Kənd qatilləri
Ölü kəndlərin əziz xatirəsinə
Hekayə
Endikcə duman seyrəlir, seyrəldikcə kənd görünür.
Navalçalarında
ot göyərmiş evlərin arasından dolanan,
dağılmış çəpərlərin
qarşısından keçən əyri-üyrü yolla sol
ayağını darta-darta qaçan Topal Məhərrəm təngnəfəs
çağırırdı:
- Molla
İsfəndiyar! Molla İsfəndiyar...
Molla
İsfəndiyar qırmızı "Jiquli"sinin
dam-baqajına yorğan-döşək yükləmişdi,
üstündən kəndiri çarpaz çəkib
düyün atırdı. Adını eşidəndə əlini
saxlayıb arxaya boylandı. Məhərrəm
özünü çatdırdı. Yapışdı Molla
İsfəndiyarın qara qılı qıvrım biləyindən,
təngnəfəs yalvardı:
- Səni
and verirəm, oxuduğun kitaba, getmə. Ölənlərin
goruna and verirəm, bir gün də qal...
Molla
İsfəndiyar biləyini onun əlindən qopardı.
- Ayə,
yekə adamsan, dünən bütün günü sənə
moizə oxumuşam. Topal Məhərrəm, mümkün
deyil, ağamın cəddi haqqı, mümkünatı yoxdu.
- Bəs,
anam? Getsən, onun duasını kim oxuyacaq? Bu kənddə
anamı təm-tək necə basdıracam?
- Zəng
elə qohumlarına.
- Zeynəb
bacı yuyar, sən duasını oxuyarsan. Mən də dəfn
eləyərəm. Canım çıxmaz, qəbrin də
qazaram, qəbrə də qoyaram. Ömrü boyu
dualı-qüsullu olub anam. Ortalıqda qalmasın.
Günahdı.
- Ay Məhərrəm,
ayə, ay Topal, niyə başa düşmürsən? Ev
tutmuşam, uşaqlar ordadı, bilirsən. Onları şəhərdə
özbaşına qoya bilmərəm, axı. Şəhər
bura kimi deyil ey, hərə bir dərədən, təpədən
ac qurd kimi gəlib. Biz nə bilək, anan nə vaxt öləcək?
- Mən
bilirəm. Nəfəsi boğazında qırılır...
- O vaxt-vədə
bircə qurban olduğuma məlumdu. Bu yiyəsiz kənddə
oturub Əzrayılı gözləyə bilmərəm,
axı.
- Molla
İsfəndiyar, adam kişi olar.
- Yeri, o
qapının ağzındakı çamadanları gətir bəri.
Məhərrəm
astanada Zeynəbi görəndə dili açıldı:
- Ay Zeynəb
bacı, sənə qurban olum, bəs, sən getsən,
anamı kim yuyub-qüsullayacaq, kim kəfənləyəcək?
İnsafınız olsun, bizi Əzrayılın
qabağında qoyub getməyin.
- Bu
günə kimi sən çimizdirmirdin Məsimə
xalanı? Vaxtı gələndə yenə əziyyətin
çəkərsən. Şəhərə gedirəm ey mən,
şəhərə. Məscidə aşpaz düzəlmişəm.
Sabah da ehsan veriləcək. Axşama kimi şəhərə
çatmalıyam. Birinci gündən gecikə bilmərəm
işə. - Zeynəb çamadanları Məhərrəmin əllərinə
tutuşdurdu. Məhərrəm iri sarı çamadanları
darta-darta gətirib maşının arxasında yerə qoydu.
- Vallah,
üz vurma, Məhərrəm. Dünən bir samovarlıq
söhbət elədik, yəni başa düşmədin? Bu kənd
qurumuş dəyirmandı, susuz arxdı, ölüb bu kənd.
Özün görürsən, kəndin qazını da kəsiblər...
- Siz gedəndə
gəlib işığı da kəsəcəklər.
