Canlı çətir
Hekayə
Burum-burum
yağan qar getdikcə güclənirdi. Məktəbə
sarı uzanan dar cığırı addımladıqca pianino
dillərindən yayılan ecazkar musiqini xatırladan səs məni
xəyallarımın qanadında lap uzaqlara aparırdı.
Uzaq-yaxın ölkələrdə nümayiş etdirilən
sərgilərimin, yağlı boya ilə işlənmiş
tablolarımın qarşısında ünvanıma söylənən
təriflər, televiziya müxbirlərinin çoxsaylı
sualları gözlərimin önündən kino lenti kimi
keçdikcə bir sual da ürəyimin lap dərinliyindən
boy göstərirdi: - Bu yetmiş ili boşuna keçirmədin
ki? Özündən sonraya nə qoyub gedəcəksən?
Gen-bol mənzilə sahiblənmədin, heç bir
mükafata, fəxri ada layiq görülmədin, dar
günün üçün qırağa beş-on manat qoya
bilmədin. Dostlarının, qohum-qardaşın xeyir-şərini
qabağa düşüb özün yola verdin,
oğlunu-qızını ev-eşik sahibi elədin, amma
yaşlaşanda, əlin gətirməyəndə
hamısı izsiz-tozsuz yoxa çıxdı. İndi də
heç olmasa, hansısa işə yarayıram, buna da min
şükür. Beşinci sinifdə oxuyan nəvəmi məktəbdən
götürməyi mənə həvalə ediblər. Demək,
hələ bir işin qulpundan yapışmağa yarayıram,
Allaha şükür eləməliyəm. Allah
hamısının canını sağ eləsin, bu da bir həyatdır,
özü də gözəlindən...
Xəyalım
birdən-birə çilik-çilik oldu. Qardan qorunmaq
üçün açdığım enli çətirin
altında qəfildən ağappaq geyinmiş, yanaqları
qızılgül ləçəyini xatırladan gözəl-göyçək
bir xanım peyda oldu. Dərhal da icazəsiz-filansız qoluma
girdi.
- Salam,
gözəl insan. Yəqin ki, səhv eləmirəm, siz rəssam
Elbrus Şahdağlinski olmalısınız, elə deyilmi?
- Elədir
ki, var. Bəs siz kimsiniz?
- Kim
olacağam, sizin fanatınız. Həmişə ətrafınızda
o qədər gözəl xanımlar olur ki, məni hardan
tanıyacaqsınız. Sərgilərinizdə çox
olmuşam. Filoloqam, incəsənət dərgilərinə
yazılar yazıram. Sizin əsərləriniz barədə də
bir-iki yazım çıxıb. Haradan biləsiniz axı... Məşhurlar
ətrafa baxmağı o qədər də sevmirlər.
Qadın
sanki dilotu yemişdi. Ara vermədən danışır, mənə
cavab verməyə imkan da vermirdi. Axır ki, öyrənə
bildim ki, oğlu nəvəmin təhsil aldığı məktəb-liseydə
oxuyur. Özü də nəvəmlə bir sinifdə.
- Həyat
yoldaşım on ildir ki, Rusiyadadır. Cəhənnəm olub
gedib, Allah bilir, hansısa Nataşanın yanındadır.
Özü bilər, indi daha mən də tənha, yiyəsiz
deyiləm. Sizin yanınızdayam, yanımdasınız. Nə
olsun ki, sizdən xeyli cavanam, qızınız yerdəyəm.
Axı dedim ki, fanatınızam. Bu söz təkcə sənətinizlə
bağlı deyil...
Doğrusu,
tutulub qalmışdım. Məktəbin qarşısına
çatmışdıq. Xanım yenə də çətirimin
altında idi.
- Bax, indi
siz məni qardan qoruyursunuz. Çox təşəkkür edirəm.
Bu, bir texniki məsələdir, amma çox istərdim ki, bu
çətir mənəvi cəhətdən də
başımın üstündə olsun, həmişəlik.
Bilirəm ki, siz də subaysınız. Yaş fərqimizə
baxmayın. Oğlumla da sizi tanış edəcəyəm. Bəlkə
sizə əvvəlcə "baba" deyə müraciət
elədi, amma çox çəkməz...
Qadının
sözləri məni əməlli-başlı vahimələndirmişdi.
