"Gedənlərə
itkimiz kimi, qalanlara
qazancımız kimi baxmalıyıq"
Azər Turanla müsahibə
- Azər müəllim, sizi yaxşı gördüm...
- Hər şey qaydasındadır. Çalışırıq
ki, daha da yaxşı
olsun.
- Repressiyaya məruz qalanlar siyasətin qurbanı olublar. Maraqlıdır, yazıçı,
şair siyasətdən
qaça bilər, yoxsa qaçdığını
zənn edir?
- Yox, siyasət başqa, ədəbiyyat başqadır. Hətta siyasətlə siyasəti-fürusət
də başqa-başqa
anlayışlardır. Siyasəti-fürusət
azad düşüncənin,
ayıq təfəkkürün
öldürülməsidir. Baxmayaraq ki, Mikayıl Müşfiq bəzən siyasi məzmunlu şeirlər yazıb.
- Hətta Stalinə həsr etdiyi şeiri də vardı.
- Bəli. Amma Stalin dövründə
ona siyasəti-fürusət
etdilər. Yəni öldürdülər. Özünü
də, düşüncələrini
də. Siyasət özü gəlib tapır sənəti. Hüseyn Cavid "Sənət başqa, siyasət başqadır"
demişdi. Siyasət isə o sözün yaxasından yapışdı
və əl çəkmədi. Cavidin
bir insan olaraq süqutuna, ölümünə yol açan ideya dediyi həmin sözlərdən qaynaqlandı.
- Müşfiq siyasətə
qarışmamışdı, bəs siyasət onu niyə tapdı?
- Yeni sistem qurulmuşdu və sistem öz yolunu müəyyənləşdirirdi. Bu istiqamətdə kim və hansı düşüncə ona
mane ola bilərdisə, sıradan
çıxarılmalıydı. 1937-ci ildə nəinki şairlər, bəzən
hətta kommunist məmurlar da bir-birinin qəniminə çevrilmişdilər.
Ruhulla Axundov kimi, Mirzə Davud Hüseynov kimi. Onlar öz
dövrlərinin kommunist
əqidəli insanlarıydılar.
Amma özlərinin qurduqları
sistem tərəfindən
güllələndilər. Sistem isə məkrliydi. Amma ağılsız
da deyildi. İndi az qala yüz illik
uzaqlıqdan baxanda, tutaq ki, Ruhulla Axundovun, yaxud Mustafa Quliyevin fəaliyyətini,
Mirzə Davud Hüseynovun bəzi çıxşılarını oxuyanda düşünürsən
ki, bunlar əsl milli ruh daşıyıcıları
olublar və bu səbəbdən də təbii ki, sistem üçün yad olublar… Tutaq ki, Ruhulla Axundov sovet düşüncəsində
olub. Lakin həm də milli istiqamətləri
var idi. SSRİ Elmlər
Akademiyasının Azərbaycan
filialının sədr
müavini işlədiyi
vaxtlarda bütün türkoloqları Akademiyanın
fəaliyyətinə cəlb
edə bilmişdi.
Mahmud Kaşqarlının "Divani-lüğəti-türk" əsərinin tərcüməsinə
təşəbbüs göstərmiş
və bu işin reallaşmasına
nail olmuşdu. Hüseyn
Cavidə "Xəyyam"
əsərini yazmağı
o təlqin etmişdi.
O da 1937-ci ildə həbs
olunub. Bağırov hər axşam şəxsən NKVD-ə gəlib
Ruhulla Axundova necə işgəncə verilməsinə tamaşa
edib. Amma bu tamaşadan zövq alıbmı, bilmirəm. Ruhullanı öldürməmişdən
qabaq gözlərini çıxarıblar, sümüklərini
sındırıblar, uşaqlarını
körpələr evinə
veriblər… Sistemin mahiyyəti belə olub.
- Mən, əslində, filankəs niyə öldü, filankəs niyə qaldı söhbəti etmirəm. Sadəcə bilmək istəyirəm ki, Müşfiqin
də sistem üçün heç bir təhlükəsi yox idi, Süleyman
Rüstəmin də.
Amma Müşfiq buna məruz
qaldı. Burada əsas kriteriya nə idi?
