Ədəbiyyatşünaslıq elmimizin iftixarı
"Ədəbiyyat qəzeti"nin baş redaktoru Azər Turana
Hörmətli Azər müəllim, Dünyanın bu keşməkeşli, qarışıq dövründə
ədəbiyyatşünaslıq elmimizin iftixarı Yaşar Qarayevin 90 illiyi münasibəti ilə
keçirilən tədbirlər o böyük alimə layiq oldu. Yaşar müəllimin
laborantlıqdan direktor
vəzifəsinə qədər
yüksəldiyi, bu
elm ocağına başucalığı
gətirdiyi ədəbiyyatşünaslıq
elmimizin beşiyi - Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun kollektivi, alimin oğlu Yalçın və nəvəsi əvvəlcə
Fəxri Xiyabanda görkəmli alimi ziyarət etdi. Sonra isə Ədəbiyyat İnstitutunda Yaşar Qarayevin yaradıcılığına
həsr olunmuş yüksək səviyyəli
elmi konfrans keçirildi. Rəhbərlik
etdiyiniz qəzetdə
filologiya üzrə elmlər doktorları Elnarə Akimova, Yaşar müəllimin yetişdirməsi Sərxan
Xavəri və Aslan Salmansoyun çox maraqlı elmi məqalələri çap
olundu. Nədənsə,
Yaşar Qarayevi məşğul edən folklor sahəsindəki möhtəşəm tədqiqatları
araşdırıcıların diqqətindən kənarda
qalmışdır. Bəlkə
bu, akademik Bəxtiyar Vahabzadənin göstərdiyi kimi, onun məşğul olduğu problemlərin çoxşaxəli və
miqyaslı olması: intibah, maarifçilik, realizm, romantizm, sosialist realizmi, inqilabi romantika, faciə, komediya, lirika, satira kimi sahələrin cazibəsindən çıxmağın
çətinlikləri ilə
bağlı olmuşdur.
Hər halda həqiqət budur.
Professor Şirindil Alışanlı
və dosent Aygün Bağırlının
hazırladığı, görkəmli
ədəbiyyatşünas alimlərin, yazıçı
və şairlərin
Yaşar Qarayevə həsr etdikləri məqalələr toplusunda
da eyni mənzərənin
şahidi oluruq. Akademik İsa Həbibbəylinin
"Mütəfəkkir tənqidçinin
portreti" adlı Ön sözü və mənim maddi dəstəyimlə çap olunan çox böyük həcmli kitabda (Bakı, "Sabah", 2016, 404 səh.)
mənim də "Ədəbiyyatşünaslıq elmimizin iftixarı" adlı geniş məqaləm yer alır. Məqalənin yarısı Yaşar Qarayevin folklorşünaslıq
fəaliyyətinə həsr
olunub. Əminəm
ki, unudulmaz dostum Yaşar Qarayevin əziz xatirəsinə həsr etdiyim məqalə oxucu və tədqiqatçıların
marağına səbəb
olacaq. Odur ki, onu çap etməyinizi xahiş edirəm. Hörmətlə,
Qəzənfər Paşayev.
Yaşından asılı olmayaraq
elminə, mədəniyyətinə,
mənəviyyatına qibtə
etdiyim, özümə
müəllim hesab etdiyim şəxsiyyətlər
barədə düşünəndə,
göz önünə
ilk olaraq dostluğundan
doyunca kam ala bilmədiyim professor Yaşar
Qarayev gəlir.
Böyük Yaradan Yaşar Qarayevə titanik zəka və onu tükənməyə
qoymayan heyrətamiz enerji bəxş etmişdi. O, ədəbiyyatşünaslığımıza
və tənqidimizə
yeni təfəkkür və
orijinal üslub gətirən, elmi səviyyəsi ilə seçilən, bənzərsiz
alimlərimizdən idi.
Onun möhtəşəm əsərlərini
oxuduqca elə təsəvvür yaranır
ki, Tanrı onu seçilmişlərindən etmiş,
ilahi vergi ilə şərəfləndirərək
bu dünyaya ədəbiyyatşünaslıq elmimiz yolunda mühüm missiyaları yerinə yetirmək üçün göndərmişdi.
Vicdanlı peşəkar yaradıcı
fəaliyyəti və
elmi ona heç bir vəzifə, rütbə,
dərəcə, var-dövlətlə
əldə edilməyən
həqiqi ehtiram, nüfuz qazandırmışdı.