Övladım yaşında olan birisinin bu cür
açıq-saçıq söhbəti heç cür beynimə
girmirdi. Amma onun qətiyyətlə, inadla söylədiklərinə
etinasız da yanaşmaq olmazdı.
-
Xanım, axı siz məndən çox cavansınız. Həm
də ilk görüşdən bu cür
açıq-saçıq təklifiniz mənə heç
cür çatmır axı...
- Elbrus
müəllim, mən sizi lap çoxdan tanıyıram. Sizə
qəlbən vurulmuşam. Nə vaxtsa görüşəcəyimi,
ürəyimdəki sözləri sizə
çatdırmağı səbirsizliklə gözləyirdim.
Həyat yoldaşımla heç vaxt bir-birimizə
bağlı olmamışıq. Ailələrimiz qohum olub.
Yarı zor-yarı xoş evləndiriblər bizi. İndi
görürsünüz, on ildir çıxıb gedib. Təki
siz mənə etinasız olmayın. Mən ona bu barədə
yazacam da. Nikahımız da pozulub. Məni ona bağlayan
heç nə qalmayıb.
-
Xanım, axı mən...
- Bilirəm,
siz də xanımınızı uzun illərdir itirmisiniz.
Oğlunuz mühüm vəzifədə işləyir.
Qızınız da ailəlidir. Canları sağ olsun. Amma gərək
tökülüşüb sizi çoxdan evləndirəydilər.
Elə bil məni gözləyirmişlər. Bəlkə mən
heç bu qarlı gündə peyda olmayacaqdım.
Ömür boyu tənha qalacaqdınız?
Dinmədim.
Doğrusu, nə deyəcəyimi ağlıma yerləşdirə
bilmirdim.
- Hə,
nə deyirsiniz? Sonra sizdən bir xahişim də olacaq.
Xahiş edirəm, məni özünüzə
naturaçı edəsiniz. Neçə saat desəniz
qarşınızda monumental heykəl kimi dayanmağa
hazıram. İnanın ki, yaxşı əsər
alınacaq. Fotosurətini Moskvaya, məni burda tənha qoyub
Nataşanın yanına gedən oğlana, oğlumun
atasına da göndərərəm.
Qadının
qolumu sıxan əli bədənimə qəribə,
izaholunmaz bir istilik yayırdı. Qəlbimdə ona
qarşı hansı hisslər yaranırdı, sözlə
ifadə etməyə çətinlik çəkirəm.
Xanım qolumu daha möhkəm sıxdıqca qarın, küləyin
soyuğu canımdan qətrə-qətrə
çıxırdı. Bu nə idi - sevgiydi, mərhəmətiydi,
şəfqətiydi, ayırd edə bilmirdim.
Məktəbin
qapıları taybatay açıldı və mühafizəçi
uşaqları sıraya düzüb həyətə
çıxardı. Uşaqlar balaca quzular analarının
yanına tələsəntəki üstümüzə
şığıdılar. Xanımın oğlu ilə nəvəm
yanımıza eyni vaxta çatdılar.
- Elbrus
müəllimlə görüş, indi o bizim canlı çətirimizdir,
- deyə xanım oğlunun başını
sığalladı.
- Salam,
baba, - deyə uşaq nəvəmlə birgə enli çətirin
altında sinəmə sığındı.
- Elbrus
müəllim, gördünüz, sizə bu gün
"baba" dedi, icazə versəniz, bir müddət sonra...
Xanım
sözünün ardını deyə bilmədi. Kövrəlmişdi.
Yanaqlarından axan büllur kimi yaş qar dənəcikləri
ilə lap fırçaya gələn qəribə bir mənzərə
yaratmışdı. Yadıma dünya şöhrətli ispan
rəssamı Salvador Dali və onun təkrarsız
naturaçısı, sevgilisi Qala düşdü.
Məktəbdən
aralıdakı avtobus dayanacağınadək bir yerdə - bir
çətirin altında qayıtdıq. Doğrusu, bir qərara
gələ bilmirdim. Mənə sığınan, güvənən
xanımın bu təklifini dəyərləndirə biləcəyəm,
yoxsa yox?..
Akif
CABBARLI
Ədəbiyyat
qəzeti.- 2026.- 13 mart, №9.- S.17.