- Bəs,
dükan-bazar? Nə alaq? Nə yeyək? Bir siqaretə görə
13 kilometr gedirik. Nə olsun, kənd meşənin kənarıdı,
çayın yanıdı, dağın
döşüdü?! Lap elə cənnətin
ortasıdı. Gözəllik yeyilmir, içilmir.
Uşağın ehtiyacı mənzərəylə ödənmir.
Başa düşürsən? Müqəddəslik, dəyərlər,
ay nə bilim, dədə-baba yurduna sevgi-mevgi qarın doyurmur,
Topal. Onlar tox qarnın, dolu cibin hissləridi. Görmürsən,
əlacımızı kəsiblər? - Səsini bir az
qısdı, guya kimsə eşidəcək. - İş yoxdu,
Məhərrəm, iş. Bir sənin anandı, səndə də
pul yoxdu, ay rəhmətliyin oğlu. Şəhər belədi
ki, hər gün adamlar xəstə düşmüş
toyuq-cücə kimi tələf olurlar. Bir qəbiristanlığa
girsəm, bəsimdir. Bu dey, xalam oğlu İlyas, torpaq
alıb, ev tikdirir. Özü də işlədiyi qəbiristanlığın
düz yanında. Günorta yeməyini evində yeyir, yolpulu
vermir. Hələ kreditə maşın da götürüb
oğluna.
- Kəndə
baxma, Molla İsfəndiyar, şəhərdə səni bir
oxudan ikinci dəfə ağız açdırmaz. Məclisdən
qovar. Sənin heç avazın da yoxdu. Ərəbi,
ölüsü bir yana, heç Allah da sənin oxuduğunu
başa düşmür.
- Kiri, ə,
bilirəm, yandığından deyirsən.
-
Hansı məclisdə oxumusansa gülməyimizi
ağzımızda tutub mağardan
çıxmışıq. Uşaqlar ağzını əyib.
Şəhərdə səni daşa basacaqlar. Burda
üzünə vuran olmadı. Kəndi qoyub getmə. Axı,
bura bizim dədə-baba kəndimizdi. Sənin böyüklərin,
qohum-əqrəban o qəbiristanlıqda yatır...
- Bəs,
sənin qohum-əqrəban hanı, ay Topal? Əmingil,
oğlanları, xalan uşaqları... Ay sağ ol, bizdən əvvəl
qaçıblar. Hələ yuxarıda vəzifə tutub
oturanları da var. Niyə demirsən onlara kəndin gününə
ağlasınlar? Əlləri lap böyüklərin ətəyinə
çatır. Onların yadına düşürmü kənd?
Yadlarına düşür ki, qəbiristanlıqda
doğmaları yatır?
- Əşi,
onlar cəhənnəm ey, indi mənə sən lazımsan.
- Kənd
xaraba qalır deyə, mənim uşaqlarım bu dünyada
gün görməsinlər? Biz palçığın
içində ölməliyik, onlar şəhərdə keyf
içində yaşamalıdılar? İş yox, pul yox...
Yoxdur də, burda yaşamağa imkan yoxdur. Çayın
başında divlər oturub, divlər kəsib, yandı ey,
bizim bostanlar yandı. O dey, su tutan əkin sahələri,
meşələr, örüş yerləri indi kimindi? Məcbur
elədilər satdıqmı? Satdıq! Bəylər,
ağalar, paşalar aldılar əlimizdən. Ged o
boxçaları al Zeynəbdən, gətir,
ağırdı.
Molla
İsfəndiyar baqajı çırpıb örtəndə
Zeynəb elə bir ədayla gəlib qabaqda əyləşdi
ki, Məhərrəm baxa-baxa qaldı. Bu günə qədər
yaşmaqlı gəzən Zeynəbdə belə fors-əda
görməmişdi. Bəlkə də, ilk dəfəydi Molla
İsfəndiyar ona qabaq oturacaqda, yanında oturmağa icazə
vermişdi. Ya da Zeynəb icazə almağa daha səbəb
görməmişdi. Bilirdi ki, kişisiz qalmış kənddə
Molla İsfəndiyar ona göz ağardan deyil.
Molla
İsfəndiyar əlini Məhərrəmin çiyninə
qoydu:
- Mənim
də evimin işığını yandırarsan. Kənd sənə
əmanət.
