Okassen və
Nikolett
XIII əsr fransız cəngavər romanı
1
Yaxına
gəlsin görək,
Kim istəyir eşitmək
Okassen və Nikolett
Haqqında hekayəni.
Nağıl edim, diqqətlə
Dinləsinlər qoy məni.
Ki, həmin cavan oğlan
Necə
olub müztərib?
Bir cüt aydın göz üçün
Qəhrəmanlıq göstərib?
Maraqlıdır hekayəm,
Dilimsə baldan şirin.
Qüvvət verər qoluna
Çarəsiz xəstələrin
Məni
dinləyənlərə
Sevinclər bəxş edərəm
Qüssə tamam qeyb olar
Bilməzsiniz nədir qəm.
2
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Valensiya
qrafı Buqar Boker qrafı Qarenlə qanlı və qəddar müharibə aparırdı
və elə bir gün olmurdu
ki, o, yüzlərlə cəngavər,
on minlərlə süvari
və piyada əsgərdən ibarət
ordusu ilə şəhərin qala divarlarının, qapısının
və istehkamlarının
müdafiəsində dayanmasın.
Bununla bərabər
o, qraf Qarenin ölkəsini yandırır,
torpaqlarını yararsız
hala salır və adamlarını öldürürdü.
Boker qrafı Qaren qoca və zəif
idi, onun dövranı keçmişdi.
Onun bircə oğlundan başqa varisi yox idi,
nə başqa oğlanları vardı, nə də qızları. İndi onun
oğlunu təsvir edəcəyəm.
Qrafın
oğlunun adı Okassen idi. O yaraşıqlı, hündür
boylu oğlan idi; əlləri, ayaqları və bədəni mütənasib
idi. Açıq sarı və qıvrım saçları,
aydın və şən gözləri, mehriban siması, düz və nazik burnu vardı.
Elə yaxşı oğlan idi ki, bircə dənə də pis xasiyyəti
yox idi, ancaq yaxşı xüsusiyyətlərə malik idi.
Amma o, hər şeyə qalib gələn sevgi hissinə mübtəla olmuşdu, cəngavərlik etmək,
silah götürüb
turnirlərə getmək,
xoşuna gəlməyən
işlərlə məşğul
olmaq istəmirdi. Atası və anası ona dedi:
- Oğul, yaraq-yasaq götür, ata min, torpaqlarını qoru və tabeliyində olanlara kömək et. Onlar səni yanlarında görsələr,
onda öz canlarını, mallarını
və bizim torpaqlarımızı daha
yaxşı qoruyacaqlar.
- Ata, - Okassen cavab verdi,
- siz nə danışırsınız? Əgər
cəngavər olsam, ata minib döyüşlərə
girsəm, düşmənləri
öldürsəm və
onların zərbələrindən
yayınsam, qoy onda tanrı mənim arzuladıqlarımı
mənə verməsin,
siz də mənim bu qədər sevdiyim incə rəfiqəm Nikoletti mənə verməyəsiniz.
- Oğlum, - atası dedi, - bəsdir Nikolett haqqında fikirləşdin. O axı
yad ölkədən gətirilmiş
əsirdir, onu bizim şəhərin vikontu bədəvilərdən
alıb gətirib. Burada onu xaç
suyuna saldırıb və övladı kimi tərbiyə edib. İndi onu halal çörəyini qazanan
birinə verəcək.
Ondan əlini çək. Sənin üçünsə kral
və ya qraf qızı alım. Fransada elə vacib adam yoxdur ki, sən onun qızını
istəyəsən, o da verməsin.
- Yox, ata! Dünyanın
hansı şərəfidir
ki, mənim incə rəfiqəm Nikolett ona layiq olmasın?
Əgər o Konstantinopolun
və ya Almaniyanın imperatriçası
da olsaydı, bu onun yüksək keyfiyyətləri üçün
əskik qalardı.
3
Burada oxunur:
Okassen mənsəblidir,
Boker qəsridir evi.
Amma bu əngəl deyil,
O, Nikoletti sevir.
Nikolettsiz
bu dünya
Yaman gəlir dar ona,
Başına ağıl qoyur
Çarəsiz ata-ana:
"Oğlum, o qız əsirdir,
Kölə kimi alınıb.
Sənə tay olanı tap,
Əsir
qız sənə qalıb?
Gərək mənsəbli olsun
Arvadın da sənintək".
"Yox, ana, ürəyimdə
Təkcə onadır istək.
Ürəyim tapmaz aram
Eşitməsə səsini.
Nikoletti
sevirəm,
Neynirəm özgəsini?"
4
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Boker qrafı Qaren Nikolettin sevgisini Okassenin ürəyindən
çıxara bilmədiyini
görəndə şəhərə,
vassalı olan vikontun yanına gedib ona belə
dedi:
- Cənab vikont, xaç qızınız
Nikoletti buradan aparın. Görüm elə onu bizim
ölkəmizə gətirdiyiniz
torpaqlar lənətə
gəlsin! Axı mən ona görə
oğlum Okasseni itirirəm; o cəngavərlik
etmək, borcunu yerinə yetirmək istəmir. Bilin ki, o qız mənim əlimdə olsaydı, onu ocaqda yandırardım,
elə siz özünüz də məndən ehtiyatınızı
saxlamalısınız.
