Yaşar Qarayev:
"Səməd Vurğunun
poeziyası da,
bioqrafiyası da bilavasitə
xalqın tarixinin və taleyinin ifadəsidir"...
Səməd
Vurğun irsi, az qala, bir əsrdir ki, ardıcıl olaraq ən
ciddi və nüfuzlu ədəbiyyatşünasların,
dilçilərin, folklorşünasların, etnoqrafların,
filosofların... maraq dairəsindədir: görkəmli
yazıçı və ədəbiyyatşünaslar Mir Cəlal
Paşayevin, Mehdi Hüseynin, akademiklər Məmməd Arif
Dadaşzadənin, Məmməd Cəfər Cəfərovun,
Kamal Talıbzadənin, Nizami Cəfərovun, professorlar Cəlal
Abdullayevin, Fəridə Vəlixanovanın, Şirindil
Alışanlının, Qurban Bayramovun... elmi fəaliyyətinin
geniş bir sahəsini şairin
yaradıcılığına həsr etdikləri fundamental əsərləri
təşkil edir. Onlardan Səməd Vurğun sadə, təvazökar,
eyni zamanda möhkəm əqidəli, prinsipial, xalqın qəlbində
öz əzəmətli heykəlini sağlığında
ucaldan böyük şəxsiyyət, ictimai xadim, Azərbaycanı
poeziyaya gətirmiş ustad şair, görkəmli dramaturq,
öz konsepsiyası olan ədəbiyyat nəzəriyyəçisi,
səriştəli tərcüməçi... kimi keçir.
Bu ciddi və nüfuzlu mütəxəssislərin
sırasında AMEA-nın müxbir üzvü professor Yasar
Qarayev də mötəbər yerlərdən birini tutur. Onun,
ustad şairin yaradıcılığına məxsusi həsr
etdiyi irihəcmli məqalələrin ("Romantikaya yeni
baxış", "Böyük sovet şairi",
"Canlı müasirimiz", "Azərbaycan ədəbiyyatının
Vurğun dövrü") vurğunşünaslığa
dair yazılanlardan öz orijinallığı ilə xeyli fərqlənir.
Sonuncu məqaləni isə vurğunşünaslıqda ciddi
bir hadisə kimi də dəyərləndirmək olar: belə
ki, ilk dəfə Yaşar müəllimin konseptləşdirdiyi
bu mövzu və bu ad, bizə görə, Səməd
Vurğunun ədəbiyyatımız tarixindəki xidmətlərini
müəyyənləşdirən ən dəqiq atributlardan
biridir.
Həqiqət
naminə qeyd edək ki, Azərbaycan filologiyasında
S.Vurğun dövrünün, mərhələsinin
mövcudluğu adıçəkilən məqaləyə qədər
də bu və ya digər şəkildə etiraf olunur və təsdiqlənirdi.
Yaşar müəllim bu adı məqaləsinin
başlığına çıxarmaqla, bir qədər
ümumi və fraqmental şəkildə deyilmiş oxşar
mülahizələri ədəbi-tarixi fakt səviyyəsində
konkretləşdirdi və təsdiqlədi. Həm də, təkcə
adı sadəcə başlığa çıxarmaqla yox, həmin
adı məqaləsində irəli sürdüyü tezislərlə
əsaslandırmaqla, belə demək mümkünsə,
dövrü sahibinə qaytardı. "Azərbaycan ədəbiyyatının
Vurğun dövrü" bölgüsü mütəxəssislər
tərəfindən birmənalı olaraq qəbul edildi, şairlə
eyni dövrdə yaşayıb-yaradan və ondan sonra ədəbiyyata
gələn bütün istedadlı şairlər onun poetik məktəbinin
davamçıları olduqlarını, ondan öyrəndiklərini
fəxarətlə dilə gətirdi və bu ədəbi
varislikdən qürur duydular. Səməd Vurğuna borclu
olduğunu etiraf edən və onu özünə ustad bilən
Bəxtiyar Vahabzadə şairin nəfəsini "əcdad nəfəsi"nə
bərabər tutmuş, Məmməd Araz özünün və
ədəbi nəslinin "şeirə Səməd
Vurğunun şöhrətinə gəldiklərini, amma
heç birinin Vurğun ola bilmədiklərini" təvazökarlıqla
dilə gətirmiş, Xəlil Rza onu "milli sərvətimiz,
Vətənin özü", Nəbi Xəzri "müasir
