Hidayət: "Biz yalnız Səməd Vurğunun
böyüklüyündən danışmalıyıq..."
- Hidayət müəllim, Səməd Vurğun sizin üçün kimdir?
- Böyük milli şairimizdir.
Bəzən kommunizm ideallarını vəsf etsə də, o Azərbaycançılığın rəmzinə çevrilmiş
"Azərbaycan" şeirinin
müəllifidir. Bu mənada
böyük milli şairimizdir.
O dövrün insanları
həyatı başqa
cür görüblər,
başqa cür duyublar. Səməd Vurğun Qazaxda böyüyüb. Görüb
ki, Qazaxın ən ucqar kəndlərinə işıq çəkirlər,
ən ucqar kəndlərində məktəb
açırlar. Mədəniyyət,
təhsil işləri
görürlər, bunu
niyə bəyənməyəydi
ki?! Buna görə də
o nəslin görülən
işlərə aludəliyi
çox dəyərliydi.
Sonra bunu da unutmalı
deyilik ki, Rusiya Azərbaycanı ərazi kimi işğal edib. Xanlıqlar var idi. Xanlıqların da öz məqsədi, öz məramı; bəzən bir-birilə vuruşmaları, didişmələri.
Ərazilər xanlıqlar
kimi işğal olundu. Amma Azərbaycan çar Rusiyasının tərkibindən respublika kimi çıxdı. Ona görə o dövrün
insanları barədə
danışanda, düşünəndə
diqqətli olmaq lazımdı. Bu məqamlara
diqqət yetirmək lazımdı. Məsələn,
"Komsomol poeması" o dövr gəncliyinin ən sevimli əsərlərindən idi.
Niyə? Tutaq ki, mən komsomola keçdiyim günü xoş duyğularla xatırlayıram. İllər
sonra həmin günə bir şeir də yazmışdım. Ordan iki misra yadımdadı.
Deyirdim ki, bir balaca boy atmışdım
komsomola keçdiyim gün. Gəncliyimdən iki gün yadımdadı.
Bir komsomola keçdiyim
gün, bir də orta məktəbi
bitirdiyim gün. Həyata atılmış
bir gənc.
- Səməd Vurğunun
ölüm xəbəri
Zəngəzurda necə
qarşılandı?
- Səməd Vurğun dünyasını dəyişəndə
mənim 12 yaşım
vardı. Zəngəzurda,
doğma və balaca kəndim Maralzəmidə 3-cü sinifdə
oxuyurdum. Səməd Vurğunun vəfat xəbəri dərhal bizim kəndimizə çatdı. Bilirsiniz, Səməd Vurğun xalqın içinə elə daxil olmuşdu ki, hamı onu öz doğması
bilirdi. Ölümünə
hamı təsirləndi.
Uşaqlığımda üç
itki məni təsirləndirib: atamın
ölümü (onda hələ məktəbə
getmirdim), Stalinin ölümü, bir də Səməd Vurğunun ölümü.
Kəndimiz, camaat hüzn içindəydi. Hamı təəssüfləndi.
Hamı kədər içindəydi. Səməd
Vurğun o nadir şairlərdən
idi ki, onu hamı əzbər bilirdi. Uşaqlar da, böyüklər də; məktəb direktoru da, müəllimlər də.
Hamı Səməd Vurğunu sevirdi.
1966-cı
ildə mən "Sovet Ermənistanı"
qəzetinə işləməyə
gedəndən təxminən,
bir həftə sonra Səməd Vurğunun 60 illiyi yubileyinə təsadüf
edirdi. Maraqlandım. Gördüm ki, İrəvanda
Səməd Vurğunla
bağlı tədbir
keçirilməsi nəzərdə
tutulmayıb. Qəzetin
rəhbərliyi ilə
danışdım. Yazıçılar
İttifaqında Azərbaycan
ədəbiyyatı şurası
var idi. Onun rəhbərliyi ilə, sonra Yazıçılar İttifaqının sədri
ilə görüşdüm.
