Mir Cəlal Məhəmməd
Hadinin
ilk tədqiqatçılarından
biri kimi
(Əvvəli
ötən sayımızda)
"Eşqi-möhtəşəm" kitabçasının sonunda "Şükufəyi-hikmət"
və "Eşqi-möhtəşəm" kitabçalarının Bakıda, Nikolayevski küçəsində, Mir Abbas Mirbağırovun kitab mağazasında satışda olması barədə elan verilmiş və axırda əlavə kimi "Eşqi-möhtəşəm"lə bağlı bu cümlələr yazılmışdır: "Həyati-mətbuat səhnəsinə çıxan bu məcmuəyi-əşara əvvəlcə "Ana qucağı" ismini vermiş idik. Eyni əsərin namını dəyişərək,
"Eşqi-möhtəşəm" ismi ilə tövsim və
nəşr etdiyimiz də əlavəyə ixtar olunur" (Məhəmməd
Hadi Əbdülsəlimzadə Şirvani. Eşqi-möhtəşəm,
yaxud Əflatun sevgisi. Bakı-2014."Kaspi" mətbəəsi,
s.2).
M.Hadinin
sağlığında çıxan dördüncü
kitabı 1918-ci ildə Bakıdakı Elektrik "Turan" mətbəəsində
üç kitabçada çap olunan "İnsanların
tarixi faciələri, yaxud əlvahi-intibah"dır ki, buraya
şairin üç cüzvdən, 50 bənddən ibarət
eyniadlı poeması daxil edilmişdir (Əbdülsəlimzadə
Məhəmməd Hadi Şirvani. İnsanların tarixi faciələri,
yaxud əlvahi-intibah. Birinci, ikinci və üçüncü
cüzvlər. 1918-1337, Bakı: Elektrik "Turan" mətbəəsi).
Mir Cəlal
müəllimin məqaləsində Məhəmməd Hadidən
gətirdiyi sitatlar şairin "Firdovsi-ilhamat",
"Şükufəyi-hikmət", "Eşqi-möhtəşəm"
kitablarından, "İnsanların tarixi faciələri,
yaxud əlvahi-intibah"ın birinci cüzvündən və
"Füyuzat" jurnalındandır.
M.Hadini
"vətənpərvər romantika ustası"
adlandıran Mir Cəlal müəllim onun lirik şeirlərini
özündən əvvəlki və müasiri olduğu
şairlərin şeirləri ilə müqayisə edərək
belə bir nəticəyə gəlir ki, "Hadi ədəbiyyatımızda,
demək olar, birinci şairdir ki, lirikasının bütün
qüvvəsini bilavasitə ictimai inkişaf, siyasət məsələlərinə
həsr etmişdir. "Firdovsi-ilhamat" kitabında olan məktəbə
çağırış şeirlərini müstəsna
tutsaq, Hadinin cəmiyyət quruluşundan danışmayan bir dənə
şeiri qalmayır"( Mir Cəlal. Şair-vətəndaş.
SSRİ Elmlər Akademiyası Azərbaycan Filialının Xəbərləri.
1943, aprel, ¹ 4. s.69). Müəllifə görə, Hadi saz
şairi, incə və intim duyğular şairi yox,
böyük ictimai ideallar şairi idi və bu xüsusiyyət
bir tərəfdən, onun şeirə, ədəbiyyata
baxışı ilə əlaqədar idisə, ikinci tərəfdən,
onun ictimai idealları ilə bağlı idi.
Professor
Mir Cəlal doğru olaraq bildirirdi ki, ədəbiyyatımız
heç bir dövrdə XX əsrdə olduğu kimi siyasi
hadisələr, kütləvi hərəkatla səsləşməmiş
və şeir günün zəruri ictimai problemləri ilə
heç vaxt bu şəkildə məşğul
olmamışdır. Odur ki, Hadi kimi həssas şair xalqın
da, vətənin də, sənətin də taleyinin dəniz
kimi təlatümə gələn hərəkatla
bağlı olduğunu dərk etdiyindən "eşq-məhəbbət,
mey-məclis, gül-bülbül" kimi klassik poeziyamızda
tərənnüm olunan motivlərdən uzaqlaşmış,
qələmini ictimai mövzularda işlətməyə
üstünlük vermişdir.
"M.Hadinin
şeirlərində mübarizə ruhu, süngü itiliyinin
səbəbini" vətəni bürüyən, onun hərəkətinə,
inkişafına, tərəqqisinə mane olan cəhalət təcəssümlərinə
hücum çəkərək xüsusi bir kin və qəzəblə"
ifşa etməsində görən müəllif
yazırdı: "Hadinin şeirlərindəki coşqun hiss
hər şeydən əvvəl vətənpərvərlik
hissidir. O, vətəni gördüyü vəziyyətdə
görmək istəmir. Arzuladığı vəziyyətdə
görmək istəyir. O, vətənini ən mədəni və
ən qabaqcıl ölkələr sırasında görmək
istəyir. O, donuq və sönük bir həyat keçirən
ölkəni, "hərəkətgahi-cahanda"
görünməyən xalqı ölü sanır, diri
saymır" (orada, s.70).