Yaşar
Qarayevin müxtəlif
dillərdə 38 monoqrafiyası
və kitabı, 470 məqaləsi çap olunub. Onun rəhbərliyi
ilə 35 nəfər
müdafiə edərək
elmlər namizədi,
7 nəfər elmlər
doktoru alimlik dərəcəsinə layiq
görülmüşdür. Görkəmli alimlərimizdən
- Məmməd Arif, Məmməd Cəfər Cəfərov, Abbas Zamanov,
Kamal Talıbzadə, Bəkir
Nəbiyev, Bəxtiyar
Vahabzadə, Ağamusa
Axundov, Azad Mirzəcanzadə,
Mehdi Məmmədov, Anar,
Elçin, Qabil, Azadə Rüstəmova,
İsa Həbibbəyli, Teymur
Bünyadov, Həmid Nitqi, Məmmədəli Fərzanə, Əbdüllətif
Bəndəroğlu, Şirməmməd
Hüseynov, İmamverdi
Əbilov, Yavuz Akpınar,
Nizami Cəfərov,
Kamal Abdulla, Tofiq Məlikli,
Şamil Salmanov, Şirindil Alışanov,
Gülrux Əlibəyli,
Tehran Əlişanoğlu, Məhərrəm
Qasımlı, Səlahəddin
Xəlilov, Nizaməddin
Şəmsizadə, Elnarə
Akimova, Safurə Quliyeva, Azər Turan, Qurban Bayramov, Jalə Qurbanqızı, Vüsalə Süleymanova
və bir çox başqaları Yaşar müəllimin yaradıcılığına sanballı
məqalələr həsr
etmişlər. Onların
sayı 170-i keçir.
Etiraf edim ki, Yaşar müəllimlə məni
yaxın edən, hər şeydən əvvəl folklor olmuşdur.
Həyatının və yaradıcılığının
son dövrlərində o, özünün
dəqiq işlətdiyi
obrazlı ifadələrlə
desək, hikmətdən,
sözdən təməl
və daş qoyan, əzəli, ədəbi, vahid mənəvi məkan hissinin, şüurun stixiyasında, əsatirdə
və bayatıda, nağılda və dastanda yaşadan, xalqın bütövlüyünü,
soyunu, əslini, zatını inamda, düşüncədə, mənəviyyatda
parçalanmaqdan qoruyan
folklor barədə, onun nəzəri məsələləri, istiqamətləri
barədə bir-birindən
sanballı məqalələr
yazmışdı. Mülahizə
və düşüncələrini
ehtiva edən çox böyük həcmli "İki əsr və iki era ayrıcında",
"Folklorumuzun tarixi",
"Milli folklorun toplanması,
tədqiqi və nəşri - milli intibahın
şərti və zəminidir", "Prototip
- şəkilidir, yaxud
nəfəsdə zümzümə,
tələffüzdə rəqs
Şəki şivəsi",
"Göyçəyə qayıdan yol folklordan keçir",
"Bayatıdan - xoyratdan
başlayan yollar və illər" belələrindəndir.
Yaşar
Qarayevin Şəki və Göyçə folkloruna həsr etdiyi möhtəşəm
məqalələri istər-istəməz
mənim yadıma
Mehdi Hüseynin Məmməd
Hüseyn Təhmasibin
tərtibində "Bayatılar",
Elçinin Bəhlul Abdullanın tərtibində
"Arazam, Kürə
bəndəm" kitabına,
Rəsul Rza və Bəxtiyar Vahabzadənin böyük
səxavət və məftunluqla Kərkük
xoyratlarına və folkloruna həsr etdikləri məqalələri
salır.
Folklorla
bağlı Yaşar Qarayevin miqyaslı elmi-təşkilati işləri,
mühüm müddəaları
özünün yaratdığı
"Folklor Elm Mərkəzində,
sonralar isə "Folklor İnstitutu"nda uğurla həyata keçirilməyə başladı.
Başqa ölkələrdə
olduğu kimi, orada da vahid milli arxiv, çoxsaylı nümunələri əhatə
edən vahid kartoteka yaradıldı.
"Azərbaycan folkloru
antologiyası"nın Naxçıvan,
Göyçə, Şəki,
Şəki-Zaqatala, Şirvan,
İraq-türkman, Qarabağ,
Qaraqoyunlu və başqa cildləri çap olundu. İndi
fundamental folklor abidələri,
yüz cildlik "Azərbaycan folkloru külliyyatı"nın və
"Azərbaycan folkloru
atlası"nın çapına
hazırlıq gedir. Bütün bunlar birbaşa Yaşar Qarayevin adı ilə bağlıdır.
Yaşar müəllim
Azərbaycan folkloru atlasını "mənəviyyat
xəritəmiz" adlandırır
və "xəritəmiz
yalnız folklorda dəyişməyib", deyirdi.
Şəki lətifələrindən danışarkən, heç
kimin ağlına gəlməyən bir tərzdə onların məziyyətlərini açıqlayırdı:
"Hətta ən adi mətn də
tələffüzdə, nitqdə
bu şivəyə köklənəndə ondan
pıqqıltı, qaqqıltı,
şaqqanaq səsi gəlir. Lətifə qəhqəhəsi Şəkinin
şöhrət və
sərvətidir... Şəki
lətifələrini "anlamağın
zövqü", "qanmağın
nəşəsi" adlandırmaq
olar", - deyə maraqlı qənaətə
gəlmişdi.