Nəhayət, İrəvanda
kiçik bir tədbirlə Səməd
Vurğunun 60 illiyi qeyd olundu.
1976-cı
ildə isə fərqliydi. İrəvanda
Səməd Vurğunun
möhtəşəm yubileyi
keçirildi. O vaxt mən artıq Yazıçılar İttifaqında
Azərbaycan ədəbiyyatı
şurasının sədriydim.
Cəfər Cabbarlı
adına İrəvan
Azərbaycan Dram Teatrının
direktoru idim. Yazıçılar İttifaqı
İdarə heyətinin,
Teatr Xadimləri Cəmiyyətinin İdarə
Heyətinin üzvü
idim. Ermənistan ədəbi çevrələrində
yaxşı tanınırdım.
Mənim yaxından iştirakımla Ermənistan
Aktyor Evində Səməd Vurğunun, dediyim kimi, möhtəşəm,
hətta deyərdim
ki, unudulmaz yubileyi keçirildi. Xatırlayıram,
Yazıçılar İttifaqının
sədri mənə dedi ki, bu axşamı
sən apar. Etiraz etdim. Dedim, bu
tədbiri, ya siz, ya da başqa
bir görkəmli erməni yazıçısı
aparsın. Təklifimlə
razılaşdı və
yubiley günlərində
Moskvada olacağı üçün oranın
ən görkəmli yazıçılarından biri
tədbiri apardı. Çoxlu çıxışlar
oldu. Mən də çıxış
etdim və yeni yazdığım "Səməd
Vurğun qitəsi"
adlı şeirimi oxudum.
Bu gün yenə kitabını varaqladım,
Varaqlaya-varaqlaya
Ünvanını min mahaldan soraqladım.
Gördüm orda
hər sətrinin ruhu-canı səmimiyyət,
Gördüm orda
hər sətrinin son mənzili - əbədiyyət...
Gördüm orda duyğuların
çiçəklidir,
təzə-tərdir.
Gördüm orda gecələrin
mənası da apaydındır,
al-səhərdir.
Gördüm orda anam bu gün
nəvəsinə şirin-şirin layla
çalır.
Gördüm orda Ulu Hürmüz
əsrlərin o üzündən əl
eləyir.
Gördüm orda
hökmdarın taxt-tacı da,
qılıncı da
Məhəbbətin qarşısında
lal olubdur.
Gördüm orda
köksü çapıq Bisütun
da,
saf sevgidən qüvvət alan
bir memarın külüngünə
qul olubdur.
Gördüm orda misralar var, hələ nuru
çox
ürəyə sancılmayıb.
Gördüm, ustad, neçələri
səndən yazıb
alim olub,
çox
mətləbin amma yenə açılmayıb...
Gördüm sənət ümmanının
hökmdarı məhəbbətdir.
Beşiyinə, komasına, torpağına
min könüldən valeh olan sədaqətdir.
Gördüm orda
dahilərin taleləri
insanlığın öz yoludur,
həyatıdır.
Kitabını varaqlaya-varaqlaya
Mən bir daha inandım
ki,
ən çətin janr bayatıdır!!!
Gördüm orda
istiqbalın duyğuları qanad
açıb qatar-qatar.
Gördüm, ustad,
Yerlə
göyün arasında
Vurğun
adlı bir qitə var.
- Sizin bitirdiyiniz orta məktəb sonralar Səməd Vurğunun adını daşıyıb?
- Məktəb direktoru Səfərəli müəllim
Aldərə kənd orta məktəbinə Səməd Vurğunun adının verilməsini
təklif etmişdi. O
vaxta qədər Ermənistanda belə oxşar bir hadisə, yəni kənd məktəbinə
kiminsə adının
verilməsi heç olmamışdı.
- Ermənilər bunu
necə qarşıladı?
