Mir Cəlal Məhəmməd
Hadinin
ilk tədqiqatçılarından
biri kimi
Ədəbiyyatşünaslıq
elminin hər üç sahəsində (ədəbiyyat
tarixi, ədəbiyyat nəzəriyyəsi və ədəbi
tənqid) qələmini sınayıb fundamental əsərlər
yazan, ensiklopedik təfəkkürlü, daha çox faktlarla
işləməyə üstünlük verən, sadə, anlaşıqlı deyim tərzi
və analitik təhlil üsulu ilə müasirləri
arasında seçilən,
yazıçılığında olduğu kimi, elm sahəsində
də məktəb yaradan professor Mir Cəlalın XX əsr Azərbaycan
romantizminin yaradıcılarından olan Məhəmməd Hadi
haqqında yazdıqları onu ilk mötəbər
hadişünas alimlərdən biri kimi səciyyələndirməyə
əsas verir.
Mir Cəlal
müəllimdə Məhəmməd Hadi irsinə maraq və
məhəbbət elmi fəaliyyətinin ilk onilliklərində
yaranmış və elmi yaradıcılığının,
demək olar ki, axırlarına kimi davam etmişdir. O, M.Hadi
irsini yalnız tədqiq etməklə kifayətlənməmiş,
ali məktəb müəllimi kimi uzun illər sənətkarın
təbliği və tədrisi ilə də məşğul
olmuşdur.
Mir Cəlal
müəllimin M.Hadi haqqında ilk yazısı SSRİ Elmər
Akademiyası Azərbaycan filialının xəbərlərinin
1943-cü ilin aprel ayında nəşr olunan
dördüncü nömrəsində
çıxmışdır (Mir Cəlal. Şair-vətəndaş.
SSRİ Elmlər Akademiyası Azərbaycan filialının xəbərləri.
EAAzF nəşriyyatı, Bakı-1943, aprel, N 4. s.66-80). Onun bu
məqaləsi elə bir vaxtda yazılaraq çap
olunmuşdur ki, həmin illərə qədər M.Hadi irsi bir
neçə yazı istisna olmaqla, demək olar ki, tədqiq
olunmamış, yazıların bəzisində çox ciddi
yanlışlıqlara yol verilmiş, müəllifin sözləri
ilə desək, "o füyuzatçı, qəliz yazan,
Qurandan sitat gətirən, bədbin və əyyaş
adlandırılmışdır" (orda, s.66).
"Böyük
şair və xırda adamlar", "Hadi siyasi lirika, vətənpərvər
romantika ustasıdır" və "Hadi mütəfəkkir
şairdir" adlı üç bölmədən ibarət
olan məqalənin ilk səhifəsində Mir Cəlal müəllim
M.Hadi haqqında Abdulla Şaiqin, Cəfər Xəndanın dərs
kitablarında yazdığı bioqrafik təhlillərin və
daha bir neçə başqa müəllifin adını
çəkərək qeyd edir ki, "acı da olsa, bir həqiqətdir
ki, şair haqqında bəlli-başlı bir təhlil
yoxdur" (orada, s.66).
M.Hadini
ittiham edənlərə cavab vermək üçün sənətkarın
əsərlərini saf-çürük edib onların mahiyyətini
doğru-düzgün dərk edərək dəyərləndirən
alim yazır: "Füyuzatçı" sözü
namüəyyən və isbat olunmamış bir ittihamdır.
Əgər şairin həmin jurnalda şeir və məqalə
çap etdirdiyini nəzərə alırsaq, bunu Sabir də
etmişdir. Əgər Hadidə dil-stil cəhətincə
osmanlı təsiri tapdığımız üçün
bu ittihamı veririksə, bu da əbəsdir... Hadinin
"Füyuzat" ilə orqanik bağlı
olmadığını onun öz əsərlərindən,
yaradıcılıq istiqamətindən tapa bilməyənlər,
heç olmasa şairin təşkilat cəhətindən
Əli bəyin dəstəsindən necə ayrıldığını,
balıq sudan kənarda yaşamadığı kimi, Azərbaycandan
kənarda bir il də yaşayıb-yaratmadığını
xatırlasınlar. Bundan əlavə, dilində osmanlı təsiri
var, - deyə Hadini füyuzatçılara - osmanlılara tərk
etsək, fars təsiri ilə, hətta tamamilə farsca yazan
şairlərimizi - Nizami, Xaqani... kimi şairlərimizi
farslara, Qutqaşınlı İsmayıl bəyi
fransızlara bağışlamalıyıq. Belə
iddianı, əlbəttə ki, əqli başında olan adam
etməz" (orada, s.66-67).
