlər, tükü
tükdən seçən
olurlar. Yəqin ki, bunun əsas səbəbi onların gündə onlarla şəxslə həmsöhbət
olmalarıdır. Hər
kəsdən bir kəlmə eşitsələr,
gör hara vurar?!
Bərbərlərə xas bütün əlamətlər
mənim ustamda da var. Üstəlik, bu, öz işinin peşəkarı olmaqla yanaşı, çox intellektual, hər bir müstərini öz dili ilə
danışdırıb istədiyini
edən, ən əsası isə hazırcavab, deyib-gülən,
zarafatcıldır.
Bu gün dediyi vaxtda ustamın yanına getdim. Onu da deyim ki, ustamın qəbuluna ancaq növbəyə yazılandan sonra düşmək olur. Növbə mənə çatanda keçib kresloda oturdum. Son illərdə alnımın
sağ və sol hissəsində tüklərin
azaldığını görüb,
bunu yaşla bağlayıb təskinlik
tapırdım. Elə
ustam da bunu belə demişdi. Son aylarda isə alnıma tərəf olan tükün uzanmadığını, seyrəldiyini
hiss edir və görürdüm. Düzü,
bundan narahat olmağa başlamışdım.
Necə olur ki, başımda ümumən
saç artır, amma alnıma tökülən tük uzanmır? Xoş-beş,
on beşdən sonra ustaya məni narahat edən sualı verdim. Özlüyümdə fikirləşdim
ki, yəqin saçın
uzanması üçün
bir məsləhət
verər, ya da bunu da yaşa bağlayıb söhbəti
bağlayacaq.
Ustanın cavabı mənim
üçün əsil
sürpriz oldu:
- Qafar müəllim, naşükür adamsan.
Düzü, bu cavabdan əvvəl tutuldum, sonra özümü toparlayıb soruşdum:
- Usta, bu nə
sözdür mənə
deyirsən?
Usta sakit halda dilləndi:
- İstəyirəm bir sualıma cavab verəsən.
- Buyur, - dedim.
- Sən heç öz saçınla danışıb, dərdləşmisən?
Bu sual məndə çaşqınlıq yaratdı,
həm də gülməyim gəldi:
- Saçla nə dərdləşmək? Başa
düşmədim.
Usta təmkinini pozmadan izah verməyə başladı:
- Bəli, insan öz bədəninin bütün üzvləri
ilə vaxtlı-vaxtında
danışmalıdır. Onun
əhvalını soruşmalı,
dərdi ilə maraqlanmalıdır. Özü
də bu söhbət ancaq Allahın bəxş etdiyi bədən üzvləri ilə mümkündür, sonradan
yapışdırılmış, qaynaq edilmişlərlə
yox. Əgər bunu etsəydin, onda bədən üzvlərinin halı sənə əyan olardı. Yəni, əgər saçınla
dərdləşsəydin, sənə deyərdi ki, az qala, 67 ildir
səninlə yoldaşam,
bir saniyə belə səni tək qoymamışam. Həmişə sənə
gözəllik vermişəm.
Əslində bu mənim vəzifəm deyil və yəqin
ki, nə qədər
cavan adamın keçəl olduğunu
da görmüsən. Amma bütün
bu xidmətimə görə bir dəfə "sağ ol" eşitməmiş,
minnətdarlığını görməmişəm. Bir də
ki, axı biz də yaşlanırıq, qocalırıq,
taqətimiz, gücümüz
azalır. Bu səbəbdən
də dostlarımı
bir-bir itirirəm.
Bu cavab məni elə tutdu ki, ustanın üzünə
baxmağa utandım.
Usta: - Bax, belə, Qafar müəllim, - deyib işinə başladı.
Saçımın yaşla bağlı
tökülməsini ustam
bu dəfə mənə belə izah etdi və
bu izahdan ruhum belə incimədi.
Kredit bazarı
Son illərdə insanlarımız
bir azara mübtəla olublar: qadınlı-kişili ehtiyac
oldu-olmadı, kreditə
cumurlar. İndi krediti
olmayanı barmaqla göstərmək olar. Əslində insanları
buna görə qınamaq
da insafdan deyil. İşsizlik, aşağı
maaş və pensiya, uşaq pulunun olmaması və digər səbəblərdən ailələrdə
problemlər aşıb-daşır.