- İrəvanda ilk baxışda
anlayışla qarşılamadılar.
Bu işi gerçəkləşdirmək
üçün o vaxt
təhsil naziri ilə də, Mərkəzi Komitənin ideologiya katibi ilə də, Nazirlər Soveti sədrinin müavini ilə də görüşüb danışdım.
Bu məsələ ilə
bağlı xeyli iş görüldü.
Proses bir neçə
il çəkdi. O vaxta
qədər yeni məktəb
binası da tikildi. Ermənistan ərazisində
ad verilən ilk kənd məktəbi Aldərə orta məktəbi oldu. Məktəbə Səməd
Vurğunun adı verildi. Sonralar Səfərəli müəllimlə
söhbətimiz əsnasında
qərara gəldik ki,
məktəbin qarşısında
Səməd Vurğunun
büstü qoyulsun. Və 1976-cı ildə büstün açılışı
oldu. Büstün açılışına Bakıdan
Yusif Səmədoğlu,
Aybəniz xanım,
İsa İsmayılzadə, Çingiz Əlioğlu,
Seyran Səxavət, bir
sözlə, xeyli ədəbiyyat adamı gəlmişdi; bir qatar vaqonunun yarısı. Aldərəyə
getdik. Büstün açılışı çox
yüksək səviyyədə
keçirildi. İrəvandan
Ermənistan Dövlət
Televiziyasının əməkdaşları,
yazıçılar da gəlmişdi.
Qonaqlar Mığrıya
çatanda xəbər
gəldi ki, sabah Qazaxda Səməd Vurğunun 70 illiyi qeyd ediləcək. Və belə təklif oldu ki, Aybəniz xanım Qazaxa getsin. Hətta Aybəniz xanımın sözünü
xatırlayıram. Dedi
ki, əgər Səməd
Vurğunun övladlarından
biri orda olmasa, qazaxlılar üsyan edərlər. Ona
görə də o, Mığrıdan İrəvana,
ordan da atasının
Qazaxda keçirilən
yubileyinə getdi. İrəvana getməyinin
də xüsusi səbəbi vardı. Mən dedim, "İrəvanda teatrımıza,
ya başqa dostlara zəng çalım, sizi yüksək səviyyədə
qarşılayıb Qazaxa
yola salsınlar. Aybəniz xanım dedi ki, əgər mən İrəvandayamsa
Avetik İsaakyanın ailəsi
bunu bilməlidir".
Ordan zəng vurdu İsaakyanın nəvəsinə. Onlar Aybəniz xanımı qarşılayıb avtobusla
Qazaxa yola saldılar. Büstün açılışında Yusif
Səmədoğlu və
digər qonaqlar çıxış etdilər.
Səməd Vurğun
adına məktəbin
sinif otaqlarını gəzdilər. Sonra böyük
ziyafət oldu. Bu da unudulmazdır ki, ertəsi
gün getdik Maralzəmiyə. Kəndin
adamları eşitmişdi
ki, Səməd Vurğunun
oğlu gəlir... Xatırlayıram, həmin
gün camaat işə gec getmişdi ki, Yusif Səmədoğlunu görsünlər.
Maralzəmidə bizim ikimərtəbəli
evimiz vardı. Kəndin ən gözəl yerindəydi. Mən İrəvanda işləyəndə də,
Bakıda da Yusif Səmədoğluna baş
çəkirdim. Hər
məni görəndə
ayağa durardı.
Amma belə, bir az çətin, narahat qalxardı. Fikirləşirdim ki, yəqin
yaşda məndən
çox böyükdür,
Səməd Vurğunun
oğludur, ona görə belə edir. Amma bizim evdə duz-çörək
kəsəndə Yusif
dedi ki, mənim belimdə radikulit var, buna görə də heç kəsin ayağına durmuram. Hidayət isə yeganə adamdır ki, o gələndə mütləq
yerimdən qalxıram.