Kəndin
diri vaxtı hamı bilirdi ki, Məhərrəm yaxşı
elektrikdi, əksər evin naqillərini çəkmişdi,
işığını yandırmışdı. İndi də
bir neçə evin ən azı bir-iki lampasını
bir-birinə calamışdı, öz evinin, həyətinin
işığını yandıranda qohumlarının,
onların qonşularının da işıqları yolka
işıqları kimi yanırdı. Həm
bekarçılıqdan özünə iş tapıb
başını qatmışdı, həm də axşam
düşəndə kəndi çıraqban eləyirdi.
Deyirdi, qoy elə bilsinlər ki, camaat evindədi, xətti kəsməsinlər.
Onsuz da qaz yoxdu, işıqsız lap çətin olar.
- Sən
də gedərsən qohumlarının yanına. Bundan sonra bu
ölü kəndi dirildə bilməzsən, Məhərrəm.
Özünə gün ağla.
- Onsuz da
şəhərdə ağ günə çıxan deyilsiz.
Şəhərin ətini yeyənlər, qabağınıza
sümüy atacaqlar. İt kimi gəbərəcəksiz kirayələrdə.
Tikintilərdə, bazarlarda canınız çıxacaq.
Gedin, gözüm aydın, gedin şəhərin qəbiristanlıqlarını
doldurun, böyüdün. Cəhhənəmə kimi yolunuz
var.
Molla
İsfəndiyar gülümsəyib başını
buladı, əlini onun çiyninə vurdu. Nə dedisə, elə
ürəyində dedi. Maşına əyləşəndə
əlini pəncərədən çıxarıb yellədi,
sürüb uzaqlaşdı.
Məhərrəmin
üzünün acıqlı ifadəsi dəyişmirdi,
yerindən tərpənmirdi, adətən ayağının
birini götürüb o birini qoyardı. İndi gözləri
dolmuşdu. Birdən gözünün yaşı kirpiklərindən
qopub tozlu yanağında iz saldı, səyriyən çənəsinə
süzüldü, ordan da ayaqqabısının üstünə
düşdü. Elə bil gözünün yaşı yox,
göy üzünün daşı düşdü baş
barmağının üstünə, canı yandı, lal
uşaq kimi bağırdı Məhərrəm. İçinə
bağırdı. Elə bağırdı, elə
bağırdı, boğazının dərisi gərildi,
damarları şişdi, ağzının suyu
sıçradı dodağına, çənəsinə. Məhərrəm
yerdən qara daş götürüb tozanaq qaldıran
qırmızı maşının dalınca atdı:
- Kənd
qatilləri! Qatillər! Rədd olun!
Məhərrəm
gəldiyi kimi də, qaça-qaça evinə
qayıdırdı. Nigaran qalmışdı anasından,
deyirdi, arvad gözünü açıb görsə yoxam,
narahat olar. Birdən sudan-çaydan istəyər,
çağırar...
Məhərrəm
qapını ehmal aralayıb anasının yatağına
boylandı. Gördü, necə yatılı qoyub getmişdisə
arvad elədi. Bir az arxayınlaşdı. Səhər kəsib
yolduğu xoruzu doğrayıb qazana atdı. Gedənləri
söyə-söyə, ürəyində
vuruşdura-vuruşdura anasına şorba bişirdi.
Sinidə
dolu kasa, bir-iki tikə kəpək çörəyi,
qaşıq, dəsmal götürüb otağa girdi,
çarpayının yanında durdu. Anasını
çağırdı. Ha çağırdı, hay gəlmədi.
Yumağa dönmüş arvadın həniri kəsilmişdi.
İpi göydən üzülmüşdü. Sini Məhərrəmin
süstləşən əlindən düşdü. İsti
şorba dağıldı, topal ayağının
cırıq corabından çıxmış barmaqları
yandı Məhərrəmin. Məhərrəm hiss eləmədi.
Amma elə bil ciyərinə od düşdü, silkələdi
anasını, dərisi sümüyünə
yapışmış biləyini tutub nəbzini yoxladı.
