Əfsanəvi tabor - "Babək-44"
Hər bir dövlətin mövcudluğu mübarizələrdən
keçir. Bütün
mübarizələrin də
önündə xalqın
qəhrəman, vətənpərvər,
igid oğul və qızları dayanır. Azərbaycan xalqı 1990-cı ilin əvvəlində tarixin sınağından üzüağ
çıxdı; Sovetlər
Birliyindən ayrılaraq
əbədi müstəqilliyə
qədəm qoydu. Bu elə bir dövr
idi ki, Azərbaycanın
ərazi bütövlüyünə
qarşı erməni
təcavüzü baş
qaldırmışdı. Qarabağın
dağlıq hissəsində
və Ermənistanla sərhədboyu ərazilərdə
vəziyyət müharibəyə
doğru gedirdi. Aydın hiss olunurdu ki, ermənilər xaricdən
güclü dəstək
alırlar. Bu dəstək
olmasaydı, onlar ömürboyu özlərində
cəsarət tapıb
üzərimizə gələ
bilməzdilər. O zaman Azərbaycan
Ordusu da yaranmamışdı.
Ordunun ilkin rüşeymləri baş
qaldırırdı. Ölkənin
müdafiəsi pərakəndə
könüllü batalyonların
ümidində idi. Xalqda öz ölkəsini, dövlətçiliyini
qurmaq və qorumaq üçün böyük ruh vardı, gələcəyə
ümid vardı. Xalqın içindən çıxan saf, vətəni canından artıq sevən qəhrəman oğullar silaha sarıldılar. Onlar düşmənə
mərdliklə sinə
gərdilər. Lakin könüllülər
pərakəndə döyüşməklə
azad etdikləri əraziləri sonacan saxlamaqda çətinlik çəkirdilər. Bunun da başlıca
səbəbi vahid komandanlığın olmaması
idi.
O zaman Azərbaycan ordusu yeni yaranırdı. Sovet ordusunu buraxıb vətənə dönən
peşəkar zabitlər,
gizirlər, müddətdən
artıq xidmət edən hərbi qulluqçular doğma ordusunun yaranmasına töhfə vermək istəyirdilər. Təcrübəli
hərbçilər ordu
sıralarına daxil olduqca əlahiddə tabor və briqadalarda uyğun vəzifələrə
təyin olunurdular.
1992-ci il mart ayının ortalarında
yaradılmış ilk gənc
əsgərlərdən ibarət
tabor Biləcəri qəsəbəsində
yerləşən sovet
hərbi hissəsinin yerində yığılırdı.
Tabora gələn əsgərlər artdıqca
kazarmaları boş olan hərbi hissələrə göndərilirdi.
Əvvəlcə "Yaşıl
şəhərcik"də olan, daha sonra
isə Sitalçaya köçən taborun şəxsi heyəti, demək olar ki, Azərbaycanın bütün
bölgələrini əhatə
edirdi. Tabor təlim keçib döyüşlərə
gedəcəkdi. Artıq
bir qrup Ağcakənd rayonu istiqamətində gedən
döyüşlərə qatılmışdı. Taborun
ilk komandiri Elxan Qəniyev döyüşqabağı
təlim keçən
əsgərləri hərbi
bilikləri mənimsəməyə
sövq edirdi. O zaman taborda xidmət edən bütün hərbi qulluqçuların
məqsədi, məramı
Qarabağda gedən döyüşlərdə iştirak
etmək, yağıları
doğma torpaqlardan təmizləmək idi...
Tabor iyun ayının ortalarında Gəncə şəhərinə dislokasiya
edildi. Goranboy əməliyyatı uğurla
başa çatmışdı.
Ağdərə əməliyyatı
yeni başlamışdı. Ağır döyüşlər
gedirdi. Tərtər şəhərinə olan
təhlükə artıq
sovuşmuşdu. Şəhərə
bitişik Şəhriyar
qəsəbəsi ermənilərin
ən güclü, strateji məntəqələrindən
idi. Düşmən güclü
müqavimət göstərirdi.
