İztirab duaları
Narselina üçün
Birinci dua
I
Ağrılarım
çevrilir
minnətdarlıq hissinə,
vəfa
borcumdur sənə -
hey səslənir dilimdə
iztirab duaları.
II
Qara
payız yelindən
titrədikcə budaqlar,
edam rəqsi başlayır,
yellənir nar ağacı
-
yallı
gedir son dəfə.
III
Təşəkkür
qiyafəli
ah
çıxır bu canımdan,
öz xaçını daşıyan
İsa olmuşam indi -
şükranlıq içindəyəm.
IV
Son bahar
addım-addım
sürünür bağa sarı
-
yaşıl yarpağın üstü
infarktlı ürək kimi
qaralır birdən-birə.
V
Nə
yaxşı bu dünyada
günahımın bədəlin
bəxş edib Tanrı mənə,
mümkündürmü ödəmək
ömrümün sonunadək?!
VI
Dolaşır
sarı rüzgar
ağacların içində,
gətirdiyi ayrılıq,
bir də ölüm duası -
təsəlli şərabıdır.
VII
Bədənimin
hər yeri
sızlayır ehtiramla,
dualar əvəzidir
çəkdiyim iniltilər -
sevincidir
qüssənin.
VIII
Sarı-sarı
yarpaqlar
qara torpağın üstə
xalı
kimi döşənir
-
təzim
edir nar bağı
ölümün sərdarına.
IX
Günahkar
meydanında
açmışam əllərimi -
düşdüyüm bu günaha
duaçıyam min kərə;
şükür, hər bir əzaba.
X
Diksinir
qaranlıqda
ağzı sarı budaqlar,
qoparıb, yıxır külək,
neyləsin, çarəsizdir
qurbanlıq quzu kimi.
XI
Axirət
evinədək
düşməyəcək dilimdən,
sonuncu nəfəsim də
iztirab duasıtək
çıxacaqdır ağzımdan.
XII
...Vəfa
borcumdur sənə,
kədərli xoşbəxtlikdir
iztirab duaları;
bu əzab duaları -
bu savab duaları.
İkinci
dua
I
İztirab
uzandıqca
acısı şirin olur,
dekabr şaxtasının
altında qalan narın
dadı
da şirin olur.
II
İztirab
uzandıqca
yol ölçür damarımda,
aramla, damla-damla
yayılır bədənimdə
dövr
elədikcə qanım.
III
İztirab
uzandıqca
qaralmış bir nar olur -
qarsıyır ürəyimi,
yanğı çıxır içindən,
çevrilib dua olur.
IV
İztirab
uzandıqca
ahla dolur nəfəsim,
dualar vərəm kimi
xal salır ciyərimə -
ən yaxın həmdəm kimi.
V
İztirab
uzandıqca
kəfənlənib, sarınmış
buludlardan
keçirəm,
ağ duaya düşürəm
-
duman tutur nar bağın.
VI
İztirab
uzandıqca
zaman çıxır məhvərdən,
dəyişir ölçüləri,
bitir
Milad erası -
gəlir
dua təqvimi.
VII
İztirab
uzandıqca
Ay da hər axşam baxır,
nəğmə deyir "Zəbur"dan,
uyuyur ahəng üstə
yaşıl nar ağacları.
VIII
İztirab
uzandıqca
Sokratın zəhərindən
mən də içmək istərəm,
onsuz, ömür deyilən
şirin
deyilmiş heç də...
IX
İztirab
uzandıqca
hər şey mənasız gəlir.
Taleyinə inanıb
külüylə oynadığın
tüstülənir bu ocaq.
X
İztirab
uzandıqca
şirə çıxır canından,
bəxtin
də qışa dönür -
çürüyürsən qaralmış
nar qabığı içində.
XI
İztirab
uzandıqca
Susmağa çatır gücüm,
əzaba
sevinirsən,
taleyinə baş əyib,
ölümə "can" deyirsən.
Üçüncü
dua
I
Nədir
məni incidən,
İçin-için göynədən?!
Üzüntüdür, ağrıdır
-
sevdalı iztirabdır.
II
Çat
verib qabığından
qan sızır yanağından;
soyuqdur,
noyabrdır -
sevdalı iztirabdır.