Yusif Səmədoğlu
bunu deyəndə, əvvəlki yanlış
fikrimə görə
özümü qınamışdım.
Amma təəssüf edirəm
ki, bunu Yusifə deyə bilmədim...
1984-cü
ildə isə artıq Bakıdaydım.
"Gənclik" nəşriyyatının
baş redaktoru vəzifəsində çalışırdım.
"Lirika" seriyasından
kitablar nəşr edirdik. O seriyanı da Səməd Vurğunun kitabı ilə başladım. 1986-cı ildə
Bakıda möhtəşəm
yubileyi keçirildi. Ermənistandan gələn
nümayəndələri qarşılamaq,
onlarla işləmək
mənə tapşırılmışdı.
- Səməd Vurğun
sizin üçün,
əziz və böyükdür.
- Bəli. Özü də bu, yalnız
"Azərbaycan", "Mən tələsmirəm",
"Şair, nə tez qocaldın sən", "Unudulmuş
tək məzar",
"Yandırılan kitablar"
və başqa şeirlərinə, yaradıcılığına
görə deyil. Ümumən, onun yaradıcılığı XX əsrin aynasıdır. O
aynadan Azərbaycan görünür. Səməd
Vurğun inandırmağı
bacaran böyük şair idi. Böyüklüyü həm
də onda idi ki, hamı onun yazdıqlarına inanırdı. İnandırıcılıq
dediyimiz əsas məqam şairin böyüklüyüdür.
- Bəzən Səməd
Vurğunu təftiş
edirlər. Buna necə
baxırsınız?
- Olmaz belə. Biz yalnız Səməd Vurğunun böyüklüyündən
danışmalıyıq. Bilirsinizmi,
biz o illərin poeziyasını
daha dərindən öyrənməliyik. Və
təkcə Səməd
Vurğunu deyil, ümumiyyətlə klassiklərimizi
- Füzulini, Vaqifi, Sabiri... daha dərindən öyrənməliyik.
Mən indi "Ədəbiyyat qəzeti"ndə, "Azərbaycan"
və "Ulduz" jurnallarında, "Yeni Azərbaycan"
qəzetinin şənbə
saylarında da poetik nümunələri oxuyuram.
Yaxşı fikirlər,
şeirlər olur.
Amma poeziya ifadə qəribəliyi deyil. Poeziya poetik fikir deməkdir. Poetik fikir nədir?
Gənclər bunu həm də Səməd Vurğundan öyrənməlidir. Yaxud,
bu gün "İnsan" pyesinin dövrüdür. O əsərdə
qoyulan sual bu gün də
aktualdır: "Qalib
gələcəkmi cahanda
kamal?" Kamal cahanda hələ ki qalib gəlməyib, təəssüf
ki, qələbəsi hələ
görünmür. Bəs
"Fərhad və Şirin" dramı? Bilirsiniz, mən 1963-cü
ildə orta məktəbi qızıl
medalla bitirib Bakıya - Universitetə gələndə "Fərhad
və Şirin"i,
"Vaqif"i, "İnsan"ı,
hətta "Xanlar"ın
çox səhifələrini
əzbər bilirdim.
- Bir müddət əvvəl qəzetimizdə "Ulu öndər
"mehriban düşmənlər"i
barışdırdı" başlıqlı bir müsahibənizi dərc etmişdik. Müsahibədə
Rəsul Həmzətovun
Səməd Vurğunun
yubiley mərasimində
iştirakından danışmışdınız...
- 1988-ci ildə erməni irticası baş qaldıranda məsələ
SSRİ Ali Sovetində müzakirə
olunurdu. Orda Rəsul Həmzətov ağıla batmayan bir çıxış etdi. Onu Silva Kaputikyan kimi keçmiş tələbə
dostları belə hazırlamışdılar. Həmzətovun
sözündən belə
çıxdı ki, elə
Qarabağı ermənilərə
vermək lazımdı.