Tədqiqatçı
Məhəmməd Hadinin şeir dilinin qəliz olduğunu qəbul
edir və yazır: "Qəliz, çətin yazmaq Hadinin
nöqsanından çox bədbəxtliyidir" (orada, s.67).
Bunu şairin aldığı təhsili, mütaliəsi,
çalışdığı mətbuat orqanları və
zaman amilləri ilə bağlayan müəllif Hadi
yaradıcılığının tarixi talesizliyini bilavasitə
xalqla dilləşə bilməməsində görür və
belə hesab edir ki, "şair ilə xalq arasında bir
dilmanc rolunu görən tədqiqatçılar kənara
çəkildimi, Hadi kütləvi Azərbaycan oxucusu
üçün, hətta müasir ali məktəb tələbələri
üçün qapalı bir sandıqdır. Elə buna
görə də şairin sənətinə həqiqi, ya
qeyri-həqiqi verilən qiymət və təhlillər
geniş miqyasda müzakirə və müqayisə mövzusu
ola bilmir. Bir də Hadinin "Füyuzat" jurnalında
işləməsi və yazılarını burada çap
etdirməsi şairi istər-istəməz həmin jurnalın
dil, stil xəttinə boyun əyməyə məcbur
etmişdir" (orada, s.67).
Mir Cəlal
müəllimin fikrincə, yuxarıda deyilənlər və
şairin köhnə məktəb təhsili nəzərə
alınarsa, "dil məsələsi haqqında artıq
danışmağa ehtiyac qalmaz" (orada, s.67).
Məhəmməd
Hadini "Quran"dan, hər hansı dini kitabdan sitat gətirməkdə
günahlandıranlara müəllifin cavabı istər
zamanı, istərsə də bu günümüz
üçün aktual və ibrətvericidir. Mir Cəlal
müəllimin quruluşun dinə, "Quran"a qənim kəsildiyi
bir dövrdə yazdıqlarını burada olduğu kimi
veririk: "Şairin Qurandan, ya hər hansı dini kitabdan sitat
gətirməsi onun mömin, mövhumatçı
olmasından deyil, bəlkə, fanatiklərlə mübarizədə
düşmənin öz silahından istifadə etmək məharətindəndir.
Hadinin Qurandan gətirdiyi sitatlar oruc, namaz, xüms, zəkat, ya
təharət haqqında deyildir. Elmin, maarifin, tərəqqinin
zərurəti haqqındadır. Şair
qarşısındakı hərif ilə onun səviyyəsinə,
tərbiyəsinə, mədəniyyətinə görə
danışmağı təsirli və faydalı sayır.
Hadini dindar və bədbin tanımaq istəyənlərə
məsləhət görərdik ki, şairin
"Şükufeyi-hikmət"ə müqəddiməsini
bir də oxusunlar. Şair burada bir kəlmə də iki mənalı
söz demir" (orada, s.67-68). Şairin kitabçaya müqəddiməsini
şərh edən müəllif onu bu xüsusda
günahlandıranların əməlini ədəbiyyat və
elm aləminə soxulmuş peşəkar bir mərdümazarın
əməlinə oxşadaraq yazır: "Həyatında
şairi biz belələrindən qoruya bilmədik. Bunun məsuliyyəti
tarixin boynunadır. İndi heç olmasa şairin
ölüsünü də olsa bu mərdümazardan qorumaq
bizim hər birimizin vətən və mədəniyyət vəzifəmizdir"
(orada, s.68).
Bədbinlik
məsələsini şair haqqında adi bir böhtan hesab edən
alim qeyd edir ki, mən bu böhtanı rədd eləmək
üçün şairin əsərlərinə müraciət
etmirəm. "Bu böhtanı rədd etməmək də
olar. Çünki bədbinlik şairi kiçiltsə idi, Xəyyam
gərək görünməz olaydı. Halbuki Hadidə Xəyyamda
olduğu kimi mübarizədən əl üzmək, hər mənanı
badədə axtarmaq kimi bir tərk-dünyalıq yoxdur. Bunu
deyənlər şairin məşhur "İnsanların
tarixi faciələri" adlı fəlsəfi-lirik
poemasını, fəryadlarını nəzərə
almırlar. Həmin şeirlərin heç birində bədbinlik
yoxdursa, əksinə həssaslıq, həyatın
künhünə varmaq meyli, fəlsəfi ənginlik
vardır" (orada, s.68).
