BDU-da
ustad dərsi:
"Manas" eposu və türk
dastançılıq ənənələri"
Bakı
Dövlət Universitetinin
(BDU) İnformasiya və sənəd menecmenti
fakültəsində 27 mart - Azərbaycan Respublikasında
"Elm günü" ilə bağlı silsilə tədbirlər
çərçivəsində professor-müəllim heyətinin
və tələbələrin iştirakı ilə
""Manas" eposu və türk dastançılıq ənənələri"
mövzusunda ustad dərsi keçirilib. Ustad dərsində
Beynəlxalq Aytmatov Akademiyasının fəxri akademiki,
manasşünas alim Adil Cəmil mövzu üzrə məruzə
edib.
Məruzədə dünya ədəbiyyatında
həcmcə ən böyük epos
nümunəsi olan "Manas" dastanı haqqında geniş
məlumat verilib, qırğız türklərinin ərsəyə
gətirdiyi bu zəngin abidənin yalnız türk
dünyasının deyil, dünya xalqlarının şifahi ədəbiyyatındakı
yeri və mövqeyi təhlil edilib. Qeyd olunub ki, türk
xalqlarının tarixini, qəhrəmanlığını və
əyilməziyini, adət-ənənələrini yaşadan,
gələcək nəsillərə ötürən
"Manas" eposu bu gün türk birliyinin möhkəmləndirilməsində
mühüm rola malikdir. Məruzəçi vurğulayıb
ki, 1995-ci ilin avqustunda Qırğızıstanda "Manas"
dastanının 1000 illiyinə həsr olunmuş yubiley tədbirində
Ulu Öndərimiz Heydər Əliyev bu möhtəşəm
abidə haqqında yüksək fikirlər söyləmiş,
dastanı Azərbaycan türklərinin də mədəni, mənəvi
sərvəti hesab etmişdir. Ulu Öndər tarixi
çıxışında demişdi: ""Manas"
qırğız xalqının böyük mədəni və
mənəvi sərvətidir, bütün dünya
sivilizasiyasının, bəşəriyyətin dəyərli
sərvətidir, türk dünyasının, türkdilli
xalqların, İslam dünyasının böyük mənəvi
sərvətidir. "Manas" eyni zamanda Azərbaycan
xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi,
mədəni sərvətidir. Manas bizim hamımızın,
xalqlarımızın hamısının ulu
babasıdır".
Məruzədə dastanın elmə
məlum olan variantları, müxtəlif
dillərə tərcümələri, bu istiqamətdə
aparılmış tədqiqat işləri barədə
dolğun informasiyalar diqqətə çatdırılıb.
"Manas"ın nəşr tarixindən bəhs edən məruzəçi
bildirib ki, eposun bir neçə boyu ilk dəfə 1856-cı ildə
Qazax ziyalısı Çokan Valixanov tərəfindən
yazıya alınıb: "Akademik Radlov 1885-ci ildə eposu
alman dilinə çevirərək (sətri tərcümə
ilə) nəşr etdirib. Qardaş Türkiyədə isə
dastanı ilk dəfə nəsr etdirən Abdulkadir İnan
olmuşdur". Araşdırmada həmçinin eposun Azərbaycan
elmi-ədəbi fikrində yeri şərh olunub,
"Manas" eposu ilə "Kitabi-Dədə Qorqud",
"Koroğlu" dastanları arasında paralellər
aparılıb, bütün bu mədəni abidələrin
türk xalqlarının ortaq dəyərləri olduğu
xüsusi vurğulanıb.
Ustad dərsi maraqla dinlənilib, mövzu ilə bağlı
geniş fikir mübadiləsi aparılıb.
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.18.