Fazil İSKƏNDƏR

(1929-2016)

 

Məşhur rus nasiri, şairi, ssenaristi ictimai xadimidir.

Doğum şəhadətnaməsində adı Fazilbəy kimi yazılan yazar Suxumidə, Abdul adlı farsəsilli adamının abxaz qadınla qurduğu ailədə dünyaya göz açıb. Həmin şəhərdəki kərpic zavodunun direktoru vəzifəsində çalışan atası 1938-ci ildə öz tarixi vətəninə - İrana deportasiya olunub.

Orta məktəbi qızıl medalla bitirdikdən sonra Fazil Moskva Kitabxanaçılıq İnstitutuna qəbul olunsa da, 1951-ci ildən ali təhsilini M.Qorki adına Ədəbiyyat İnstitutunda davam etdirib. 1954-cü ildə həmin təhsil ocağından məzun olunca, jurnalist və nəşriyyat redaktoru kimi fəaliyyət göstərib. 1962-ci ildə ailə qurub və həmin vaxtdan da paytaxt Moskvada məskunlaşıb.

İlk şeirləri 1952-ci ildə, ilk nəsr əsərləri isə bundan dörd il sonra işıq üzü görüb. 1957 və 1959-cu illərdə Suxumidə çıxan ilk iki kitabında onun rusca qələmə aldığı şeirlər toplanıb. 1966-cı ildə nəşr olunan "Keçi-qoyun taqım ulduzları" adlı povesti sayəsində o, sovet ədəbiyyatının aparıcı nasirlərindən birinə çevrilib və sonrakı yaradıcılıq yolunu sırf nasir kimi davam etdirib.

1973-88-ci illərdə "Çegemli Sandro" başlığı altında yazdığı silsilə əsərlər ona həm böyük oxucu rəğbəti, həm də SSRİ Dövlət mükafatı (1989) qazandırıb. 1993-cü ildə yazdığınsan və onun ucqarları" romanına görə elə həmin il Rusiya Federasiyasının Dövlət mükafatını alıb. 1995-ci ildə Rusiya Təbiət Elmləri Akademiyasının və Rusiya İncəsənət Akademiyasının həqiqi üzvü seçilib.

Məhsuldar ədəbi fəaliyyətinə görə o, bir sıra ədəbi mükafata, o cümlədən, Puşkin ödülünə (1993) və Triumf mükafatına (1999) layiq görülüb.

Ömrünün son illərində Alsheymer xəstəliyindən əziyyət çəkdiyi üçün yazarın yaradıcılığında məcburi fasilə yaranıb.

 

Adsız şeir

 

Necə cansıxıcı idisə ölkə,

Beyinlər sönmüşdü şər dumanında.

Ən şux zarafat da istər-istəməz

Qızıl qan qoxusu verirdi onda.

 

Susurdu torpaqdan boylanan evlər,

Susurdu məzarlar, ölüxanalar.

Atanın üzünə duran oğullar

Bilmirdi zatların necə danalar...

 

İyirminci əsrin carçısı kimi

Radio səsindən inlərdi meydan.

Güdürdülər - görək, vaxt çıxacaq

Sonuncu insan da... insanlığından!

 

Günlər dolanırdı öz axarıyla,

Orbiti eyniydi hələ Yerin.

Böyük bir ölkənin itmiş vicdanı

Nədənsə heç dönmək bilmirdi geri.

 

Təqdim etdi: Azad Yaşar

 

Ədəbiyyat qəzeti.- 2026.- 6 mart, №8.- S.24.