- Süleyman Rüstəmə
Azərbaycanda ədəbi
təfəkkürü yeniləyən,
onu ələmdən nəşəyə yönəldən
şair kimi baxıram. O illərdə,
xüsusən repressiyaya
qədər, daha çox isə iyirminci illərdə ədəbiyatda demokratik
ab-hava var idi. Müşfiqin Lenini nəzərdə tutaraq yazdığı şeirinə
baxın:
O kişi duymadı insaf, mərhəmət,
Haydı,
dik başları, haydı, vur - dedi.
Qardaşı qardaşa eylədi
düşmən,
İşçini işçiyə eylədi
qardaş,
Kilidlənib köhnə ağızlar
həmən,
İnsanlıq başına yağdırıldı
daş,
Əsrin
kürsüsünə çıxanda
Lenin.
Süleyman Rüstəm isə
başqa əyarlı
şair idi. Müşfiq getdi, Süleyman Rüstəm qaldı. Gedənə itkimiz kimi, qalana
ədəbiyyat baxımından
qazancımız kimi baxmalıyıq. Hüseyn
Cavidin "Azər"
poemasında məşhur
bir parça var:
Nə əcaib sürü yahu bunlar
Öndə rəhbərlik edir
maymunlar
Əzəmət düşkünüdür alçaqlar
Rəqsi
təlim ediyor axsaqlar.
Deyirlər ki, görün, Cavid
necə cəsarətli
olub ki, Bağırovun
dövründə belə
bir şeir yazıb. Cəsarətliydi,
bəli, amma Cavid onu yazanda
Azərbaycanın rəhbəri
Bağırov yox, Levon Mirzoyan idi. Cavidin hədəfi birbaşa Mirzoyan idi. Biz sadəcə o ünvanları
qarışdırdıq. Məfkurələrin
toqquşduğu illər
idi. Milli məfkurə
və Avropa estetikalarına gedən yol "Füyuzat"dan başlayırdı. Bu yol
sonucda gəlib Azərbaycan Xalq Cümhuriyyətini, onun bayrağını, ideologiyasını
yaratdı. Ölkəmizdə
eyni vaxtlarda yaransalar da, mövcudluqlarının
ilk dönəmlərində eyni hədəfə vursalar da Türkçülük
məfkurəsi ilə
Azərbaycançılıq məfkurəsi 1930-cu illərdə
artıq az qala, antoqonist mənalar daşımağa
başladı. Türkçülük
müstəvisində israr
edənlər aradan götürüldü. Meydan Azərbaycançılara
verildi. O mənada deyirəm ki, gedənlərə
itkimiz kimi, qalanlara qazancımız kimi baxmalıyıq.
- Amma təəssüf ki, belə
bir dövrdə Azərbaycanın güc strukturları da ermənilərin
nəzarətindəydi.
- Hə. Bağırovun ən böyük qəbahəti də bu nöqtədədir. Azərbaycanın bütün
güc strukturlarının
rəhbərliyinə erməniləri
yerləşdirmişdi. Daşnak
düşüncə səksəninci
illərin sonlarına
qədər Azərbaycanda
özünə yer
tapa bilirdi. O, əsaslı
şəkildə və
birdəfəlik İkinci
Qarabağ Savaşında
məhv edildi.
- O dövrün rəhbərləri
demişkən, Mircəfər
Bağırov məsələsi
hələ də müzakirə edilir. Ona tərəf çıxanlar
da var, tənqid edənlər
də. Hətta deyirlər ki, Bağırov
Azərbaycanı parçalanmaqdan
qoruyub.
- Sənədlərdə Mircəfər
Bağırovun Azərbaycanı
bütöv görmək,
birləşdirmək, "Cənubi Azərbaycan bizimdir, hətta istəsəniz Tehran da bizimdir"
kimi fikirləri var. Pişəvəriyə də
təlqin edir ki, bütöv Azərbaycan quraq, Təbrizdə Milli Azərbaycan hökuməti
qur, müstəqillik
elan et. Pişəvəri də
ona deyir ki, ruslar indi bizi
buna təşviq edirlər,
amma zaman gələcək,
kənara çəkiləcəklər.
1945-ci ildə Azərbaycan
Demokratik Firqəsi quruldu. Pişəvəri hakimiyyətə gəldi.
1 il sonra bu hərəkatın iştirakçıları
və liderləri qanına qəltan edildi. 25 min insan öldürüldü. Onda
Bağırov niyə
heç bir şey demədi və susdu? Çünki bu elə əvvəldən Stalinin planı idi. Cənubi Azərbaycan torpaqlarında
neft hasilatında iştirak etmək istəyirdi və buna görə də İran şahına Azərbaycan kartı ilə təzyiq göstərirdi.