Kərkük folkloruna böyük
maraq göstərən
Yaşar Qarayev kərküklü alim, prof. Subhi Saatçı ilə birgə "Türkiyə
dışında türk
ədəbiyyatları antologiyası"
silsiləsindən İraq-türkman
cildini hazırlayaraq çap etdirmişdir
(Ankara, 1997, 464 səh.) Qeyd
edək ki, kitabda folklora dair hissələr
bizim Bakıda çap etdirdiyimiz "Kərkük folkloru antologiyası"ndan götürülmüş
və məxəz kimi göstərilmişdir.
Sonralar Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı
Muzeyinə keçirilən
"İraq-türkman Ədəbiyyatı
və Mədəniyyəti"
ocağının "Folklor
Elm Mərkəzində" yaradılmasının ideyasını
da Yaşar Qarayev vermişdi.
Ədəbiyyat İnstitutunda İraq-türkman folkloruna dair beynəlxalq konfransın keçirilməsinin
təşəbbüskarı da o idi.
Ə.Bəndəroğlu ilə birgə tərtib etdiyimiz və Ədəbiyyat İnstitutunun
"Folklor Elm Mərkəzi"nin
nəşr etdiyi
"Azərbaycan folkloru
antologiyası", İraq-türkman cildi (Bakı, 1999, 468 səh.; təkrar nəşr 2009) kitabının işıq
üzü görməsi
də onun adı ilə bağlıdır. Redaktoru
olduğu həmin kitabın adını da özü qoymuşdu. Kitabın 40 səhifədən
artıq "Bitib-tükənməyən
incilər xəzinəsi"
adlı giriş məqaləsini ciddi şəkildə redaktə
etdi. Təəssüflə
deməliyəm ki, məqalənin
hər sətrində
dəst-xətti aydınca
görünsə də,
israrıma baxmayaraq adının həmmüəllif
kimi getməsinə razı olmadı.
Artıq
xəstəlik onu üstələsə də,
akademik Bəkir Nəbiyev və Ayaz Vəfalı ilə mənim İstanbulda Kərkük vəqfinin çap etdiyi
"İraq-türkman folkloru"
kitabımın təqdimat
mərasiminə getdi
(fevral, 1999) və insanlarla dolu möhtəşəm "Kültür
Mərkəzi"ndə salonda
Kərkük folkloruna
dair maraqlı mülahizələr irəli
sürdü. Bütün
bunları sadalamaqda məqsədim Yaşar müəllimin folklora olan vurğunluğunu xüsusi vurğulamaqdır.
Qəzənfər Paşayevin "İraq Türkman folkloru" kitabının təqdimat
mərasimində.
Sağdan:
Yaşar Qarayev, Qəzənfər Paşayev,
Mahir Naqib, Bəkir Nəbiyev, Ayaz Vəfalı.
İstanbul.
Kültür Mərkəzi.
12.02.1999.
Həyatının son aylarında deyirdi
ki, sağalan kimi Kərbəlada Füzuli babamızı, Kərkükdə
onun nəvə-nəticələrini,
kötücələrini bir
daha ziyarət edərik. Dəfələrlə
Ə.Bəndəroğlunun
"Ədəbiyyat qəzeti"ndə
Yaşar müəllimin
60 illik yubileyi münasibətilə çap
olunan yazısını
yada salırdı. Güman
ki, bu da Kərküklə,
folklorla bağlı olduğuna görə idi. Ə.Bəndəroğlu
yazırdı:
"Qardaşım Yaşar! Bizi bir-birimizə bağlayan böyük xalq mirasımız vardır. Tək bir dilin bu
mirasına bizdə xoyrat, sizdə bayatı deyirlər. Bu xoyrat və bayatılarla öz-özümüzü
ovundurduq, dərdimizi,
qəmimizi yüngülləşdirmək
istədik, yaşamaq üçün mücadiləni
davam etdirərək ömür keçirdik:
Yaşar
könlüm;
qəm içər, yaşar könlüm.
Dostların arzusuyla
Çırpınar, yaşar könlüm.
Bağdadda bir ah çəkər,
Bakıda
yaşar könlüm".
Məlumdur ki, Yaşar müəllim
fikir adamı idi. Obrazlı şəkildə fikrini elə ifadə edirdi ki, sanki mənsur şeir oxuyur. Xüsusən də, aşağıdakı
bayatını qəribə
tərzdə deyər,
acı təbəssümlə
fikrə dalardı.
Keşdi
ömrüm,
Gör necə keşdi ömrüm.
Harayladım, dönmədi,
Elə bil heşdi ömrüm.
Yaşar
Qarayev ömürlərə
bərabər, mənalı
bir ömür yaşadı. Vaxt sərvətdir, - deyərək,
yazıb-yaratdı, əbədi
ölməzlik qazandı.
Qəzənfər PAŞAYEV
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, №9.- S.5.