Poeziyamızın Süleymanı
Süleyman Rüstəm-120
Xoşbəxtəm ki, tale məni bir
neçə dəfə
böyük şairimiz
Süleyman Rüstəmlə
görüşdürüb. Sonuncu görüşümü
xatırlayıram: ölümündən
iki il öncə onunla görüşüb
"Azərbaycan" jurnalı
üçün böyük
bir müsahibə hazırlamışdım. Bilirdim
ki, Süleyman Rüstəmlə
görüşmək, söhbət
etmək - XX əsrin ədəbi hadisələrini,
poeziya tarixini vərəqləmək, Qorkini,
Mayakovskini, Nazim Hikməti,
Hüseyn Cavidi, Mirzə Cəlili, Haqverdiyevi, Üzeyir Hacıbəylini, Seyid Hüseyni, Cəfər Cabbarlını, Səməd
Vurğunu və onlarla görkəmli sənətkarları "görmək"
deməkdir. Çünki
Süleyman Rüstəmin
heyrətamiz dərəcədə
güclü yaddaşı
vardı, 40-50 il öncəki
hadisələri, insanları
olduğu kimi xatırlayır, haqqında
danışdığı adamın xasiyyətindən
tutmuş danışığına
qədər, hər şeyi təfərrüatı
ilə nəql edirdi. Mənim üçün "Ana və
poçtalyon"un, Təbriz
nisgilli şeirlərin
müəllifi ilə
görüşmək unudulmaz
anlara çevriləcəkdi
və çevrildi də...
Süleyman müəllim danışırdı
ki, onun həyatında,
xüsusilə, uşaqlıq
və gənclik illərində iki böyük şəxsiyyət
çox böyük rol oynayıblar: Süleyman Sani Axundov və Seyid Hüseyn.
"Atamın məni
ilk dəfə "Süleyman
Sani məktəbi"nə aparmağını xatırlayıram.
Haqqımda lazımlı
məlumatı dəftərə
qeyd etdilər və sonra atam
getdi. Özümü
yad adamların arasında
görüb ağlamağa
başladım. Başa
düşürdüm ki, belə
yerdə ağlamaq olmaz, amma özümü
saxlaya bilmirdim. O zaman bir əl saçımı
oxşadı:
- Niyə ağlayırsan, oğlum?
- Anamı istəyirəm.
- Çox gözəl, dərsdən sonra ananı görərsən.
- Yox, yox! Mən
indi görmək istəyirəm.
- Oğlum, gəl səni sinfinizə aparım. Gör orda necə yaxşı uşaqlar var,
amma heç ağlamırlar.
Sonra o, yanındakı müəllimlərə
xitabən: - Görürsünüzmü,
nə ağıllı
oğlandır. Daha ağlamır, gedək, bala, gedək, - dedi.
Daha ağlamadım. Süleyman
Sani bizi bir ata kimi sevirdi.
Əgər Süleyman Sani uşaqlıq
təsəvvürümdə Simurq quşu kimi qalıbsa, Seyid Hüseyn sənət taleyimdə Xilaskar rolunu oynayıb. Seyid Hüseyn - bu görkəmli yazıçı
texnikumda mənə ədəbiyyatdan dərs deyib. Mən onda ilk şeirlərimi yazırdım. Bir gün cəsarətə gəlib
bir şeirimi ona verdim ki, fikrini bildirsin. Bir neçə ay keçdi,
ondan səs çıxmadı. Bir gün
tələbə yoldaşlarımdan
biri mənə dedi ki, sənin "Maarif və mədəniyyət" jurnalında
şeirin çıxıb
- "Unudulmuş gənc".
Bundan o qədər sevindim ki... Sonralar Seyid Hüseynlə tez-tez görüşürdüm.
İyirminci illərdə sovet
ədəbiyyatının azmanları
sayılan M.Qorkinin,
V.Mayakovskinin, D.Bednının
Bakıya gəlişi
böyük əks-səda
doğurur. Bu sırada,
əlbəttə, böyük
türk şairi Nazim Hikməti heç cür unutmaq olmaz.