M.Hadini
şəraba meyilli olmaqda günahlandırıb onu əyyaş
hesab edənlərə Mir Cəlal müəllimin cavabı
onun M.Hadiyə olan sevgisindən daha çox, şairi
anlamağından, onun şəxsiyyətinə və
yaradıcılığına dərindən bələd
olmasından irəli gəlir. Məqalədə oxuyuruq:
"Şairin xüsusən həyatının
axırlarında laübalı keçinməsi, cibində
şərab şüşəsi gəzdirməsi də Hadinin
ictimai iztirabları ilə bağlıdır. Buna əyyaşlıq
deyənlərə bu beyt yaxşı cavabdır:
Füzuli
dərd əlindən dağa çıxdı,
Dedilər
bəxtəvər yaylağa çıxdı.
Hadi də
belə dağa çıxmağa məcbur olmuşdu.
Özü də Şamaxı, Gəncə dağlarına
yox, həbsxanalardan, Yunanıstan sürgünlərindən
sonra Karpat dağlarına qədər gedib
çıxmışdı. Lakin orada, qanlı müharibə
meydanlarında da Hadi öz dərdi, xalqının, vətəninin
dərdi ilə məşğul idi" (orada, s.68).
Mir Cəlal
müəllim doğru olaraq qeyd edir ki, "Hadi təxminən
15 ilə yaxın aktiv yaradıcılıq dövrü
keçirmiş, "Firdovsi-ilhamat" (1908),
"Şükufeyi-hikmət" (1914), "Eşqi-möhtəşəm,
yaxud ana qucağı" (1914), "Əlvahi-intibah, yaxud
insanların tarixi faciələri" (1918) adlı şeir
kitablarını, "Şeir inciləri"ni və tarixə,
mədəniyyətə, ədəbi əsərlərə
dair "Həyat" və "Füyuzat" səhifələrində
bir sıra publisist yazılar yazmış, Nizamidən, Sədidən,
Hafizdən, Rumidən müxtəlif məharətli tərcümələr
etmişdir" (orada, s.69).
Bu qeyd təsdiq
edir ki, Mir Cəlal müəllim həmin illərdə az
öyrənilən, əsərləri tədqiq və təbliğ
olunmayan M.Hadi yaradıcılığına dərindən bələd olmuş, onun
sağlılğında çap olunmuş kitablarını,
"Həyat" qəzetində və "Füyuzat" məcmuəsində
çıxan bədii, publisistik, elmi əsərlərini və
tərcümələrini mütaliə etmişdir.
Burada yeri
gəldiyindən bir məsələni qeyd etmək istəyirik.
"Yaradıcılığa başlayarakən özünə
"Hadi" təxəllüsünü götürən (ərəbsə
doğru yol göstərən, düz yola çağıran;
izçi, bələdçi) və təxəllüsünün
daşıdığı mənalara bütün
yaradıcılığı boyu sadiq qalan böyük mütəfəkkirin"
(İslam Qəribli. Məhəmməd Hadi: həyatı və
yaradıcılığı. Bakı: "Elm və təhsil",
2020, s.10) ilk mətbu əsəri olan "Bəyani-həqiqət"
adlı məqaləsi "Həyat" qəzetinin 23 iyul
1905-ci il tarixli 35-ci nömrəsində (Məhəmməd
Hadi Əbdülsəlimzadə Şirvani. Bəyani-həqiqət,
"Həyat" qəzeti, 23 iyul 1905-ci il , ¹35), son
yazısı - "Qəmərə" şeiri isə
"Bəsirət" qəzetinin 3 may 1919-cu ildə
çıxan 227-ci nömrəsində dərc olunmuşdur (Məhəmməd
Hadi. Qəmərə. "Bəsirət" qəzeti, 3 may
1919-cu il, ¹227). Məhəmməd Hadinin 1905-1919-cu illərdə
Azərbaycanda və Türkiyədə çıxan iyirmiyə
yaxın mətbuat orqanında 260-a qədər orijinal poetik əsəri,
27 poetik tərcüməsi, 126 elmi-publisitik məqaləsi, nəsr
əsərləri dərc edilmişdir.
M.Hadinin
sağlığında nəşr edilən ilk kitabı
"Firdövsi-ilhamat" adlanır. Hacı Zeynalabdin
Tağıyevin maddi yardımı ilə çıxan, 120 əsərin
daxil olduğu bu kitab Bakıdakı "Kaspi" mətbəəsində
çap olunmuşdur (Məhəmməd Hadi Əbdülsəlimzadə
Şirvani. Firdovsi-ilhamat. Bakı: "Kaspi" mətbəəsi,
1908).
İslam QƏRİBLİ
(Davamı
olacaq)
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, ¹8.- S.10.