"Hadi
bütün şeirləri ilə xalqımızın o
zamankı taleyinə ağlayır, vətəndaşlarını
hərəkətə, fəaliyyətə, mədəniyyətə,
mübarizəyə çağırır" (orada, s.70) -
deyən müəllif şairin "Bariqeyi-inqilab",
"Qarışıq xəyallar" şeirlərini təhlil
edərək bildirir ki, "o, zalımların əl-qolu
açıq, hər bir zülm və işgəncə
"icrasına sərbəst" olduqlarını, ədalətin
və ədalət sahiblərinin "mənfalarda" -
sürgün və həbslərdə çürüməsini
zehninə sığışdıra bilmir... Hadi
özünün və xalqının halına ağlayır.
O, özünü duyan, düşünən bir simanı bir
sürü mənəvi ölülər içərisində
görür" (orada, s.71).
Mir Cəlal
müəllim çox doğru olaraq qeyd edir ki, ən böyük
arzusu "millətinin imzasını" bəşəriyyətin
inkişaf etmiş millətləri sırasında görmək
olan M.Hadi nə qədər ağrı-acılar yaşasa da,
gələcəyə inamını itirmir, bu arzusunun həqiqət
olacağına inanır və "həmin bu inam ilə, tam
bir yəqinlik ilə düşmənə üz tutaraq, kinini,
nifrətini söyləyir:
Bir
gün görərəm qanını səhbalar içində"
(orada, s.71).
M.Hadinin
mütləqiyyətə qarşı nifrət və
etirazlarını "bu yerdə şairin təranələri
bir xalq hökmü, bir ittiham aktı kimi səslənir"
(orada, s.71) kimi səciyyələndirən alim şairin "Məkatib",
"Fünun və maarif", "Lövheyi-təsviri-maarif",
"Qələmə", "Tərəqqiyi-sənaye"
və s. şeirlərini nəzərdən keçirərək
yazır: "Hadi zalımın zülmündən dad etdiyi qədər
camaatın avamlığından da fəryad edir. O, çox
gözəl bilir ki, cəhalət və nadanlıq ilə səadət
və azadlıq tutmaz. Xalq ayılmalıdır, öz
hüququnu anlamalı, dost-düşmənini
tanımalıdır. Bunun üçün savad, məktəb,
maarif, elm şərtdir" (orada, s.71).
M.Hadi
"vətənpərvərliyi türk şairlərindən,
xüsusilə, Namiq Kamal və Tövfiq Fikrətdən təqlid
etmişdir" söyləyənlərin əksinə olaraq
Mir Cəlal müəllim tutarlı dəlil və müqayisələr
aparmaqla bildirir ki, şeirlərinin başlıca motivi vətən
olan "Hadi bütün ilham qüdrəti ilə müstəqil
şairdir... Hadi qara qüvvələrlə mübarizəyə
çıxmağa hazırdır. Onun odlu misraları - parlaq
qılınclarıdır. Şair qalib olmaq, qurtuluş
üçün yeganə yol - mübarizə,
çarpışma yolunu tutur" (orada, s.72).
M.Hadinin vətən
mövzulu "Şirvan xatiratı", "Yadi-vətən"
şeirlərini nəzərdən keçirən, "Hadidə
vətən məfhumu şairin bir çox müasirlərinə
nisbətən daha konkret, daha doğru əks olunmuşdur"
(orada, s.73) qənaətinə gələn Mir Cəlal müəllim
daha sonra yazır ki, "Hadi yaradıcılığında vətənpərvər
şeirlər başlıca yer tutur: "Nəğmeyi-əhraranə",
"Amali-tərəqqi", "Vətən", "Faciəyi-həyatımızdan
bir pərdə", "Vətənin nidası",
"Tövsiyeyi-mürğ", "İranın hürriyyət
qəhrəmanlarına" şeirləri belə əsərlərdəndir"
(orada, s.74).
M.Hadinin
"Müxatibim Şirvandır" qeydi ilə
yazdığı "Təzə həyat" qəzetinin 15
iyul 1908-ci il tarixli 161-ci nömrəsində və "Firdovsi-ilhamat"ın
146-148-ci səhifələrində dərc olunan 10 bəndlik
"Ah, kimsəsiz vətən" şeirini təhlil edən,
bu əsəri "vətənpərvərlər dilindən
deyilən bir növhə" adlandıran müəllif
yazır: "Ancaq şair bu şeiri bir növhə kimi
bitirmir. Hadi başqa şeirlərində olduğu kimi,
xüsusilə, vətən haqqındakı şeirlərdə
gələcəyə böyük ümid bəsləyir. O
inanır ki, vətənin gələcəyi səadətə,
inkişafa doğru gedir. O, Azərbaycan üzərində
doğmalı olan azadlıq günəşini hiss edir, buna
şübhə edənlərə gülür. Bu səadət
sabahının açılmaqda olan dan yerini görür"
(orada, s.74).