Qulağını arvadın bürüşmüş
dodaqlarına yapışdırdı. Sonra çarəsi kəsilmiş
halda dizlərini şorba dağılmış xalının
üstünə qoydu. Baxdı anasına. Gözündən
bir damcı yaş çıxmadı. Məhərrəm
ürəyinə ağlıyırdı. Ruhuna
bağırırdı. Elə bil qorxurdu anasını
oyatmaqdan.
-
Canın qurtardı bizdən. Qurtardı canın! Yazıq
anam!
Məhərrəm
çölə çıxdı. Molla İsfəndiyara nə
qədər zəng eləsə də, cavab almadı. Bu saat ən
böyük istəyi Molla İsfəndiyarın geri
qayıtmasıydı. Dişinin dibindən çıxanı
dedi onun dalınca.
- Anam
öldü!
Məhərrəm
bir-bir qohumlarına zəng vurdu. Kim telefonu
açırdısa xəbər verirdi.
Çağırırdı.
"Ay Məhərrəm,
vallah, işdən çıxa bilmirəm". "Allah rəhmət
eləsin xalama, icazəm özümdə deyil, buralarda iş
başqa cürdü..." "Mütləq gələcəm,
Məsimə xala anam əvəziydi". "İşdən
baş aça bilirəm ki, ay bibioğlu...".
"Xalaoğlu, Sabirə deyərəm, görüm, gətirsə,
gələrəm". "Elə indi yola
çıxırıq"...
-
Ordakılara xəbər verərsən... - Məhərrəmin
telefonunda danışıq balansı bitdi. Səsi şəhərdən
kəsildi.
Məhərrəm
anasını özü yudu. Həmişə özü
çimizdirərdi; oturdardı kətildə, uşaq kimi əzizləyə-əzizləyə
çimizdirərdi. Deyirdi, sən vaxtında məni çox
çimizdirmisən, indi növbə mənimdir, ana.
Məhərrəm
anasına elə yatdığı çarpayısında,
yorğan-döşəyinin içində qüsul verirdi;
doldurub yanına qoyduğu iri qazandan suyu ağ dolçayla
götürüb ehmal-ehmal anasının üstünə
tökür, tökülüb seyrəlmiş
saçını sığallayır, dua əvəzinə
qohumlarından gileylənirdi. Döşəmədə su
süzülüb otağın başına gedirdi.
Yumağa
dönmüş arvadı qucağına alıb otağın
ortasındakı stola uzatdı, qurulayıb kəfənlədi.
- Şəhərdən
gələcəklər, ana. Gedim stol açım. Əmioğlu
Yusifgil, xalaqızı...
Məhərrəm
həyətdə stolları baş-başa birləşdirib
uzatdı, hərəsi bir rəngdə olan süfrələri
sərdi. Stulları, uzun skamyaları gətirib düzdü,
üstünə adyal, döşəkcə, qoyun dərisi
saldı. İri samovarı elə küncdəki yerində
yaxalayıb doldurdu, od saldı. Evdə nə qədər stəkan-nəlbəki,
qənddan vardı, hamısını daşıdı stolun
üstünə. Hərdən də çəpərə
yaxınlaşıb yola boylandı: şəhərə gedən
yol bu çəpərdən aydın görünürdü.
Görünürdü ki, nə gedən var, nə gələn.
Yol ölü ilan kimi düşüb qalmışdı əkin
sahələrinin arasında.
Samovar
qaynayıb daşdı. Məhərrəm çay təzə
olsun deyə hələ dəmləmədi, ovcuyla quru
çayın qədərini ölçüb tənzifin
arasına tökdü, düyünçələr düzəltdi,
hazır saxladı.
Gün
dağın dalına əyilmişdi, uzanmışdı evlərin,
ağacların kölgələri. Məhərrəm, bəlkə
də, yüzüncü dəfəydi çəpərdən
boylanırdı.