1927-ci ildə Mayakovski Bakıya gəlmişdi. Akademiyanın
akt zalında onun oxucularla görüşü keçirilirdi.
Mayakovski yorulmadan şeirlər oxuyur, suallara cavablar verirdi. Həmin şeir gecəsində böyük
şairimiz Hüseyn Cavid də iştirak
edirdi. Axırda o, dözə bilməyib mənə sarı əyildi və dedi: "Canım, bu necə adamdır,
necə tab gətirir,
dözür belə şeylərə. Niyə
hər suala cavab verir?" Bir nəfər ona belə yazmışdı:
"İnsanın qəlbində
boşluq olanda, iki çıxış yolu vardır: biri susmaq, ikincisi
isə bağırmaqdan
ibarətdir. Neçin
siz ikincini intixab etmisiniz?"
Mayakovski pərt olmadı.
O, belə cavab verdi: "Bu kağızın
müəllifi unudur
ki, üçüncü bir
çıxış yolu
da vardır. O da belə
qabiliyyətsiz suallar yazmaqdan ibarətdir!" -
Hamı gülüşdü.
Xatirə
olaraq onunla bir yerdə şəkil çəkdirdik.
O, fotoqrafxanada stol üstündəki gül
dəstəsini götürüb
ayağımızın altına
qoydu, fotoqrafa: - Çəkə bilərsən,
- dedi.
Moskvada onu tez-tez görürdüm.
Son dəfə 1930-cu ildə
Moskva Yazıçılar Evində
gördüm. Moskva proletar
yazıçılarının konferansiyası gedirdi. Mən bufetdə çay içirdim. Birdən RAPP işçilərindən
biri: - "Süleyman,
tez zala keç, yoxsa böyük şey itirmiş olacaqsan, tez, tez" - dedi. Mən tez zala cumdum.
Mayakovski tribunada idi.
O, RAPP-a girmək haqqında
bir ərizə oxudu. Zal ayağa
qalxdı. Sonra spiçka
qutusundan bir az böyük bir dəftərçəyə
baxa-baxa bizə
"Vo ves qolos" poemasından girişi oxudu. Alqış səsləri zalı lərzəyə gətirdi.
Amma lap son görüş çox
kədərli oldu. Aprelin 14-ü idi. Saat 11 radələrində
Moskvada - adını unutduğum bir meydançada iki gənc həvəskar yazıçı mənə
yaxınlaşdı, Mayakovskinin
intihar etmək xəbərini verdilər.
Onlarla bərabər bir həyətə girdik. Bir qapı ağzında Təcili yardım maşını
dururdu. Qapıda bir neçə şair də vardı. Hamısının
sifəti tutqun idi. İxtiyarsız olaraq gözlərimdən
yaş axmağa başladı. Mayakovskinin dəfnində Səməd
Vurğun, Mikayıl Rəfili, Əli Nazim,
Osman Sarıvəlli də
iştirak etdilər. Mayakovskinin o dövrdə bizim şairlərə (o cümlədən, mənə)
təsiri çox böyük olub. Bu barədə tədqiqatçılar
da yazıblar".
Maksim Qorki haqqında isə Süleyman Rüstəm bunları söylədi: "İyirmi
səkkizinci ilin 31 may
günündə Qorki
xaricdən Vətənə
qayıtdı. Çox
keçmədi ki, Bakıya
gəldi. Bakıda olduğu günlərin birində "Qızıl
qələmlər" Cəmiyyətinin
üzvləriylə də
görüşdü. Üzünü
gənclərə tutub
dedi ki, yeni ədəbiyyatı
siz yaradırsınız,
ancaq gərək özünüz də dünya mədəniyyətindən
bəhrələnməlisiniz. Qorki Azərbaycan dilində bir şeir oxumağı xahiş elədi, mən Sabirdən əzbər dedim. Sonra
Abbas Səhhətin tərcüməsində
Qorkinin bir şeirini dedim".
