Məzahir, mən Bahadur Fərman deyiləm...
Ustad Qərib
Mehdinin son yazılarındandı. Oxudum. Gəncəli
günlərin xatirələrinə susadım. Sabir
Əliyevli, Xəlil Yusiflili, Mürşüd Məmmədlili,
Xəzangüllü, Aləmzar Əlizadəli, Nizami
Aydınlı, Sahib İbrahimli, Ələsgər
Əlioğlulu, Firəngizli günlərin havasında
yaşadım. Ustadın kövrək xatirəsində
yaşadım... Ruhu şad olsun.
Sərvaz
Şəmkirdə yaşayan şair
dostum Məzahir Hüseynzadəyə zəng
etdim:
- Məzahir, "Ədəbiyyat
qəzeti"ndə çıxan
şeirlərini oxudum. Gözəl şeirlərdir. Səni təbrik
edirəm.
Cavabı
məni çaşdırdı:
"Sağ ol, Bahadur... Əsas sənsən,
sənin fikrindi..."
Sən demə, Bahadurun münasibətini dördgözlə gözləyirmiş.
Amma mən qabağa düşmüşəm. Elə bilib zəng
edən Bahadurdu.
- Məzahir, mənəm ey, Qərib Mehdidi...
Üzrxahlıq etdi.
Növbəti zəngim Məzahirin
yeni çıxmış kitabıyla bağlı oldu. Yenə
də xoş təəssüratımı bildirmək istəyirdim.
Həmən cavab verdi: "Sağ ol, Bahadur... Zəngini elə
gözləyirdim ki..."
Yenə
də özümü
nişan verəsi oldum:
- Qəribəm ey, Qərib. Qərib Mehdi...
Sonra yenə də... Yenə də
və hər dəfə eyni üzrxahlıq!
Günlərin birindəsə Bahadur Fərmanın müdhiş ölüm xəbərini
aldım. Bu ağır itkini Məzahirə necə
çatdıracaqdım? Deməsəm də olmazdı. Nə
qədər ağır olsa da, telefon açdım: "Məzahir,
sənə deməli sözüm var".
Məzahirin təntik səsi
qarşıladı məni:
- Sənə qurban olum, Bahadur! Nə yaxşı, sən varsan!..
Donub qalmışdım. Nə deyəcəyimi
bilmirdim. Yenidən kimliyimi dilə gətirmək,
xatırlatmaq istədim. Amma bacarmadım. Qıymadım.
Gücüm yetmədi. Xəttin o başındasa Məzahir
öz aləmindəydi:
- Nə yaxşı bu dünyada sən varsan, Bahadur... Nə
yaxşı... Yoxsa biz sənsiz neylərdik? Bahadur, Bahadur, səsin
niyə gəlmir, niyə susdun, niyə danışmırsan?
Bahadur...
Nə cavab verəcəyimi bilmədim. Bu üzgün məqamın ən
mümkün cavabı susmaq idi. O, Bahaduru
çağırır, mənsə sükuta qərq olmaqla
Bahaduru "yaşadırdım"...
Qərib MEHDİ
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.18.