Xəyal yorğunu
Gəlin,
unudaq üzümüzə
gülüb
arxamızca danışanları,
zibil yeşiklərində çörək
axtaran yaxşı adamları
xatırlayaq,
dünyanın bütün pisliklərindən
uzaq
sərsəriləri...
onların taleyində uçurumtək
açılan
tənhalıqdan danışaq,
nəvaziş göstərək
sahildə dolaşan ac köpəklərə,
parklarda
yatan avarələrə,
qoxlayaq duzlu Günəşi
sübhün alatoranında,
böyründə şöngüyən köpəyin canında
dənizin vahiməsi,
aclığın zümzüməsi...
hürməyi unudub...
hürməyi unudan köpək
kimi
mən də danışmağı
yadırğamışam.
Günəş ümid versin bizə,
Günəşə sığınaq
öz işığımızı tapınca...
yorğunluğumuzdan danışaq dənizə,
dalğalar məlhəm çiləsin
yaralarımıza,
sonra sahildə iz salsın ləpirlərim,
sonra o taqətsiz köpək
yorğun
ayaqlarıyla
naxış vursun ləpirlərimə...
İppolit
Havadan Bakı-Buzovna elektrik qatarının
qoxusu gəlir,
vağzalda heç kəsi
gözləməyən,
gedəsi
yeri olmayan bir tüfeylinin
yuxusu gəlir,
vaqonda
"İdiot"u oxuyan
mən
qəfildən Knyaz Mışkinlə
rastlaşıram,
çaşıb qalıram...
O zavallı xəbərsizdir
həyatın Roqojin döngəsindən,
nimdaş
çantasını sinəsinə
sıxıb,
fikrə
gedib,
əlimi
ona uzadıb deyirəm:
tanış olaq, mən İppolitəm!..
Qızılbarmaq Fatmanın məğlubiyyəti
Biz öz eqomuzun
şüursuz dustaqlarıyıq,
küçə qanunlarıyla yaşayan
məhlə uşaqlarıyıq,
zamanın ögey övladlarıyıq,
rəhmətlik Qızılbarmaq Fatma
nərdtaxtada dalbadal üç
dəfə uduzanda
"Kənkan" ləqəbli
qəbirqazana,
onda anladım ki, biz həm də
zamana uduzmuşuq, zamana...
Qarının yorğun gözlərində
oxudum bu məşum həqiqəti,
fələyin zərləri gözlərinin
solğun işığında
elə
hey "dü bir"
düşürdü,
Qızılbarmaq Fatma
ona dönük çıxan
əllərinə baxıb
söyürdü bəxtini, taleyini,
zərləri,
bir də, əlbəttə, kənkanı...
Əmək kitabçası
Mülayim fevral səhəri,
sübh
tezdən oyanmışam,
işə hazırlaşıram
mən bəxtəvər,
toz basmış Əmək kitabçamı
çıxarıram sandıqçadan,
sevincdən uçunur əlimdə,
bəxtimə gün doğarmış
mənim də,
"səhər işə, axşam evə tələsən xoşbəxtlər"dən
olacağam,
bu orucluq ayında
kiminsə duası müstəcəb
olub,
Qordi düyünü açılıb
taleyimin
yaxasında...
Müvəqqəti sığınacaq yerinə
bənzəyir
iş otağım,
görəsən, tale mənimlə
zarafat etmir ki?!
Siqaret tüstüsünün mühasirəsində
Qəbir
daşları -
kədər ağacları,
torpaq burda daş bitirir,
torpaq burda adamları itirir,
canlı
başdaşına dönmüşəm
doğmalarımın məzarı başında;
ağlayan başdaşına...
Söhbətimiz uzun çəkir,
deyirəm, darıxmayın,
bu dünya siz görən deyil,
biz göydələnlər dünyasının
liliputlarıyıq,
smartfonların Novruzəlisiyik,
ötən əsrdən gələn
qatarın
biletsiz sərnişinləriyikş
Atamın
başdaşından siqaret
tüstüsü qalxır,
tüstünün halqası
salır
məni kəməndə,
cod səsini eşidirəm:
özünə gəl sən də,
nə görmüsən axı şəhərdə?
qayıt,
oğul, qayıt, kəndə...
Piyadanın vəzirə çevrilməyi
Tale nədir?
İnsanın içindəki gizli
xəzinə,
çoxları xəbərsiz içində
daşıyır
o xəzinəni,
eləcə yaşayır, nəfəs
alır yəni,
insan oğlu getmir dərinə,
ömrü qurban verir tənbəlliyinə...
Şahmat
taxtasıdır həyat,
tale piyadadırsa, sən atlı ol,
vəzirə çevrilsin piyadan,
ömrün sonunda olmayasan
mat,
ay evi bərbad!..
Kənan HACI
Ədəbiyyat
qəzeti.- 2026.- 6 mart, №8.- S.9.