Mir Cəlal
müəllim M.Hadinin əsərlərini sərf-nəzər
edərək belə bir qərara gəlir ki, "onun
romantikası müasirlərinin çoxundan, məsələn,
Səhhətdən, Şaiqdən, Səid Səlmasidən
ayrılır. Hadi romantizmi bir məktəb kimi alıb onun
tradisiyalarını izləməmişdir. Əksinə, xəyalını,
ilhamının bütün gücünü ictimai
arzuların tərənnümünə həsr
etmişdir" (orada, s.75). O, fikirlərini əsaslandırmaq
üçün şairin "Bərabərlik aləmindən
məktublar" ("Aləmi-müsavatdan") poeması ilə
Abbas Səhhətin "Şair ilə şeir pərisi",
Abdulla Şaiqin "İdeal və insanlıq", Əli bəy
Hüseynzadənin "Hali-vətən" əsərləri
arasında paralellər aparır, məzmun və ideya
baxımından bu əsəri cəmiyyət və zəmanəsi
üçün daha faydalı hesab edərək
yazırdı: "Hadi müasir cəmiyyətin faciəli həyatına,
insanların səfalətinə, cəhalət, istibdad
hökmranlığına qarşı xəyalən
yaratdığı yeni və yüksək bir aləmi qoyur.
Şair təsəvvürü ilə yeni xoşbəxtlər
dünyası yaradır. Elə bir dünya yaradır ki,
bütün insanlar həm hüquq, həm zəka, həm də
həyat şəraitincə bərabərdirlər. ... Burada nə
hakim və nə məhkum var. Nə ağa, nə nökər
var. Bu şəhər vahid bir bədən - vətəndir"
(orada, s.75).
Mir Cəlal
müəllimin təqdimatında M.Hadi gələcəyə
böyük ümidlərlə baxan, azadlıq günəşinin
doğacağına inanan mütəfəkkir sənətkardır.
Müəllif yazır: "Hadi inanırdı ki, Azərbaycanda
kök salan cəhalət və zülmət uzun sürməyəcəkdir.
Tez sönəcəkdir. İnanırdı ki,
istiqbalımız parlaqdır. Buna görə də o öz həsrət
və arzularını vətəndaşlarına söyləyərək,
səmimi bir vəsiyyət edirdi. Açıq bir həqiqət
kimi görürdü ki, bu gün, ya sabah istibdadın mənhus
heykəli devriləcəkdir, insanlar azadlığa
çıxacaqdır" (orada, s.76).
M.Hadinin Təbriz
inqilabına, Səttar xanın qəhrəman mübarizəsinə
sevinc və iftixarla yanaşdığını bildirən Mir
Cəlal müəllim qeyd edirdi ki, Hadi zəmanəsinin
bütün ictimai mübahisələrinə, mədəni-tarixi
məsələlərinə mütərəqqi cəbhədən
yanaşmış, qadın azadlığı problemi onun
yaradıcılığında çox önəmli bir
mövqeyə malik olmuşdur. Müəllifin haqlı qənaətinə
görə, "qadın məhkumiyyəti, şairin fikrincə,
Şərqin ən pis və zərərli ənənələrindən
biridir. Ölkənin geridə qalmasına bir səbəb də
budur" (orada, s.77).
Mir Cəlal
müəllim M.Hadini mütəfəkkir şair
adlandıraraq qeyd edir ki, "Hadinin
yaradıcılığında fəlsəfə və fəlsəfi
şeirlər hər şeydən artıq diqqəti çəkir"
(orada, s.77). Müəllif bu tezisi irəli sürərkən,
şairin "Kitabi-həyat", "Mənzairi-təbiət",
"Dünya saheyi-qəmdir", "Təraneyi-qəmpərvəranə",
"Bükayi-təbiət", "İnsanların tarixi
faciələri", "Tövsiyeyi-mürğ" əsərlərinin
adını çəkir və ən çox
"İnsanların tarixi faciələri, yaxud əlvahi-intibah"
poeması üzərində dayanır. O, yazır:
"Adından da göründüyü kimi, bu əsər dərin
bir fikir məhsuludur və olduqca orijinal bir əsərdir. Mən
Avropa ədəbiyyatına bələd deyiləm. Rus ədəbiyyatında,
Azərbaycan və ümumən Şərq ədəbiyyatında
isə belə bir ümumiləşdirici, fəlsəfi lirik
poema tanımıram" (orada, s.77-78).
Poemanı
nəzərdən keçirib şairi bəşər
tarixinin, həyatının faciəli mənzərəsini
çəkən "incə ruhlu, iti gözlü, həssas
bir şair", "böyük bir mütəfəkkir,
insanpərvər alim kimi" səciyyələndirən
müəllif Hadidə qüssə və kədər
axtaranlara cavab olaraq bildirir ki, şairin kədəri şəxsi
kədər yox, "mənalı, ictimai, böyük bəşəri
kədərdir".
İslam
QƏRİBLİ
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, ¹9.- S.13.