İtkilərimiz çox
idi. Əməliyyatı
uğurla başa çatdırmaq üçün
ehtiyat qüvvələrinin
döyüşlərə cəlb edilməsinə böyük ehtiyac vardı.
...Şam yeməyindən sonra tabora "Həyəcan!" verildi.
Qısa müddətə
əsgərlər silah-sursat,
əşya çantalarını
götürüb kazarmaların
qarşısında dayanmış
avtobuslara doluşdular.
Gecə Tərtərə
çatdıq. Şəhər
zülmət qaranlıq
içində idi. Avtobuslar hündür çinar ağaclarının
altında dayandı. Yanımızdan közərən
işıqlarda tanklar,
PDM-lər ötüb
keçirdi. Düşmən
artilleriyası susmaq bilmirdi, şəhərin hər yerini mərmi yağışına
tuturdu. Çox keçmədi, məlum oldu ki, bura bizi
gətirən avtobusların
son dayanacağıdır. Səhəri
diri gözlə açdıq. Şəhərin
mərkəzi küçəsi
ilə üzü Ağdərəyə yön
aldıq. Həyət
evlərinin darvazalarından
asılan qıfıllar,
qarşısında göyərən
alaq otları burada bir müddətdir
ki, adamların yaşamadığından
xəbər verirdi.
Yan-yörəyə diqqət
çəkirik. Yolların
ortasında top, qrad mərmilərinin açdığı
çuxurlar var. Evlərdə
damları yarı uçmuş və bütöv yanmış binaları görürük.
Hələ də şəhər düşmənin
artilleriya atəşi
altındadır. Bu mərmi
yağışının altında insanlar yaşaya bilməzdilər.
Şəhriyar qəsəbəsindən keçərək Ağdərəyə
üz tuturuq. Sağımız-solumuz taxıl,
üzüm sahələridir.
Qarşıdan gələn
atəş səsləri
döyüşün çox
da uzaqda olmadığından
xəbər verir. Sağ tərəfdə Həsənqaya, Levonarx, solda Qırmızıkənd
kəndləri var. Qarşımızda
3 nömrəli Sovxoz yerləşir. Bu yaşayış
məntəqələrinin azad edilməsi uğrunda gərgin döyüşlər hələ
də gedir. Biz isə 3 nömrəli Sovxoz istiqamətində irəliləyirik. Zabit Rövşən Hüseynov,
baş çavuş
(sonra leytenant oldu) Ələmdar Rzayev bizimlədir. Onların ara məsafələri 6-7 addım
saxlamağı, ayaqüstü
çox hərəkət
etməməyi, daha çox sürünərək
irəliləməyi barədə
verdikləri komandalar hələ də qulağımdadır. Düşmənin
daha güclü müqavimətini görəndə
istehkam beli ilə səngər qazıb müdafiə olunuruq. Döyüşdə
sağ qalmaq üçün bu kimi tələblərə
riayət etmək lazımdır. Komandirlərin
də başlıca məqsədi döyüşdə
itki vermədən qarşıya qoyulan döyüş tapşırığını
müvəffəqiyyətlə yerinə yetirməkdir...
"Babək-44"
danışıq kodu
altında döyüşən
tabor Yuxarı Qarabağ
kanalını keçdi.
Bu taborun gəlişi
ilə burada döyüşən taborların
gücü daha da artdı. 3 nömrəli Sovxozu azad etdikdən
sonra 4 iyula açılan səhər
ən gözəl səhər idi. Səhərin ala-toranında
Ağdərəyə daxil
olduq. Şəhər
düşməndən təmizlənirdi.
Artıq İcra Hakimiyyətinin beşmərtəbəli
binası üzərində
bayrağımız dalğalanırdı.
