Qəza törədən
"Təcili yardım"
- Jurnalistika nədi?
- "Təcili yardım". O, qəzanı aradan qaldırmağa tələsir.
- Bəs ədəbiyyat?
- Ədəbiyyat... qəza törədəndi.
***
"Smaylik"siz gülən və ağlayanlara ithaf olunur bu yazı.
Məndən deməkdi:
1) İstedadlı adamlardan intizam, intizamlı adamlardan istedad gözləməyin!
2) Tənbəllərə hörmət eləyin. Onlar yaltaqlanmağa da ərinirlər.
3) Əli qələm tutmayanlar yumorun düşmənidi. Onların yazmağı taleyin acı zarafatıdı (yeri gəlmişkən: mən ölkədə tək-tük qələm adamından biriyəm, çünki hələ də kompüterdə yaza bilmirəm).
4) Hə, bir də, qrafomanlar yaradıcılıq böhranı keçirmirlər;
3-cü dünya ölkələri iqtisadi tənəzzül keçirmədiyi kimi...
***
İki nəhr bir-birinə qarışmır -
Belə
su var da!
Həyatla ədəbiyyat bir-birinə
qarışıb - Bilə-su-varda!
Elbrus Ərud mənə link göndərdi:
"Bir ədəbiyyat müəllimi
ancaq belə intihar edə bilərdi..."
Çoxlu sərlövhəsi var bu yazının.
Cümlələrin sayından artıq!
Elbrus köşə yazıb,
mən hekayə oxudum,
bir başqası vida nəğməsi dinlədi,
amma bu yazının tək bir oxucusu
var: müəllifin personajı.
"...Hər ayın 25-də təqaüd köçən
kimi əvvəlcə
telefonumdakı "Birbank"
tətbiqinə mesaj gəlir, heç açıb məlumata baxmamış görürəm
pulu çəkdilər.
Tez atama zəng edib maraqlanıram. Deyir, narahat olma, mən çəkmişəm, bankomata-zada
etibarım yoxdu, kişinin pulu cibində olar..."
Görəsən, bu dünyanı
işğal eləmiş
virtual dünyanın o dünyaya
da əli çatırmı?
Əgər çatırsa, harasa
bir mesaj gəlsin ki, yazı ünvana yetişib... lap elə "Birbank"a...
Hərçənd indi Elbrusun Əməkdar jurnalist təqaüdünü anası
çıxarır və
hələ də o
"çıkkıltı" kəsməyib.
Ata öləndə taxtını
anaya verir. Kişinin postu heç vaxt boş qalmır...
***
Ernest Heminqueyin belə bir kəlamı var, deyir ki, insanlar iki qrupa bölünür.
Birinci qrupla yaşamaq asandı, amma onlarsız da keçinirsən. İkinci
qrupla dolanmaq çətin olsa da, onların yerini heç kəs verə bilməz!
"İntihar eləyən ədəbiyyat müəllimi"
ikinci qan qrupudu. Elbrus onunla sağlığında yola
getməsə də, indi onsuz yola
da gəlmir...
Yazının əvvəlində dedim
ki, jurnalistika qəzanı
aradan qaldırır, ədəbiyyatsa qəza törədir.
"Bir ədəbiyyat müəllimi
ancaq belə intihar edə bilərdi..." yazısında
jurnalist (ika) qəza törədib, ədəbiyyat (müəllimi)
haya yüyürüb,
amma çatmayıb. Qəsdən!..
P.S. Naviqator xəbərdarlıq
edir:
- 50 metrdən sonra sağa!
100 metrdən sonra sola!
1000 metrdən sonra dairəvi yola!
Mənzil
başına sağ-salamat
çatmaq üçün
yolu düz gedə bilməzsən.
Ömür yolu da maşın
yolu kimidi.
Düz gedəni bircə mənzil gözləyir:
Son...
12 fevral 2026
Qulu
AĞSƏS
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, ¹9.- S.9.