poeziyamızın təmiz, pak vicdanı", Tofiq Bayram
"istedadlı gənclərin mənəvi atası",
Hüseyn Kürdoğlu "şeirimizin
Şahdağı", Məmməd Aslan
"çağdaş poeziyamızın rəngi", Nəriman
Həsənzadə "epoxanın poetik tərcümeyi-halı"
adlandırmış, Qabil öz şair nəslini "Səməd
Vurğunun mənəvi övladları, həyata
keçmiş arzuları, canlı əsərləri"
hesab etmiş, Oqtay Rza "gənc şairlərin
yazmağı ondan öyrəndiklərini, ustadın indiki
şairlərə də bələdçilik etdiyini"
vurğulamış, Əliağa Kürçaylı da "ədəbi
nəslinin taleyində Səməd Vurğunun müstəsna
xidmətləri olduğunu, başlarında S.Vurğunun əlinin
istisinin duyulduğunu, onları pərvazlandıranın, ərsəyə
çatdıranın" Səməd Vurğun olduğunu, gənc
şairlərin onu özlərinə "mənəvi
ata" hesab etdiklərini diqqətə çatdırır. Hər
biri böyük istedad sahibi və poeziyamızın
aparıcı qüvvələri olan bu sənətkarların
səmimi etirafları Səməd Vurğunun milli ədəbiyyatımızın
inkişafına öz zəngin yaradıcılığı
ilə yanaşı, həm də yaratdığı əzəmətli
ədəbi məktəblə xidmət etməsinin təsdiqidir.
Ədəbiyyata
bir qədər sonra gələn şairlərimiz də
S.Vurğun yaradıcılığı və şəxsiyyətinə
ehtiramla yanaşmış, onun
yaradıcılığını yüksək dəyərləndirmişlər.
Belə ki, çox istedadlı şairlərimizdən Ramiz
Rövşən "Komsomol poeması"nı Füzulinin
"Leyli və Məcnun"undan sonra yazılı ədəbiyyatımızda
ən gözəl sevgi poeması", Zəlimxan Yaqub
şairi "Azərbaycan xalqı və ədəbiyyatının
başucalığı, dilimizin memarı"
adlandırmış, Vaqif Bayatlı isə "Bir dəfə
"Azərbaycan" demək -Azərbaycan, iki dəfə
"Azərbaycan" demək isə - Səməd Vurğun
deməkdir"- kimi obrazlı ifadəsi ilə ustad şairi
Ana Vətənlə eyni zirvədə
görmüşdür...
Müqayisə
üçün xatırladaq ki, S.Vurğun haqqında ilk irihəcmli
məqaləni Mir Cəlal Paşayev yazıb.
"Özünü yenidənqurma yollarında" adlı o
məqalə sovet dövründə şairin
yaradıcılığı ilə bağlı aparılan əksər
tədqiqatların təməlində dayanmış, ondan, demək
olar ki, bütün vurğunşünaslar bu və ya digər
şəkildə bəhrələnmişlər. Yaşar
müəllimin isə adını çəkdiyimiz məqaləsi,
mübaliğəsiz deyirik ki,
vurğunşünaslığın müstəqillik
dövrünə binagüzarlıq etmişdir. Üstəlik,
bu məqalə S.Vurğuna qarşı son illər irəli
sürülən ittihamlara da tutarlı cavablar verir.
Yeri gəlmişkən,
bir məqama da diqqət yönəldək: əslində
müxtəlif alimlərin eyni mövzulara, hadisə və
predmetlərə (xüsusilə də, bir əsr
ardıcıl tədqiq olunan S.Vurğun kimi ustad şairin mətnlərinə)
münasibətlərində oxşarlıqların olması
anlaşılandır. Belə bənzərliklər, təbii
ki, Y.Qarayevin də dəyərləndirmələrində var.
Amma, onun özünəməxsus üslubu və ifadə tərzi
heç kimin dediklərinə bənzəmir.
S.Vurğunun
"şeirimizin milli timsalı" olduğu Y.Qarayevin bu məqaləsinə
qədər də, yəni, sovet dövründə də
deyilmişdi. Və təkcə Azərbaycan ədəbiyyatşünasları
yox, qeyri millətlərin nümayəndələri də onu
bu statusda tanıyırdı. Onu "Azərbaycan
xalqının milli pasportu", "milli ədəbiyyata sevgi
oyadan ilk Qafqaz şairi" və s. adlandırırdılar.