Nazim Hikmətin isə Bakıya birinci gəlişi iyirminci illərin axırlarında
olmuşdur. Bakıda Süleyman Rüstəmin də iştirakı ilə onun "Günəşi içənlərin
türküsü" kitabı
çap olunmuşdu.
Bu kitabın çapından
sonra Nazim Hikmət Bakıya dəvət olunur və həmin dövrdə onunla ən çox münasibətdə
olan gənc şair Süleyman Rüstəm idi. Onlar bir də
1951-ci ildə görüşdülər.
"Nazim Hikmət mənim
üçün elə
sənətkar idi ki, ondan öyrənmək, görüb-götürmək üçün
çox şeylər
vardı - həm sənətində, həm
də şəxsiyyətində.
Nazimlə hər dəfə görüşəndə,
söhbət edəndə
onun gözlərində
gizli bir kədər görürdüm.
Vətəniylə, xalqıyla
bağlıydı bu kədər. O illərdə
onun vətəni Türkiyədə Nazimin adını çəkmək
belə qorxulu idi".
***
Süleyman Rüstəm ədəbiyyata
məhz bu illərdə gəlmişdi
və tez bir zamanda da o, ədəbi mühitdə
tanınmağa başladı.
İnkar eləmək
lazım deyil ki, Azərbaycanda sovet ədəbiyyatının ilk nümunələrini
yaradanlardan biri də Süleyman Rüstəm olmuşdur. Şura inqilabı yaradılandan sonra
"yeni bir ədəbiyyat"a
keçid başlandı.
Özü də bu ədəbiyyatı, əsasən, gənc komsomolçu və kommunist şairlər, ədiblər yaratmalı idi. İyirminci illərin əvvəllərində
bu tələbi şüurlu şəkildə
ilk dəfə dərk
edənlərdən biri
məhz Süleyman Rüstəm oldu. Az sonra onun adı
proletar şairləri
cərgəsində çəkilməyə
başladı. 1927-ci ildə
Süleyman Rüstəmin
"Ələmdən nəşəyə"
şeirlər kitabı
çapdan çıxdı.
Bu kitab o dövrdə Azərbaycan
sovet poeziyasının
manifesti kimi dəyərləndirildi.
Artıq
indi sağalmışdır
ürəyimin yarası,
Budur, sazım yorulmadan çalır şənlik
havası!
Yeni həyat başlayırkən
üzümüzə gülməyə,
Keçdim artıq gülə-gülə
mən ələmdən
nəşəyə!
Orta məktəb dərsliklərinə
Süleyman Rüstəmin
"Çapayev" şeirini
salırdılar. Bəlkə
də bu gün üçün
"Çapayev" tipli
şeirlər "siyasi"
olduğu üçün,
daha çox qırmızı ulduzlu qəhrəmanı tərənnüm
etdiyi üçün
unudulub, bəlkə də haqlı olaraq unudulub. Amma bu şeirə siyasi yox, bədii
baxımdan yanaşsaq,
onun bir şeir kimi gözəlliyini təsdiq
etmiş olarıq. Şeir başdan-ayağa alliterasiyalar əsasında
qurulmuşdur (Süleyman
Rüstəmin qəzəllərində
belə alliterasiyalara tez-tez rast gəlirik).
Ümumiyyətlə, ədəbiyyat
nəzəriyyəsi ilə
məşğul olan mütəxəssislər üçün
S.Rüstəm poeziyası qiymətli bir örnəkdir, xüsusilə, bədii təsvir vasitələrinin
müxtəlif çeşidləri
ilə zəngindir. Onun təşbehləri də orijinallığı
ilə seçilir:
Məndən soruşursunuz: De görək,
səhər-səhər
Nəyə bənzəyir Xəzər?
Xəzər göyə bənzəyir,
göy Xəzərə
bənzəyir,
Xəzər qızıl həşyəli
göy məxmərə
bənzəyir.
