Etirafın zamanı,
yaxud Azərbaycan
ədəbiyyatı
tarixinin Anar dövrü
Anarın
yaradıcılığına, ədəbi-intellektual və ədəbi-ictimai
fəaliyyətinə Azərbaycan ədəbiyyatı tarixinin
müasir dövrünün, yaxud bir neçə
dövrünün deyil, bütövlükdə həmin
tarixin ümumi fonunda baxmaq (və bu cür miqyaslı
baxışın zamanı çatdığını etiraf
etmək) lazım gəlir... Ədəbiyyat tariximizə
az-çox bələd olan bir adam kimi, mən artıq bir
neçə ildir ki, həmin həqiqəti demək istəyirəm.
Və düşünürəm ki, etirafın
zamanıdır... Zamanın etirafı etirafın zamanından
nə qədər "hökmlü" olsa da,
inandığını deməmək ən azı cəsarətsizlik
olardı.
...Azərbaycan
ədəbiyyatı tarixi Azərbaycan coğrafiyasında
yaranmış türkdilli folklorla başlayır. Mən bu
folklorun ümumtürk coğrafiyası (və mənşəyi!)
barədəki təsəvvürün miqyasını
ümumtürk ədəbiyyatı tarixi mütəxəssislərinin
miqyassız düşüncələrinin ixtiyarına
buraxıram... "Dədə Qorqud" eposunun
formalaşması ilə Azərbaycan folkloru ümumtürk
kontekstində özünəməxsusluq qazanır. Və bu
özünəməxsusluq axtarışları
ümumtürk miqyasını inkar etmədən
"Koroğlu"ya qədər gəlir...
Yazılı
ədəbiyyat xalqa nə qədər yaxın olsa da, onun az
oxuduğu, yaxud oxuya bilmədiyi Nizami dövrü ilə
başlayır. Sonra Nəsimi, sonra isə Füzuli
dövrü gəlir... Xalqdan dili, dini-ideoloji, estetik-fəlsəfi
özünəməxsusluğu (və hünəri!) ilə
ayrılan (nə qədər ayrılsalar da, məhz ona məxsus
olan!) bu dövr (şəxsiyyət!)lərdən sonra ədəbiyyatımız
özünü Vaqifin yaradıcılığında ifadə
edir. Və Mirzə Fətəli Axundzadənin ədəbi-estetik
mövqeyi təsdiq olunana qədər onun (ədəbiyyatın!)
sözünü Vaqif deyir.
Mirzə
Fətəlinin maarifçi-cəmiyyətçi ədəbi
sənətinin dövrü o zaman bitir ki, mollanəsrəddinçilərlə
füyuzatçılar üz-üzə dayanırlar. Mollanəsrəddinçilərin
"hərtərəfli" realizminin milli ictimai
düşüncədəki (və dövrün sosial-ideoloji
konyukturasındakı!) qələbəsi ilə ədəbiyyat
tariximizdə Cəlil Məmmədquluzadə, Sabir...
dövrü müəyyənləşmiş olur... XX əsrin
20-ci illərinə qədər "inkarçı"
ideologiyanın zövqünü oxşayan həmin tənqidi-realist
ədəbiyyat Səməd Vurğunun qeyri-adi bir vüsətlə
parlaması, dövrünün kifayət qədər romantik
ideya-estetik maraqlarına cavab verməsi ilə cari nüfuzunu
itirir. Və ədəbiyyat tariximizin Səməd Vurğun
dövrü başlanır... 50-ci, 60-cı, hətta 70-ci illərə
qədər davam edən bu dövrdən sonra ədəbiyyat
tariximizin hansı dövrü gəlir?..
Anar
dövrü!..
Hər
şeydən əvvəl ona görə ki, Anar 60-cı, 70-ci,
xüsusilə, 80-ci illərdən başlayaraq Azərbaycan ədəbi-ictimai
təfəkkürünün fövqünə qalxa, Azərbaycan
insanının ruhunu oxşaya bildi... Onun milli olduğu qədər
də modern bədii-estetik yaradıcılıq məharəti
respublikada böyük rezonans verdi. "Yaxşı
padşahın nağılı", "Molla Nəsrəddin
- 66", "Dantenin yubileyi", "Ağ liman",
"Şəhərin yay günləri", "Beşmərtəbəli
evin altıncı mərtəbəsi", "Evləri
köndələn yar", "Dədə Qorqud",
"Sizsiz", "Otel otağı", "Ağ qoç,
Qara qoç"... yalnız oxunmadı, baxılmadı, xalqın
ruhuna, qanına-iliyinə yeridi. Və Anarın qələmindən
çıxan elə bir hekayə, povest, roman, dram, ssenari,
publisistik yazı olmadı ki, cəmiyyətin, ədəbi-ictimai
mühitin diqqətindən kənarda qalsın, xalqın
sosial-mənəvi dünyagörüşünün yeniləşməsinə
bu və ya digər dərəcədə təsir etməsin.
Bütövlükdə isə, bu təsir qeyri-adi idi...