S.Vurğunu "təbiətimizin milli timsalı" isə
ilk dəfə Y.Qarayev adlandırmış və üstəlik,
orijinal bir təklif də irəli sürmüşdü:
"Vurğun ilhamının ən uca orbiti poeziyanın səması
idi: o hələ "Muğan" poeması ilə
özündən sonrakı poetik perspektivin ... ilk özül
daşlarını qoyur. Elmi-texniki inqilabın təbiət əleyhinə
çevrilən nəticələrinə qarşı
poeziyanın böyük üsyanını elan edir. XX yüzilin
təbiəti müdafiə salnaməsinin ilk səhifəsinə
məhz Səməd Vurğunun "Muğan"
poemasındakı ceyranın emblemini həkk etmək
lazımdır".
Deyilənlər
Yaşar müəllimin adını çəkdiyi
"Muğan" poemasından "qara gözləri dillərə
düşən" ceyranı gözlərimiz önündə
canlandırmaqla yanaşı, bu misraları da yada salır:
Kür
qırağı, Qarayazı, göy çəmən,
Qoşa
palıd, tüstülənən od-ocaq.
Saç
ağardı, unutmadım sizi mən,
Hansı
şair sizi bir də yazacaq?
Y.Qarayev
S.Vurğunun sənətdə böyüklüyünə
körpünü, maraqlıdır ki, zahiri əzəmətindən,
ucalığından salır. Bildirir ki, "Səməd
Vurğun həmişə tribunaya da qartal kimi sinə gərərdi
və bu tribuna nə qədər uca olsaydı, Vurğun ona o
qədər yaraşardı".
S.Vurğunun
tamlığa, sonsuzluğa, yalnız ömür adlı
zamanda yox, həm də "Azərbaycan" adlı məkanda,
Vətəndə nail olduğunu vurğulayan Y.Qarayev yazır:
"Ən mükəmməl "Azərbaycannamə"
40-60-cı illər şeirində hamıdan çox
Vurğunun poeziyasıdır. Könül və can kimi
Vurğun və Azərbaycan da bu şeirdə bir yerdədir:
"Azərbaycanı o, şeirdə yenidən yaradır.
Milli himn şəklində, "Muğan" şəklində,
"Bakının dastanı", "Aslan qayası"
şəklində, hətta "Lökbatan" şəklində!
Muğanın, Bakının, Lökbatanın ikinci dastanı
bu tamlıqda, möhtəşəmlikdə daha heç kəsdə
yoxdur.
Digər
tərəfdən, Azərbaycanın şeir dilini Vurğun
yenidən yaradır. Bu tamlıqda, duruluqda, saflıq və
gözəllikdə Azərbaycan türk şeir dili o illər
hamıdan çox Vurğuna xas idi".
Y.Qarayev
Azərbaycanın qəhrəmanlıq keçmişinin ruh və
yaddaş tarixinin şeirdə ən mükəmməl salnaməsini
də o illərdə yenə hamıdan mükəmməl, məhz
Səməd Vurğunun yaratdığını deyir; Zərdüştün,
Hörmüzün, Şirinin, Fərhadın, Vaqifin, Söhbətin,
Şahbazın obrazlarının səhnədən bizim tarixə,
məhz, Vurğunun dili və sözü ilə daxil
olduğunu xatırladır.
S.Vurğunun
poeziyası və bioqrafiyasını "xalqın tarixinin və
taleyinin ifadəsi" adlandıran Y.Qarayev şairin müsibətlər
içində keçən gəncliyinin qanlı
keçmişindən ayrılan və yenidən doğulan
ölkənin ilk gəncliyi ilə eyni tarixi dövrə
düşdüyünü də diqqətə
çatdırır. Yeni epoxanın ictimai-siyasi həyatda aprel
çevrilişi ilə, çağdaş milli poeziyada isə
Səməd Vurğun və onun təmsil olunduğu ədəbi
nəsillə başladığını, şəxsiyyəti
və yaradıcılığına məxsus bədii və
inqilabi miqyasların şairin, bütünlükdə milli
poeziyanın da bioqrafiyasında tarixi yerini və xidmətini
müəyyənləşdirdiyini diqqətə
çatdırır, əlavə edir ki, "Nizaminin və
Xaqaninin, Nəsiminin və Füzulinin, Vaqifin və Sabirin
böyük varisi və xələfi rolunda indi o tayda Şəhriyar,
bu tayda Vurğun çıxış edirdi" .