Qayaların sinəsi sulardan
oyuq-oyuq,
Xəzərə keşik çəkən
sahildəki hər buruq,
Babək
ordusundakı saçları
buruq-buruq,
Yapıncısı qapqara bir əsgərə bənzəyir.
***
Süleyman Rüstəmin ədəbiyyat
tariximizdə rolunu müəyyənləşdirərkən daha bir neçə
məqamı xatırlayırsan.
Bir anlığa fikirləşirsən
ki, Süleyman Rüstəm
olmasaydı, XX əsr
Azərbaycan poeziyasında
hansı boşluqlar və çatlar yaranardı? Axı, Cənub həsrətini, ikiyə bölünmüş
Azərbaycanın dərdini,
harayını, fəryadını
kim Süleyman Rüstəm qədər böyük yanğı və poetik ustalıqla əks etdirə bilərdi? Cənub mövzusunda S.Rüstəmdən sonra da nə gözəl şeirlər
yazılıbsa, bunlar
S.Rüstəm şeirləri
ilə yanaşı tutulur.
O illərdə Süleyman Rüstəm Təbrizi, Cənubi Azərbaycanı
qarış-qarış gəzmişdi.
Onu Təbrizdə, Sərabda, Ərdəbildə
yaxşı tanıyırdılar.
Süleyman Rüstəmin Cənub
şeirləri təkcə
həsrət, ayrılıq
motivlərini ifadə
eləmir, həm də bütövlük arzusunu, Azərbaycanın
o tay-bu tayının birləşmək duyğusunu
əks etdirir. İllər gəlib keçib, bir vaxtlar bir-birinə həsrət qalan qan qardaşları və bacıları üçün indi görüşmək, dərdləşmək
maneəsi yoxdur. Ancaq bu gedişlər-gəlişlər
bütövlük arzusunu
reallaşdırdımı? Elə bilirəm ki, S.Rüstəmin Cənub şeirlərinin bir çoxu indi yenidən doğulur.
Vaxtilə Abbas Səhhət Sabirin
İran inqilabına həsr
etdiyi şeirlərin çox böyük rol oynadığını,
fədailərə "bir
ordudan ziyadə xidmət etdiyini" iftixar hissilə qeyd edirdi. Süleyman
Rüstəmin Cənub
şeirləri də səksən ilə yaxındır ki, təxminən,
belə bir missiyanı yerinə yetirir. Bir təbrizli qızı sonralar şairə ümumxalq məhəbbətini ifadə
edib yazacaq: "Süleyman Rüstəmin insanı həyəcana gətirən gözəl
şeirlərini oxumaq
biz Cənubi Azərbaycan
qızlarına da nəsib
olmuşdur. Bu şeirlərin
bizə nə qədər dərin təsir bağışladığını
qələm ilə təsvir eləmək mümkün deyildir. O, bizim uçurumlu həyatımızı düzgün
təsvir edir və bunların səbəblərini gözəl
şeirlərində aydınca
göstərir".
Süleyman Rüstəmin Cənub
şeirləri təkcə
ədəbi hadisə
kimi yox, həm də tarixin poetik inikası kimi də qiymətləndirilməlidir.
Bu silsilədə şairin
Təbrizə ilk səfərindən
tutmuş, orada müşahidə etdiyi hadisələrə qədər,
bütün olayları
izləmək olar. Bu sırada, heç şübhəsiz, "Təbrizim"
şeiri birincidir.
Qoymaram yadları girsin qoynuna,
İzn ver, qolumu salım
boynuna!
Sənin
bayramına, sənin toyuna
Dili bir, qanı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın
gəlib.
Süleyman Rüstəmin Cənub
şeirləri Təbrizlə
tükənmədi, illər
boyu bu həsrət,
bu nisgil davam etdi. Ömrünün
son günlərinə qədər
o, bu nisgillə yaşadı. Adətən,
bir mövzuda illərlə qələm
çalmaq, hardasa, yeknəsəkliyə, forma və
məzmun təkrarına
gətirib çıxarır,
bunu az görməmişik.
