Yorulmaz tədqiqatçının
akademik fəaliyyətinə
qısa bir baxış
Hər bir cəmiyyətdə demokratik sivilizasiyanın əsas göstəricisi qadının bu cəmiyyətdəki mövqeyi
ilə ölçülür. Qadın, adətən zərif cins kimi qəbul edilir. Lakin öz enerjisindən istifadə etməyi bacaran qadınlar həmişə
böyük gücə
sahib olublar. Odur ki, tarixdə
qadınların rolu danılmazdır. Azərbaycan tarixində
də dərin iz qoyan qadınların sayı kifayət qədər
çoxdur. Elə günümüzdə də belə
qadınlarla rastlaşırıq. Belə tükənməz
enerjili Azərbaycan qadınlarından biri də Azərbaycan
Dövlət Universitetinin (indiki BDU) məzunu, vətənpərvər,
gözəl ailə başçısı, böyük
ictimaiyyətçi, filoloq, tərcüməçi, nəhayət,
sevimli pedaqoq Əsmətxanım Bəyəhməd
qızı Məmmədovadır. Məqalədə alimin həyat
yoluna nəzər salınır, elmi fəaliyyətindən bəhs
olunur. Əsmətxanım Məmmədovanın bu günə
qədər fars dilinin fonetika, orfoqrafiya, morfologiya, sintaksis,
leksikası kimi qrammatik, eləcə də farsdilli ədəbiyyatın
müxtəlif bölmələrinə aid olmaqla, 200-dən
artıq məqalə və tezisi ölkə daxilində və
respublikadan kənarda çap olunmuşdur. Alimin elmi
axtarış və düşüncələrini
özündə ehtiva edən bu tədqiqat işləri fars
dilinin tədrisində xüsusi yer tutur və mütəxəssislər
tərəfindən yüksək qiymətləndirilir.
Fars dilinin yorulmaz tədqiqatçısı Əsmətxanım
Məmmədova gözəl və yenilikçi, tələbələrinin
sevimlisi olan bir pedaqoqdur. Təsadüfi deyildir ki, o, 67 illik əmək
fəaliyyətinin 60 ilini şərəfli müəllim
ömrü yaşamışdır. Əlli ildən
artıqdır ki, uzun müddət Azərbaycan ədəbiyyatının
ifadə edildiyi, şeir dili olan fars dilinin tədrisi ilə məşğuldur.
O, ölkəmizdə, eləcə də onun
hüdudlarından kənarda azərbaycançılıq
ideyalarına sadiq qalaraq hər bir sahədə
çalışan tələbələrini ən qiymətli
sərvəti hesab edir. Əsmətxanım Məmmədova
fars dilini sadəcə tədris etməklə kifayətlənən
bir pedaqoq deyil, öyrəndiyi və öyrətdiyi uzun
müddət ərzində bu dilin incəliklərinə,
farsların özlərinin belə, bir o qədər də əhəmiyyət
vermədiyi qatlarına varan, yorulmaz tədqiqatçısıdır.
Ə.Məmmədovanın 2007-ci ildə
nəşr etdirdiyi "Fars dilində
vurğu" ünvanlı eksperimental tədqiqat işi həmin
ildə Milli Elmlər Akademiyasının nailiyyətləri
olan kitablar siyahısına salınmışdır. Tədqiqat
işinin məqsədi farsdilli mənbələrdə
vurğu ilə bağlı bir-birinə uyğun olmayan, bəzi
hallarda isə, tamamilə zidd olan fikir və qeydləri müəyyənləşdirərək,
bu sahədə dəqiq, əhatəli və eksperimental bir
iş ortaya qoymaq olan tədqiqatda "Vurğu, təbiətinə,
yerinə görə növləri", "Təcrübə
materialları, proqramların tərtibi və tədqiqi
üsulları", "Söz vurğusunun yeri və
funksiyaları" və "Söz vurğusunun təbiəti"
kimi mövzular ilk dəfə olaraq araşdırılır.