Azərbaycan
xalqının milli-ictimai düşüncəsinin, əxlaq və
mənəviyyatının, bədii təfəkkür və
intellekt ənənəsinin XX yüzilin ortalarında öz təkrarsız
əksini bu bədii-tarixi fenomendə - Səməd Vurğun
poeziyasında tapdığını qeyd edən Y.Qarayev dediklərinə
bunları da əlavə edir: "Qanadlı və romantik bir vətəndaşlıq
amalına, bədii-estetik və fəlsəfi ideala xidmətdə
miqyaslı qlobal meyarlar və hüdudlar onu yalnız
böyük sələfləri ilə yox, həm də
böyük müasirləri ilə müqayisə edəndə
görünür" .
O
dövrün böyük romantik ənənəsinin
hamıdan çox S.Vurğunun adı ilə bağlı
olduğunu vurğulayan Y.Qarayev deyir ki, "Füzulidən və
Hafizdən, Bayrondan və Puşkindən, Əbdülhəqq
Hamiddən və Namiq Kamaldan, Məhəmməd Hadidən və
Hüseyn Caviddən sonra romantik poeziyada ən böyük yeri
Səməd Vurğun tuturdu. Poetik ərşə və zirvəyə
yüksəltdiyi Vaqiflə, Fərhadla, Şahbazla birlikdə
o da romantik ucalıq və zirvəyə yüksəlirdi"
.
Şairin
"Şair, nə tez qocaldın sən?!", "Gödəkçə",
"Unudulmuş tək məzar", "Mən tələsmirəm"
kimi fəlsəfi şeirlərini bədii dildə və
üslubda "katarzis"in qabarıq nümunəsi hesab edən
müəllif "Zamanın bayraqdarı"nda da bizimlə
danışanın poeziyanın bayraqdarı - Vurğunun
özü olduğunu vurğulayır. Bu poemanı
"dövrün ədəbi zirvələrindən birini təşkil
edən şeir incisi, peşəkar sənət hadisəsi"
hesab edir, sənətin isə ideologiyadan həmişə
yüksəkdə dayandığını diqqətə
çatdırır.
Yaşar
müəllim şairin digər siyasi mündəricəli əsərləri
ilə də bağlı maraqlı mülahizələr irəli
sürür. S.Vurğuna məxsus istedadın, poetik təfəkkürün
əsl miqyası və möhtəşəmliyinin məşhur
"Dünya" və "Yadıma düşdü" rədifli
qoşmalarda deyil, məhz "Zamanın bayraqdarı",
"Komsomol poeması", "İstiqbal təranəsi"
tipli böyük bədii strukturlarda axıra qədər
gerçəkləşdiyini və sonacan əyani
göründüyünü diqqətə çatdıran
Y.Qarayev deyir ki, "Həmin əsərləri Zamanın tozlu
arxivinə verməyə tələsmək lazım deyil.
Əksinə, zamanın, günün tozundan yaranan pərdəni,
empirik, hərfi qatı onlardakı sözlərin və sətirlərin
üstündən silmək, daxildən, içdən gələn
saflığı özünün təmizlədiyi "təzə"
mətni yenidən oxumaq lazımdır. Bu gün əcdad
Nizamini, Füzulini hakim rəsmi etiketdən təmizləyərək
oxuduğumuz kimi!"
Müəllif
fikrinin davamında şairi sovet ideologiyasına xidmət etməkdə
qınayanlara bir daha cavab verir: "O (S.Vurğun - A.S), yer
kürəsinə sığmırdı, "sovet
ideologiyasına" necə sığa bilərdi?
Sonsuzluğa, intəhasızlığa
sığmırdı, "bolşevik sxolastikaya" necə
sığa bilərdi?
Şair
cahana sığmayan ruhunu, sərhədsiz düşüncəsini
sıxdığı üçün zamana üsyan edir,
faniliyi və müstəqilliyi üçün vaxtın (!)
özünü qınayır:
Uzadaq
ömrünü hər bir anın da,
Yel kimi
ötməsin vaxt üstümüzdən!"
Azərbaycanda
ilk sovet poeziya məktəbini Səməd Vurğunun
yaratdığının təsadüfi
olmadığını xatırladan Y.Qarayev Səməd
Vurğunu böyük şair və böyük poeziya təcəssümü
adlandırır, əlavə edir ki, "Müasirləri
üçün "Vurğun" anlayışı
poeziyadan da geniş idi. Vurğunla şeir arasında təmas
qarşılıqlı, ikitərəfli idi: bu təmasdan hər
şey poeziyanın, poeziya isə Səməd Vurğunun səviyyəsinə
qalxırdı! Vurğunun poeziyası həyat, şəxsiyyət
və şeiriyyət adlı üç dünyadan ibarət
idi.