İran şahı da İranın
maraqlarını Azərbaycanlıların
maraqlarından üstün
tutub, ölkənin baş naziri Qivamı Stalinlə danışıqlar aparmaq
üçün Moskvaya
göndərdi, neftlə
bağlı razılığa
gəldilər və yalnız bundan sonra Stalin bəyan etdi ki, Cənubi Azərbaycan İranın daxili işidir.
Demək,
bu, planlı bir iş olub.
Təəssüf ki, biz tarix
haqqında mücərrəd
danışırıq, lakin
kənardan görünən
fakt budur. Təbrizdə Milli Hökumətin
maarif naziri Biriya bura gəldi,
onu həbs etdilər. 20 ilə yaxın həbslərdə
oldu. Sonra gəlib Şamaxıda molla oldu. Sonra Bakıda mürdəşirlik elədi.
Təbrizə getdi. Təbrizin küçələrində
səfil həyat yaşayıb kimsəsizlər
evində dünyasını
dəyişdi. Film kimi
bir həyatı var. Məhəmməd Biriya ən cazibədar bir romanın qəhrəmanı ola bilər.
Özü də çox böyük bir şair idi:
Vurma əl türbətimə,
türbəti-Adəm də
mənəm,
Nə o
dünya, nə bu dünya, iki aləm də
mənəm.
Neyləyim, pey aparan olmadı bu varlığıma,
Eyşi-işrət də mənəm, möhnəti-matəm
də mənəm.
Arama qəbrimi, axtarma mənim baş daşımı,
Rəsmdə Həzrəti Nuh, ismdə
Xatəm də mənəm.
Ruslar isə həqiqətən
təkan verdikləri
o hərəkata sahib çıxmadılar,
arxa durmadılar və arxadan vurdular. 1946-cı ilin
"Ədəbiyyat qəzeti"ini
vərəqləyin, Cənubi
Azərbaycan şairlərinin
İran Azərbaycanı hökumətinə
məktubları da burda
dərc olunurdu. Elə bil qəzet
Təbrizdə hazırlanıb,
Bakıda nəşr olunub. Lakin ilin sonuna yaxın qəzetdə Təbrizdən
əsər-əlamət görünmür.
Bu, həm də Bağırovun faciəsidir.
Çox istəyirəm
inanam ki, Bağırov
aldanıb. Sistem onu aldadıb.
- Hüseyn Cavidin qızı Turan Cavidə ən yaxın insan olmusuz. Ondan öyrəndiyiniz və hamı üçün bəlli olmayan məqamlar varmı?
- Elə həqiqətlər
var ki, barəsində susulsa
daha münasib olar. Susmasaq, danışsaq, işıqlar
azalar və qaranlıqlar çoxalar. Səhra böyüyər.
Bizə isə hər zaman və bütün hallarda işıq lazımdır.
Ümumiyyətlə, o dövrü
dərk etmək mümkün deyil. Tutaq ki, Cavidə çox yaxın bildiyimiz adamlar olub. Biz onlıarı Cavidə yaxın bilirik. Tarixdə də elə qalıblar. Amma Cavid Keşlədə ailəsiylə
görüşəndə həmin adamlardan birini soruşur. Soruşur ki, filankəs sizə baş çəkirmi? Gəlib-gedirmi?
Deyiblər, yox. Cavid də "yaxşı ki, gəlmir,
o yarımadamsatandı" deyə köksünü ötürüb. 1937-ci ildə
repressiya olunanların,
güllələnlərin övladlarının
adamlara münasibəti
ayrı bir məktəb idi. O münasibətlərə baxıb
çox şeyləri
ayırd etmək olurdu. Ağır da olsa sizə roman kimi, film kimi bir epizod danışım.
Turan Cavid son nəfəsini verəndə
yanında idim, əlindən tutmuşdum.
Bu vaxt ev telefonuna zəng gəldi. Sağ əlim onun əlindəydi deyə,
sol əlimlə telefonun
dəstəyini qaldırdım.
Ömər Faiq Nemanzadənin qızı Bəxtli xanım idi. "Azərcan, Turan haradadır?" Nə cavab verəcəyimi
bilmədim. "Turan xanım yatıb, Bəxtli xanım".