Tabor şəhəri qorumaq
üçün cənub-şərq
istiqamətində "Qlobus"
adlanan yüksəklikdə
müdafiə mövqeyi
tutdu; düşmənin
əks-həmləsinin qarşısını
aldı. Daha sonra tabor Ortakənd, Kasapet, Heyvalı, Çıldıran, Sırxavəndə
qədər ağır
döyüş yolu keçdi.
Ölkədə siyasi gərginlik
artdıqca bunun təsiri döyüşən
orduya da sirayət etməyə bilməzdi.
1993-cü il fevral ayının
əvvəli düşmən
hücuma keçdi.
"Babək-44" taborunun müdafiə olunduğu yüksəklikdə sağ-sol
cinahlar bir neçə gün idi boşalmışdı. Tabor düşmənə
qarşı döyüşürdü.
Güclü müqavimətlə
qarşılaşan düşmən
sağ cinahı boş görüb arxaya keçdi, bir neçə postu mühasirəyə aldı... On yeddi nəfər itki ilə tabor yenidən
"Qlobus"da müdafiə
mövqeyi tutdu.
"Babək-44"
döyüşdən-döyüşə
daha da mətinləşirdi.
Səyyar rabitə vasitələrinə düşmənin
müdaxiləsi tez-tez
olurdu. Rabitəçilər
bu səbəbdən də ehtiyat tezliyə keçid alırdılar. "Babək-44" döyüşəndə düşmən
lərzəyə gəlirdi.
Düşmən nə
qədər güclü
olsa da, tabor ona qarşı daha mətin döyüşürdü.
Bunu düşmən özü etiraf etmişdi. Ağdərədə
döyüşən taborlar
çox idi. Lakin onlar bir neçə
döyüşdən sonra
başqa taborların tərkibinə verilirdi.
"Babək-44" də döyüşlərdə
itkilər verirdi. Bu itkilərin yerini əlavə gələn döyüşçülər doldururdu. Onların arasında müddətli əsgərlərlə yanaşı,
səfərbərlikdən gələn döyüşçülər
də olurdu. Taborun bu cür
yenidən komplektləşməsi
normal idi. "Babək-44"ün digər taborlar kimi dağılmamasının
başlıca səbəbi
yüksək intizam və döyüş bacarığı idi. Burada Azərbaycan ordusunun çağırışçı
əsgərləri döyüşdə
ilk gündən özlərini
əsl cəngavər,
vətənpərvər göstərmişdilər.
Tabora sonradan gələn döyüşçülər
də onlara baxıb ruhlanırdılar.
Elxan Qəniyevdən sonra cəsarəti, şəxsi
şücaəti, qətiyyətli
idarəçiliyi ilə
seçilən "Azərbaycan
Bayrağı" ordenli
Abakar Mirzəyev tabor komandiri təyin olundu. O zaman Tərtər-Ağdərə
istiqamətində gedən
döyüşləri "Babək-44"
taboru olmadan təsəvvür etmək
mümkün deyildi. Talış, Çaylı,
Suqovuşan, Vaqauz, Akopkomari və başqa kəndlərin azad edilməsində, həmçinin müdafiəsində
tabor fərqlənirdi. Döyüşən
taborun sədası Tərtərə yayılmışdı...
Taborun yaranmasının bir ili mart ayında qeyd olunmalı idi. Döyüşlər
aman vermədiyi üçün bir illiyin qeyd olunma
günü qeyri-müəyyən
vaxta təxirə salınmışdı. Yayda
cəbhədə döyüşlər
səngidi. Taborun yaranma gününü qeyd edəndə döyüşçü Mətləb
Momayev çıxışında
dedi ki, illər ötəcək, Qarabağın
azad edilməsi uğrunda gedən döyüşlərdə "Babək-44"
taborunun keçdiyi döyüş yolu haqqında salnamələr
yazılacaq, filmlər
çəkiləcək...
İllər, on illər keçəndən
sonra "Babək-44" taborunun
keçdiyi döyüş
yolu haqqında Nazim Quliyevin ideyası ilə sənədli film çəkildi. Bəxtiyar
Əliyevin "Ağdərə döyüşləri"
kitabı da "Babək-44" taborunun döyüş yoluna mayak oldu.