Armud
ağacının dibində qəbir qazıb qurtaranda gəlib
düyünçənin birini çaynikə atdı,
üstünə samovardan su aldı. Söz verən
bütün qohumlarından küsmüşdü, bayaqdan bəri
onların yoluna boylanmırdı. Elə bil o üzdə
dayanmışdılar, üzlərinə baxmaq istəmirdi.
İndi bəhanəylə çəpərə
yaxınlaşdı, yola gözucu baxdı...
Çayını
süzüb içdi, dilinin, dodağının
yanğısını hiss eləmədi. Keyimişdi,
özü də dərk eləyirdi ki, heç nə fikirləşə
bilmir, hissləri, duyğuları anasıyla gedib. Özü
indi boşdu, boş evdi, boş kənddi, boş bədəndi.
Əlini kəssələr, ruhu duymazdı.
Anasını
evdən əl arabasında düşürüb həyətin
ortasına qoyduğu stolun üstünə uzatdı.
- Gələcəklər,
ana, bir az da səbirli olaq. Şəhər uzaqdı. Yol işidi.
Xalaoğlunun ürəyi durmaz.
Məhərrəm
anasının yanında oturub bir samovar çayı hirsindən-acığından
içdi. Hər armudu stəkanı boşaldanda əlini
üstünə qoyub "ehsanın qəbul olsun", deyirdi,
durub yenə süzürdü.
- Səhər
gəlib çatarlar. Günortaya kimi, görərsən,
ağlaşa-ağlaşa girdilər həyətə. Ola bilməz
Səfi gəlməsin. Hələ Yusuf... Bu gün gəlməsə,
mən cəhənnəm, bu kəndin üzünə necə
qayıdar?
Məhərrəm
səhəri anasının dizinin dibində açdı.
Günün birinci siqaretini damağına qoyanda çəpərdən
şəhər yoluna boylanırdı.
- Mütləq
gələcəklər. Dayımgil məni tək qoymaz. Sən
axı həm də Cabirin süd anasısan. Qardaşım
sayılır...
Günəş
evlərin arxasından çıxıb, damın
üstündən həyətin ortasındakı meyitin
üstünə düşəndə Məhərrəm
başa düşdü ki, vaxt çatıb. Stolu
sürüyə-sürüyə anasını armudun dibinə,
- qazdığı qəbrin qırağına gətirdi...
Axşam
düşəndə evinin, həyətinin
işığını yandırdı, az qala, kəndin
bütün evləri gözlərini qaranlığa
açdı. Məhərrəm yola boylandı,
özünü inandırdı ki, işdən sonra yola
çıxan olsaydı indiyə çatardı da, hələ
dincələrdi də.
Samovara
neçənci dəfə od salırdı, bilmədi.
Samovarın burula-burula qalxan tüstüsü Məhərrəmin
yanıqlı-yanıqlı çəkdiyi siqaretin
tüstüsünə qarışıb yuxarı
qalxırdı. Burdan evlərin işıqları ulduz-ulduz
qırpınırdı; günəş çıxana qədər
qırpındı.
Məhərrəm
səhəri armud ağacının dibində açdı. Nə
çəpərə tərəf getdi, nə samovara od
saldı. Həyətə düzdüyü stolları,
süfrələri, stəkan-nəlbəkiləri yerinə
qaytarmışdı. İndi də ortaya çəkdiyi
stolları üst-üstə yığıb küncə
qoyurdu.
Axşam
tərəfi traktorunun yanacaq çəninə nazik xortum
salıb sümürdü, gələn yanacağı
yanına düzdüyü butulkalara süzdü.
Anasının paltarlarından dartıb cırdığı
şivrimləri burub butulkaların içinə
dürtüşdürdü, barmaq uzunluğunda fitil
saxladı. Axşam yığdı əl arabasına, həyətdən
çıxdı...
Boy-boya
vermiş alovların istisi qaranlığın
bağrını qarsırdı. Kəndin külü rayonun
başına ələnirdi. Nəfəs kəsən
tüstü-duman burula-burula buludlara qalxırdı.
Qalxdıqca
duman sıxlaşır, sıxlaşdıqca kənd
görünmür.
Vüsal
NURU
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, №9.- S.22-23.