Ancaq Süleyman Rüstəmin Cənub şeirləri hər dəfə yeni bir bədii təravətilə
diqqəti cəlb edib. Altmışıncı
illərin sonlarında
onun ustad Şəhriyara yazdığı
poetik məktublar Cənub şeirləri silsiləsinə yeni incilər
əlavə etdi:
Kim deyir ki, ünvanımız
ayrıdır?
Nə adımız, nə sanımız ayrıdır,
Nə canımız, nə qanımız ayrıdır,
Ürək birdir, bədən
birdir, Şəhriyar,
Vətən birdir, Vətən
birdir, Şəhriyar!
"Şair qardaşıma məktub" şeiriylə
başlanan bu ünsiyyət tez bir zamanda Şimal
və Cənub arasında əsr yarım davam edən ayrılığın
buzunu əritdi. Tezliklə Şəhriyarla
digər Azərbaycan şairlərinin də məktublaşmaları başlandı.
Şəhriyarın "Qardaşım
Süleyman Rüstəmə"
şeirlər silsiləsi
ilə bir xalqın ümumi poeziyası arasında yeni
mənəvi birliyin əsasını qoydu:
Sən unutsan da, Süleyman, məni,
Unutmayacaq
Şəhriyar səni.
Yaz gələr, bülbül
qarsar çəməni,
İndilik sevsin zaman ayrılıq,
Aman ayrılıq, aman ayrılıq!
Çox
təəssüf ki, Azərbaycanın
bu iki böyük
şairinin görüşü
baş tutmadı. Şəhriyar Bakı, Süleyman Rüstəm isə Şəhriyar və bir daha
Təbrizi görmək
həsrətiylə dünyadan
köçdülər.
***
Deyirlər ki, qəzəl janrı
Füzuliylə zirvəyə
çatdı, Vahid isə
Füzuli yadigarı kimi qəzəl dünyasının son ustadı
oldu. Bu fikirdə müəyyən həqiqət
var, amma məsələ
burasındadır ki, elə
Vahidin sağlığında
və Vahiddən sonra qəzəl janrı süqut eləmədi. Şeirimizdə
Füzuli, Nəsimi, Seyid Əzim, Vahid ənənələri yeni məcrada
davam etdi. Bu sırada Süleyman Rüstəmin qəzəl
yaradıcılığı müstəsna rol oynamışdır.
Gələndə məclisə mey
əldə lalə şəklində,
Nigarım ay tək olur, mən də halə şəklində.
Ürək qanımla yazıb
eşqimi, məhəbbətimi,
Nigarə
söyləyirəm odlu
nalə şəklində.
O incə qəlbinə təsir edincə hər qəzəlim,
Gözündə nəm görürəm
inci-jalə şəklində.
Mən aşiqəm, bu səbəbdən hər aşiqanə sözüm
Coşub
axır ürəyimdən
şəlalə şəklində.
Sevin, sevin ki, Süleyman, əlində cananın
Bu qan olan ürəyindir
piyalə şəklində.
Doğrudan da, bu qəzəl
Füzuli ənənəsini
yaşadan, hətta cəsarət edib deyə bilərik ki, Füzuli qəzəlləri
sırasında durmağa
layiq bir qəzəldir. Süleyman
Rüstəmin qəzəlləri
haqqında ilk məqaləni
Xalq şairi Rəsul Rza yazmışdır. Həmin
məqalədən bəzi
sətirləri bu yazıda xatırlamaq nə qədər xoşdur: "Süleyman Rüstəm qəzəllərinin
çoxu mahiyyət etibarilə yeni qəzəllərdir.
Bu yenilik yalnız onların forma və ifadə tərzinə aid deyil, bəlkə birinci növbədə bu qəzəllərin məzmununa aiddir".