III
Yoxdu
sevincdən əsər;
ölüm çıraqla gəzər,
ulduzlar yuxudadır -
sevdalı iztirabdır.
IV
Gecənin
bir aləmi
gəlir
şərabın dəmi;
nar şərabı duadır
-
sevdalı iztirabdır.
V
Nisgil
deşir bağrımı;
canım
daha ağrımır,
ayrlıq
bir yaradır -
sevdalı iztirabdır.
VI
Yarısarı
budaqlar,
yarıyaşıl yarpaqlar,
nar ömrü də yarıdır -
sevdalı iztirabdır.
VII
Meh tutanda
nar bağın
tez aldadır yarpağı;
uçuşu bir yalandır -
sevdalı iztirabdır.
VIII
Əllərimi
bu axşam
qaranlığa açmışam,
dua son yalvarışdır -
sevdalı iztirabdır.
IX
Qorxduğum
bağa gəlir,
ürək durur, təntiyir;
qanım
yaman qaradır -
sevdalı iztirabdır.
X
Ömürdən
nə qalırsa,
sevdalı iztirabdır;
bitir, sona çatırsa,
sevdalı iztirabdır.
Dördüncü
dua
I
Çəkdiyim
bu iztirab
hədər deyil, biləsən.
Bu da bir xoşbəxtlikdir,
kədər deyil, biləsən.
II
Naşükürlük
etmirəm,
üstəlik, minnətdaram,
ahu-zarlar içində
yaxşı ki, mən də
varam.
III
Tökülmüş
yarpaqları
nar ağacın göynədir,
onunku da
duadır -
budaqları göydədir.
IV
Verdiyin bu
iztirab
azar deyil, biləsən.
yatdığım qara torpaq
məzar
deyil, biləsən.
V
Axşamdan
düşən şehin
damlası var, iki cüt -
narın
yanaqlarında
göz yaşı əvəzinə.
VI
Bəlkə
qəza-qədərdir
səndən gələn hər
nə var?!
yəqin
əlindən keçib
alnımda yazılanlar.
VII
Alovu,
közərtisi
heç
dayanmır, sozalmır;
qəfil
güllə yeridir,
giziltisi
azalmır.
VIII
Sərçənin
dimdiyi var
qismətində ağ narın,
rəngi
qaçıb qorxudan;
içindən ağ qan sızır.
IX
Ürək
yazır bunları,
əlim
deyil, biləsən.
iztirabın betərdir,
ölüm deyil, biləsən.
Beşinci
dua
I
Gözə
gəldi bu sevda;
fəqət, kimsə bilmirdi.
(Qara rüzgar gətirdi
həsrətin qarasını.)
II
Nə
üzüntü varıydı,
nə
intizar bilirdim,
(Qara rüzgar gətirdi
həsrətin qarasını.)
III
Toxnub məst olurdum;
dodaqların narıydı.
(Qara rüzgar gətirdi
həsrətin qarasını.)
IV
Ömür
sərxoş keçirdi;
qırmızı şərabıydı.
(Qara rüzgar gətirdi
həsrətin qarasını.)
V
Ürək
döyüntülərim
əllərinə köçmüşdü.
(Qara rüzgar gətirdi
həsrətin qarasını.)
VI
Göyərçin
barmaqların
qanadlanıb uçmuşdu.
(Qara rüzgar gətirdi
həsrətin qarasını.)
VII
Allanan
yanaqların
ləçəkləriydi narın.
(Qara rüzgar gətirdi
həsrətin qarasını.)
VIII
Gözləri
açılmamış
tez apardı baharı.
(Qara rüzgar gətirdi
həsrətin qarasını.)
Altıncı
dua
I
Bu yaz
çox ağır gəldi,
qızarmadı yanağı -
çiçəkləri qaradır,
bar gətirir qapqara.
Mən də
nar ağacıyam,
bəxtimiz də eynidir.
II
İşartı
yox bir damcı,
günahdır ümidlənmək;
çiçəkləri qaradır,
bar gətirir qapqara.
Mən də nar ağacıyam,
bu adamlar içində.
III
Qaranlığı
gecənin
kəsib
yenə yolumu;
çiçəkləri qaradır,
bar gətirir qapqara.
Mən də
nar ağacıyam,
zülmətin ortasında.