Azərbaycan, rus, fars və avropa dillərində olan 240 ədəbiyyatdan
istifadə etmiş tədqiqatçı ədəbi nümunələrlə
yanaşı, bir çox ossiloqrof, spektoqraf, "görünən
nitq nümunələri" və müxtəlif sözlərin
uzunluğunu, intensivliyini, tonunu əks etdirən qrafiklər də
hazırlayaraq təqdim etmişdir. Belə ki, gözəl tədqiqatçılıq
qabiliyyətinə, yaxşı nəzəri
hazırlığa, tükənməz əməksevərliyə,
rəhbərin göstərişini düzgün başa
düşmək, qarşıda duran məsələnin dərinliyini
hiss etmək qabiliyyətinə malik olan Əsmətxanım Məmmədova
yalnız fars dilçiliyi üçün deyil, həm də
ümumi dilçilik üçün faydalı elmi ümumiləşdirmələr,
təcrübi nəticələrlə zəngin sanballı bir
elmi əsər meydana qoymuşdur. Bütün bunlar alimin tədqiq
etdiyi sahənin səriştəli mütəxəssisi
olduğunu bir daha sübut edir.
Əsmətxanım Məmmədova öz üzərində
daim işləyən, gənc nəslin geniş imkanları ilə
ayaqlaşmağı bacaran pedaqoqdur. Onun bir-birinin ardınca
elm aləminə təqdim etdiyi kitablar da bundan xəbər
verir. Alimin ərsəyə gətirdiyi əsərlər elm
aləmində sezilən boşluqları doldurur, ehtiyaclara
cavab verir. Müəllifi olduğu "Fars dilinin
orfoqrafiyası" ünvanlı dərs vəsaiti də bu qəbildəndir.
Məhz zaman-zaman baş verən dəyişikliklər və
inkişaf prosesinin dilin tərəqqisinə təsirinin onu
sistemləşdirən, qaydaya salan vacib bir bölməsi kimi
orfoqrafiyada da öz əksini tapmasının zəruriliyini nəzərə
alaraq adıkeçən əsəri ərsəyə gətirmişdir.
Nizamini yazdığı dildə
dindirən Əsmətxanım Məmmədova
yorulmayan araşdırmaçıdır. Fars dilini gözəl
bilən alim Nizamini yazdığı dildə dindirdiyindən
onun bu sahədəki işləri orijinal və uğurlu
alınmışdır. Nizami elə bir dühadır ki, onun
fikirləri kimi şəxsiyyətinə,
yaradıcılığına olan maraq da sərhəd bilməyir.
Çünki o, şair kimi məşhurlaşsa da, əslində
ona "alim-şair", bəlkə də
"şair-alim" demək daha dürüst olardı. Nizami
öz dövrünün bütün elmlərinə vaqif
olmaqla, hər bir elmi mətləbi şeir dilində verir; eləcə
də onun adi həyati məsələlər haqqında
yazdığı şeirləri belə, elmlə doludur.
Ə.Məmmədova "Nizami
məsnəvilərində sağlamlığa, tibbə aid tövsiyə
və qadağalar" adlı məqaləsində Nizamini həkim,
bir müdrik məsləhətçi kimi dindirir, cəmiyyətin
yetkinliyi üçün tövsiyələrini oxucuya
çatdırır. Nizami insanın idrak qabiliyyətini
inkişaf etdirməyi həm dini, həm də dünyəvi
biliklərə yiyələnməkdə görür.