XX
yüzilin və planetin qayğıları bu üç
dünyaya sığışırdı. Vurğun
ilhamının poetik məcrası, onun sənətkar
marağının bədii əhatə dairəsi ən
geniş fəlsəfi miqyasları, coğrafi üfüqləri
birləşdirirdi" .
S.Vurğunun,
ilk növbədə, Azərbaycan xalqının öz milli qəhrəmanlıq
keçmişinin və ağrılı, dramatik bu
günün nəğməkarı olduğunu vurğulayan
müəllif yazır: "Hər şeirində Vurğun -
eyni vaxtda üç qatda, Azərbaycan, Dünya və tarix
adlı üç məkanda yaşayan filosofdur. Onu bu və
ya digər məhdud zamanın konyuktur, ibtidai, merkantilist
süzgəcinə salıb, ona orada qiymət vermək ən
böyük məhdudluq olardı. Sözlərin, sətirlərin
adi mənası bu obrazın ancaq görünən qatı, səthi
və zahiri tərəfidir" .
Y.Qarayevin
Gəray bəy haqqındakı fikirləri də
orijinaldır: "Sovet dövrü ədəbiyyatında həqiqi
milli xarakterin, realist zadəgan - kübar (mülkədar)
obrazının ilk tutumlu nümunəsi sayılan Cahandar
ağanın da (İsmayıl Şıxlı, "Dəli
Kür") daha qədim, ilkin Cahandar mənşəyini Səməd
Vurğunda tapmaq olar. Poemada ("Komsomol poeması") romantik
Cəlal şərəfsiz və qəddar Kəbleyinin
qurşun yağmuruna hədəf olur, amma Gəray bəyin
özünü Səməd Vurğun "Komsomol
qurşunu" ilə öldürmür: onu Humayın teyfi
Kürdə qərq edir. Bu, Gəray bəyin, hətta
ölümünə şairin rəğbətinin ifadəsi
idi" .
Yaşar
müəllimin S.Vurğunun romantikası haqqındakı
fikirləri də "unudulmuş gerçəyi" əks
etdirir: "O, poeziyanı romantikaya ehtirasla
çağırırdı, həmişə romantikadan
romantik bir heyranlıqla danışardı. Vurğun
poeziyasının qartal qanadı romantika idi. Məhz bu romantika
xalqın xəyalına qanad oldu, şairin özünü
xalqın nəzərində romantik bir yüksəkliyə
qaldırdı. Bu, Səməd Vurğun sənətindəki əzəmətin,
ondakı romantik vüsətin təsdiqi idi".
Romantikanı
xalq ruhu ilə bağlı olan milli lirikamızın, klassik
Şərq şeirinin ən davamlı ənənələrindən
sayan və S.Vurğunun sovet yazıçılarının II
qurultayının kürsüsündən sovet
poeziyasını romantik vüsətə səslərkən,
həm də klassik şeirin bir neçə əsrlik tarixindən
ibarət daha böyük bir ənənəyə istinad
etdiyini xatırladan Y.Qarayev böyük romantik keçmişə
malik Şərq ədəbi-bədii fikrini təmsil edən
bir şairin (S.Vurğunun - A.S.) romantikanın böyük təəssübkeşi
kimi çıxış etməsini qanunauyğun hesab edir.
Yazır ki, "Vurğunun romantikaya
çağırışlarının arxasında həm də
onun öz şəxsi bədii təcrübəsi, fərdi
yaradıcılıq qənaətləri dururdu. Romantika
haqqında Vurğun konsepsiyası Vurğunun romantik
poeziyası zəminində yaranan estetik manifest və nəzəri
təlim idi".
H.Cavid
romantizmi ilə S.Vurğun romantikası arasındakı
varis-irs əlaqələrinin nədən ibarət olduğuna
Y.Qarayev aydınlıq gətirir: "Real fakt kimi baş verən
yaradıcılıq hadisəsi, estetik proses əslində
budur ki, Cavidin metodu romantizmi dəyişir, romantikası isə
qalır (əlbəttə, yeni keyfiyyət kəsb edərək).
İctimai gerçəkliyə çevrilmiş romantikanı
ictimai gerçəkliyin öz romantikası əvəz edir.