Bu günlərdə Azərbaycan
Milli Elmlər Akademiyası
Mərkəzi Elmi Kitabxanasının "Şuşa"
zalında taborda döyüşüb şəhid
olmuş Şıxəli
Manafovun bacısı Səhər Şıxəli
Manafın müəllif
olduğu "Babək-44" kitabının təqdimat
mərasimi keçirildi.
Tədbir iştirakçıları
kitabxananın girişində
ulu öndər Heydər
Əliyevin büstü
önünə tər
güllər düzdülər. Mərasimdə
şəhid anaları,
ailələri, millət
vəkilləri, taborun
komandirləri və döyüşçüləri, ictimaiyyətin nümayəndələri
iştirak edirdilər.
Tənqidçi-ədəbiyyatşünas
Əsəd Cahangirin aparıcılıq etdiyi tədbirdə Milli Məclisin
üzvləri, iqtisadiyyat
üzrə fəlsəfə
doktoru Əli Məsimli, filologiya üzrə fəlsəfə
doktoru Tahir Rzayev, Azərbaycan Yazıçılar
Birliyinin üzvü, xalq şairi Yusif Nəğməkar, şəhid anaları - Bahar Səfərova, Mahrux Əliyeva, Azərbaycanın Milli Qəhrəmanı
Oqtay Güləliyevin
anası Afət Güləliyeva, Azərbaycanın
Milli Qəhrəmanı Cavanşir
Rəhimovun həyat yoldaşı Lalə Rəhimova; tabor komandirləri
Elxan Qəniyev, Abakar Mirzəyev, qazilərdən Nazim Quliyev,
Nazim Abdullayev, Osman Şahverdiyev, hərbi ekspert Üzeyir Cəfərov, kitabın ərsəyə gəlməsində
xüsusi xidmətləri
olan (tabor haqqında müəyyən məlumatları
bu günə qədər özündə
saxlamış) Quba rayonu Saleh Şahbalayev adına Hacıhüseynli
kənd tam orta məktəbinin direktoru Cavid Şahbalayev və başqaları çıxış etdilər.
Suraxanı rayonunun Günəşli
qəsəbəsində yerləşən
Uşaq Bağçaya
bu günlərdə taborun şəhidi
İlham Paşayevin adının
verildiyi bildirildi. Tədbirdə iştirak edən nümayəndəyə
Uşaq Bağçaya
hədiyyə olaraq "Babək-44" taboru kitabı təqdim olundu.
Onlar qeyd etdilər ki, həm Birinci, həm də İkinci Qarabağ müharibələrində döyüşmüş
hərbi hissələr,
taborlar haqqında bu cür kitablar
çox yazılmalıdır.
Çünki bu bizim şanlı tariximizdir. Bu cür qəhrəmanlıqla dolu
oğulların keçdiyi
şərəfli döyüş
yolu gələcək
nəsillərə örnəkdir.
İkinci Qarabağ müharibəsində Zəfərə
gedən yolun da Birinci Qarabağ müharibəsindən keçdiyi
qeyd olundu.
"Babək-44"
taboru kitabında taborun yaranma tarixindən, keçdiyi döyüş yolundan bəhs olunub, həmçinin milli qəhrəmanların,
şəhid və itkin düşən, yaralanıb sağlamlığını
itirən döyüşçülərin
və sağ qalan döyüşçülərin
şəxsi məlumatları
yer alıb. Döyüşlərdə
və döyüşlərdən
sonra ayrı-ayrı vaxtlardakı tədbirlərdə
çəkilən fotolar
kitabı daha da canlandırıb.
Səhər Şıxəli Manaf
sonda vaxt ayırıb tədbirə
gələn hər kəsə, eləcə də Milli Elmlər Akademiyasının Mərkəzi
Elmi Kitabxanasının
rəhbərliyinə təşəkkür
etdi.
Bəxtiyar
ƏLİYEV
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, ¹8.- S.21.