Dünyanın görünən və görünməyən
üzünü elmlə bağlayan Şeyx: "Sən
çalış, yaxşı öyrən dünyanı, bəşəri,
bitkini, daşı, heyvanı", - söyləyir. Məsnəvilərində
insan sağlamlığı üçün mühüm amil
kimi, dinin buyurduğu qanunlara riayət etməyi, ruhu, nəfsin
sağlamlığını qorumağı tövsiyə
edir. Peyğəmbərimiz orta həddi tövsiyyə etdiyi
kimi Nizami də hər şeydə olduğu kimi, yeməkdə
də orta həddi gözləməyi mühüm sayır. Tədqiqatçı
fikrini təsdiqləyərək, "Xosrov və
Şirin"dən gətirdiyi bir nümunəni irəli
sürür. Belə ki, "səfər zamanı susuz qalan
iki şəxs bir bulaq başına çatırlar. Onlardan
biri sudan çox az içir ki, mənə ziyan verər. O
birisi həddən artıq çox içir ki, tezliklə
susamasın. Orta həddi gözləmədiklərindən hər
ikisi ölürlər". Reyhan, yağlı, şirin yeməkləri
çox qəbul etməkdən çəkindirən həkim
Nizami göz qaytarmaq, hicamə kimi xalq təbabəti ilə
müalicə üsullarını da məqbul sayır.
Ə.Məmmədovanın monoqrafiyaya daxil etdiyi maraqlı məqalələrdən
biri də ""Xəmsə"də fonoqrafik və
fonetik hadisələr" adlanır. Artıq qeyd etdiyimiz kimi,
tədqiqatçı hər şeydən əvvəl fars
dilinin gözəl bilicisi olan dilçi mütəxəssisdir
və bu dili yorulmadan tədris edir. O pedaqoji fəaliyyətində
yalnız hazır materialları auditoriyaya
çatdırmayır. Daim axtarışda, bu dilin dərin
qatlarına varmaqdadır. Təqdim olunan məqalə də
onun bu sahədəki araşdırmalarının nəticəsidir.
Nizami Gəncəvi məsnəvilərinin üslubu Azərbaycan
üslubiyyatını əks etdirdiyi kimi, o dövrün
şeir dili olan fars dilində yazıldığından tədqiqatçı
böyük zəhmət və enerji sərf edərək
şairin yaradıcılığında bir çox qrammatik məqamları
da üzə çıxarmışdır. Müəllif məqalədə
Nizami məsnəvilərində tez-tez rast gəlinən
assimilyasiya, dissimilyasiya, proteza, metateza, eliziya kimi fonetik hadisələrin
elmi və detallarla olmaqla uzun-uzadı təhlilini verir. Nəticədə,
fars dilinin əsas fonetik qanunu olan "Fonetik məhdudiyyət
qanunu" və ondan törəyən fonetik hadisələrin
nümunələrinin hər birini ilk dəfə olaraq Nizami
"Xəmsə"sinin beytləri daxilində verir.
Ə.Məmmədovanın yaradıcılığının
daha bir qolunu tərcüməçilik
fəaliyyəti təşkil edir. Alimin bu qəbildən
müxtəlif həcmli və müxtəlif mövzulu olmaqla
on üç kitabı işıq üzü
görmüşdür. "Məhəmməd
peyğəmbərin (s.ə.s.) həyatı" (1990);
"Ühud müharibəsi" (1991); "Həzrəti
Əli ibn Əbutalibin (ə.s.) həyatı" (1992);
"İmam Həsənin (ə.s.) həyatı və
yaşadığı dövr" (1993); "Xanımlar
xanımı Fatimeyi-Zəhra (s.ə.)" (1993); "Həzrəti
Əlinin (ə.s.) hökmləri" (1994); "Çillə
gecəsinin nağılları" Məhəmməd Mirkiyani
(tələbələrlə birlikdə) (2009); "Mövludu
ağanın çantası" Şəhram Şəfii
(2011), "Hekayələr toplusu", (Mustafa Xuraman), (2012), Vəcihə
Əliəkbər Samaninin "Son dayanacaq" (2024), "Bənövşələr
zərifliyində atəş" (2024), "Bal şirinliyində
hekayə", Şükufə Qasimniya (2024), N.Eskuyi və
B.Bamdadinin "Nizami və Azərbaycan üslubu" adlı
genişhəcmli məqalələrini də tərcümə
etmişdir. Onun müasir İran ədəbiyyatının
görkəmli nümayəndəsi Mostafa Xoramanın
yaradıcılığından etdiyi tərcümələr
"Hekayələr toplusu (Müasir fars ədəbiyyatından
seçmələr)" ünvanı altında 2012-ci ildə
Bakıda, OKA Ofset nəşriyyatında işıq
üzü görmüşdür. Tərcüməçinin
Ön sözü ilə başlayan kitaba M.Xoramanın
"Əzizxanıma məktub", ""Bi"
Ağa", "Miz ilə şüur arasındakı rabitə",
"Həsəni Ağaya qarşı terror", "Ən
kiçik cəza" və s. kimi səkkiz kiçik hekayəsinin
Ə. Məmmədova tərəfindən Azərbaycan dilinə
olunmuş tərcüməsi daxil edilmişdir. Topluda müəllifin
"yumoristik bir üslubda yazdığı
dövrünün çatışmamazlıqlarını əks
etdirdiyi, acgöz, tənbəl, öz yerində olmayan məmurları,
rejimin sadə insanın başına gətirdiyi müsibətləri
açıb göstərərək tənqid atəşinə
tutduğu islah olunmalı ünsürlərin
qamçılandığı" kiçik hekayələri
yer almışdır.