Belə vəziyyətdə
kredit insanlara gözəllik ilahəsi Afrodita kimi görünür
(Bilməyənlər üçün
deyim ki, "Afrodita"
sözü yunanca -
"köpükdən yaranmış"
mənasını verir
ki, bu da elə "kredit" sözü ilə hardasa eyni anlama gəlir).
Əslində humanitar
məqsədə xidmət
etməli olan banklar fürsətdən yararlanıb insanların başını küt bıçaqla kəsirlər.
Əsas bankın qapısından içəri
keçməkdir. Bir anın
içində sehrli bir məkana düşmüş kimi özünü hiss edirsən.
Reklam lövhələri
insanın bütün
varlığına sahib çıxır.
Adlar o qədər cəlbedicidir ki, seçim
belə, etməyə
çətinlik çəkirsən.
Bank işçisi də
çox sakit və mədəni formada təklifləri ard-arda qulağına oxuyur:
- Asan kredit, tək şəxsiyyət vəsiqəsi
ilə kredit, zaminsiz kredit, faizsiz kredit, komissiyonsuz kredit, girovsuz kredit...
Və bir də ayılırsan
ki, lupa ilə belə, oxunması müşkül olan müqaviləyə artıq
qol atmısan. Pulların ətri isə səni uzaqdan vurur. Elə ki, cibində pul bankdan çıxdın,
sanki göyün yeddinci qatındasan. Bir-iki ay firavan yaşayırsan ki, sənə
qalan da elə o olur. Sonrası nağıl kimi olaylar başlayır...
Oğlunun kredit götürməyindən
beş aydan sonra xəbər tutan Qafur kişi
ilə bank işçisi
arasında belə bir dialoq oldu:
- Alo, salam.
- Salam.
- Sizi bankdan narahat
edirəm.
- Buyurun, eşidirəm.
- Siz Rəşadın atasısınız?
- Bəli. Nə olub ki?
- Oğlunuz bankımızdan
kredit götürüb,
iki aydan çoxdur ki, ödəmə
etmir. Telefon zəngimizə də cavab vermir.
- Başa düşdüm. Oğlumun 30 yaşı
var. Müstəqil adamdır.
Bunu mənə niyə deyirsiz ki?
- Ona görə ki, o sizin mobil nömrənizi verib və sizi
zamin saxlayıb.
- Necə məni zamin saxlaya bilər
ki, mənim bundan xəbərim yoxdur?
- Ağsaqqal, fərq eləmir. Siz Rəşadın atası
deyilsiniz?
- Ay bala, atasıyam, amma axı mən
ona zamin durmamışam.
- Siz onun valideynisiz.
Oğul sizindir. (Ciddi səslə). Onu tapın, deyin ki, banka borcunu ödəsin. Əks halda, ikiniz də məsuliyyət daşıyacaqsız.
- Mən sizə heç bir köməklik göstərə
bilmərəm. Özünüz
tapın və borcu tələb edin.
- Ağsaqqal, bu nə danışıqdır?
Oğlunuza siz cavabdehsiz.
- Ay bala, mən 30 yaşlı kişiyə necə cavabdeh ola bilərəm?
- Cavabdeh olmalısınız.
Uşağa vaxtında
tərbiyə vermək
lazım idi. Başlı-başına buraxırsınız,
sonra öhdəsindən
gələ bilmirsiz.
- Mənim oğlumdan şikayətim yoxdur.
- Görünür, oğlunun
bu hərəkəti sizin də ürəyinizcədir.
Oğlunuz sizi eşitsəydi, sizdən qorxusu olsaydı belə etməzdi.
- O boyda kişiyə mən neyləyə bilərəm ki?!
- (Ciddi, bir az
da əsəbi səslə).
Mənim belə oğlum olsaydı, başını kəsərdim.
Ona elə bir dərs verərdim ki, ömrü boyu qarşımda farağat dayanardı. Oğlan gərək atasından qorxsun.
- Övladdı deyə heç nə etmək olmur, ay bala. Bir də ki, indiki gənclər fərqli yaşamaq istəyirlər. Valideyni eşitmirlər. Heç kimdən də qorxmurlar.
- Eşitməlidirlər və
qorxmalıdırlar, ağsaqqal.
Görünür, siz
yerində deyilsiniz.