Azərbaycanda Rəsul
Həmzətovun bu çıxışına kəskin
etirazlar oldu. Ona layiq olan münasibət
bildirildi. Rəsul Həmzətov "Literaturnaya
qazeta"da Nəbi Xəzriyə açıq
məktub yazdı. Nəbi Xəzri də ona cavab
yazdı. Amma "Litqazeta"
Nəbi Xəzrinin məktubunu dərc etmədi. Nəbi müəllimin cavab məktubu Bakı qəzetlərində çap
olundu. Beləliklə,
hamı Rəsul Həmzətovun mövqeyinə,
çıxışına ən müxtəlif şəkillərdə etiraz
edirdi. Haqlı olaraq, Rəsul Həmzətov azərbaycanlılar
üçün arzuolunmaz
bir adama çevrildi.
1996-cı
ildə Azərbaycanda
Səməd Vurğunun
yubileyinə hazırlıq
gedirdi. Mən yubileyin hazırlanmasında
iştirak etmirdim. Bunu başqa qurumlar hazırlayırdı.
Həmin günlərdə
Ulu öndərin növbəti
qəbullarından birində
mən öz sahəm üzrə məruzəmi etdim, onun tövsiyələrini
dinlədim. Ayrılanda
Ulu öndər mənə
dedi: "Siz Rəsul Həmzətovu Səməd Vurğunun yubileyinə gətirin".
"Dəvət edin",
"iştirakını təşkil
edin" demədi. Sadəcə, "Siz Rəsul Həmzətovu Səməd Vurğunun yubileyinə gətirin"
dedi. Bu sözün altında nə var, nə yatır, dərhal anladım.
- Səbəb nə
idi?
- Yəqin xatırlayırsınız,
o illərdə kənardan
müxtəlif qruplar Azərbaycanı parçalamaq
niyyətindəydi, İrəvanın,
o vaxtkı Moskvanın
proqramı və dəstəyi ilə ətrafda qəribə təşkilatlar yaranmışdı.
Dağıstanda da bir
qrup separatçı qüvvə vardı. Onların da yersiz iddiası, tələbləri
ölkəni təhdid
edirdi. Rəsul Həmzətovun Səməd
Vurğunun yubileyinə
gəlişi çox
şeyləri kökündən
dəyişə, çox
məsələləri aydınlaşdıra
bilərdi. Mən, demək olar ki, hər ay Dağıstanda,
Çeçenistanda, Şimali
Qafqazın müxtəlif
bölgələrində olurdum.
Prezident ona görə bu işi mənə tapşırdı. Mən
bunu etməliydim. Amma necə? Düşüncələr
içindəydim. Onu
necə gətirə bilərdik? Fikir məni dərindən məşğul edirdi. Bilirdim ki, Azərbaycan xalqı bu adamdan
imtina edib. Açığını deyim,
hamı kimi, mən də Rəsul Həmzətovu bir şair kimi
çox sevirdim. Hətta onun "Mən yüz qıza vurulmuşam" şeirinə nəzirə
də yazmışdım.
Amma həyatda onunla heç görüşməmişdim...
Anarı dəvət etdim ki, onunla danışsın. Mənə
yol açılsın.
Anar gəldi. Məsələni Anara söylədim.
"Siz ona zəng edin. Onunla danışın".
Anar mənim yanımdan ona zəng vurdu. Hal-əhval tutdular. Sonra zənginin məqsədini
açdı. Dərhal
soruşdu ki, teleqramı
hara göndərim? Yazıçılar
İttifaqına? Anladım
ki, Bakıya gəlmək
barədə düşünmək
istəmir. Anar dedi ki, "Rəsul Həmzətoviç, sizi
Heydər Əliyev dəvət edir. Çoxdandır Azərbaycana
gəlmirsiniz. Yubileyə
gəlib özünüz
iştirak edin. Dövlət müşaviri
Hidayət Orucov da sizinlə əlaqə saxlayacaq". Ertəsi gün zəng vurub onunla danışdım.
