Süleyman Rüstəmin xatirəsi yad edildi

 

Dünən Xalq şairi Süleyman Rüstəmin 120 illik yubileyi çərçivəsində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar başda olmaqla bir qrup tanınmış şair yazıçı görkəmli sənətkarın Fəxri Xiyabandakı məzarı önünə gələrək xatirəsini yad etdilər.

Mərasimdə Xalq yazıçısı Anar, Əməkdar jurnalist Qafar Əsgərzadə, Xalq yazıçısı, AYB-nin birinci katibi Çingiz Abdullayev, Mətbuat Şurasının sədri Rəşad Məcid, tanınmış şair Ofeliya Babayeva, AYB katibi Elçin Hüseynbəyli, Cəfər Cabbarlının nəvəsi Bəhlul Abbasov, tənqidçi Əsəd Cahangir görkəmli şairin əbədiyaşar yaradıcılığından söz açıb, xatirələrini dilə gətirdilər.

Vurğulandı ki, Xalq şairi Süleyman Rüstəm Azərbaycan şeirinin inkişafında böyük xidmətləri olan sənətkarlardan biridir. Onun yaradıcılığında yeni həyatın tərənnümü, eləcə Cənub mövzusu mühüm yer tutur. Süleyman Rüstəmin yazdığı bütün əsərlər sevgidən, inamdan qaynaqlanıb. Xalq şairinin hər bir əsəri ədəbiyyatımızın solmayan səhifələrini təşkil edir. Təsadüfi deyil ki, Süleyman Rüstəm XX əsr Azərbaycan poeziyasının coşqun ruhlu, novator şairlərindən biri olub. O, yaradıcılığında Azərbaycanın dilbər guşələrini vəsf edib, elə buna görə vətənə, torpağa məhəbbət, əməyə qiymət onun poeziyasının mayasını təşkil edir.

Sonda S.Rüstəmin nəvəsi Günəş Rüstəmzadə ailələri adından tədbir iştirakçılarına minnətdarlığını bildirdi.

 

Ədəbiyyat qəzeti.- 2026.- 13 mart, №9.- S.3.