IV
İndi nə
işıq yanır,
nə də ki, bir it
hürür;
çiçəkləri qaradır,
bar gətirir qapqara.
Mən də
nar ağacıyam,
yolumda
div dayanıb.
V
Sis
çoxalıb, ay batıb,
dan yeri heç görünmür;
çiçəkləri qaradır,
bar gətirir qapqara.
Mən də nar ağacıyam
açılmayan səhərdə.
VI
Yay
çıxıb gedən gündən
vərəqlənmir, oxunmur;
çiçəkləri qaradır,
bar gətirir qapqara.
Mən də
nar ağacıyam,
duadır
yarpaqlarım.
VII
Romalı
canişinsən
biganəlik hökmündə;
çiçəkləri qaradır,
bar gətirir qapqara.
Mən də nar ağacıyam
iztirab çarmıxında.
Yeddinci
dua
I
İztirab
olan yerdə
həyat
axarsız olur.
(Nizamsız düşür
axşam,
gecəyə qüssə dolur.)
II
İztirab
olan yerdə
tez saralır yarpaqlar.
(Budaqda nar titrəyir,
tökülür ayrılıqlar.)
III
İztirab
olan yerdə
gen gəzirsən hamıdan.
(Şirin olur yalqızlıq,
hamı
çıxır yadından).
IV
İztirab
olan yerdə
qürub
erkən görünür.
(Ömür üzüaşağı
ilan kimi sürünür.)
V
İztirab
olan yerdə
nar kolu bəhrə vermir.
(Qısır qalır arzular,
quruyur, pöhrə vermir.)
VI
İztirab
olan yerdə
intizar,
hey uzanır...
(İntihara zər düşür,
yenə
ölüm qazanır.)
Səkkizinci
dua
I
Aran
şoranlığında
torpaqları andıran,
cadar-cadardır sinəm
iztirabın əlindən.
II
Nar
bağında gecələr
budaqlar
da dillənər,
şeh ələnər üstündən
iztirabın əlindən.
III
Əzablar
həddin keçib,
ölüm sərhəddin keçib;
kar eləmir ölüm də
iztirabın əlindən.
IV
Tez tökülür
yarpaqlar,
peşman
olur ağaclar,
səslənir Sur indidən -
iztirabın əlindən.
V
Zillət
girir araya,
duz səpilir yaraya;
qaysaqlamır irindən,
iztirabın əlindən.
Doqquzuncu
dua
I
Toranlıq
uzun çəkir,
ağrı qoymur yatmağa,
qəfildən bir yel əsir,
tərpənir nar ağacı;
özünü ovutmağa.
II
Odissey
hiyləsiylə
əzab
qopmur yaxamdan,
xəzəllərin səsiylə
sovrulur nar ağacı,
yel başlayır axşamdan.
III
Qaralan
gözlərimdə
qapqara
ay doğulur;
qaranlığın dibində
təntiyir nar ağacı
-
qaranəfəs boğulur.
IV
İçində ömür sürmək
lənətlənən taleyin;
yarpaq-yarpaq çürümək,
budaq-budaq
qurumaq
oyunuymuş fələyin.
Onuncu
dua
I
Lütfüdür
bu tanrının
nəsib
olur, çəkirəm,
verdiyin hər ağrını
su yerinə içirəm.
(Əzablar dua olur...)
II
Bu iztirab
bal dadır;
səndən gələn bəxşişdir,
içimdə od qalanır -
canımdakı vərdişdir.
(Əzablar dua olur...)
III
Dolu vurub
qəsd ilə
qara nar tumurcuğun,
baxır
elə həsədlə,
kimdənsə kömək umur.
(Əzablar dua olur...)
On
birinci dua
I
Ölüm
havasındayam...
Dadmışam
nar şərabın
İsanın badəsindən.
(Əcəlin iztirabın
bəxtimin kəm yerindən.)
II
Ölüm
havasındayam...
Lal axır qara sular;
gümüş tabutlar gedir.
(Göydə qara ulduzlar
məzara
yol göstərir.)
On
ikinci dua
I
Çox
şükür, səndən gələn
iztirab bir qismətdir;
Ölümdən əvvəl gələn
əzab
da səadətdir.
Avqust-dekabr,
2025
Bakı-Şabran
Səxavət SAHİL
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, ¹9.- S.6-7.