Əsmətxanım Məmmədovanın
tərtib etdiyi digər
kitab Məhəmməd Mirkəyaninin "Çillə gecəsinin
nağılları" adlı hekayələr toplusudur. Mirkəyaninin
həyat və yaradıcılığı barədə
qısa məlumat verən tərtibçi buraya onun
özünün və həmkarlarının Azərbaycan
dilinə tərcümə etdiyi 22 kiçik hekayəsini daxil
etmişdir.
Tərcüməçilik sənətinə
yüksək qiymət
verən Ə.Məmmədovanın fikrincə,
tərcümə dünyanın uzaq məsafələrində
yaşayıb maddi və mənəvi dəyərlər
yaradan, fərqli dillərə, dünyagörüşünə,
psixoloji düşüncəyə sahib olan insanlar arasında
qarşılıqlı əlaqə və mötəbər
dostluq körpüsüdür. Elə buna görə də tərcümə
işi nəinki köhnəlib sıradan çıxmır, əksinə,
mühüm, vacib yaradıcılıq sahəsi kimi, getdikcə
daha da təkmilləşərək inkişaf edir.
Bu gün də elmi və pedaqoji fəaliyyətini uğurla
davam etdirən, filologiya üzrə fəlsəfə doktoru,
dosent, bütövlükdə 20-dən artıq kitabın
müəllifi və tərcüməçisi Ə.Məmmədova
Azərbaycan Respublikası Milli Məclisinin həm I
çağırış, həm də II
çağırışında 17 saylı
Sabunçu-Əzizbəyov seçki dairəsi üzrə iki
dəfə deputat seçilib; müstəqil Azərbaycan
Respublikasının inkişafının erkən
vaxtlarında bir çox qanun layihələrinin
hazırlanması, əlavə və dəyişikliklər
edilməsi ilə bağlı müzakirələrdə fəal
iştirak etmişdir. O, Beynəlxalq İslam qadınlar təşkilatında,
Dünya Azərbaycan Qadınlar Birliyinin üzvlüyündə,
Ziyalılar cəmiyyətində, BMT yanında "Koolosiya
1325"in idarə heyətinin üzvlüyündə, Qadın
və İnkişaf Mərkəzinin üzvlüyündə həmişə
əməli fəaliyyətlər göstərərək,
Çində Qadınların IV Beynəlxalq forumunda, İraq,
Ukrayna, Rusiya, İngiltərə, İran,
Qırğızıstan, Türkiyə, Səudiyyə Ərəbistanı,
Almaniya, Fransa kimi daha neçə ölkələrdə
müxtəlif siyasi və elmi səfərlərdə Azərbaycanın
haqq səsini yorulmadan dünya ictimaiyyətinə
çatdırmışdır. Sonda köksü
araşdırmaq, öyrətmək, tərbiyələndirmək
amalı ilə çırpınan, həyat enerjili Əsmətxanım
müəlliməyə sağlam ömründə sevdiyi
işlərlə doya-doya məşğul olmaq imkanı
arzulayırıq.
Zəkiyyə ƏBİLOVA
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.20.