"Exx, yazıq Turan... Qoy yatsın,
mən sonra zəng edərəm" deyib dəstəyi asdı. Ataları bir yerdə məhv edildiyi kimi, özləri də son nəfəslərinə
qədər ruhən bir yerdə oldular. Amma o "yarımadamsatanların"
övladları ilə
aralarında daxili, səssiz bir savaş gedirdi.
- Kim olduqlarını demirsiz, bəs nələr ediblər?
- Kim yox, kimlər var... Məsələn, Cavidin istintaq materiallarında müstəntiq deyir, siz filankəsə şikayət edirmisiniz ki,
erməni artisti Panodyanı xaricə qastollara göndərirlər,
amma bizim artistləri deyil. Cavid də cavab
verir ki, filankəs yalan danışır, amma niyə yalan danşdığını
bilmirəm. Turan xanım atası ilə son görüşlərində
onun Əhməd Cavad barədə dediklərini unutmamışdı:
"Təkcə Əhməd
Cavad kişi çıxdı". Çoxları
bir-birlərinin üzünə
durublar, amma Cavad o qədər işgəncələrə rəğmən
Cavidin üzünə
durmayıb. O dövr çətin idi. Turan xanımla Səməd Vurğunun
"Səadət düşməni"
şeiri barədə
danışanda demişdi
bunu: "Qəribədir,
görəsən, indikilər
o dövrdə yaşasaydılar,
nələr edərdilər?"
Baxmayaraq ki, Səməd
Vurğunun Cavidin əleyhinə yazdığı
uzun bir şeiri var. İlk misraları
belədir:
"Sən ey böyük
günlərin adına
böhtan atan,
Vətəninə, xalqına xain çıxan şarlatan..."
Bu şeiri Səməd Vurğun 1937-ci ildə Hüseyn Cavidə ünvanlayıb. Turan Cavidi tanıyanlar bilir. O, belə məsələlərdə güzəştə
getmirdi. Səməd Vurğunun qızı Aybəniz Vəkilova ilə isə Turan xanım çox yaxın rəfiqə idilər. Bir
dəfə mən Turan Caviddən bu şeirdən sonra Səməd Vurğunu ilk dəfə görəndə hansı
hissləri keçridiyini
soruşdum. "O şeirdən
sonra Səməd Vurğunla ilk dəfə
1946-cı ildə Ənvər
Məmmədxanlının bacısı Həbibənin
toyunda görüşdüm.
Toy Zərgərpalan küçəsindəki
evlərində keçirilirdi.
Azərbaycanın çox
görkəmli yazıçı-şairləri
iştirak edirdi orda. Səməd Vurğun məclisə gəldi. Yanımdan keçib masanın yuxarı tərəfində
oturdu. O zaman kimsə məni Səməd Vurğuna göstərib
"Hüseyn Cavidin qızıdır" deyə
işarə etdi. Səməd Vurğun ayağa qalxdı. Mənə tərəf gəldi. Çox mütəəssir olmuşdu.
Məni görəndə
tanımadığı üçün
üzr istədi və əyilib əlimdən öpdü.
Mişkinaz xanıma böyük ehtiram bəslədiyini həmişə
hiss edirdik". Onda hələ Stalin sağ idi. Repressiya dalğası davam edirdi. Səməd Vurğuna yazdığı
hansısa cari bir şeirnə görə deyil, bəzən şeirdən
ucada dayanan belə davranışlarına
görə də qiymət vermək lazımdır.
- Azərbaycan-Türkiyə ədəbi-mədəni əlaqələri
nə yerdədir?
- Bugünkü durumu bir kəlmə ilə ifadə etmək olar: bərbaddır. İstər
Türkiyə tərəfdən,
istər biz tərəfdən.
Keçən dəfə
Türkiyə universitetlərindən
birində doktorluq mövzusu olaraq bizlərdə heç tanınmayan, ümumiyyətlə
ədəbi prosesdə
olmayan, olsa belə ciddi ədəbiyyata heç dəxli olmayan bir müəllif barədə yazılmış
bir doktorluq işi rastıma çıxdı. Bu qədər
bərbaddır, yəni.
- Kimlər çap, tərcümə olunur? Açığı, mən
o siyahılara baxanda çoxunun adına ilk dəfə rast gəlirəm.