"Xəstəyəm, həkimlərin
nəzarətindəyəm, baxaram", - dedi. O zaman Dağıstanın Dövlət
Şurasının sədri
(Prezident statusunda) Məhəmmədəli Məhəmmədov
idi. O məni şəxsən tanıyırdı.
Neçə dəfə
Dağıstanda olmuşdum.
O Bakıya gələndə
onu müşayiət
etmişdim. Çox yaxşı münasibətimiz
var idi. Çox saf adam idi.
Sonra baş nazirlə
danışdım. O da mənimlə
yaxşı münasibətdə
idi. Hamımız çalışırdıq ki, Rəsul Həmzətov Səməd Vurğunun yubileyinə gəlsin. Nəhayət, Rəsul Həmzətov gəlməyi
vəd etdi. Vədələşdiyimiz gün
evlərinə zəng
vurdum. Qulluqçusu götürdü telefonu. Dedi ki, onlar gedib. Soruşdum,
"hara?" "Deyəsən, Bakıya getdilər" -
deyə cavab verdi. Dərbənd rayonunun başçısı
Qurban Qurbanovla danışdım və dedim ki, Rəsul Həmzətov Bakıya gəlir, onu qarşılayıb Samura qədər yola salsın. Və Samurdan mənə zəng vurub xəbər versin. Qusarın və Xaçmazın icra başçılarını bu
barədə xəbərdar
etmişdim. Qonaqlar - Rəsul Həmzətov və həyat yoldaşı Patimat xanım yüksək səviyyədə qarşılandı.
Samurdan Yol polisi maşınlarının
müşayiəti ilə
Bakıya gəldi.
Rəsul
Həmzətovun həyatında
xüsusi yeri olan iki azərbaycanlı
var idi - Səməd Vurğun və Əziz Əliyev. Əvvəlcə Fəxri
Xiyabanda onları ziyarət etdi. Sonra Səməd Vurğunun ev muzeyində olduq. Muzeyin ətrafına çoxlu jurnalist toplaşmışdı.
Ev muzeyinin qarşısında jurnalistlər
onu əhatəyə aldılar. Qarabağ məsələsində tutduğu
səhv mövqeyi ilə bağlı sərt suallar verdilər. Rəsul Həmzətov jurnalistlərə
etiraf elədi ki, mən o zaman bəzi məsələlərdən xəbərsiz
olmuşam. Onu da dedi ki, o vaxtlar mənim ətrafımı
yalanlar bürümüşdü.
Jurnalistlər bu cavabı mətbuatda yazdılar.
Həmin
axşam Səməd Vurğunun 90 illiyində çıxış etdi.
Mən onun çıxışını çox narahatlıqla dinləyirdim. Fikirləşirdim
ki, görəsən, məlum
hadisələri yada salacaqmı?
Rəsul Həmzətov
bu barədə çox mənalı bir söz dedi.
Səməd Vurğun
haqqında bu fikirləri səsləndirdi:
"Bəziləri torpaqları
qəsb etməyi sevirlər. Amma torpaqları
yox, ürəkləri
fəth etmək gərəkdir. Səməd
Vurğun ürəkləri
fəth etdi, o bizim qəlbimizdə əbədi yaşayacaqdır".
Rəsul
Həmzətovun Səməd
Vurğunun yubiley tədbirində iştirakı
və çıxışı
o dövrdə çox
məsələləri nizama
saldı. Görürsünüz,
o böyük şairin,
yəni Səməd Vurğunun adı xalq üçün bütün məqamlarda gərəklidir... Bu mənada
deyirəm, biz yalnız
Səməd Vurğunun
böyüklüyündən danışmalıyıq.
Hidayət
Söhbətləşdi: Azər TURAN
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, №9.- S.8-9.