- Cənab, - vikont dedi, - oğlunuzun gəlib qızla söhbət etməyi heç mənim də xoşuma gəlmir. Mən axı onu öz
pulumla almışam, xaç suyuna saldırmışam, xaç
qızım kimi böyüdüb tərbiyə
vermişəm. İndi də
onu halal çörəyini
qazanan bir oğlana vermək niyyətindəyəm. Burada
oğlunuz Okassenlik heç nə yoxdur. Amma əgər sizin istəyiniz belədirsə, onda qızı elə bir ölkəyə göndərərəm ki, oğlunuz
bir də heç vaxt onu görməz.
- Mən sözümü dedim! - Qraf Qaren
dedi. - Yoxsa sizinçün pis olacaq!
Onlar ayrıldılar.
Bu vikont çox vacib adam idi,
onun görkəmli sarayı, sarayın arxasında isə bağı var idi.
O, Nikoletti ən üst mərtəbədəki
otağa salmağı,
tək qalmasın deyə yanına bir qarı göndərməyi,
çörək, ət,
şərab və başqa vacib şeyləri verməyi əmr etdi.
Sonra qapını möhürlətdirdi
ki, heç kim nə içəri girsin, nə də bayıra çıxsın. Otaqda bircə dənə balaca nəfəslik vardı ki, oradan təmiz hava gəlirdi.
5
Burada oxuyurlar:
Əsir
qalıb Nikolett
Bapbalaca
hücrədə.
Darıxır, qüssə çəkir
Həm gündüz, həm gecə də.
Dalğa-dalğa saçları,
Qələm kimi qaşları,
Mütənasib bədəni
Heyran edir görəni.
Nəfəslikdə dayanır,
Bağa
tərəf boylanır.
Görür açıb qızılgül,
Onu vəsf edir bülbül.
Dərindən ah çəkir qız,
Deyir:
"Qalmışam yalqız...
Okassenin
həsrəti
Ürəyimi göynədir.
Onu sevmişəm deyə
Salınmışam türməyə.
Qəlbim
sıxılır yaman
Qaçım gərək buradan".
6
Deyirlər, danışırlar, nağıl edirlər ki:
Bildiyiniz
kimi, Nikoletti sarayın ən yuxarıdakı hücrəsinə
salıb bağlamışdılar.
Hər yerə xəbər yayıldı
ki, o yoxa çıxıb.
Bəziləri fikirləşdi
ki, o başqa ölkələrə
qaçıb, bəziləri
isə deyirdi ki, onu qraf Qarenin
əmriylə öldürüblər.
Ola bilər bu xəbər
kimisə sevindirmişdi,
ancaq Okassen dərd içindəydi.
O şəhərə gedib vikontdan soruşdu:
- Cənab vikont, dünyada hamıdan çox sevdiyim əziz rəfiqəm Nikolettin başına nə oyun açmısınız?
Siz onu məndən
almısınız, oğurlamısınız!
Bilin ki, əgər mən qüssədən ölsəm, sizdən qisas alacaqlar və bu çox
ədalətli olacaq. Axı mənim ölümümə dünyada
hamıdan çox sevdiyim insandan ayırmaqla məhz siz səbəb olmusunuz.
- Cənab, - vikont dedi, - bəsdirin görək. Nikolett əsir idi, öz pulumla bədəvilərdən alıb
yad ölkədən gətirmişdim.
Onu böyütmüşəm,
yedizdirmişəm, tərbiyə
vermişəm, xaç
suyuna saldırmışam,
indi də halal yolla onun üçün
çörəkpulu qazanan
birinə verəcəyəm.
Burada sizlik heç nə yoxdur. Sizsə gedin kral, ya
da qraf qızı alın. Həm də ki, Nikoletti oynaşınız eləsəniz,
nə qazanacaqsınız?
Həm bu dünyada biabır olacaqsınız, həm də o dünyada cəhənnəmə düşəcəksiniz.
Çünki bu əməldən sonra çətin ki, cənnət
üzü görəsiniz.
- Cənnətdə nə işim var? Mən heç ora getmək istəmirəm. Mənə ancaq sevgilim, əziz, incə Nikolettim lazımdır. Axı cənnətə ancaq sizə deyəcəyim adamlar gedir. Ora ancaq qoca keşişlər,
bütün günü
kilsə qapılarında
sülənən dilənçilər,
ayağı yalın,
əyni cırıq sərsərilər, aclıqdan,
susuzluqdan, soyuqdan və başqa məhrumiyyətdən ölənlər
gedir. Onların hamısı cənnətə
gedir, mən onlarla neyləyəcəyəm?
Mən cəhənnəmə
getmək istəyirəm,
çünki ora alimlər və turnirlədə ölən
cəngavərlər düşür.
Mən də onlarla bir yerdə
olmaq istəyirəm. Ərindən başqa iki-üç oynaşı
olan xanımlar da ora gedir; qızıl,
gümüş və
məxmər parçalar
da ora gedir; musiqiçilər, janqlyorlar
və krallar da ora gedir. Mən
də onlarla olmaq istəyirəm, ancaq Nikolett də mənim yanımda olsun.
- Nahaq yerə özünüzü yorursunuz,
- vikont dedi. - Bir də heç vaxt onu görməyəcəksiniz.
Əgər siz onunla danışsaydınız
və atanız bundan xəbər tutsaydı, onu da yandırardı, məni də. Elə sizinçün də yaxşı olmazdı.
- Mənim üçün ağırdır! - Okassen
kədərlə vikontdan
ayrıldı.
(Davamı olacaq)
Tərcümə etdi: Həmid PİRİYEV
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.5.