İkincisi,
Nizami, Nəsimi, Füzuli, Vaqif, Mirzə Fətəli, Cəlil
Məmmədquluzadə - Mirzə Ələkbər Sabir, Səməd
Vurğun kimi Anarın da sənətkarlıq-yaradıcılıq
inersiyası (istedadı!) böyük (və miqyaslı)
ideoloji intellektin başlanğıcı (və ya davamı)
kimi təzahür etdi. Ona görə ki, Anar yüksək
ziyalı mədəniyyəti, həqiqət
axtarıcısı, mənsub olduğu dövrün (və cəmiyyətin)
daxili aləminə nüfuz etməyi, onun
arxitektorikasını görməyi bacaran yazıçı-intellektual
xarakteri ilə seçildi. Nə
"aşağı"lardan, nə də
"yuxarı"lardan heç bir təzyiqi qəbul etmədi;
nə ədəbiyyatın yaşlı nəslinin pedantizminə,
nə də gənc nəslinin anarxiyasına dözmədi. Və
bu mübarizələrdə qazandıqlarından müqayisəyə
gəlməyəcək qədər dost itirməkdən də
çəkinmədi. Çünki o, bu dünyaya (və ədəbiyyata!)
konyuktura üçün deyil, xüsusi missiya ilə dövr
yaratmaq üçün gəlmişdir... Ədəbiyyata xidmət
etməyin nə olduğunu yalnız hiss etmir, həm də (və
bəlkə də daha çox!) müasir intellektual texnologiyalar
səviyyəsində bilir...
Üçüncüsü,
Anar öz böyük istedadına (və intellektinə)
dayanaraq qalmadı, Azərbaycan (və dünya) ədəbiyyatının
tarixini mənimsəməyin (və özündə ehtiva etməyin!)
miqyasını göstərdi. Yaxın (və uzaq!) varisliyi
qorudu.
Mən elə
bir yazıçı təsəvvür edə bilmirəm ki,
özünəqədərki ədəbiyyatın elmi ilə
Anar qədər dərindən məşğul olmuş, Azərbaycan
ədəbiyyatı haqqında onun qədər söz
demiş olsun... Dədə Qorquddan başlamış Səməd
Vurğuna qədər, ədəbiyyat tariximizin, demək olar
ki, bütün zirvə-korifeyləri haqqında yazmış,
onların yalnız Azərbaycanda deyil, ölkəmizdən
çox-çox kənarlarda da tanınması
üçün həmişə ürəkdən
çalışmış Anar varisi olduğu Azərbaycan ədəbiyyatı
tarixi qarşısındakı övlad borcunu yalnız ləyaqətlə
ödəməklə kifayətlənməmiş, eyni zamanda
həmin tarixi özündə canlı (və yaradıcı)
bir şəkildə təzahür etdirməyin klassik təcrübəsini
vermişdir.
Dördüncüsü,
məhz Anar müasir dövrün tələblərinə
uyğun olaraq, Azərbaycan ədəbiyyatına, müasir ədəbi
prosesə rəhbərlik eləməyi bacardı. Azərbaycan
Yazıçılar Birliyini və onun orqanlarını son
dövr tariximizin keşməkeşlərindən, hər
cür dağıdıcı təzyiqlərdən qoruyaraq
günümüzə gətirib çıxaran, müasirlərindən
fərqli olaraq, yalnız öz
yaradıcılığının deyil, bütövlükdə
ədəbiyyatın təəssübünü, qeyrətini
təkcə sözdə deyil, işdə də çəkən
böyük yazıçı Azərbaycan
yazıçılarının komandanı səviyyəsinə
yüksəldi. Öz genişmiqyaslı fəaliyyəti ilə
sözün geniş mənasında millət vəkili
olmağın təcrübəsini verdi - müstəqillik
qazanmış xalqın, xüsusilə, gənc nəslin milli-mənəvi
dəyərlər üzərində yüksəlişinin təmini,
Azərbaycan dövlətinin mədəniyyət siyasətinin
formalaşması, həyata keçirilməsi
üçün bütün gücü ilə
çalışdı (və çalışmaqdadır).
Və nəhayət
(beşincisi), öz ədəbi-ictimai fəaliyyəti ilə
elə bir məktəb yaratdı ki, onun davam etməməsi,
sadəcə olaraq, mümkün deyil...
Azərbaycan
ədəbiyyatı tarixinin Anar dövrü davam edir... Və
bu dövrün ədəbi-estetik tipologiyasını, ideya-məzmun,
poetika-forma özünəməxsusluqlarını,
intonasiyasını 80-ci, 90-cı illərdə olduğu kimi, 2000-ci
illərdə də məhz Anar - yaradıcılıq tərcümeyi-halının
birinci yarım əsrini başa vurub, ikinci yarım əsrinə
başlayan böyük yazıçı-mütəfəkkir
(və onun ədəbi məktəbi) müəyyənləşdirir...
Nizami
CƏFƏROV
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, №9.- S.4.