- Elmdə də vəziyyət təxminən
belədir. Bir də görürsən Azərbaycandan
bir alim Orta Asiyanın tanınmaz-bilinməz
bir universitetində fəxri doktor olur və bunu
sosial şəbəkələrdə
tirajlayırlar. Olmazmı,
bir dəfə də eşidək ki, filan alimimiz Sarbon, yaxid Kembric
universitetinin fəxri doktoru olub. Bunu
çox təkrar etmişəm. Yeri gəldi deyə bir daha təkrarlayım.
Fuad Köprülü Sarbon
universitetinin fəxri doktoru seçiləndə
onu Parisə - Sarbonda mühazirə oxumağa dəvət etmişdilər. Fuad Köprülü
mühazirə oxuyanda
Sarbon Universitetinin çatısına Türk
bayrağı asırlar.
Fransanın prezidenti oradan keçəndə görür ki, universitetin
çatısında Türkiyə
bayrağı dalğalanır
və Prezident universitetə gəlir. Rektor Karleyldən "Türklər Fransanı işğalmı edib?"
- deyə soruşur.
"Yox, bu dəqiqələrdə türk
alimi Köprülü
universitetimizdə mühazirə
oxuyur" cavabını
alıb.
Sualınıza qayıdaq. Bu gün
Türkiyə-Azərbaycan ədəbi
əlaqələrini kim
müəyyən edir,
bilmirəm. Ədəbi
əlaqələr dediyim
kimi, bərbad vəziyyətdə və
özfəaliyyət səviyyəsindədir.
Əksinə olsaydı,
inanıram ki, Türkiyə
Məhəmməd Hadini
Mehmet Akifdən ayırmazdı.
Amma Türkiyədə Məhəmməd
Hadini tanımırlar.
- Nəinki Türkiyədə,
heç bizdə də çoxları tanımır.
- Hadi XX yüzil dünya ədəbiyyatının
ən böyük şairlərindən biridir.
Türkiyə ədəbiyyatında
da bir Cənab Şəhabəttin var. Türk
poeziyasının Bodleri...
Biz də onu tanımırıq. Hər
ikisi modernizm estetikasına keçid mərhələsinin şairləridir.
Biz Hadini nəinki dünyaya, heç Türkiyəyə yetərincə
tanıda bilməmişik.
Cənab Şəhabəddini
də bizdə tanımırlar, oxumayıblar.
Bu, ədəbi həyatımızın
ən böyük kəsirlərindəndir. Ədəbi
təsəvvürlər bu
şairlərə qədər
uzanmalıdır...
- "Ədəbiyyat qəzeti"də
bəzi müəlliflərə,
onların şeirlərinə
rast gəlirəm, ədəbi yükü çox az və
oxucuya ciddi bir şey verməyəcək
mətnlərdir...
- "Ədəbiyyat qəzeti"ində
gözəl ədəbyyat,
poeziya nümunələri
yetərincədir. O ki qaldı
dediyiniz həmin bəzi şairlərə,
qəzetin 1934-cü ildən
bu günə qədər olan əksər saylarında o
şairləri görə
bilərsiz. Ədəbi
estetikalardan xəbərsiz...
Poeziyanın harmoniyasını,
sükutunu pozan "şairlər". Amma nə
etmək olar. Bəzən çap etməyə məcbur oluruq.
- Niyə?
- "Ədəbiyyat qəzeti"
mənim şəxsi qəzetim deyil. Yazıçılar Birliyinin
orqanıdır. Onların
da əksəriyyəti Yazıçılar
Birliyinin üzvüdür.
Yaxşı ki, bu günlərdə Yazıçılar
Birliyinə qəbul prosesinə fasilə verildi. Yazıçılar
Birliyinin yeganə qəzetində çap olunmaq oranın üzvü olan hər kəsin təbii haqqıdır... İradınızda haqlısınız.
Amma başqa səbəblər
də var. Məsələn,
Vətən barədə
zəif şeirlərin
hamısına eyni gözlə baxmaq olmaz. Bəzən o zəif şeiri bədəninin bir əzasını, yaxud gözlərinin işığını
Vətən savaşında
itirmiş bir qazi yazır. Şair deyil, heç Yazıçılar
Birliyinin də üzvü deyil. Amma qazidir, Vətən sevgisini şeirlə ifadə edib. Onun indiki halı
ədəbiyyatdan ucadadır.
Azər Turan
Söhbətləşdi: Rəhman Mirzəlizadə
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, ¹8.- S.22-23.