Böyük Vətən müharibəsi
illərində, o zamanın
təbirincə desək,
Süleyman Rüstəm
də qələmini süngüyə çevirən
şairlərdən biri
oldu. O, həm də ön cəbhədə oldu, batalyon komissarı, siyasi işçi kimi əsgərləri vətən uğrunda qələbəyə ruhlandırırdı.
Ancaq Süleyman Rüstəmi müharibə illərində
daha çox məşhurlaşdıran onun
"Ana və poçtalyon"
şeiri oldu. Bu şeir müharibədən
sonra da poeziyamızın
ən gözəl incilərindən biri olaraq qaldı. Şeirdəki insan obrazları o qədər təbii və koloritli idi ki, heyranlığını gizlədə
bilmirdin, özünü
gah ananın, gah da poçtalyonun
yerində hiss edirdin.
Dörd
ay vardı, ananın gözləri yol çəkirdi,
Başqa
bir dərdi yoxdu, oğul dərdiydi dərdi.
Belə
şeiri isə izah eləməyə heç bir ehtiyac yoxdur. Bü, təkcə şeir deyil, həm də nəzmlə yazılan bir müharibə romanıdır. Əgər
keçmiş SSRİ məkanında
- o illərdə yazılan
ən yaxşı ədəbiyyat nümunələri
haqqında söhbət
açılarsa, "Ana və
poçtalyon"un adını
öncə çəkməliyik.
İllər keçəcək, Süleyman
Rüstəm o günü
də görəcək
ki, bədnam qonşularımız
bizimlə torpaq davasına çıxırlar.
Onda qocaman şair məşhur "Qarabağı vermərəm"
şeirini qələmə
alacaq. Amma Qarabağın
taleyindən nigaran gedəcək.
Dostlarından eşidirsən bu
sözü nəğmə
kimi -
"Şux gözəllər yeridir, yaxşı məkandır Qarabağ".
Sən bilirsən ki, mənim təkcə Cənub dərdim var,
Ayrılıq dərdi ölümdən
də yamandır, Qarabağ.
Sən canımsan, ciyərimsən,
ürəyimsən, ürəyim,
Deyirəm, car çəkirəm, canlara candır Qarabağ.
***
Süleyman Rüstəm
həm də bir şəxsiyyət kimi bütöv idi. Repressiya tufanı başlananda bir neçə ziyalını o bəladan
xilas etdi. Onunla müsahibədə cəsarətə gəlib
belə bir sual verdim: - Süleyman müəllim,
37-ci il repressiyasında
sizin günahınız
olubmu? Məsələn,
Müşfiqlə bağlı...
Dedi ki, oğlum, get bütün arxivləri araşdır, mənim bu xüsusda bir sənədə qol çəkdiyimi, ya kiminsə üzünə durmağımı
görə bilməzsən.
Mən ədəbi mübahisələrdə kimlərisə
tənqid etmişəm.
Amma bu, ədəbiyyat-mövqe məsələsiydi.
O ki qaldı Müşfiqə, anam onun qarşısına duz-çörək qoyub.
Bəziləri kimi mən də ona "faşist", ya "kontrrevalyusyon" desəydim, onda o duz-çörəyə və
anama xəyanət etmiş olardım".
Süleyman Rüstəm
böyük bir ədəbi irs qoyub getdi - mənəvi
Azərbaycan irsi... Bu irsi qorumaq
bizim və gələcək nəsillərin
borcudur.
Son olaraq
Süleyman Rüstəmin
bu misralarını xatırlayaq:
Vaxt gələndə,
Mən öləndə,
Məni Vətən
torpağında təntənəsiz
basdırın.
Sevmiyənlər gendə dursun, sevənlər, siz basdırın.
Arzum budur,
məndən sonra ölüm-itim olmasın,
Dostlarımın qəlbi qəmlə, gözü yaşla dolmasın.
Həyat daha
gözəlləşsin, gülsün
bağlar, bağçalar,
Ruhum gəzsin
çiçəklərlə əldən-ələ, hər
bahar.
Vaqif YUSİFLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, ¹9.- S.2-3.