Ad günüm
Bir vaxtlar
doğmam idi
ad
günüm.
İndi
ögey olubdu
yad
günüm.
Zaman
qürbətinə düşməyəydim
kaş,
barı.
Qəribistandan
betərdir qəbiristan
diyarı.
Ancaq
yuxudan gəlir
İydənin
yaz qoxusu.
Solubdu,
saralıbdı
Yuxuların
çoxusu.
İlişməyən
qarmaqtək,
Qoparılmış
yarpaqtək,
İtirilmiş
torpaqtək,
Yada
düşürlər bəzən
Gəncliyin
ümidləri.
Keçmişin
xoş günləri.
Yada
düşürlər nələr,
Yandıran
xatirələr.
Uzaqlardan
səslənir
Həzin,
yorğun musiqi.
Son akkorda
hələ var.
Axı
qarşıdan gəlir,
Novruz
bayramı - bahar.
ANAR
9 mart
2026
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, №9.- S.4.