Romantik və dramatik poeziyanın böyük təəssübkeşi
S.Vurğun, məhz bu mənada H.Cavidi davam və inkişaf
etdirir: sosialist realizmi daxilində romantik üslubi təmayülün
davamı və inkişafı şəklində...
Yaşar
müəllimin bu qənaəti də ədəbi-tarixi
faktlara söykənir. S.Vurğun, məlum olduğu kimi,
yaradıcılığının ilk dövrlərində
Türkiyə şairləri - T.Fikrət, N.Kamal, Ə.Hamid,
N.Hikmət kimi görkəmli dramaturq Hüseyn Cavidin əsərlərindən
də təsirlənmiş və
"Sızıltılarım" adlı şeirini
"Möhtərəm və əziz Hüseyn Cavidə"
qeydi ilə onun "Sağalmaz" şeirinə müraciətlə
qələmə almışdır. Bu, gənc şairin ilk
ithafı idi. Adıçəkilən şeirlər, təkcə
mövzu deyil, forma və məzmun baxımından da sanki eyni əsərin
parçaları, misraları təsirini bağışlayır.
Üstəlik, onlarda məhəbbət mövzusu yer alsa da,
bütün bəndlər və misralar heç də sevgidən
danışmır: hər iki "mən"in,
"şanlı və qanlı dünya"dan, insanlardan
uzaqlaşıb, qaranlıq bir küncə çəkilmək
istəyi onların dövrdən narazılığından,
"sağalmaz xəstəliy"ə düçar
olmalarından xəbər verir. "Qaranlıq bir küncə
çəkilmək" məcburiyyəti assosiativ olaraq
S.Vurğunun 1944-cü ildə qələmə
aldığı "Şair, nə tez qocaldın sən?!"
şeirinin ilk variantındakı "insanlardan
uzaqlaşmaq" podtekstini də yada salır ("İnsanlardan
uzaqlaşdım; Səda gəldi yerlə göydən;
Şair, nə tez qocaldın sən?!") və onun
ağrılı günlərinin 1940-cı illərdə də
davam etdiyindən xəbər verir.
Əslində
təsadüfi olmayan bu təsirlənmə faktı gənc Səmədin
H.Cavidin "Sağalmaz" şeiri ilə yanaşı,
ümumilikdə yaradıcılığı, eləcə də
onun türkçülük ideologiyasını təbliğ
və tərənnüm etdiyi "Qoca bir türkün vəsiyyəti"
şeiri ilə yaxından tanış olduğu inamını
da yaradır. Həmin şeirdə H.Cavid deyirdi:
Bir millətin
tarixidir - kökü, yurdu, yuvası,
Tarixiniz
baş ucundan hərgiz əskik olmasın.
"Altay"
dağı, "Maham" çölü, həm də
"Yasın" ovası
Birər
aydın səhifədir, hər türk gərək
anlasın.
Deyilənləri
anlayan və "gənc türklər"dən olduğunu təsdiqə
çalışan S.Vurğun da
"Sızıltılarım" (Möhtərəm və əziz
Hüseyn Cavidə) şeirindən az sonra (1927), sanki vəsiyyətə
əməl edib, Altaylara - türkün ulu yurduna üz tutur:
Bir qəlb
ki çalxanar, hər zaman coşar,
Tufanlar
keçirən dəryaya bənzər.
Qafqazda
çırpınar, Altaya qoşar,
Dağlardan
atılan bir yaya bənzər.
Doğrudan
da, burada böyük türk elləri, Turan dünyası yada
düşür: "Şairin qəlb
çırpıntıları məhdudiyyətə
sığışmır, geniş aləmə
çıxmaq istəyir və bu arzu ilə coşur. Lakin onun
yolları sərhədlərlə kəsilmiş,
böyük türk dünyası para-para olmuşdu. Bu halda
şair insan ömrünü xəyala bənzədir, yəni
heç hesab edir"...
Bütün
bunlar "Cavid romantizmi ilə Vurğun romantikası
arasında varis-irs əlaqələri"nin tarixinin elə gənc
Səmədin yaradıcılığa
başladığı illərdən
formalaşdığını və onun ədəbiyyata
romantik şair kimi gəlmək istəyindən xəbər
verir...
Deyilənlər
tənqidimizin filosofu Yaşar Qarayevin
vurğunşünaslığın inkişafında əvəzsiz
rol oynadığını təsdiq etməklə
yanaşı, onun özündən də orijinal bir
vurğunşünas kimi söz açmağa imkan verir...
Aslan
SALMANSOY
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.8-9.