- Yəqin atan yaşında olaram. De görüm, neçə
uşağın var?
- İki qızım var.
- Allah saxlasın. Onda de görüm, atan harda işləyib?
- Hərbiçi olub.
- Sən özün necə uşaq olmusan?
- (Bir anlıq sükut. Gülə-gülə). Çox
dəcəl. Hər gün dava-dalaş, hər gün narazılıq, söz-söhbət.
Məktəb əlimdən
bezmişdi. Universiteti
də, demək olar ki, atam "oxudu", diplomu mən aldım. Yazıq kişi əlimdən qan ağlayırdı. Elə
mənim dərdimlə
də öldü.
- Allah rəhmət eləsin.
- (Kədərli səslə)
Hər həftə məzarı üstə gedib bağışlanmağımı
xahiş edirəm. Bilmirəm, məni bağışlayıb, yoxsa
yox.
- Bağışlayar, bala, narahat olma. Gördün
ki, övlada heç nə etmək olmur?! Amma sən hər həftə atanın məzarını
ziyarət elə ki, bəlkə vicdanın rahatlıq tapsın.
- (Qüssə dolu səslə) Başa düşdüm. (Susur).
Amma borcu ödəyin
də... Xahiş edirəm.
Bəhanə
Bir həkim dostum var. Uzun illər öz sahəsində məsul vəzifələrdə
işləyib. Elə
bu gün də vəzifədədir.
Arabir görüşsək
də, tez-tez telefon əlaqəsi saxlayırıq. Öz sahəsinin əsl peşəkarıdır. Onu
mənim üçün
daha əziz və doğma edən isə geniş dünyagörüşü,
intellektual səviyyəsi,
ən əsası isə, sözə, sənətə, ədəbiyyata
olan sevgisidir. Bu səbəbdən görüşəndə
sözümüz, söhbətimiz
bitmir. Xoş aurası, şirin danışıq tərzi
və yerində etdiyi zarafatları söhbətimizi daha maraqlı edir və vaxtın necə keçdiyini heç birimiz hiss etmirik.
Sonuncu görüşümüzdə dostumun qardaşı ilə bağlı danışdığı bir
əhvalat mənə
o qədər ləzzət
elədi ki, sizinlə
bölüşməyi qərara
aldım.
Dostum deyir ki, qardaşım uzun illər Lənkəran şəhərindəki
C.Cabbarlı adına musiqi məktəbində müəllim
işləyib. Günlərin
birində səhərin
şirin yuxusundan gec oyanır. Görür ki, işə
yarım saatdan çox gecikib. İsti yorğan-döşəkdə
tənbəllik onu tutur. Fikirləşir ki, bu vaxtı işə
getməyin artıq mənası qalmır. Odur ki, elə uzandığı yerdə
anasını çağırıb
xahiş edir ki, məktəbin direktoruna zəng etsin, xəstələndiyi üçün
işə gələ
bilməyəcəyini desin.
Anası oğlunu dilə tutur ki, tənbəllik eləmə,
işə getməməkdənsə
yarım saat gecikməyin ziyanı olmaz. Dur, işinə get. Özünü buna öyrəşdirmə,
sonra adətkərdə
olarsan. Ana çox deyir, oğul az eşidir. Axırda ana məcbur olub məktəbin direktoru Arif Namazova zəng edir.
- Salam, Arif müəllim.
Ailəvi
yaxınlıq olduğuna
görə Arif müəllim ananı səsindən tanıyır.
- Salam, anam, necəsiniz?
- Mən yaxşıyam. Amma
sənin müəllimin,
mənim də oğlum, Allah eləməsin,
Allah eləməsin, xəstələnib.
Bu gün işə gələ bilməyəcək.
Arif müəllim məsələni
dərhal anlayır:
- Allah eləməsin, ana. Narahat olma. Qoy müalicə
olunsun.
Sabahı
müəllimini işdə
görən Arif müəllim gülə-gülə
deyir:
- Özün fırıldaqsan,
yazıq arvadı da yalan danışmağa məcbur edirsən.
- Arif müəllim, məgər mən xəstələnə bilmərəm?
- Bilərsən, amma ananın "Allah eləməsin"
deməyi hər şeyə aydınlıq
gətirir.
Qafar
CƏFƏRLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.19.